Məhkəmə qərarları › İş №e-2-1(112)-14871/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-14871/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-14871/2025 05.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkil və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı təsdiqlənməmiş azalmanın təsdiq edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı təsdiqlənməmiş azalmanın təsdiq edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkarlıq fəaliyyəti həyata keçirən şəxsdir, 2022-ci il üzrə əlavə vergihesablanmışdır. 25 dekabr 2024-cü il tarixdə cavabdeh tərəfindən hesablanmış 25,541,40 manat vergi şərti rentabellik norması tətbiq edilməklə 21281,60 manat azaldılaraq şəxsi hesab vərəqəsində əks edilmişdir. Beləliklə, iddiaçının vergi borcunun olmaması təsdiq edilmişdir. Lakin, azaldılmış məbləğ şəxsi hesab vərəqəsində təsdiqlənməmiş azalma kimi qeyd edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2025-ci il tarixli imtina məktubunda qeyd edilir ki, 25 sentyabr 2023-cü il tarixində 2022-ci il üçün gəlir vergisi üzrə hesablanmış 25541,40 manat vergi məbləği şərti rentabellik norması tətbiq edilməklə 21281,6 manat azaldılaraq şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Həmin dövr üzrə müvafiq bəyannamənin araşdırılması zamanı kənarlaşmalar müəyyən edildikdə qanuna uyğun tədbir görüləcəkdir. 17 iyun 2025-ci il tarixli imtina məktubunda qeyd edilir ki, fəaliyyət dövrü üzrə risk meyarlarının aradan qaldırılmadığı müəyyən edilmişdir. Müvafiq kənarlaşma aradan qaldırıldıqdan sonra yenidən müraciət edilə bilər. Şəxsi hesab vərəqəsindən görünür ki, təsdiqlənməmiş azalma 34513,32 manat göstərilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Vergi Məcəlləsinin: 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; [88] 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 13 avqust 2020-ci il tarixli Qərardadının:

43. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.

48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

52. Kollegiya həmçinin hesab edir ki, “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474- VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.

55. “Dürüstləşmə” əməliyyatının aparılmasının hüquqi əsasına gəldikdə, qeyd olunmalıdır ki, belə adda əməliyyat vergi qanunvericiliyində birbaşa tənzimlənməmişdir. Bununla belə, nəzərə alınmalıdır ki, vergi orqanlarının vergilərin və digər məcburi ödənişlərin ödənilməsini təmin etməyə yönəlmiş hərəkətlərinin bitkin siyahısını qanunvericilikdə təsbit etmək obyektiv səbəblərə görə həmişə mümkün olmaya bilər. Yuxarıda da qeyd edildiyi kimi ictimai münasibətlərin inkişafı və dəyişkənliyi nöqteyinəzərindən, şəxs-dövlət münasibətləri müstəvisində baş verəcək bütün halların öncədən görülməsinin və tənzimlənməsinin mümkünsüz olması səbəbindən, yeni ortaya çıxmış bir vəziyyətdə inzibati orqanların hərəkət qaydalarının müəyyən edilməsi həmin inzibati orqanların səlahiyyətindədir ki, bu zaman onların «hərəkət zolağını» hüquqi dövlətin ümumi prinsipləri müəyyən edir. Bu mənada, vergi orqanı tərəfindən həyata keçirilən bu əməliyyata qiymət verilərkən onun qanunvericilikdə birbaşa təsbit edilib-edilməmiş olmasından daha çox, həmin əməliyyatın mahiyyəti və məqsədi nəzərə alınmalıdır. Kollegiya bu mövqeyinə uyğun olaraq hesab edir ki, vergi orqanının “dürüstləşmə” əməliyyatı adı altında vergi ödəyicisi üçün əlavə (yeni) vergi öhdəliyi yaratmadan, uçot sənədlərindəki dürüstlüyü təmin etmək məqsədi ilə, əslində həmin məqamadək yaranmış və faktiki mövcud olan (hər hansı hüquqi əsasa görə aradan qalxmayan, xitam verilməyən) vergi öhdəliyinə dair məlumatı şəxsi hesab vərəqəsində əks etdirməkdə ifadə edilən faktiki xarakterli hərəkəti verginin hesablanması (yeni, əlavə vergi öhdəliyinin yaranması) kimi qiymətləndirilməli deyil.

60. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur.

61. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. Hazırkı işdə, iddiaçı cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) onun hüquqlarına müdaxilə etdiyini və bunun üçün hüquqi əsas olmadığını bəyan edərək, həmin hərəkətin (fəaliyyətin) şəxsi hesab vərəqəsində ifadə olunan nəticəsinin aradan qaldırılmasını, yəni şəxsi vərəqədə göstərilən təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Bu qaydada davrana bilmək üçün isə cavabdeh konkret hüquqi əsaslara malik olmalıdır. Yuxarıda göstərildiyi kimi cavabdeh belə bir hüquqi əsas sahib olmamışdır. Ona görə də, cavabdehin sözügedən faktiki xarakterli hərəkətləri qanunsuz sayılmalıdır. İnzibati aktlar kimi, faktiki xarakterli hərəkətlər də qanunun tələblərinə uyğun olmalıdır, əks hal, qanunçuluq prinsipinə zidd hərəkət kimi qiymətləndirilir. Qeyd olunur ki, cavabdeh tərəfindən həmin dövr üzrə müvafiq bəyannamənin araşdırılması zamanı kənarlaşmalar müəyyən edildikdə qanuna uyğun tədbir görülə bilinməsi, fəaliyyət dövrü üzrə risk meyarlarının aradan qaldırılmadığı müəyyən edilməsi kimi hallar da yuxarıda göstərilən hüquqi əsas kriteriyası ilə uyğunluq təşkil etməkdədir. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsini İnzibati Kollegiyasının 2-1(102)-2060/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında (3 ulduzla işarələnmiş məhkəmə qərarı) qeyd edilmişdir. Eyni zamanda, Ali Məhkəmənin 2-1(102)-1539/2025 xx.xx.2025-ci il tarixli qərardadında eyni mövqedən çıxış edilmişdir. Odur ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı Fəxrəddi oğlunun şəxsi hesab vərəqəsində göstərilən 34513,32 manat məbləğində təsdiqlənməmiş azalmanın təsdiqlənməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar