Məhkəmə qərarları › İş №e-2-1(112)-18837/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-18837/2025

13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-18837/2025 13.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “yararlılıq kateqoriyasının dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2002 saylı arayışının 10-cu bəndindəki “Hərbi xidmətə yararlıdır” ifadəsi qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, həmin arayışda iddiaçının yararlılıq dərəcəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır (C kateqoriyası)” kimi müəyyən edilməsi, iddiaçının çəkdiyi məhkəmə xərcləri və dövlət rüsumunun cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı, 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmışdır. Xidməti dövründə bir neçə dəfə ciddi tibbi travmalar və xroniki xəstəliklər keçirmişdir ki, bu hallar sonradan onun sağlamlıq vəziyyətində qalıcı və proqressiv pozğunluqların yaranmasına səbəb olmuşdur. Hərbi xidmət dövründə baş vermiş bu tibbi hallar nəticəsində orqanizmdə dayanıqlı funksional pozğunluqlar formalaşmış və bu, 2015-ci ildə ona İİ qrup əlillik təyin edilməsi ilə nəticələnmişdir. Etirazın məzmunu onunla bağlıdır ki, vətəndaş İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 2002 saylı arayışında onun hərbi xidmətə yararlılıq kateqoriyasına dair “Hərbi xidmətə yararlıdır” ifadəsinin dəyişdirilərək “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi təyin edilməsi öhdəliyinin MN MHHK -nın üzərinə qoyulmasını xahiş etmişdir. Vətəndaş E Hüseynovun cavabdeh MN MHHK-na qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə iddiası ilə əlaqədar Bakı İnzibatı Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-3489/2023 saylı, Bakı Apellyasiya Məhkəməsinin inzibatı Kollegiyasının 01,05.2024-cü il tarixli,2-1(103)-1637/2024 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2329/2024 saylı qərarı ilə iddiaçının iddia tələbi rədd olunmuşdur. Ona görə də hesab olunur ki, vətəndaş İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsinə xitam verilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək “Cavabdehin tərtib etdiyi xx.xx.2020-ci il tarixli 7078 saylı arayışının 10-cu bəndində qeyd olunan "Hərbi xidmətə yararlıdır" qərarının ləğv edilməsi və İİ qrup əlilliyim nəzərə alınmaqla, hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılığımın "C" (sülh dövrü yararsız müharibə dövrü məhdud yararlı) kateqoriyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı sonuncu dəqiqləşmə üzrə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 7078 nömrəli arayışdan görünür ki, iddiaçının hərbi xidmətdən buraxılma anı üçün “Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritematoz qastroduodenitin. Düz bağırsağın arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində” diaqnozu – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Arayışı 10-cu bəndində qeyd olunmuşdur ki, iddiaçı hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 2002 nömrəli arayışdan görünür ki, iddiaçının hərbi xidmətdən buraxılma anı üçün “Kəmərləyici dəmrov, kəskin mərhələ. Xroniki eritematoz qastroduodenitin. Düz bağırsağın arxa çatı. Vertebrogen lümbalgiya, natamam remissiya mərhələsində” diaqnozu – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Arayışı 10-cu bəndində qeyd olunmuşdur ki, iddiaçı hərbi xidmətə yararlıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərar ilə iddiaçının - cavabdehin 2002 saylı, xx.xx.2022-ci il tarixli arayışının 10-cu bəndində hərbi xidmətdən ehtiyata buraxılma anı üçün yararlılıq kateqoriyası kimi qeyd etdiyi “Hərbi xidmətə yararlıdır” qərarının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.6-cı maddəsinin “C” bəndinə uyğun “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı ilə əvəz olunması barədə tələbi təmin edilməmişdir. (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-1637/2024 nömrəli, 1 may 2024-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2329/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır) Məhkəmə, ilk növbədə, iddiaçının iddia tələbinin dəqiqləşməsi barədə təqdim etdiyi ərizənin icraata qəbul edilməsindən imtina olunmalı olması məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, İPM-nin: 13.Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 sentyabr 2014cü il tarixli Qərarına əsasən İnzibati prosessual qanunvericiliyin səciyyəvi cəhətlərindən biri odur ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərdə tərəflərdən biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyektdir. Bu münasibətlərin iştirakçıları əvvəlcədən qeyri-bərabər olurlar, onlardan biri suverenlik daşıyıcısıdır və digər tərəfə, yəni fiziki və hüquqi şəxsə münasibətdə hakimiyyət səlahiyyətlərinə malik olur. İnzibati mübahisənin yaranması səbəbindən asılı olmayaraq, bir qayda olaraq, məhkəməyə müraciət edən tərəf fiziki və ya hüquqi şəxs olur. İPM-in qarşısında duran əsas vəzifə ictimai-hüquqi münasibətlər sahəsində dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, onların vəzifəli şəxslərinin, digər subyektlərin qanunla müəyyən edilmiş qaydada hakimiyyət idarəçiliyi sahəsindəki funksiyalarını yerinə yetirərkən yol verdikləri pozuntulardan fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin, habelə hüquqi şəxslərin hüquq və mənafelərinin qorunmasıdır. inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Birinci instansiya məhkəməsində inzibati icraat İPM-in Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir. Həmin normalar sırasında məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələrini müəyyən edən İPM-in 48-ci maddəsi məhkəmə icaraatının effektivliyinin artırılması və icraatın tezləşdirilməsinin təmin edilməsi məqsədilə həmin Məcəllənin “məhkəmədə işin hallarının araşdırılması” prinsipinə riayət olunmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə” dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının: 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Təqdim edilmiş sonuncu dəqiqləşmə ərizəsinin məzmunundan da aydın olur ki, iddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 2002 saylı arayışı əvəzinə cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 7078 saylı arayışın 10-cu bəndində qeyd olunan nəticələri mübahisələndirərək, həmin arayışda əks etdirilmiş “Hərbi xidmətə yararlıdır” qərarının ləğv edilməsinə və İİ qrup əlilliyinin mövcudluğu nəzərə alınmaqla, hərbi xidmətdən ehtiyata buraxıldığı an üçün yararlılıq dərəcəsinin “C” (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kateqoriyası üzrə müəyyən edilməsinə nail olmağa çalışır ki, məhkəmə hesab edir ki, iddia tələbinin bu formada dəqiqləşdirilməsi, dəqiqləşdirilən hissədə hər bir halda mümkünlük şərtlərinə cavab vermədiyindən, dəqiqləşdirmənin icraata qəbulu məqsədəuyğun hesab edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Nəzərə alınmalıdır ki, hər hansı bir iddiaya mahiyyəti üzrə baxılması üçün iddiaçının iddia tələbinin təmin olunmasında hüquqi marağı olmalıdır. Hüquqi maraq şəxsin çatmağı arzuladığı məqsədin nədə ifadə edilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olubolmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Göründüyü kimi hüquqi marağın mövcud olması iddianın mümkünlük əsası qismində çıxış edir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sonuncu dəqiqləşdirmə icraata qəbul edildiyi təqdirdə belə, iddia tələbi istənilən halda mümkünlük şərtlərinə cavab verməyəcəkdir. Belə ki, iddiaçının nail olmağa çalışdığı məqsəd cavabdehin qəbul etdiyi qərarın səbəbli əlaqəsini dəyişdirərək, “Hərbi xidmətə yararlıdır” nəticəsinin “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi müəyyən edilməsinə nail olmaqdan ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2020-ci il tarixli, 7078 saylı arayışından sonra iddiaçı yenidən şəhadətləndirmədən keçirilmiş və onun hərbi xidmətə yararlılıq dərəcəsinə münasibətdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli, 2002 saylı arayış verilmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağının, yəni nail olmaq istədiyi hüquqi nəticənin əldə edilməsinin məhz həmin xx.xx.2022-ci il tarixli, 2002 saylı arayışın mübahisələndirilməsindən asılı olduğu müəyyən edilir. Bu baxımdan, təqdim olunmuş dəqiqləşdirmənin icraata qəbul edilməsi halından, onun hüquqi marağının mövcud olmaması ilə nəticələnəcəkdir ki, bu da iddianın mümkün sayılmamasına əsasdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, qeyd olunan ərizənin icraata qəbulu müddət institutunun tətbiqi baxımından da iddianın mümkün hesab edilməməsinə səbəb olacaqdır. Belə ki, iddiaçının məqsədi “Hərbi xidmətə yararlıdır” qərarının “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” kimi dəyişdirilməsidir. Halbuki iş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixli, 7078 saylı arayışın mövcudluğu və məzmunu barədə məlumatlı olmuş, lakin həmin arayışı mübahisələndirmək əvəzinə xx.xx.2022-ci il tarixli, 2002 saylı arayışı mübahisələndirərək, bununla bağlı iddia qaldırmışdır. Bununla da o, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, həm hüquqi marağın olmaması, həm də prosessual müddətin ötürülməsi baxımından iddiaçının təqdim etdiyi dəqiqləşdirmənin icraata qəbul edilməsi yolverilməzdir. Məhkəmə iddianın mahiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı eyni cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 2002 saylı arayışın 10-cu bəndində qeyd olunan “Hərbi xidmətə yararlıdır” qərarının ləğv edilməsini və İİ qrup əlilliyinin mövcudluğu nəzərə alınmaqla, hərbi xidmətdən ehtiyata buraxıldığı an üçün yararlılıq dərəcəsinin “C” (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı) kateqoriyası üzrə müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının eyni cavabdehə qarşı, eyni predmet və əsaslar üzrə irəli sürdüyü həmin iddia tələbinə məhkəmə tərəfindən baxılmış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3489/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən isə həmin məhkəmə qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının eyni cavabdehə qarşı irəli sürdüyü eyni tələbə qanuni qüvvəsini almış məhkəmə qərarı ilə münasibət bildirildiyindən, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 05 fevral 2026-cı il tarixli məhkəməyə daxil olmuş iddia tələbinə dəqiqləşmə barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməli, irəli sürdüyü tələb isə mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: 05 fevral 2026-cı il tarixli məhkəməyə daxil olmuş iddia tələbinə dəqiqləşmə barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar