Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-191/2025 15.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı “məlumatın təqdim edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X4 hüquqi yardım göstərilməsi üzrə onunla 5 saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə 27 fevral 2023-cü il tarixli 179 saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə təqdim edilmişdir. Cavabdehin 2 mart 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 9.15-ci bəndinə istinad edərək göstərmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri yalnız Qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyətinin nümayəndəliyi, məhkəmə, prokurorluq, Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat, daxili işlər orqanlarının, Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, notariusların sorğuları üzrə göndərilir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vəkil sorğusu üzrə məlumatların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, e-2-1(112)-909/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2- 1(103)-2468/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2469/2024 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(103)- 2468/2024 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti ilə əlaqədar vətəndaş X4 hüquqi yardım göstərilməsi üzrə onunla 5 saylı Vəkil Bürosu arasında məhkəmədə iddia qaldırılması üçün hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqavilənin icrası ilə əlaqədar 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X2 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumat alınmasına zərurət yaranmış və iddiaçı tərəfindən həmin məlumatların verilməsi barədə 27 fevral 2023-cü il tarixli 179 saylı sorğu cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə təqdim edilmişdir. Cavabdehin 2 mart 2023-cü il tarixli məktubu ilə sorğunun cavablandırılmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuzdur və sorğuya cavab vermək vəzifəsi həmin orqana həvalə edilməlidir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının tələbi və hüquqi marağı ona vəkil kimi hüquqlarını müdafiə etdiyi 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumatın verilməsinə yönəlmişdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna əsasən: Maddə 7. Vəkillik fəaliyyətinin təminatı İ. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. ... Maddə 15. Vəkilin hüquqları ... İİ. Vəkillər aşağıdakı hüquqlara malikdirlər: hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təmsil etmək; öz fəaliyyətində qanunvericiliklə qadağan olunmamış və vəkil etikasına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə etmək; peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək; xüsusi bilik tələb edən məsələlərin araşdırılması üçün ekspertlərdən və ya mütəxəssislərdən rəy almaq; qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki vasitələrdən istifadə etmək; qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq. Göründüyü kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsində vəkillərin bir sıra hüquqları sadalanmışdır ki, onlardan biri də peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etməkdir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinin İ hissəsinə əsasən vəkillər və vəkillik fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Vəkillərə peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müəyyən hüquqlar və səlahiyyətlər qanunvericilik səviyyəsində verilsə də, həmin hüquq və səlahiyyətlərin həyata keçirilməsi həm də həmin sferada qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə zidd olmamalı, başqa şəxslərin hüquqlarını pozmamalıdır. Qeyd edilməlidir ki, vəkilin tələb etdiyi məlumatın xarakterindən (konfidensial və açıq kateqoriyalı olmasından) asılı olaraq həmin məlumatların mühafizəsi, təqdim edilməsi və yayılması ilə bağlı qanunvericilikdə müxtəlif rejimlər və qaydalar müəyyən edilə bilər ki, həmin xüsusi normativ aktlardan biri də “Fərdi məlumatlar haqqında” Qanundur. İddiaçının hazırkı iş üzrə hüquqi marağı cavabdehdən ona vəkil kimi hüquqlarını müdafiə etdiyi 14 fevral 1928-ci il tarixdə doğulmuş X3 övladları barədə, 9 iyul 1955-ci il tarixdə doğulmuş X1 övladları barədə, həmçinin X1 ölənədək nikahda olub-olmaması barədə məlumatın verilməsi, başqa sözlə, “İnformasiya əldə etmək haqqında” Qanunun 38-ci maddəsinin tələbi baxımından fərdi məlumatın əldə edilməsidir. “Fərdi məlumatlar haqqında” Qanuna əsasən: Maddə 2. Qanunda istifadə olunan əsas anlayışlar 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.2. fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs; 2.1.3. fərdi məlumatların informasiya sistemi — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemi; 2.1.4. fərdi məlumatların informasiya ehtiyatları — qanunvericiliklə müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatların informasiya sistemlərində, habelə ayrıca toplandığı informasiya ehtiyatları; ... 2.1.6. xüsusi kateqoriyalı fərdi məlumatlar — fiziki şəxsin irqi və ya milli mənsubiyyətinə, ailə həyatına, dini etiqadına və əqidəsinə, səhhətinə və ya məhkumluğuna aid olan məlumatlar; ... Maddə 9. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin əsas şərtləri 9.1. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin məqsədi mülkiyyətçi və ya operator tərəfindən dəqiq bəyan edilməli, həmin məlumatların toplanılması və işlənilməsi bu məqsədlərə, habelə mülkiyyətçinin və ya operatorun maddi-texniki və təşkilati imkanlarına uyğun olmalıdır. Fərdi məlumatlar yalnız qanuni, əvvəlcədən müəyyən olunmuş və bəyan edilmiş məqsədlər üçün toplanılmalı və göstərilmiş məqsədlərə uyğun üsullarla işlənilməlidir. 9.2. Toplanılan və işlənilən fərdi məlumatların həcmi və xarakteri bəyan edilmiş məqsədlərə və mülkiyyətçilərin səlahiyyətlərinə uyğun olmalıdır. 9.3. Fərdi məlumatlar dəqiq, tam olmalı və zərurət yarandıqda təzələnməlidir. 9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir. ... 9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər: 9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda; 9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə; 9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə; 9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda. 9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir: 9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda; 9.7.1-1. subyektin yazılı (o cümlədən X5 Sistemi üzərindən) razılığı olduqda 9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid olduqda; 9.7.3. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda; 9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərti ilə aparıldıqda. 9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmalı, xüsusi kateqoriyalı məlumatların subyekti həmin məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv edilməlidir. İşdən görünür ki, iddiaçının əldə etmək istədiyi məlumat xüsusi kateqoriyalı fərdi məlumat olsa da, həmin məlumatın toplanması üçün yuxarıda istinad edilən Qanunun 9.7ci maddəsində nəzərdə tutulan hallar hazırkı iş üzrə mövcud deyildir. Belə olan halda isə aydındır ki, həmin məlumatlar iddiaçıya təqdim edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-191/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-191/2025
15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver