Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15650/2025 19.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi) “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 noyabr 2025-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1980-ci il təvəllüdlü İddiaçı (bundan sonra –iddiaçı): 1998-2002-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır. 2002-2003-cü illərdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2005-xx.xx.2008-ci illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" ASC Yolların Mühafizəsi Xidmətində baş mütəxəssis vəzifəsində işləmişdir. xx.xx.2008-xx.xx.2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi borcları şöbəsinin Vaxtında təqdim edilməyən bəyannamələrin alınması bölməsi”nin baş dövlət vergi müfəttişi, xx.xx.2010-xx.xx.2011-ci illərdə əmin idarənin “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsi”nin Baş hüquqşünası, xx.xx.2011-xx.xx.2017-ci illərdə həmin şöbənin rəisi, xx.xx.2017-xx.xx.2018-ci illərdə həmin idarənin “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Qeydiyyat və uçot bölməsi”nin rəhbəri vəzifələrində işləmişdir. xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hüquqşünası vəzifəsində, xx.xx.2023-xx.xx.2023-cü illərdə həmin Baş idarənin “Metodoloji təminat şöbəsi”nin hüquqşünası vəzifəsində, xx.xx.2023xx.xx.2024-cü illərdə həmin şöbənin rəisi vəzifəsində, xx.xx.2024-xx.xx.2025-ci illərdə həmin Baş idarənin “Hüquq şöbəsi”nin rəisi vəzifəsində işləmişdir. 041-2025-ci il tarixli məlumat vərəqəsindən görünür ki, iddiaçının cəmi iş stajı və xidmət illəri 20 il 12 gün kimi götürülmüşdür. Təqvim üzrə xidmət illəri 18 il 12 gün, ali təhsil dövrü 2 il təşkil edir. İddiaçı 6.08.2025-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Dövlət Gömrük Komitəsi tərəfindən göndərilmiş sizə dair məlumat vərəqinizdə və ona əlavə olunmuş sənədlərdə 6 il 9 ay 6 gün (xx.xx.2018-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində) gömrük orqanlarında, qalan xidmət illərinin isə digər sahələrdə olduğu qeyd edilib. Qeyd olunanlara əsasən, 25 təqvim ili xidmət müddətiniz mövcud olmadığından sizə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bu səbəbdən də, sözügedən Komitə tərəfindən sizə dair təqdim edilmiş ***-**** nömrəli məlumat vərəqiniz tərəfimizdən geri qaytarılmışdır”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ona pensiya təyin edilməsində ifadə olunan hərəkətlərinin qanunsuz hesab edilərək, ona pensiya təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin qərarı ilə müəyyən olunur ki, pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək Dövlət Gömrük Komitəsinin səlahiyyətindədir. Dövlət Gömrük Komitəsi tərəfindən onun pensiya hüququnun yaranmasının müəyyən edilməsinin əsasını “Əmək pensiyaları haqqında” Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət edən xüsusi rütbəli şəxslərə aid edilməyi, Həmin Qanunun 9.5.1-ci maddəsində nəzərdə tutulan hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara aid edilməyi, “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli, 1074-VİQD nömrəli Qanunun 5.1-ci maddəsinin tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normalarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) ona münasibətdə tətbiq edilməsi təşkil etmişdir. Nəticə etibarilə, DGK tərəfindən inzibati orqan kimi inzibati inzibati icraat üzrə məlumat vərəqəsinin göndərilməsi barədə qərar qəbul edilmişdir və onun da əsasını pensiya hüququnun yaranması təşkil etmişdir. Onun həmin qərara etimadı əsasında gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Belə ki, dövlət orqanlarının müvafiq qərarları ilə ona pensiya təyin ediləcəyini və sosial rifahının təmin ediləcəyini zənn etmişdir. Hazırda digər inzibati orqan, yəni hazırkı iş üzrə cavabdeh tərəfindən ona pensiya təyin edilməməsi inzibati orqanın inzibati praktikasına etimad hüququnu kobud şəkildə pozmuşdur. Belə ki, son illər ərzində Qanunvericiliyin tələbinə əsasən DGK tərəfindən vergi orqanlarında xidmət illərinin gömrük orqanlarında xidmət illərinə əlavə edilərək hesablanması praktikası mövcud olmuş və o, da buna etimad edərək xidmətinə xitam verilməsini istəmişdir. Belə ki, “İnzibati İcraat” haqqında qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxsləri etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanun normasının məzmunundan aydın olur ki, şəxsin inzibati icraata etimad hüququ qorunmalıdır və onun da həmin etimada əsaslanaraq xidmətinə xitam verməyi və həmin etimada görə zərərə düşməyi inzibati icraatın prinsipləri ilə ziddiyyət təşkil edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Əlavə olaraq bildirilmişdir ki, hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddət mövcud deyil. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra-Qayda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın gömrük orqanlarının əməkdaşı kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğudan dövlət qulluğu vəzifəsində qulluq keçmiş şəxslərin qulluq stajının gömrük orqanlarında rütbəli vəzifələrdəki qulluq illərinə əlavə olunmaqla onlara hərbi qulluqçu kimi güzəştli şərtlərlə pensiyanın təyin edilməsi həmin Qanunun tələbləri baxımından mümkün deyil. Bundan başqa, dövlət qulluğu stajının gömrük orqanlarındakı, yəni dövlət qulluğunun xüsusi növündəki xidmət illərinə daxil edilib, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanmasına analoji halla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 noyabr 2023-cü il tarixində qəbul etdiyi 2-1(102)-1576/2023 nömrəli qərarı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın lehinə olmuşdur ki, yəni yuxarıda göstərdikləri mövqe ilə eyni olmuşdur. Həmin qərarda bildirilir ki, “...ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir”. Bu qərar Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsini müəyyən edən qərarların siyahısına daxil edilərək, *** (üç ulduz) nişanı ilə nömrələnmişdir. “Əmək pensiyaları haqqında” Qanunun məqsədləri üzrə dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi üçün müvafiq şəxslər “xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdəki qulluq illərinin məcmusundan çıxış edə bilərlər”; iddia olunan məzmunda tələb o halda təmin oluna bilərdi ki, “ ...şəxs ədliyyə orqanında qulluğa qəbul edilənədək digər dövlət orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işləməklə xüsusi rütbəyə malik olmuş olsun və “Əmək pensiyaları haqqında” Qanunda həmin kateqoriyaya aid şəxslərin pensiya təminatı üçün müstəqil əsaslar nəzərdə tutulmuş olsun”. Üçüncü şəxsin yazılı münasibəti: Üçüncü şəxs iddia tələbinə yazılı münasinət məktubunda bildirmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci maddəsinə uyğun olaraq dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın tələbinə əsasən dövlət qulluqçusunun dövlət qulluğu vəzifəsində qulluq stajı gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin 3.1.1-ci yarımbəndinin tələbinə əsasən dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Qeyd edilən məsələ üzrə Dövlət Gömrük Komitəsi tərəfindən qanunçuluq prinsipinə riayət edilərək mövcud qanunvericilik normaları rəhbər tutularaq iddiaçı barədə məlumat vərəqi tərtib edilərək aidiyyəti üzrə təqdim edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İşin hallarına görə, iddiaçı 1998-2002-ci illərdə təhsil almış, 2002-2003-cü illərdə həqiqi hərbi xidmət keçmiş, xx.xx.2008-xx.xx.2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi borcları şöbəsinin vaxtında təqdim edilməyən bəyannamələrin alınması bölməsi”nin baş dövlət vergi müfəttişi, xx.xx.2010-xx.xx.2011-ci illərdə həmin idarənin “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu şöbəsi”nin Baş hüquqşünası, xx.xx.2011xx.xx.2017-ci illərdə həmin şöbənin rəisi, xx.xx.2017-xx.xx.2018-ci illərdə həmin idarənin “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Qeydiyyat və uçot bölməsi”nin rəhbəri vəzifələrində işləmiş, xx.xx.2018-xx.xx.2023-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hüquqşünası vəzifəsində, xx.xx.2023-xx.xx.2023-cü illərdə həmin Baş idarənin “Metodoloji təminat şöbəsi”nin hüquqşünası vəzifəsində, xx.xx.2023-xx.xx.2024-cü illərdə həmin şöbənin rəisi vəzifəsində, xx.xx.2024-xx.xx.2025-ci illərdə həmin Baş idarənin “Hüquq şöbəsi”nin rəisi vəzifəsində işləmişdir. İddiaçı gömrük orqanlarından xx.xx.2025-ci il tarixdən ehtiyata buraxılmış və barəsində 041-2025-ci il tarixli məlumat vərəqəsi tərtib edilərək cavabdehə göndərilmişdir. Həmin məlumat vərəqində iddiaçının cəmi iş stajı və xidmət illəri 20 il 12 gün,t Təqvim üzrə xidmət illəri 18 il 12 gün, ali təhsil dövrü 2 il qeyd edilmişdir. Cavabdeh isə, iddiaçıya pensiya təyin edilməsindən imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçının 6 il 9 ay 6 gün (xx.xx.2018-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində) gömrük orqanlarında, qalan xidmət illərinin isə digər sahələrdə olduğu qeyd edilib. 25 təqvim ili xidmət müddəti mövcud olmadığından iddiaçıya hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddia tələbi təmin eidlməlidir. Belə ki, iddiaçının xx.xx.2008--xx.xx.2018-ci illərdə Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində və xx.xx.2018-xx.xx.2025-ci illərdə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs kimi xidmət keçməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina edərkən iddiaçının 6 il 9 ay 6 gün gömrük orqanlarında, qalan xidmət illərinin isə digər sahələrdə olduğunu və 25 təqvim ili xidmətinin olmadığını bildirir. Məhkəmə cavabdehin imtinasının birinci dəlili ilə bağlı qeyd edir ki, cavabdeh bu hala istinad edərkən nəzərə almamışdır ki, iddiaçının Dövlət Vergi Xidmətində xidmət keçməsi dövlət qulluğunun ümumi deyil, xüsusi növünə aiddir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə. ... 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanununun 1-ci maddəsində göstərilir ki, vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 17-ci maddəsində göstərilir ki, Dövlət vergi orqanlarında xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə işə qəbul edilərkən, onların dövlət vergi orqanlarındakı xidmət illəri həmin orqanlarda xidmət (qulluq) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər dövlət vergi orqanlarına xidmətə qəbul edildikdə, onların xidmət (qulluq) illəri dövlət vergi orqanlarında xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi dövlət qulluğunun xüsusi növünün anlayışı verilmiş və bu anlayışda xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növü olaraq göstərilmişdir. İddiaçı isə gömrük orqanlarında xidmət keçməmişdən əvvəl vergi orqanlarında xüsusi rütbə nəzərdə tutan vəzifələrdə xidmət etmişdir ki, bu da qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən dövlət qulluğunun xüsusi növünə aiddir. Cavabdeh isə qanunvericiliyin normalarını işin hallarına düzgün tətbiq etməyərək, iddiaçının vergi orqanlarında xüsusi rütbə nəzərdə vəzifələrdə xidmət keçdiyi dövrü dövlət qulluğunun ümumi növü hesab etmişdir. Bununla da iddiaçının gözlənilən pensiya hüququ pozulmuşdur. Həmçinin cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina əsaslarından biri də iddiaçının mövcud qanunvericiliyə əsasən 25 təqvim ili xidmət müddətinə malik olmamasıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi xidmətdən buraxıldığı gündən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1-ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır (Qanunun xx.xx.2024-cü ildən qübbədə olan redaksiyası). 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (xx.xx.2024-cü il taixədək qüvvədə olan redaksiya). 3.3. bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Yəni hərbi qulluqçuların pensiya təminatı ilə bağlı müddəalar xüsusi rütbəli şəxslərə də şamil edilir. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Qanununu: Maddə 5. Keçid müddəalar 5.1. Bu Qanun qüvvəyə mindiyi tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.2. Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. 5.3. Bu Qanun qüvvəyə mindiyi tarixədək təyin edilmiş əmək pensiyaları bu Qanuna əsasən yenidən hesablanmır. Maddə 6. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. Sadalanan normalardan göründüyü kimi, cavabdeh orqan iddiaçının 25 il təqvim xidmət ilinin olmamasına istinad edərkən də maddi hüquq normasının düzgün tədbiq etməmiş, “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilərkən keçid müddəlarında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən tələb olunan 20 təqvim ili hərbi xidmət müddətinin tamamlanmasına ən çoxu 3 təqvim ili qalmış hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları tətbiq edilməli olmasını nəzərə almamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Qərarının 1-ci maddəsində müəyyən edilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda, və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət... Gömrük orqanlarının kiçik heyət, orta, baş, ali rəis heyəti vəzifələrində xidmətə təyin olunma günündən;… Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. İşin hallarına əsasən əmək pensiyasının təyinatı üçün əsas olan məlumat vərəqəsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş, məlumat vərəqinə əsasən iddiaçının təqvim üzrə xidmət illəri 18 il 12 gün, ali təhsil dövrü 2 il olmaqla, cəmi iş stajı və xidmət illəri 20 il 12 gün təşkil edir. İddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və xüsusi rütbəli şəxs kimi vergi və gömrük orqanlarında xidmət keçdiyi dövr ümumilikdə nəzərə alındıqda onun xx.xx.2024-cü il tarixədək 20 ildən çox təqvim xidmət illəri mövcuddur. Cavabdehin istinad etdiyi analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1576/2023 nömrəli qərarı ilə bağlı məhkəmə qeyd edir ki, həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Əmək pensiyaları haqqında” Qanunun 9.7, 9.7.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası təyin edilməsi üçün şəxsin ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işləməsi və eyni zamanda xüsusi rütbəyə malik olması şərtdir” (bənd 28). Hazırkı işdə iddiaçının həm Dövlət Vergi Xidmətində, həm də gömrük orqanlarında xidməti dövlət qulluğunun ümumi yox, xüsusi növünə aid olmuşdur. Odur ki, məhkəmənin hazırkı mövqeyi Ali Məhkəmənin istinad edilən qərındakı hüquqi mövqeyə də zidd deyildir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu müddət, ali təhsil aldığı dövr və vergi orqanında xidmət dövrü gömrük orqanında olan xidmət illərinə daxil edilərək, 20 təqvim ilindən artıq stajı olduğundan ona hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. İddiaçı hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-15650/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15650/2025
19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver