Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1907/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının qanuni təmsilçisi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “R.N. X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: “R.N. X3 Biznes” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 2023-cü il Mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş 2022-ci il mənfəət vergisi üzrə kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əsassız olaraq 36516.54 manat əlavə vergi məbləğləri hesablanmışdır. Həmin hesablamanın aparılmasına səbəb olaraq vergi orqanı tərəfindən ünvanlanmış uyğunsuzluq məktubunda 2023-cü il mənfəət (gəlir) vergisi tədiyyəsi üzrə bəyannamənin araşdırılması zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparıldığı müəyyən edildiyi qeyd edilmişdir. Həmçinin qəbul edilmiş qərarın əsası olaraq e-qaimə faktura məlumatlarına əsasən dövriyyənin 200 000 manatı keçməsini nəzərə alaraq hesablama metodunun tətbiq edildiyi və 75% mikro güzəşt hüququ silinərək əlavə vergi hesablanmasının aparıldığı qeyd edilmişdir. Vergi orqanı əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır. Belə ki, iddiaçı tərəfindən 2023-cü il mənfəət vergisi üzrə bəyannamə qanunamüvafiq olaraq təqdim edilmiş, dövriyyə 200 000 manatadək olduğundan mənfəət bəyannaməsi kassa metodu ilə hesablama aparılaraq bəyan edilmişdir. 2023-cü ilin mənfəət vergisi bəyannaməsində ümumi gəlir məbləği 95500 manat, cəmi xərc məbləği 63323,07 manat, hesablanmış mənfəət vergisi isə 51,82 manat olmuşdur. Lakin vergi orqanı tərəfindən həmin dövr üzrə əlavə vergi məbləğlərinin hesablanmasına əsas olaraq Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən riskli əməliyyatların aparılması qeyd edilmişdir. Halbuki, iddiaçı həmin dövr üzrə hər hansı riskli əməliyyatlar yerinə yetirməmişdir. Həmçinin, vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2024cü il tarixli **********902100 saylı uyğunsuzluq məktubu ünvanlandıqdan 1 gün sonra xx.xx.2024-cü il tarixli **********807400 saylı “Vergilərin sosial siğorta və işsizlik siğortası haqqlarının hesablanması barədə” qərar təqdim edilmişdir. Yəni vergi orqanı prosessual pozuntuya yol verərək öz uyğunsuzluq məktubuna iddiaçı tərəfindən cavab verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 5 iş günü müddətini gözləmədən qərar qəbul etmişdir. Bu isə vergi orqanı tərəfindən hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda iddianın dəqiqləşdirilməsi barədə ərizədə göstərilmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdən sonra cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul etmişdir. Bu səbəbdən iddiaçı hazırda həmin qərarı mübahisələndirir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, aparılan araşdırma zamanı 2023-cü il ərzində e-qaimə faktura məlumatlarına əsasən vergi ödəyicisi 253950 manat dəyərində mühasibatlıq xidməti göstərdiyi halda, 2023-cü il mənfəət vergisi bəyannaməsində kassa metodundan istifadə etmişdir. Eyni zamanda VM-nin 106.1.20-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü il mənfəət vergisi bəyannaməsində illik gəlir 200000 manatdan artıq olduğu halda, 24132,69 manat mikro güzəşt məbləğindən istifadə edildiyi üçün kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşmalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********902100 nömrəli “Elektron kameral üçün uyğunsuzluq məktubu” göndərilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisi tərəfindən cari (dəqiqləşdirilmiş) mənfəət vergisi bəyannaməsi, əsaslandırılmış izahat və araşdırmaya zəruri hesab olunan müvafiq təsdiqedici sənədlər vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən, kameral vergi yoxlaması ilə 2023-cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə 36516.54 manat əlavə vergi məbləği hesablanaq bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********807400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, cavabdeh 2023-cü il mənfəət vergisi bəyannaməsində cəmiyyətin illik gəlirinin 200000 manatdan artıq (253,950 manat) olduğuna əsaslansa da, 55050 manat məbləğində qaimələrin ləğv edilməsini nəzərə almamışdır. Belə ki, həmin qaimələrin ləğv edilməsi nəzərə alınmaqla cəmiyyətin dövriyyəsi 198900 manat olmuşdur. Bununla bağlı sübutlar məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmalı olduğu halda, ona ƏDV ödəyicisi kimi borc hesablanmışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazı müdafiə edərək, həmçinin bildirdi ki, iddiaçı tərəfindən ləğv edilmiş qaimələrlə bağlı onda hər hansı məlumat yoxdur. Təqdim edilmiş cədvəldən də görünür ki, iddiaçının dövriyyəsi 200 000 manatdan artıq olmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********807400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 36 568,36 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, E-qaimə faktura məlumatlarına əsasən dövriyyənin 200 000 manatı keçməsini nəzərə alaraq, hesablama metodu tətbiq edilir və 75% mikro güzəşt hüququ silinərək əlavə vergi hesablaması aparılır. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən iddiaçıya 36 568,36 manat vergi borcu hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, dövriyyə azaldılmasına baxmayaraq müvafiq təsdiqedici sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində iddiaçının gəlirləri 95 500 manat, gəlirdən çıxılan xərclər 62323,07 manat olmaqla vergitutma məqsədləri üçün mənfəət 32176,93 manat göstərilmişdir. Ödənilməli olan mənfəət vergisinin məbləği isə 51,82 manat göstərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilmiş, "xxxx" MMC-dən 129 000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə iddiaçının 2023-cü il üzrə apardığı əməliyyatlara dair elektron qaimələrin siyahısı təqdim edilmişdir. Həmin siyahıda iddiaçının 2023-cü il üzrə verilmiş elektron qaimələrə əsasən dövriyyəsinin 253 950 manat olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, 2023-cü il ərzində dövriyyə üzrə EBCM seriyalı, 423709 nömrəli, EBCM seriyalı, 423776 nömrəli, EBCM seriyalı, 423845 nömrəli, EBCM seriyalı, 423978 nömrəli, EBCM seriyalı, 424333 nömrəli, EBCM seriyalı, 424206 nömrəli, EBCO seriyalı, 204476 nömrəli, EBCO seriyalı, 204315 nömrəli, EBCO seriyalı, 204023 nömrəli, EBCO seriyalı, 205312 nömrəli, EBCO seriyalı, 206869 nömrəli, EBCO seriyalı, 207114 nömrəli, EBCO seriyalı, 206556 nömrəli, EBDB seriyalı, 176575 nömrəli, EBDB seriyalı, 168791 nömrəli, EBDB seriyalı, 701114 nömrəli, EBDB seriyalı, 701455 nömrəli, EBDC seriyalı, 833655 nömrəli, EBDC seriyalı, 832038 nömrəli, EBDE seriyalı, 897283 nömrəli, EBDE seriyalı, 897326 nömrəli, EBDE seriyalı, 897094 nömrəli, EBDH seriyalı, 705960 nömrəli, EBDH seriyalı, 706071 nömrəli, EBDİ seriyalı, 897357 nömrəli, EBDİ seriyalı, 897331 nömrəli, EBDK seriyalı, 249583 nömrəli, EBDL seriyalı, 524841 nömrəli, EBDL seriyalı, 528769 nömrəli, EBDL seriyalı, 529750 nömrəli, EBDN seriyalı, 235404 nömrəli, EBDN seriyalı, 235733 nömrəli, EBDN seriyalı, 419740 nömrəli, EBDN seriyalı, 419195 nömrəli, EBDN seriyalı, 417927 nömrəli, EBDP seriyalı, 674263 nömrəli, EBDP seriyalı, 673811 nömrəli, EBDS seriyalı, 211182 nömrəli, EBDS seriyalı, 211690 nömrəli, EBDU seriyalı, 595808 nömrəli, EBDU seriyalı, 596310 nömrəli (cəmi 42) ümumi dəyəri 55050 manat təşkil edən qaimələr 2024cü ildə ləğv edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş e-qaimə faktura məlumatlarına əsasən 2023-cü il ərzində iddiaçının dövriyyəsi 198900 manat təşkil etmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/278026/2024 saylı qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı məhkəməyə vaxtında müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1). Göründüyü kimi Azərbaycan Respublikasında tətbiq edilən dövlət vergiləri sırasına daxil edilmiş vergi növlərindən biri də sadələşdirilmiş vergidir. Həmin Məcəllədə göstərilir ki, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (218.1.). Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər (218.2.). Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər; idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər (218.4.). Vergi Məcəlləsinin 103-106-cı maddələri isə hüquqi şəxslərin mənfəət vergisi ilə əlaqədar məsələləri tənzimləyir. Belə ki, həmin Məcəlləyə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır (106.1.20.). İddiaçı təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində sahibkarlıq fəaliyyətinin əldə etdiyi gəlirinin 75 faizinin mənfəət vergisindən azad edilməsinə əsaslanaraq mənfəət vergisini 51,82 manat göstərmişdir. Lakin, cavabdeh onu Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulmuş güzəştdən istifadə etmək hüququnun olmadığına istinad edərək ona kameral qaydada əlavə 36516,54 manat mənfəət vergisi hesablamışdır. Buna əsas kimi iddiaçının 2023-cü il üzrə dövriyyəsinin 200 000 manatdan artıq olmasına əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü” Meyarlarına əsasən işçi sayı 1-10 arasında olan və illik gəliri 200 000 manatdan az olan sahibkarlıq subyekti mikro sahibkarlıq subyektlərinə aiddir. Belə olan halda iddiaçının Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi həcmində mənfəət vergisindən azad olması üçün onun mikro sahibkarlıq subyektləri sırasına daxil olması sübut edilməlidir. Yəni, işçilərinin sayı 10 nəfərdən, illik gəliri isə 200 000 manatdan az olmalıdır. Göründüyü kimi hazırkı mübahisə mövzusu iddiaçının 2023-cü il üzrə dövriyyəsinin 200 000 manatdan az olub-olmaması ilə bağlıdır. Belə ki, cavabdehin təqdim etdiyi iddiaçının 2023-cü il üzrə apardığı əməliyyatlara dair elektron qaimələrin siyahısında iddiaçının 2023-cü il üzrə verilmiş elektron qaimələrə əsasən dövriyyəsinin 253 950 manat olduğu göstərilmişdir. Belə ki, həmin elektron qaimələrə əsasən aparılmış əməliyyatların cəmi məbləği həmin rəqəmə bərabər olmuşdur. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: Bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda – malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində; bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün (71-1.1.). Cavabdeh iddiaçının 2023-cü il üzrə bütün təqdim edilmiş qaimə-fakturaları üzrə dövriyyəsini hesablayaraq illik dövriyyənin 200 000 manatdan arıq olduğunu əsas tutuaraq onun mikro sahibkarlıq subyektləri sırasından çıxdığına əsaslanmışdır. Lakin, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş elektron vergi sistemindən çıxarışdan görünür ki, 2023-cü il ərzində dövriyyə üzrə cəmi 42 ədəd, ümumi dəyəri 55050 manat təşkil edən elektron qaimələr 2024-cü ildə ləğv edilmişdir. Həmin siyahı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sihayı ilə müqayisə edildikdə, həqiqətən iddiaçı tərəfindən ləğv edilmiş elektron qaimələrin də iddiaçının dövriyyəsinin hesablanması zamanı cavabdeh tərəfindən nəzərə alındığı müəyyən edilir. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır (133.1.). Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır (133.2.). Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır (133.3.). Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir (133.4.). İşdən göründüyü kimi Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi ilə "xxxx" MMC-dən 129 000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2- 2(103)-613/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024 tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Lakin iddiaçı həmin qətnaməyə əsasən tutulan məbləğin hələ ki, icra olunaraq onun hesabına köçürülmədiyini nəzərə almaqla kassa metoduna əsasən vergini hesablamışdır. Bu səbəbdən həmin qətnaməyə əsasən ödənilməli məbləğ də iddiaçının mənfəəti kimi nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Göründüyü kimi "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 297/2024 saylı, xx.xx.2024 tarixli qətnaməsi əsasında ödənilməli olan məbləğlər hələ 2023-cü ildə iddiaçıya ödənilmədiyi üçün həmin hüquqi şəxslə iddiaçı arasında aparılmış əməliyyatlarla bağlı verilmiş elektron qaimələr vergilərin hesablanmasının kassa metoduna iddiaçının gəlirin təsdiq edən sənəd kimi nəzərə alına bilməz. Göründüyü kimi iddiaçının 2023-cü il üzrə gəliri 200 000 manatı keçmədiyi üçün o, mikro sahibkarlıq subyekti olaraq Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən əldə etdiyi mənfəətin 75 faizi həcmində mənfəət vergisindən azad olmalıdır. Lakin, cavabdeh həmin güzəşti iddiaçıya tətbiq etməyərək onun barəsində kameral qaydada xx.xx.2024-cü il tarixli, 3-21-2-3/278026/2024 saylı qərarı qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/278026/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-1907/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1907/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver