Məhkəmə qərarları › İş №e-2-1(112)-15511/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15511/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15511/2025 26.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X4nin xx.xx.2003-cü il tarixli 28 saylı əmri ilə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən 0.10 ha torpaq sahəsi fərdi mənzil tikintisi üçün iddiaçıya ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan onun istifadəsindədir. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət olunmuş, lakin sonuncu onun müraciətin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük sovxozunun 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmrinə dair arxiv arayışı və digər sənədlərin əsilləri cavabdehə təqdim olunmuşdur. Ona görə də cavabdehin imtinası torpaq sahəsinin qeydiyyatı üçün maneə ola bilməz. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, idarəyə müraciət zamanı iddiaçı tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Tərəvəzçilik-Südçülük sovxozunun 28 nömrəli, xx.xx.2003-cü il tarixli əmri təqdim olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: X4 tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrdən çıxarışdan görünür ki, iddiaçıya fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Plan-cizgidən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüləri və parametrləri barədə məlumat cizgidə əks olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 tərəfindən verilmiş arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin(keçmiş Tərəvəzçilik-südçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən müəssisənin balansında olan torpaq sahəsindən İddiaçı fərdi mənzil tikintisi üçün 0.10 ha hesabı ilə 3-490 saylı həyətyanı torpaq sahəsi ayrılmışdır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon İH və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X4nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron RİH Başçısının 096 saylı xx.xx.1999-cu il tarixli sərəncamının verilməsinə əsas olan, eləcə də digər sənədlər saxlanması və mühafizəsi üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin (keçmiş Tərəvəzçiliksüdçülük sovxozunun) 21 may 2003-cü il tarixli 28 saylı əmri ilə ayrılmış torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

7. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: ...2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər X4 rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 12.1.Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır. 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında” Əsasnamənin;

1. Bu Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir.

2. Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında payı olan subyektlərə düşən orta torpaq payı fiziki sahə (hektarla) və torpaq qayiməsi ilə müəyyən olunan torpaq dəyəri (manatla) formasında hesablanır.

7. Hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirildikdən sonra onlara təqdim edir. (xx.xx.2006-cı il tarixədək olan redaksiyası) Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 25 may 2006-cı il tarixli 411 №-li Fərmanının 2.3-cü bəndi ilə həmin Fərmanla təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə”nin 7-ci bəndində “torpağa mülkiyyət hüququna dair müəyyən edilmiş formada sənədləri hazırlayır və 10 gün müddətində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində qeydiyyatdan keçirildikdən sonra” sözləri “qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və” sözləri ilə əvəz edilmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Məhkəmə cavabdehin istinad etdiyi imtina əsaslarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-1-ci bəndində nəzərdə tutulmuş sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər X4 rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış, həmin sənədin milli arxiv fondunda hüquqi əsası müəyyən edildiyi halda, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi qəbul edilə bilər. Göstərilən hüquqi tələbin imperativ xarakter daşıdığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 7-ci bəndində birbaşa təsbit edilmişdir. Həmin normaya əsasən, Siyahıda göstərilən hüquqmüəyyənedici sənədlərin hər bir halda milli arxiv fondunda mövcud olan və təsdiq edilə bilən hüquqi əsasının olması mütləq şərt kimi müəyyən edilmişdir. “Milli arxiv fondu haqqında” Qanunun 1-ci maddəsinə əsasən Milli arxiv fondu növündən, yarandığı və saxlandığı yerdən və mülkiyyət formasından asılı olmayaraq, xalqın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni dəyəri olan, Azərbaycan xalqının mədəni irsinin ayrılmaz hissəsi hesab edilən sənədlərin məcmusudur Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən bu Qanunun 7-ci maddəsinin üçüncü hissəsində göstərilən arxiv sənədləri istisna olmaqla, Milli arxiv fondunun tərkibinə daxil olan arxiv sənədləri daimi mühafizə məqsədi ilə dövlət arxivlərinə verilənə qədər dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatlarında yaradılan idarə arxivlərində müvəqqəti mühafizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, X4) Həmkərlar Təşkilatının 17 may 2003-cü il tarixli protokoluna əsasən baş planına uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə iddiaçıya torpaq sahəsinin ayrılması əmr edilmiş, torpaq sahəsinin sxemi təsdiq edilmişdir. Nəzərə alınmalıdır ki, əmrin verilməsinin əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı dayanır ki, əmrdən çıxarışda da torpaq sahəsinin iddiaçıya ayrılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya mübahisəli torpaq sahəsi müvafiq sərəncam və həmin sərəncam əsasında verilmiş müəssisənin əmrinə əsasən məsul olan qurum tərəfindən ayrılmışdır. Həmin sənədlər isə qərarda istinad olunan norma anlamında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslara aiddir. İş üzrə materiallardan hüquqmüəyyənedici sənəd olan həmin sərəncamın və əmrin hər hansı qaydada mübahisələndirildiyi, ləğv edildiyi və geri çağırıldığı yaxud da etibarsız sayıldığı görünmür. Yəni həmin sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Qeyd olunmalıdır ki, cavabdeh sözügedən əmrin təqdim olunmaması ilə müraciətin təminindən imtina etsə də, məhkəmə araşdırılması zamanı torpaq sahəsinin ayrılması barədə əmrin mövcudluğu müəyyən olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən əmr Dövlət Arxivinin Bakı filialında saxlanılmasada, həmin əmr Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 müəyyən olmuşdur ki, bu halda əmrin milli arxiv fondunda hüquqi əsasının olduğu da öz təsdiqini tapmışdır. Cavabdehin digər imtina əsası torpaq sahəsinin təyinatı üzrə kənd təsərrüfatlı torpaq sahəsi olması ilə bağlı olmuşdur. Buna münasibətdə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrılmasını həyata keçirən müəssisə, torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib etmişdir ki, onun bu mövqeyi əmr ilə iddiaçıya təhkim olunan və məqsədi fərdi yaşayış evinin tikintisi olan torpaq sahəsinin yaşayış məntəqəli torpaq sahəsi olmasına dəlalət edir. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Torpaq sahəsinin ətrafında torpaq sahəsinə dair mülkiyyət hüququna dair ilkin qeyddən görünür ki, həmin qeyd məhz oxşar hüquqmüəyyənedici sənədlərəsasında aparılmışdır ki, bərabərlik baxımından iddiaçıya münasibətdə müraciətin təminindən imtina göstərilən əsasla da qanunsuz və əsassız sayılmalıdır. Digər tərəfdən torpaq sahəsinin kənd təsərrüfatlı olması dəlilinə istinad edilsə də, çıxarışdan görünür ki, torpaq sahəsi kənd təsərrüfatlı torpaq sahəsi kimi qeydə alınmamışdır ki, aydın deyildir ki, ətrafda mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsi kənd təsərrüfatlı olmadığı təqdirdə, iddia olunan torpaq sahəsi hansı qaydada kənd təsərrüfatlı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 10 dekabr 2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə müvafiq olaraq, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Lakin, elə həmin qərarda da qeyd edilir ki, Konstitusiyanın 25-ci maddəsinin, habelə “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq, inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yolverilməzdir. Odur ki, ətraf üzrə verilmiş qeyd kənd təsərrüfatına aid hesab edilməmişdirsə, həmin əsasla imtinanın qanuniliyindən göstərilən Qərardadın mahiyyəti baxımından da qanunsuzluğu müəyyən edilməkdədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X4nin xx.xx.2003-cü il tarixli 28 saylı Əmri ilə ayrılmış Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanda yerləşən 0.10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüuqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar