Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1145/2025 20.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 İddiaçı cavabdeh Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Xidmətin Suraxanı Rayon İdarəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan dəqiqləşmə verərək cavabdeh Dövlət Xidmətinin əsl cavabdeh Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Göründüyü kimi maddi və mənəvi zərərin ödənilməsi Müdafiə Nazirliyindən və Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsindən tələb edilir. İddia onunla əsaslandırılmışdır ki, o, 23 iyul 2021-02 iyul 2022-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra zabit olmaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş, müayinə zamanı anadangəlmə inkişaf qüsuru, onurğanın döş nahiyəsində TH8 fəqərəsində 2-ci mərhələ sağa doğru 14 faiz təsbit olunmuş skolioz diaqnozu qoyulmuşdur. Qeyd olunan qüsur həqiqi hərbi xidmətə yararsızdırlar və çağrılmırlar. Lakin, ona münasibətdə bu hal tətbiq edilməmiş və bir il müddətinə o, həqiqi hərbi xidmətdə olmuşdur. Ali təhsillidir, hərbi xidmətdə olmasaydı ixtisasa uyğun iş tapar, əmək haqqı alar və gəlir əldə edərdi. Bundan əlavə, ona xəstəliyi barədə məlumat verilsəydi, müalicə də alardı. Xidmət etdiyi halda, sonradan zabit olmaq üçün yararsız sayılması dost-tanışları, qohumları arasında rişxənd və atmacalara səbə olur və ona mənəvi əzab və istirab verir. İddiaçı hesab edir ki, cavabdehlərin təqsiri nəticəsində 10 min manat maddi 5 min manat mənəvi zərər vurulmuşdur. Bununla əlaqədar müraciətlər etmiş, məbləğ ödənilməmişdir. Müdafiə Nazirliyi iddia ərizəsinə münasibət bildirərək etirazı onunla əsaslandırmışdır ki, iddia Nazirliyə qarşı hissədə mümkün hesab edilə bilməz. Belə ki, hərbi qeydiyyatda olduğu İdarə tərəfindən hərbi xidmətə yararlı hesab edilmiş və hərbi xidmətə göndərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Digər tərəfdən bir iddianın iki cavabdehə yönəlməsində mümkünlük şərtinin istisnası müəyyən edilməməkdədir. Məhkəmə hesab edir ki, prosessual həmiştirakçılıqla bağlı tələb də hazırkı iş üzrə ödənilmiş, iddiaçının bir iddia ilə 2 cavabdehə müraciət etməsinə münasibətdə mümkünlük şərtləri yerinə yetirilmişdir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə araşdırması zamanı da iddiaçı, onun nümayəndəsi və vəkili iddiaçının xəstəliyi mövcud olduğu halda hərbi xidmətə çağrılması, xəstəlik olduğu halda hərbi xidmətin davam etdirilməsinə münasibətdə hər iki inzibati orqanın maddi və mənəvi zərəri müştərək qaydada ona ödənilməsində iddialıdır ki, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələb kimi AR İPM-nin 30.2-ci maddəsinə əsasən Nazirlik və Dövlət Xidmətinin aidiyyəti İdarəsi hazırkı mübahisə üzrə birgə cavabdehlik daşıyırlar. Belə ki, eyni şəxsin hərbi xidmətə çağrılması və xidmətin davam etdirilməsinə yönələn hərəkətlərdə maddi və mənəvi zərər tələbi ididaçının hərbi xidmətə çağrılmasına və hərbi xidmətini davam etdirməsinə maneə olan xəstəliyinin olması ilə əlaqələndirilir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: Müdafiə Nazirliyinin təzminatın ödənilməsi barədə müraciətə cavab məktubunda qeyd edilir ki, məcburi ilkin tibbi yoxlama Dövlət Xidmətinin səlahiyyətinə aiddir, təzminat barədə məhkəməyə müraciət etmək hüququ mövcuddur. Dövlət Xidmətinin 20 aprel 2024-cü il tarixli məktubunda qeyd edilir ki, iddiaçı hərbi xidmətə yararlı hesab edilmiş, hərbi xidmətini tam keçmişdir. Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 ekspert rəyində qeyd edilir ki, ididaçıda anadangəlmə inkişaf qüsuru, onurğanın döş nahiyəsində TH8 fəqərəsində 2-ci mərhələ sağa doğru 14 faiz təsbit olunmuş skolioz diaqnozlu xəstəlik vardır. Həmin xəstəlik aşkar edildikdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərar çıxarılır. Hərbi xidmətdən əvvəl aşkar edildiyi halda hərbi xidmətə yararlı hesab edilə bilməzdi. Hərbi xidmətə çağrılarkən xəstəliyin hansı mərhələdə və dərəcədə onda olması və həmin dövrdə göstərilən xəstəlik üzrə hərbi xidmətə yararlılıq kateqoriyası barədə dəqiq fikir yürütmək mümkün deyildir. Skolioz diaqnozlu xəstəliyin dərəcəsi zaman keçdikcə artıq 11 dərəcədən sonra şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyası dəyişir. Nalvari böyrək xəstəliyi vardır və həqiqi hərbi xidmətə çağırışla əlaqədar müayinələrdən keçərkən vətəndaşın şikayəti olmadığı halda xəstəliyin aşkar olunması mümkün deyildir. Belə ki, Təlimatın 62-ci bəndində göstərilən məcburi müayinələrdə böyrəklərin diaqnostikası nəzərdə tutulmamışdır. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspert rəyində isə qeyd edilir ki, iddiaçıda anadangəlmə inkişaf qüsuru, onurğanın döş nahiyəsində TH8 fəqərəsində 2ci mərhələ sağa doğru 14 faiz təsbit olunmuş skolioz diaqnozlu xəstəlik vardır. Həmin xəstəlik aşkar edildikdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərar çıxarılır. Hərbi xidmətdən əvvəl aşkar edildiyi halda hərbi xidmətə yararlı hesab edilə bilməzdi. Hərbi xidmətə çağrılarkən xəstəliyin hansı mərhələdə və dərəcədə onda olması və həmin dövrdə göstərilən xəstəlik üzrə hərbi xidmətə yararlılıq kateqoriyası barədə dəqiq fikir yürütmək mümkün deyildir. Skolioz diaqnozlu xəstəliyin dərəcəsi zaman keçdikcə artıq 11 dərəcədən sonra şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyası dəyişir. Nalvari böyrək xəstəliyi vardır və həqiqi hərbi xidmətə çağırışla əlaqədar müayinələrdən keçərkən vətəndaşın şikayəti olmadığı halda xəstəliyin aşkar olunması mümkün deyildir. Belə ki, Təlimatın 62-ci bəndində göstərilən məcburi müayinələrdə böyrəklərin diaqnostikası nəzərdə tutulmamışdır. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində iddiaçıya məhz maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehlərin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehlərin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə hərbi xidmətə xəstəliyi olduğu halda şəxsin çağrılması və xidmət etməsi ilə əlaqədar maddi və mənəvi zərərin iddiaçılara ödənilməli olub-olmaması ilə əlaqədardırdır ki, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi üçün də hər hansı əsas mövcud deyildir. Göründüyü kimi maddi və mənəvi zərərin ödənilməsi üçün hər hansı əsas müəyyən edilməməkdədir. Digər tərəfdən məhkəmə qeyd edir ki, mövcud təcrübədə maddi və mənəvi zərərin Dövlət Xidmətinin aidiyyəti ərazi idarələrindən tələb edilməsi ilə əlaqədar olan işlərdən də hazırkı iş fərqləndirilməlidir. Qeyd olunan işlərdən görünür ki, Dövlət Xidmətinin aidiyyəti ərazi idarəsi xəstəliyi olduğu halda hərbi xidmətə şəxsi yararlılıq kateqoriyasını düzgün müəyyən etmədiyi halda, hərbi xidməti davam etdirməsi səhhəti ilə əlaqədar mümkün olmayan şəxslərə münasibətdə mövcud ekspertiza aparılmaqla xəstəliyin həqiqətən də əvvəldən yararsızılıq əsası daşıdığı və həmin halın hərbi xidməti davam etdirməsinə imkan verməmə kimi faktiki hal da müəyyən edilir ki, göstərilən halda şəxsin hərbi xidmət etdiyi dövr nəzərə alınmaqla maddi və mənəvi zərər aidiyyəti İdarədən tutulur. Hazırkı halda isə, işin faktiki halları fərqlidir. Belə ki, iddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, həqiqi hərbi xidmətini də başa vurmuş, zabit qismində xidmətə yenidən cəlb edilməsinə xəstəliyi ilə əlaqədar imtina verildiyinə istinadən, ümumiyyətlə hər xidmətə çağrılmamalı olmasına istinad edir. İddiaçının ümumiyyətlə çağrılmamalı olmasına münasibətdə isə məhkəmə kifayət qədər araşdırma aparılmışdır. Bu zaman nəzərə alınmalıdır ki, iş materiallarında 2 ekspert rəyi mövcud olsa da, Müdafiə Nazirliyi hazırkı iş üzrə cavabdeh olduğundan həmin orqanın tabeliyində olan ekspert rəyinə istinad edilməsi mümkün hesab edilmir. Mövcud məhkəmə təcrübəsində həmin qurum tərəfindən verilmiş rəylərin maddi və mənəvi zərərlə bağlı işlərdə tətbiqi təcrübəsindən fərqli olaraq iddiaçı Müdafiə Nazirliyini də cavabdeh qismində tanıdığından həmin rəy sübut qismində müəyyən edilə bilməz. Digər tərəfdən isə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 ekspert rəyində qeyd edilir ki, iddiaçıda anadangəlmə inkişaf qüsuru, onurğanın döş nahiyəsində TH8 fəqərəsində 2-ci mərhələ sağa doğru 14 faiz təsbit olunmuş skolioz diaqnozlu xəstəlik vardır. Həmin xəstəlik aşkar edildikdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı qərar çıxarılır. Hərbi xidmətdən əvvəl aşkar edildiyi halda hərbi xidmətə yararlı hesab edilə bilməzdi. Hərbi xidmətə çağrılarkən xəstəliyin hansı mərhələdə və dərəcədə onda olması və həmin dövrdə göstərilən xəstəlik üzrə hərbi xidmətə yararlılıq kateqoriyası barədə dəqiq fikir yürütmək mümkün deyildir. Skolioz diaqnozlu xəstəliyin dərəcəsi zaman keçdikcə artıq 11 dərəcədən sonra şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyası dəyişir. Nalvari böyrək xəstəliyi vardır və həqiqi hərbi xidmətə çağırışla əlaqədar müayinələrdən keçərkən vətəndaşın şikayəti olmadığı halda xəstəliyin aşkar olunması mümkün deyildir. Belə ki, Təlimatın 62-ci bəndində göstərilən məcburi müayinələrdə böyrəklərin diaqnostikası nəzərdə tutulmamışdır. Rəydən də göründüyü kimi iddiaçıda həqiqətən də hərbi xidmətə sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlılığına əsas olan xəstəlik mövcuddur. Lakin, xəstəliyin xüsusiyyətindən görünür ki, hərbi xidmətə çağrılan zaman hərbi xidmətə yararsızlıq halının mövcudluğu mütləq istisna edilə bilməz. Rəydə də qeyd edilir ki, Hərbi xidmətə çağrılarkən xəstəliyin hansı mərhələdə və dərəcədə onda olması və həmin dövrdə göstərilən xəstəlik üzrə hərbi xidmətə yararlılıq kateqoriyası barədə dəqiq fikir yürütmək mümkün deyildir. Skolioz diaqnozlu xəstəliyin dərəcəsi zaman keçdikcə artıq 11 dərəcədən sonra şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyası dəyişir. Göründüyü kimi 11 dərəcədən sonra hərbi xidmətə yararlılıq kateqoriyası dəyişir ki, iddiaçının hərbi xidmətə çağrılarkən və hərbi xidmət etdiyi dövrdə ekspert tərəfindən də müəyyən edilmədiyi halda 11 dərəcədən yuxarı olma halına istinad edilməklə zərərin vurulduğunu qeyd etmək iddianın təmini üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, hərbi xidmətə yararlı hesab edilmə barədə qərar qəbul edilərkən iddiaçı həmin qərarı mübahisələndirməmiş və ali təhsilli şəxs kimi həqiqi hərbi xidmətini çəkmiş, hətta zabit qismində də hərbi xidmətini davam etdirmək niyyətində olmuşdur ki, hərbi xidmətə çağrıldığı və hərbi xidmətə davam etdiyi dövrdə dərəcəsindən asılı olaraq yararlılıq kateqoriyasının dəyişdiyi bir xəstəliyin məhz hərbi xidmət dövründə və həqiqi xidmətə çağrılanadək iddiaçıda 11 dərəcədən yuxarı olmasına istinad işin faktiki halları ilə uyğunluq təşkil etmir. Məhkəmə hesab edir ki, hərbi xidmətə çağrılma və hərbi xidməti keçmə özlüyündə maddi və mənəvi zərərin ödənilməsinə əsas olmamaqla, vətəni borcun yerinə yetirilməsi ilə yanaşı, bir sıra imtiyaz və üstünlüklər də müəyyən edir ki, iddiaçının sağlamlığının hazırkı vəziyyətində zabit qismində xidmətə cəlb edilməsindən imtina edilməsi həmin imtiyaz və üstünlükləri aradan qaldırmır və iddiaçının həqiqi hərbi xidmətini başa vurması reallığını dəyişmir. Nəzərə alınmalıdır ki, iddiaçının xəstəliyi hal-hazırda hərbi xidmətə yararsızdır deyə, onun həqiqi hərbi xidmətə göndərilməsi və həqiqi hərbi xidmətini bitirmsinə dair sənədlər, eləcə də qərar, hərbi bilet və s ləğv edilməmiş, qüvvədən düşməmişdir. Bu zaman iddiaçının xəstəliyinin yuxarıda göstərildiyi kimi hərbi xidmətə çağrıldığı vaxt və hərbi xidmət etdiyi dövrdə də yuxarıda göstərildiyi kimi hərbi xidmətə yararsızlıq xüsusiyyətində olmasının sübut edilməməsi də nəzərə alınmalıdır. Odur ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1145/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1145/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver