Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-12403/2025 03.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı Ağalı oğlunun iştirakı ilə, İddiaçı Ağalı oğlunun cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat qeydiyyat və reyestr baş idarəsinə qarşı “sənədlərin surətinin həqiqiliyi barədə məlumat verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ağalı oğlu (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat qeydiyyat və reyestr baş idarəsinə qarşı (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sənəd surətinin həqiqiliyi barəsində məlumatın cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı baş idarə nəzdində fəaliyyət göstərən Dövlət Notariat Arxivinə müraciət edərək ona qarşı Bakı Şəhəri Səbail Rayon Məhkəməsində (iş № 2(009)-2002/2021) istifadə edilmiş müəmmalı, sonradan edilmiş düzəlişlər, 1995-ci ildə olmayan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1999-cu il) maddələrinə istinad (1995-ci ildə Az.SSR-nin Mülki Məcəlləsi qüvvədə idi) və s. "vəsiyyətnamənin" həqiqiliyinin təsdiqlənməsini xahiş etmişdir. Dövlət Notariat Arxivi rədd cavabı vermişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının X2 tərəfindən X1 adına Bakı şəhəri 41 saylı dövlət notariat ofisində xx.xx.1995-ci il tarixdə 2B/49 reyestr nömrəsi ilə qoyulmuş vəsiyyətnamənin surətinin təqdim edilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilir. Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işiərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir. Notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri vəkilə onun yazılı sorğusu və orderi əsasında verilir. İddiaçı hazırda cavabdehin bu imtina ilə razılaşmasa da, tələb kimi sənəd surətinin həqiqiliyi barəsində məlumatın verilməsini xahiş etmişdir. Halbuki cavabdehin qanunvericiliklə belə səlahiyyəti nəzərdə tutulmamışdır. Belə ki, “Notariat haqqında” Qanuna əsasən notarius sənədi deyil, sənədlərdəki imzanın həqiqiliyini təsdiq etmək səlahiyyətinə malikdir və bu səlahiyyət hazırkı cavabdehin deyil, notariusun səlahiyyətinə aiddir. Bundan başqa, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat qeydiyyat və reyestr baş idarəsini göstərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Baş idarə ayrıca inzibati orqan kimi qeyd edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin yuxarıda qeyd edilən hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamış, həmçinin tələbi cavabdehin səlahiyyətlərinə daxil olmamışdır. Beləliklə, göstərilənləri nəzərə alan məhkəmə, yekunda belə qənaətə gəlir ki, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-12403/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-12403/2025
03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver