Məhkəmə qərarları › İş №e-2-1(112)-10445/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-10445/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-10445/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 18098.55 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 200000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh (VÖEN: **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1- ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması xx.xx.2025-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2025-ci il tarixə yaranan 18098.55 manat borcuna görə 200000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2025-ci il tarixli **********2 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc büdcəyə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Fiziki şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixində ********** nömrəli VÖEN ilə Bakı şəhəri Lokal Gəlirlər üzrə Baş İdarəsində qeydiyyata alınmışdır. Əsas fəaliyyət növü qiymətli kağızlara, məsələn, səhmlərə, istiqraz vərəqələrinə, veksellərə, vəkalətnamə əsasında investisiya olunmuş qiymətli kağızlara və sair kapital qoyuluşu olmuşdur. - İddiaçının vergi borcunun ödənilməsinə dair **********2 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçının 20 dekabr 2023-cü il tarixinə dövlət büdcəsinə ümumilikdə 63,344.93 manat, vergilər üzrə 46,406.54 manat, faizlər üzrə 16,938.39 manat borcu vardır. - İddiaçının əmlakın siyahıya alınması haqqında **********2 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh (VÖEN **********) əmlakları siyahıya alınmışdır. - xx.xx.2025-cü il tarixli, **********2 nömrəli əmlakın siyahıya alınması haqqında protokoldan və həmin protokola əlavədən görünür ki, vergi ödəyicisi Cavabdeh (VÖEN: **********) Bentley Continental GT minik markalı (fərqləndirici 10VG555, 2018-ci il, vahidin qiyməti: 200000, yekun qiymət: 200000 manat) nəqliyyat vasitəsi siyahıya alınmış, cavabdehin nümayəndəsi əmlakın siyahıya alınmasında iştirak etməmişdir. - Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2025-ci il tarixli **********2 nömrəli qərar üzrə Dövlət büdcəsinə xx.xx.2025-ci il tarixə vergi üzrə 18098,55 manat borcu ödənilməmişdir. İddiaçı hazırda cavabdeh tərəfindən vergi borcu ödənilmədiyindən ona məxsus siyahıya alınmış həmin əmlakın satılmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, cavabdehin əmlakı siyahıya alınarkən qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: - maddə 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək - maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. - maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. - maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. - maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. - maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. - maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir. Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir. Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. - madə 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. - maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. - maddə 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. - maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. - maddə 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. - maddə 90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. - maddə 90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. - maddə 90.4. Əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Qeyd olunan normalardan görünür ki, əmlakın siyahıya alınması vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilmə üsullarından biridir və bu zaman yalnız vergi ödəyicisinə məxsus olan əmlak siyahıya alına və satılması üçün məhkəməyə müraciət edilə bilər. İşin sadalanan hallarından aydın olur ki, cavabdehin vergi borcu olmuş, vergi orqanı ona borcun ödənilməsi barədə bildiriş göndərmiş, həmin bildirişlərdə cavabdehdən Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks halda həmin borcun vaxtında ödənilməməsinə görə qanunvericiliklə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə xəbərdarlıq edilmişdir, hansı ki, həmin tədbirlərdən biri kimi Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən borclu vergi ödəyicisinə məxsus əmlakların siyahıya alınması göstərilmişdir. Cavabdeh həmin borcu ödəməkdən yayınmış, bundan sonra iddiaçı Vergi Məcəlləsi ilə ona məxsus hüquqdan istifadə edərək cavabdehə məxsus olduğunu iddia etdiyi nəqliyyat vasitələrini siyahıya alsa da, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının siyahıya aldığı nəqliyyat vasitəsi siyahıya alınma zamanı cavabdehə məxsus olmamışdır. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən sorğu edilmiş "Bentley Continental GT" markalı **-VG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə satış üçün qeydiyyatdan çıxarılmışdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin vergi borcuna siyahıya aldığı əmlka hazırda cavabdehin mülkiyyətində olmadığından, qanunvericilik isə yalnız vergi borcu olan şəxsin əmlakının siyahıya alınmasına yol verdiyindən hazırkı iddia təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar