Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1798/2024 03.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 03 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı və 98 saylı mənzillərə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi üçün cavabdehə etdiyi müraciət mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumatın aşkar edilməməsi əsası ilə təmin edilməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı və 98 saylı mənzillərə dair mülkiyyət hüquqlarının ləğv prosesində olan İddiaçı ASC-nin adına qeydiyyata alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakların dövlət reyestrindən çıxarışların verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(008)-224/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş X1 500.000 (beş yüz min) ABŞ dolları əsas borcu, 264.250 (iki yüz altmış dörd min iki yüz əlli) ABŞ dolları faiz borcu, cəmi 764.250 (yeddi yüz altmış dörd min iki yüz əlli) ABŞ dolları borcunun tutulması, 30 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X3 mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı mənzilin ilkin satış qiyməti 288.000 (iki yüz səksən səkkiz min) manat və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə yerləşən 98 saylı mənzilin ilkin satış qiyməti 216.000 (iki yüz on altı min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına X6 LPO İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı LPO İddiaçı ASC sözügedən qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbləri əldən çıxmış fayda hissəsində rədd edilmişdir. Sabunçu Rayon Məhkəməsinin həmin qətnaməsi iddia tələblərinin rədd edilən hissəsində ləğv edilərək iddia tələbləri tam təmin edilməlidir. Apellyasiya şikayəti qismən təmin edilərək, Sabunçu Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(008)-224/2019 saylı qətnaməsi qismən - iddianın əldən çıxmış faydanın tutulmasının rədd edilməsinə dair” hissəsində ləğv edildi, cavabdeh X1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə əldən çıxmış fayda qismində 108.750 ABŞ dolları məbləğində pul vəsaiti tutulması qət edilmişdir. LPO İddiaçı ASC ilə X5 arasında bağlanmış kreditin təminatı olaraq X4 məxsus Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-ci alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı və 98 saylı mənzillər (Mənzil sertifikatı: Seriya MS № 000043; Mənzil sertifikatı: MS № 000042) girov götürülmüşdür. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamənin icrası Nərimanov rayonu İcra Şöbəsinə həvalə edilmiş, qeyd olunan İcra orqanı tərəfindən prosessual icra tədbirləri görülərək, icra hərəkətləri aparılmış və tutma obyektlərinin satılması ilə bağlı Hərrac Mərkəzi "xxxx" MMC-də hərrac təşkil olunmuşdur. Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən göstərilən əmlaklara dair hərracların keçirilməsinə baxmayaraq ipoteka ilə yüklü edilmiş əmlaklar satılmamışdır. Bununla da “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan LPO İddiaçı AS həmin ipoteka predmetlərini müvafiq olaraq 183600 (bir yüz səksən üç min altı yüz) manat və 137700 (bir yüz otuz yeddi min yeddi yüz) manat qiymətlə hərracda əldə etmişdir. Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı və 98 saylı mənzillərin LPO İddiaçı ASC-yə satılması xx.xx.2022-ci il tarixli Şəhadətnamələri ilə təsdiqlənmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, qeyd olunan ünvanlarda yerləşən mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Bu səbəbdən, təqdim edilmiş hərracın yekunları barədə protokollar əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə uyğun müvafiq mənzillər üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş şəhadətnamələr də qanunvericiliyin tələblərinə müvafiq qaydada tərtib edilməmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirilməlidir. Lakin, sözügedən mənzillərin Nərimanov rayonu ərazisində yerləşməsinə baxmayaraq təqdim edlmiş şəhadətnamələr Xətai rayonunda yerləşən 6 saylı notariat ofisi tərəfindən verilmişdir. Məlumat üçün bildiririk ki, İdarənin mütəxəssisləri tərəfindən sözügedən mənzillərə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Belə ki, iddiaçı mənzilləri tanımır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(008)-224/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, X1 500.000 ABŞ dolları əsas borc, 264.250 ABŞ dolları faiz borcu, cəmi 764.250 ABŞ dolları borcunun tutulması, 30 manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın cavabdeh X3 mülkiyyətində olan ipoteka predmeti kimi təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı mənzilin ilkin satış qiyməti 288.000 manat və Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbə yerləşən 98 saylı mənzilin ilkin satış qiyməti 216.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaitinin hesabına X6 LPO İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-396/2020 nömrəli qətnaməsi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(008)-224/2019 saylı qətnaməsi qismən - iddianın əldən çıxmış faydanın tutulmasının rədd edilməsinə dair” hissəsində ləğv edilmiş, cavabdeh X1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə əldən çıxmış fayda qismində 108.750 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. X4 məxsus "xxxx" MMC tərəfindən buraxılmış MS № 000043 və MS № 000042 saylı mənzil sertifikatları üzərində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ASC-nin xeyrinə girov qeydiyyata qeydiyyata alınmışdır. Mübahisə predmeti mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması işin mübahisəsiz halıdır. İddiaçı hazırda Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllə, 6-cı alaqapı, 3-cü mərtəbədə yerləşən 122 saylı və 98 saylı mənzillərə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbini irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia etdiyi mənzillər üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün qanunvericliklə müəyyən edilən əsaslardan hər hansı biri yoxdur. Mübahisə predmeti mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, iddiaçının mənzilləri tanımaması işin mübahisəsiz halıdır. Sözügedən mənzillərin harada yerləşməsi, ümumiyyətlə mövcud olub-olmaması müəyyən deyil. Belə olan halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol hüquqların dövlət qeydiyyatına alınmasının əsası qismində çıxış edə bilməz. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya əsasdır. Məhkəmə həmçinin iddiaçının dəlillərinə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının istinad etdiyi mənzil sertifikatları qiymətli kağızların bir növudur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 997.1-ci maddəsinə əsasən, qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Həmin Məcəllənin 1078-1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak sertifikatı fiziki və hüquqi şəxslər arasında yerləşdirilən, mülkiyyətçilərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin, qeyri-yaşayış sahələrinin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək hüququ verən qiymətli kağızdır. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən, daşınmaz əmlak sertifikatı adlı qiymətli kağızdır. Daşınmaz əmlak sertifikatlarının buraxılışı, dövlət qeydiyyatına alınması və tədavülü qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Göründüyü kimi, daşınmaz əmlak sertifikatlarının ödənilməsi emitent (daşınmaz əmlak sertifikatlarının buraxılışını həyata keçirən şəxs – iddiaçının təqdim etdiyi sənədlər üzrə "xxxx" MMC) tərəfindən həyata keçirilir. Daşınmaz əmlak sertifikatlarının ödənilməsi onların mülkiyyətçilərinin mülkiyyətinə daşınmaz əmlak sertifikatında göstərilən tikilinin verilməsi və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından ibarətdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş mənzil sertifikatları iddiaçının adına deyil, X4 məxsus olmaqla iddiaçının xeyrinə yüklü edilmişdir. Başqa sözlə, yuxarıda istinad edilən mülki iş üzrə mənzillər deyil qiymətli kağızlar (mənzil sertifikatları) girov predmeti olmuşdur. İddiaçı həmin mənzil sertifikatlarını əldə etdikdən sonra "xxxx" MMCdən əgər tikinti başa çatdırılmışdırsa mənzillərin onun mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb edə bilər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1798/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1798/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver