Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1165/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin satılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin satılması” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə cavabdeh Sabunçu rayonu Pirşağı Bələdiyyəsi arasında bağlanmış xx.xx.2005-ci il tarixli 792 saylı İcarə müqaviləsinə əsasən, iddiaçıya Pirşağı Qəsəbəsində icarəyə verilmiş 5000 kv. metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Pirşağı Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Bakı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsi arasında xx.xx.2005-ci il tarixli 792 saylı İcarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə Pirşağı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 12 saylı ümumi iclas qərarına əsasən bağlanmışdır və həmin müqaviləyə əsasən, İddiaçı Pirşağı qəsəbəsində 5.000 (beş min) kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə icarəyə verilmişdir. Eyni zamanda, müqavilə şərtlərinə uyğun olaraq, iddiaçıya eskiz-sxem tərtib edilib verilmişdir. İcarə müqaviləsinin müddəti 10 (on) il olub, xx.xx.2015-ci il tarixdə bitmişdir. Müqavilənin bağlandığı vaxtdan bugünədək təxminən 19 ildir ki, sözügedən torpaq sahəsi İddiaçı qanuni sahibliyində və istifadəsindədir. Odur ki, hazırda sözügedən torpaq sahəsinin sənədləşdirilməsi zərurəti yaranmışdır. O, sözügedən torpaq sahəsinin sənədləşdirilməsi üçün Pirşağı Bələdiyyəsinə müraciət etmişdir. X1 təqdim etdiyi xx.xx.2024-cü il tarixli №02/VX-24 saylı məktubu ilə sözügedən torpaq sahəsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Hesab edir ki, sözügedən imtina tamamilə qanunsuz və əsassızdır, sözügedən torpaq sahəsinin rəsmiləşdirilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında” AR Qanunun 16-cı maddəsinin 3-cü və 4-cü bəndinə, 19-cu maddəsinin 4-cü bəndinə, 33-cü maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahələri Bələdiyyələrin Nizamnaməsinə uyğun olaraq vətəndaşın ehtiyacı olduğu halda, sənədləşmənin icarədarlıqdan mülkiyyətə verilməsimümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh inzibati orqan müvafiq olaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı onunla daimi kirayə müqaviləsinin bağlanması üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçı ilə Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsi arasında bağlanılmış “Bələdiyyə mülkiyyətində olan (yaşayış və qeyri-yaşayış) torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 792 №-li icarə müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2005-ci il tarili, 12 saylı qərarına əsasən Bakı şəhəri Sabunçu Rayonu Pirşağı qəsəbəsi ərazisində 5000 kv.metr torpaq sahəsi sahibkarlıq məqsədilə 50 il müddətinə İddiaçı icarəsinə verilmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq: Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 02/VX- 211 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “... ikitərəfli bağlanmış 792 saylı xx.xx.2005-ci il tarixli icarə müqaviləsi ilə istifadənizdə olan torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı etdiyiniz müraciətlə əlaqədar qeyd edirik ki, qanunvericilikdə bəzi dəyişikliklər edilmişdir. 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarina dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının qanununun İX hissəsinə əsasən mövcud hallarda icarə müqaviləsinin müddəti yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsi ilə uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqmda” qanunun 9.1- ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən az beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarəhüquqlan yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. Torpaq Məcəlləsində edilmiş dəyişikliklər vətəndaşa izah olunmuşdur. Hal-hazırda torpağın vətəndaşın istifadəsində olmasına baxmayaraq Pirşağı Bələdiyyəsinin mülkiyyətini təsdiq edən xəritələr, aktlar, elektron kadastr planının və şəadətnamənin olmaması səbəbindən müraciəti mümkünsüzdür. Qeyd etdiyimiz maneələr aradan qalxarsa, qanun çərçivəsində vətəndaşların müraciətlərinə baxılacaq”. Məhkəmənin müvafiq sorğularına əsasən: Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 48/TX- 24 saylı cavab məktubu ilə İddiaçı Pirşağı bələdiyyəsi ilə arasında bağlanılmış xx.xx.2005ci il tarixli, 792 saylı icarə müqaviləsi təqdim edilmişdir. Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 48/TX- 24 saylı cavab məktubunda göstərilmişdir ki, İddiaçı ilə Pirşağı bələdiyyəsinin arasında bağlanılmış xx.xx.2005-ci il tarixli, 792 saylı icarə müqaviləsi ilə bağlı 2013-2024-cü iller ərzində heç bir ödəniş olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. ... Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ... Maddə 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 719.2. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyri-müəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilməməsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ... Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ... Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. ... Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. ... Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: ... 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. ... 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək 4.0.8. bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; 4.0.12. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək. 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. ... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. ... Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların,stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. ... Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. ... Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları:
1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, torpaq qanunvericiliyinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və dövlət və ya bələdiyyə torpaqları (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiya parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) üzərində mülkiyyət (icarə) hüquqlarının əldə edilməsi ilə bağlı torpaq hərracları və müsabiqələrinin keçirilməsi qaydalarını müəyyən edir.
2. Torpaq müsabiqələrinin və hərraclarının predmeti sərhədləri və hüquqi rejimi müəyyənləşdirilmiş torpaq sahələri üzərində mülkiyyət və ya icarə hüquqlarıdır.
3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir.
“Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”: ...
4. Bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. ...
10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.
MƏHKƏMƏNİ MÖVQEYİ
İlkin olaraq məhkəmə iddia tələbinin hüquqi əsası ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş ”Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsinə əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən, bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Eyni zamanda nəzərə alınmalıdır ki, istər “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun, istər “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə”nin, istərsə də aidiyyəti torpaq qanunvericiliyinin tələbi ilə bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməli olması ilə bağlı müddəa müəyyən etmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Başqa sözlə desək, mövcud qanunvericiliyin tələblərinə əsasən, Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunması, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Lakin, “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il 1184 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək, torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılmışdır. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə torpaqlarının ayrılması ilə bağlı xx.xx.2017-ci il tarixindən rəy verilməsi dayandırıldığı təqdirdə, konkret halda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan qaydada, iddiaçının tələbi üzrə cavabdeh bələdiyyənin 2007-ci ildən iddiaçının mərhum anasının, daha sonra isə onun faktiki istifadəsində olan mübahisəli torpaq sahəsini hərrac yolu ilə ona satmaqla mülkiyyətinə vermək səlahiyyəti reallaşa bilməz. Bütün bu, yuxarıda qeyd olunanlar, iddiaçının hazırkı iddia tələbinin təmin olunmasını istisna edir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı cavabdehin səlahiyyətindən kənar torpaq sahəsinin ayrılmasında iddialıdır. Məhkəmə hesab edir ki, hətta adıçəkilən səlahiyyət mövcud olsa belə, bələdiyyənin torpaq sahəsinin ayrılmasına münasibətdə səlahiyyəti diskresion səlahiyyət qismində qiymətləndirilməlidir. Bununla bağlı qeyd edilməlidir ki, İPM-in 73.3-cü maddəsindən də göründüyü kimi aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İstina olunmuş maddələrin məzmununa istinadən qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılması cavabdehin diskresion səlahiyyətinə aid edilmişdir. Başqa sözlə desək, bələdiyyə torpaq sahəsinə sərəncam verməkdə, o cümlədən torpaq sahəsinin icarəyə verilməsinə dair səlahiyyətini həyata keçirməkdə diskresion səlahiyyətə malikdir və hər hansı orqan tərəfindən torpaq sahəsinin mütləq qaydada vətəndaşın mülkiyyətinə və ya icarəsinə verilməsinin tələb edilməsi yolverilməzdir. Beləliklə cavabdeh iddiaçının müraciətinin müsbət icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (AR İPM 14.3); “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayonu Pirşağı Bələdiyyəsinə qarşı “bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin satılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev