Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1782/2025 16.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinə qarşı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 15/02 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli, 20/08 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı qaydasında 0.42 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən cavabdeh bələdiyyənin hesabına ödənilmişdir. Bu barədə alqı-satqı aktı tərtib edilmişdir. Torpaq sahəsi naturada iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsinin döngə nöqtələri müəyyən edilərək iddiaçı tərəfindən mərzlənmə işləri aparılmışdır. Tikinti aparmaq zərurəti yarandığından torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması zamanı tələb olunan arxiv arayışının alınması məqsədi ilə iddiaçı tərəfindən Dövlət Arxivinin Bakı Filialına ərizə ilə müraciət edilmişdir. Ərizəyə verilmiş cavab məktubunda Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli, 20/08 saylı qərarının cavabdeh bələdiyyənin xx.xx.2008-ci il tarixli, 15/02 saylı qərarı ilə ləğv edildiyi bildirilmişdir. Həmin qərar barədə cavabdeh bələdiyyə tərəfindən iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçının həmin qərar barədə ilk dəfə Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilən xx.xx.2024-cü il tarixli cavab məktubu ilə məlumat almışdır. Hesab edirlər ki, Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 15/02 saylı qərarı qanunsuz qəbul edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 15/02 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı adına Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20/08 saylı qərarı ilə ayrılmış 0.46 ha torpaq sahəsində aparılmış tikinti işləri zamanı Tikinti Normaları və Qaydalarına riayət olunmadığına görə Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli iddia ərizəsinə əsasən Binəqədi Rayon Məhkəməsinə yuxarıda göstərilmiş qərarın ləğv məsələsini qoymuşdur. Qeyd edilən məsələ ilə əlaqədar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən Xocəsən Bələdiyyəsinin ümumi iclasının 18 noyabr 2008-ci il tarixli, 15/02 saylı qərarı ilə vətəndaş İddiaçı mülkiyyətinə 0.46 ha torpaq sahəsinin verilməsi barədə xx.xx.2007-ci il tarixli, 20/08 saylı qərar ləğv edilmiş və torpaq sahəsi geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli Fərmanı ilə yerli icra Hakimiyyəti orqanları tərəfindən Bakı şəhəri ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”-nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək, torpaq sahəsinin xüsusiyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırma sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti olaraq dayandırılmışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli, 20/08 nömrəli qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 0.46 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə İddiaçı olunun mülkiyyətinə verilmişdir.
8. Torpaqların alqı-satqısına dair akt, yerləşmə cizgisi və alqı-satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir.
9. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli, 01-15/V-34 nömrəli məktubla bildirilmişdir ki, Xocəsən Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli, 20/08 saylı qərarı ilə 0.46 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mülkiyyətinə verilmişdir. Tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulduğu üçün məsələnin araşdırılması məqsədi ilə Xocəsən Bələdiyyəsinə gəlməsi xahiş olunmuşdur. Əks təqdirdə həmin torpaq sahəsi üzərində yaranmış hüquqlarına xitam verilməsi üçün tədbir görüləcək və torpaq sahəsi geri alınacaqdır.
10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 2 sentyabr 2024-cü il tarixli, 3-48-2F/2-1842/2024 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı barəsində Binəqədi rayonu Xocəsən Bələdiyəsinin xx.xx.2007-ci il tarixli, 20/08 saylı qərarı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin, həmin qərar Binəqədi rayon Xocəsən Bələdiyyəsi tərəfindən xx.xx.2008-ci il tarixli, 15/02 saylı qərarla ləğv edilmişdir və Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ləğv olunmuş qərarlarının siyahısındda 45-ci sırada qeyd edilmişdir. Məlumat üçün həmin qərarın, ona əlavə edilmiş digər sənədlərin, o cümlədən həmin siyahının təsdiq edilmiş kserosurətləri məhkəməyə təqdim edilmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılmışdır ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 2008-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2008-ci il tarixli, 15/02 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 03/344 nömrəli, 05 sentyabr 2024-cü il tarixli məktuba bildirilmişdir ki, bələdiyyə tərəfindən qəbul olunmuş qərar və sərəncamlar mühafizə olunması məqsədilə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialına təhvil verildiyindən İddiaçı adına torpaq sahəsi ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 20/08 saylı qərar və ona bitişik sənədlərin surətini əldə etmək üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialına müraciət etməsi tövsiyə olunur. Həmçinin nəzərə çatdırılmışdır ki, Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr barədə 23 oktyabr 2007-ci il tarixli, 466 İİ-QD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə dəyişiklik edilərək Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulduğundan Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 15/02 saylı qərarı ilə İddiaçı adına ayrılmış torpaq sahəsi hərrac keçirilmədən ayrıldığı üçün etibarsız hesab edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 03/64 nömrəli, xx.xx.2025ci il tarixli məktubla bildirilmişdir ki, Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 15/02 saylı qərarının İddiaçı təqdim edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir.
13. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli, 5-93/2-180/2025 nömrəli məktubla bildirilmişdir ki, iddiaçı Binqədi rayon İcra Hakimiyətinin cavabdehlər Xocəsən Bələdiyyəsinə, İddiaçı və "xxxx" MMC-nə qarşı Xocəsən Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 20/08 saylı və xx.xx.2008-ci il tarixli, 05/29 saylı qərarlarının ləğv edilməsinə dair iddiasına Binəqədi Rayon Məhkəməsinin sabiq hakimi Vüqar Həsənov tərəfindən baxılmış və 25 noyabr 2008-ci il tarixli, 2(001)-3069/2008 saylı qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardaddan şikayət verilməmişdir.
14. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 15/02 nömrəli, 18 noyabr 2008-ci il tarixli qərarına əsasən "xxxx" MMC-nin müraciətinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 05/29 saylı qərarı ilə 0.58 ha torpaq sahəsi və vətəndaş İddiaçı üracicətinə əsasən xx.xx.2007-ci il tarixli 20/08 nömrəli qərarı ilə 0.46 ha torpaq sahəsi alqı-satqı yolu ilə mülkiyyətlərinə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Xocəsən Bələdiyyəsinə daxil olmuş Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli iddia ərizəsinə əsasən qərarlarla ayrılmış torpaq sahələrinin Tikinti Normaları və Qaydalarına riayət olunmadığı üçün yuxarıda göstərilmiş qərarların ləğvi məsələsi qoyulmuşdur. Qeyd edilən məsələ ilə əlaqədar Bələdiyyədə araşdırma aparılmışdır və yuxarıda göstərilmiş qərarların ləğvi məqsədəuyğun hesab edilmişdir. Yuxarıda qeyd edilənləri və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq qərara alınmışdır ki: 1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Xocəsən Bələdiyyəsinin ərazisindən "xxxx" MMC-nin mülkiyyətinə 0.58 ha torpaq sahəsinin verilməsi barədə olan xx.xx.2008-ci il tarixli 05/29 saylı qərar ləğv edilsin və qeyri-qanuni verilmiş torpaq sahəsi aidiyyəti üzrə geri qaytarılsın. 3. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Xocəsən Bələdiyyəsinin ərazisindən vətəndaş İddiaçı mülkiyyətinə verilmiş 0.46 ha torpaq sahəsinin verilməsi barədə olan xx.xx.2007-ci il tarixli 20/08 saylı qərar ləğv edilsin və qeyri-qanuni verilmiş torpaq sahəsi aidiyyəti üzrə geri qaytarılsın.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
16. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
19. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir ki, hazırki işin hallarından müəyyən edilir ki, iddiaçıya cavabdeh tərəfindən mübahisəli qərarının təqdim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. İddiaçı sözügedən qərarın mövcudluğu barədə ona torpaq sahəsi ayrılması barədə qərarın əldə edilməsi üçün Dövlət Arxivinin Bakı Filialına müraciət etdikdə məlumatlı olmuş, bundan sonra hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş cavab məktubunda da, bildirilmişdir ki, mübahisəli qərarın iddiaçıya təqdim edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi ötürülməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
20. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs; Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 53. Kollegial inzibati orqanda inzibati icraat qaydası 53.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanda icraat bu fəslin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 53.2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial orqana təqdim olunmuş ərizəyə dair qərar yalnız kollegial orqan tərəfindən qəbul edilir. 53.3. Bu Qanunun 53.2-ci maddəsində nəzərdə tutulmuş qayda, ərizənin həmin kollegial orqanın rəhbər vəzifəli şəxsi tərəfindən aidiyyəti üzrə müvafiq inzibati orqana göndərilməsi və ya ərizənin baxılmamış saxlanılması hallarına şamil olunmur. Maddə 54. Kollegial orqanın iclasının keçirilmə qaydası 54.1. Kollegial orqanın iclasını bu orqanın rəhbər vəzifəli şəxsi, o olmadıqda isə qanunvericiliyə müvafiq şəkildə iclasın sədri seçilmiş şəxs açır və bağlı elan edir. 54.2. İclasın sədri iclası cari gündəliyə müvafiq olaraq aparır. Maddə 55. Kvorum 55.1. Kollegial inzibati orqanın iclasına onun bütün üzvləri dəvət olunur. 55.2. Kollegial inzibati orqan onun üzvlərinin ən azı yarısı (üç nəfərdən az olmamaq şərtilə) iclasda iştirak etdiyi hallarda qərar qəbul etmək səlahiyyətinə malikdir. 55.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmamışdırsa, kollegial inzibati orqanın qərarı, iclasda iştirak edən üzvlərin yarısından çoxu həmin qərarın lehinə səs verdikdə qəbul edilmiş sayılır. Maddə 56. Kollegial inzibati orqanın iclasının protokolu 56.1. Kollegial inzibati orqanın iclası haqqında aşağıdakı məlumatları özündə əks etdirən protokol tərtib olunur: 56.1.1. kollegial inzibati orqanın adı barədə; 56.1.2. iclasın keçirildiyi vaxt və yer barədə; 56.1.3. iclasın sədri və üzvləri haqqında; 56.1.4. müzakirənin predmeti barədə; 56.1.5. qəbul edilmiş qərar barədə. 56.2. İclasın protokolu iclasın sədri və katibi tərəfindən imzalanır. Maddə 57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: 61.5.1. inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; 61.5.2. inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; 61.5.3. inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya mediada dərc olunduqda; 61.5.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda.
23. Yuxarıda sadalanan qanunvericiliyin normalarının hazırki işin hallarına tətbiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli, 20/08 nömrəli qərarına əsasən Xocəsən Bələdiyyəsinin ərazisində yerləşən 0.46 ha torpaq sahəsini təqdim olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə İddiaçı olunun mülkiyyətinə verilmişdir. Həmin qərara əsasən tərəflər arasında torpaqların alğı-satqısına dair akt qəbul edilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılmış, torpaq sahəsinin yerləşmə sxemi cavabdeh tərəfindən təsdiq edilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bələdiyyə tərəfindən həmin məbləğin ödənilməsini təsdiq edən qəbz verilmişdir. Sonradan sözügedən qərar əsasında iddiaçıya ayrılmış torpaq sahəsində aparılmış tikinti işləri zamanı Tikinti Normaları və Qaydalarına riayət olunmadığında görə Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli iddia ərizəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində yuxarıda göstərilmiş qərarın ləğvi barədə tələb irəli sürmüşdür. Həmin məhkəmənin 25 noyabr 2008-ci il tarixli, 2(001)-3069/2008 saylı qərardadına əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qeyd edilən məsələ ilə əlaqədar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Xocəsən Bələdiyyəsinin ümumi iclasının 18 noyabr 2008-ci il tarixli, 15/02 saylı qərarı qəbul edilmiş və həmin qərarla İddiaçı mülkiyyətinə 0.46 ha torpaq sahəsinin verilməsi barədə xx.xx.2007-ci il tarixli, 20/08 saylı qərarı ləğv edilmiş və torpaq sahəsinin geri qaytarılması qərara alınmışdır.
24. İşin hallarından göründüyü kimi, mübahisəli qərarla iddiaçıya torpaq sahəsi ayrılması barədə qərar həmin torpaq sahəsində ididaçı tərəfindən aparılan tikinti işlərinin Tikinti Normaları və Qaydalarına riayət edilməməsi əsası ilə ləğv edilsə də, iş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun məzmunundan görünür ki, cavabdeh 2015-ci ildə iddiaçıya torpaq sahəsi ayrılması barədə xx.xx.2007-ci il tarixli qərarın qüvvədə olduğunu bildirir və həmin qərarın Torpaq Məcəlləsinin 73-cü maddəsində göstərilmiş əsaslar konkret olaraq - torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə göstərilməklə həmin tələblərin pozulması bildirilmiş və bununla əlaqədar Bələdiyyə yaxınlaşması, əks təqdirdə torpaq sahəsi üzərində yaranmış hüquqlarına xitam verilməsi üçün tədbirlər görüləcəyi bildirilmişdir. Sözügedən hallar isə özlüyündə cavabdehin mübahisəli qərarının əsassız olmasına dəlalət edir.
25. Eləcə də, işin hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən mübahisəli qərar qəbul edilən zaman işin halları tam və hərtərəfli araşdırılmamış “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin (İnzibati icraatda maraqlı şəxslərin iştirakı) müddəalarına əməl edilməmiş, maraqlı şəxs kimi İddiaçı iştirakı təmin edilməmiş, inzibati icraatla bağlı məlumatlandırılmamış, onun mülahizələri dinlənilməmişdir.
26. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin mübahisəli inzibati aktı yuxarıda qeyd edilən nüanslar nəzərə alınmadan, qanunvericiliyin normaları kobud surətdə pozularaq qəbul edildiyindən iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin (qanunsuz inzibati aktın ləğv edilməsi) müddəalarına əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
28. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən qərar ləğv olunmalıdır.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 15/02 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva