Məhkəmə qərarları › İş №e-2-1(112)-11398/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-11398/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-11398/2024 28.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 və Dövlət Gömrük Komitəsinin nümayəndəsi -mütəxəssis X1 iştirakı ilə, İddiaçı cavabdeh X7 publik hüquqi şəxsə qarşı “gömrük orqanlarına xidmətə qəbul üzrə xx.xx.2024-cü il tarixdə təşkil edilmiş test imtahanında A variantındakı 23-cü sualın bütün cavabların yanlış tərtib olunduğu, nəticədə topladığı ballara 1 bal əlavə edilməklə 80 bal topladığı barədə məlumatın cavabdehin informasiya sistemində əks olunması və müvafiq məlumatın Dövlət Gömrük Komitəsinə ötürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh X7 publik hüquqi şəxsə qarşı iddia qaldıraraq “gömrük orqanlarına xidmətə qəbul üzrə xx.xx.2024-cü il tarixdə təşkil edilmiş test imtahanında A variantındakı 23-cü sualın bütün cavabların yanlış tərtib olunduğu, nəticədə topladığı ballara 1 bal əlavə edilməklə 80 bal topladığı barədə məlumatın cavabdehin informasiya sistemində əks olunması və müvafiq məlumatın Dövlət Gömrük Komitəsinə ötürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının X7 Publik Hüquqi Şəxsi tərəfindən təşkil edilmiş gömrük orqanlarına xidmətə qəbul üzrə test imtahanında iştirak edib 79 bal toplamışdır. Keçid balının 80 olduğu nəzərə alınaraq, test suallarındakı 1 sualın yanlış tərtib olunması onun 80 bal toplamağına imkan verməmişdir. Həmin sualın yanlışlığını araşdırıb, cavabı doğru hesab etməklə balının 1 bal artırılması barədə cavabdehin Apellyasiya komissiyasına xx.xx.2024-cü il tarixdə etdiyi müraciətə xx.xx.2024-cü il tarixdə müsbət cavab verilməmişdir. Gömrük orqanlarında çalışmağı hədəflədiyi üçün uzun müddət bu imtahana hazırlaşmışdır. Bu zaman ən çox diqqət yetirib araşdırma və müzakirə apardığı mövzulardan biri gömrük prosedurları olmuşdur. İmtahan verdiyi A variantındakı 23-cü sual gömrük prosedurları ilə bağlı idi. Sualın hər 4 cavabının yanlış olduğunu imtahan vaxtı gördü və buna görə də hansı cavabı seçməyinin heç bir əhəmiyyəti olmadığından formal olaraq A cavabını seçmişdir. Sual və onun cavabları aşağıdakı kimi olmuşdur: Sual 23. “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün X10 Komitəsi tərəfindən hansı hallardaləğv edilmir? A) İcazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə; B) Məhkəmənin müvafiq qərarı olduqda; C) İcazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsizitkin düşmüş və ya ölmüş elan olunduqda; D) Prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verildikdə. Bu sual Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 233 No-li Qərarı (mənbə:https://eqanun.az/framework/26527) ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.1 və 4.5-ci bəndləri əsasında tərtib olunmuşdur. Cavabdeh hesab edir ki, 23-cü sualın D cavabı doğrudur. Lakin Cavabdehin Apellyasiya komissiyası xx.xx.2024-cü il tarixli cavabını tutarlı əsaslandıra bilmədiyindən söz oyunu ilə məşğul olmuşdur və cavabını 2 hissəyə bölmüşdür. Birinci hissədə komissiya məsələyə aidiyyəti olmayan Gömrük Məcəlləsinin 177.2 və 178.3-cü maddələrindən sitat gətirərək sübut etməyə çalışmışdır ki, prosedur sahibinin son istifadə gömrük proseduruna dair hüquq və öhdəliklərindən başqa digər hüquq və öhdəlikləri də vardır. Lakin burada qeyd olunanların sualla heç bir əlaqəsi yoxdur. Sual konkretdir və birbaşa aidiyyəti qaydalarla tənzimlənən son istifadə xüsusi gömrük proseduru ilə bağlıdır. Müzakirə mövzusu yalnız bu prosedur daxilində prosedur sahibinin hüquq və öhdəlikləri ola bilər. Digər tərəfdən, komissiyanın məntiqi ilə yanaşılsa, A cavabında hansı icazədən bəhs edildiyi qeyri müəyyəndir. Lakin burada da sualın qoyuluşundan məlumdur ki, söhbət malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazədən gedir. İkinci hissədə komissiya mücərrəd hüquq nəzəriyyəsinə istinad etməklə, göstərmişdir ki, hüquq və öhdəliklərin ötürülməsi və verilməsi fərqli anlayışlardır, birincisi müvəqqəti, ikincisi daimi xarakter daşıyır. Əslində bu, 23-cü suala cavab anlamında heç nəyi dəyişmir, digər tərəfdən isə yanlışdır. Çünki, hüquq və öhdəliklərin ötürülməsi və verilməsi eyni məna daşıyır, onlar arasındakı fərqin zamana bağlı olması heç bir nəzəriyyə və ya normativ aktla müəyyən edilməyib. Əksinə, Gömrük Məcəlləsinin 170-ci maddəsinin adının və mətninin məzmunundan görünür ki, bu anlayışlar eyni məna daşıyır. Belə ki, maddənin adında hüquq və öhdəliklərin “ötürülməsi”, mətnində “verilməsi” ifadəsindən istifadə edilir. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər. Göründüyü kimi, cavabdehin Apellyasiya komissiyasının apellyasiya müraciətimin təmin etməkdən imtinası əsassızdır və yalnız DİM-in haqsız mövqeyini müdafiə etmək xarakteri daşıyır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı ilə cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, Mərkəz tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə bağlanmış xidmət müqaviləsinə uyğun olaraq xx.xx.2024-cü il tarixində gömrük orqanlarına xidmətə qəbulla əlaqədar kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. Müsabiqə elanı barədə geniş məlumat öncədən Mərkəzin və Komitənin rəsmi internet saytlarında dərc edilmişdir. Müsabiqə şərtlərinə əsasən imtahanda namizədlərə qanunvericilik üzrə 70, məntiqi təfəkkürün yoxlanılması üzrə 15, dünyagörüşü üzrə 15 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim edilmişdir Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilmiş, səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərməmişdir. Komitə tərəfindən müsabiqənin növbəti mərhələsinə (müsahibəyə) buraxılmaq üçün namizədlərin test imtahanında minimum 80 bal toplamaları tələbi müəyyən edilmişdir. İddiaçı həmin imtahanda iştirak edərək 79 bal toplamışdır, test imtahanının nəticəsi xx.xx.2024-cü il tarixində namizədlərin şəxsi kabinetinə yerləşdirilmiş və imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasının 12-14 iyun tarixlərində saat 14:00 dan 17:00-dək X5 fəaliyyət göstərəcəyi elan edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində ərizə ilə Apellyasiya komissiyasına müraciət edərək A variantı üzrə 23 saylı test tapşırığının araşdırılmasının və imtahan nəticəsinə 1 bal əlavə edilməsini xahiş etmişdir. Mübahisələndirilən test tapşırığı iddiaçının iştirakı ilə araşdırılmış və test tapşırığında heç bir elmi-metodiki səhv aşkarlanmadığı üçün onun apelyasiya şikayəti təmin edilməmiş və topladığı bal dəyişdirilməmişdir. Əlavə olaraq namizədə e-poçt vasitəsilə bu barədə geniş izahat verilmişdir. Mərkəz tərəfindən keçirilən imtahanlarda istifadə olunan test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bır test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahısələndirdıyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan ayrı-ayrı ekspertlər (o cümlədən Dövlət Gömrük Komitəsinin ekspertləri) tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. İddiaçının gömrük orqanlarına xidmətə qəbul üzrə xx.xx.2024-cü il tarixdə təşkil edilmiş test imtahanında A variantındakı 23-cü sualın bütün cavabların yanlış tərtib olunması nəticədə topladığı ballara 1 bal əlavə edilməklə 80 bal topladığı barədə məlumatın cavabdehin informasiya sistemində əks olunması və müvafiq məlumatın Dövlət Gömrük Komitəsinə ötürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddiası tamamilə əsassızdır. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir.

II. İddianın növü və mümkünlüyü

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

4. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

III.Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Dövlət Gömrük Komitəsinin nümayəndəsi - məhkəmənin 19 sentyabr 2024-cü il tarixli sorğusunda qoyulmuş suallara cavab olaraq bildirmişdir ki, malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 233 nömrəli qərarı ilə tənzimlənir. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir. İcazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə, icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə, icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda, icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə, məhkəmənin müvafiq qərarı olduqda, icazə sahibi icazənin ləğv edilməsi barədə dərhal kağız üzərində yazılı və ya elektron formada məlumatlandırılır, malların dərhal digər gömrük proseduru altında yerləşdirilməsi halları istisna olmaqla, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar icazənin ləğv edildiyi gündən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab olunur. Qeyd olunanları nəzərə alındığı zaman müəyyən olunur ki, testin quruluşu düzgün tərtib olunub, yəni bir prosdurun 2-3 nəfərə verilməsi nəzərdə tutlmayıb.

6.İnzibati iş materiallarında olan:

“AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışda görünür ki, İddiaçı xx.xx.1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, işəgötürən X6 aparat rəhbəri Vəfadar Rəsul oğlu ilə işçi Azərbaycan Respublikası vətəndaşı, AA ******* nömrəli, 0YPX3LB fin kodlu şəxsiyyət vəsiqəsinin sahibi, Bakı Dövlət Universitetin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsi almış X4 arasında əmək müqaviləsi bağlanılmış, işçi Azərbaycan Respublikası Dövlət X3-ölçmə materiallarının işlənməsi departamentinin Dövlət qulluğu, peşəkar mühasib və digər sertifikat imtahanları üzrə sektorunda böyük məsləhətçi (əsas iş yeri) vəzifəsinə qəbul edilmişdir. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi E.Əliyev tərəfindən gömrük orqanlarına xidmətə qəbul üçün xx.xx.2024-cü il tarixində keçirilmiş test imtahanında istifadə olunmuş A varinatı 23-cü (B variantı 6-cı) tapşırığına dair rəyinə əsasən, test tapşırığının şərti. “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarına əsasən malların son istifadə xüsusi” gömrük proseduru altında yerləşdirilməsi üçün X10 Komitəsi tərəfindən hansı halda ləğv edilmir? A) icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə B) Məhkəmənin müvafiq qərarı olduqda C) İcazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda D) Prosedur sahibinin hüquqları və öhdəlikləri həmin gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə verildikdə Test tapşırığının doğru cavabı D variantıdır. A, B və C variantları birbaşa olaraq Qaydaların 3-cü maddəsində öz əksini tapmışdır. 3.1 Malların, son istifadə xüsusi gömruk proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir: 3.1.4. icazənin verilməsi üçün əsas oimuş şərtlərə və tələblərə riayət edilmədikdə 3.1.6. məhkəmənin müvafiq qərarı olduqda 3.1.3. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda Namizədlərin əsaslandıqları D variantı isə özlərinin iddia etdiyi kimi Qaydaların 4.5-ci bəndində əks olunmuşdur: 4.5. Son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir. Test tapşırığını diqqətlə oxuduqda Qaydaların 4.5-ci bəndi ilə test tapşırığının D cavab variantı arasında kəskin fərqlərin olduğu görünür. Fərqlər aşağıdakılardır:

1. Test tapşırığının D variantında prosedur sahibinin hüquq və öhdəliklərindən söhbət gedir. Qaydaların 4.5-ci bəndi isə prosedur sahibinin yalnız son istifadə gömrük proseduruna dair hüquq və öhdəliklərinə aid edilir. Məlumdur ki, prosedur sahibi son istifadə gömrük proseduruna dair hüquq və öhdəliklərdən başqa digər hüquqlara da malikdir və buna müvafiq olaraq öhdəliklər daşıyır. Məsələn, Gömrük Məcəlləsinin 177.2-ci maddəsinə əsasən: 177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Və ya 178.3-cü maddəsinə əsasən: 178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər Göründüyü kimi prosedur sahibinin son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklərdən əlavə gömrük qanunvericiliyində çoxsaylı hüquq və öhdəlikləri vardır. 2. Test tapşırığının D variantında hüquq və öhdəlliklərin digər şəxsə verilməsi əks olunsa da, Qaydaların 4.5-ci bəndində bu hüquq və öhdəliklərin ötürülməsindən söhbət gedir. Hüquq nəzəriyyəsindən də məlum olduğu kimi, bu və ya digər hüquqların üçüncü şəxsə verilməsi ona bu hüquqların daimi verilməsini ehtiva edir. Hüquq və öhdəliklər hər hansı üçüncü şəxsə ötürüldükdə isə bu ötürülmə müvəqqəti xarakter daşıyır. Yəni hüquq sahibi bu hüquq istənilən vaxt geri götürə bilər. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.43cü maddəsindən də göründüyü kimi, prosedur sahibi dedikdə, hüquq və öhdəliklərin verildiyi deyil, ötürüldüyü şəxs başa düşülür. 1.0.43. prosedur sahibi- gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq bə öhdəliklərinin ötürüldüyü şəxs. Deməli hüquq və öhdəliklərin ötürülməsi və verilməsi hüquqi aspektdən ayrı-ayrı mənaları ehtiva edir. Qeyd edilənlərə əsasən, test tapşırığında heç bir elmi-meütodik səhv aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

7.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Sənədlərdən məhkəmə müəyyən etmişdir ki, X7 tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə bağlanılmış xidmət müqaviləsinə uyğun olaraq xx.xx.2024-cü il tarixində gömrük orqanlarına xidmətə qəbulla əlaqədar kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. Komitə tərəfindən müsabiqənin növbəti mərhələsinə (müsahibəyə) buraxılmaq üçün namizədlərinin test imtahanında minmum 80 bal toplamaları tələbi müəyyən edilmişdir. İddiaçı həmin imtahanında iştirak edərək 79 bal toplamışdır. İddiaçı Apellyasiya komissiyasına ərizə ilə müraciət edərək A variantı 23 saylı test tapşırığının araşdırılmasını və imtahan nətəcəsinə 1 bal əlavə edilməsini xahiş etmişdir. Mübahisələndirilən test tapşırığı iddiaçının iştirakı ilə araşdırılmış və test tapşırığında heç bir elmi-metodiki səhv aşkarlanmadığı üçün onun apelyasiya şikayəti təmin edilməmiş və topladığı bal dəyişdirilməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, gömrük orqanlarına xidmətə qəbul üzrə xx.xx.2024-cü il tarixdə təşkil edilmiş test imtahanında A variantındakı 23-cü sualın bütün cavabların yanlış tərtib olunduğu, nəticədə topladığı ballara 1 bal əlavə edilməklə 80 bal topladığı barədə məlumatın cavabdehin informasiya sistemində əks olunması və müvafiq məlumatın Dövlət Gömrük Komitəsinə ötürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

8. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.27. müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət proses; 1.1.29. ümumi müsahibə – 1–5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, həmçinin bu Qanunun 29.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə. 28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. 28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən:

1.0.43. prosedur sahibi – gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs; 195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır. 195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır: 195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda; 195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda; 195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə; 195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda. 195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli, 233 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən:

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 195.3-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müəyyən edir. 3.1. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün icazə Komitə tərəfindən aşağıdakı hallarda ləğv edilir: 3.1.1. icazə sahibinin bu barədə müvafiq ərizəsi təqdim edildikdə; 3.1.2. icazənin verilməsi üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatlar aşkar edildikdə; 3.1.3. icazəni almış hüquqi şəxs ləğv edildikdə, fiziki şəxs vəfat etdikdə, xəbərsiz itkin düşmüş və ya ölmüş elan olunduqda; 3.1.4. icazənin verilməsi üçün əsas olmuş şərtlərə və tələblərə riayət edilmədikdə; 3.1.5. bu Qaydaların 4.5-ci bəndində nəzərdə tutulmuş halda; 3.1.6. məhkəmənin müvafiq qərarı olduqda. 4.5. Son istifadə xüsusi gömrük proseduruna dair hüquq və öhdəliklər digər şəxsə ötürüldükdə, əvvəlki icazə sahibinə verilmiş icazə ləğv edilir.

11. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X7 publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:

1.1. Azərbaycan Respublikasının X7 (bundan sonra – Mərkəz) ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədilə, həmçinin normativ hüquqi aktlarda müəyyən edilən hallarda, habelə müqavilə əsasında dövlət orqanları (qurumları), hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Mərkəzin vəzifələri aşağıdakılardır: 3.1.24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirmək və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin etmək;

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən:

1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin ikinci abzasına və 28-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının X7 (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatına (Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri istisna olmaqla) uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir. 2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. 2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. 2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. 4.1. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir: 4.1.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla; 4.3. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

13. Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müsabiqənin test imtahanı X7 tərəfindən keçirilmişdir. Hazırda mübahisələndirilən test tapşırığının doğru cavabı D variantı olması məhkəmə prosesi zamanı təsdiq edilmişdir. Bu hal, iddiaçının vəsatəti əsasında məhkəməyə dəvət edilmiş Dövlət Gömrük Komitəsinin nümayəndəsi -mütəxəssisin izahatında, cavabdehin etirazında və cavabdehin etirazına əlavə edilmiş rəy ilə sübut olunur. Göründüyü kimi iddiaçının test tapşırıği ilə bağlı gəldiyi nəticə, arqument və dəlilləri yanlışdır və həqiqəti əks etdirmirlər.

14.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

15. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh X7 publik hüquqi şəxsə qarşı “gömrük orqanlarına xidmətə qəbul üzrə xx.xx.2024-cü il tarixdə təşkil edilmiş test imtahanında A variantındakı 23-cü sualın bütün cavabların yanlış tərtib olunduğu, nəticədə topladığı ballara 1 bal əlavə edilməklə 80 bal topladığı barədə məlumatın cavabdehin informasiya sistemində əks olunması və müvafiq məlumatın Dövlət Gömrük Komitəsinə ötürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 16.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar