Məhkəmə qərarları › İş №e-2-1(112)-1929/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1929/2025

08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1929/2025 08.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı və nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin nümayəndələri X2, X3 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ədliyyə orqanlarında xidmət etdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər olan dövrlərdə ona ödənilməsi nəzərdə tutulan əmək haqqı, mükafat, müavinətlərin və forması əvəzinə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixindən xx.xx.2021ci il tarixədək ədliyyə orqanlarında xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ona əmək haqqı, mükafat və müavinətlər ödənilməmişdir. Xidmət etdiyi müddət ərzində hüquqları pozulmuşdur. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 19 oktyabr 2023-cü il tarixli, № 3-16-17/7/2-K-122-6/2023 saylı cavab məktubuna əsasən əmək haqqı, mükafat və müavinətlərin ödənilməsindən imtina edilmişdir. Qeyd olunmuş məktubda göstərilmişdir ki, penitensiar xidmətin Kadrlar İdarəsinin təqdim etdiyi arayışa əsasən, xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ədliyyə orqanlarında çalışdığı müddət ərzində müxtəlif vəzifələrə təyin olunmuş və bəzi vəzifələr üzrə əmək funksiyasının icrası ona həvalə olunmuşdur. Ədliyyə orqanlarında xidmət etdiyi müddət ərzində təsdiq edilmiş və icrası həvalə olunmuş vəzifələr üzrə büdcə smetasında müvafiq qanunvericiliyə uyğun olaraq xüsusi rütbəli əməkdaşlara ödənilməsi nəzərdə tutulan əmək haqqı, mükafat və müavinətlərdən istifadə etmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, aparılmış araşdırma nəticəsində əldə edilmiş materiallarla tanış deyildir. Araşdırmanın nəticəsi, araşdırmanın hansı formada aparılması ona məlum deyil. Hesab edir ki, ödənilməsi nəzərdə tutulan əmək haqqı, mükafat və müavinətlərin ona ödənilməsini sübut edən hər hansı material cavabdehdə yoxdur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Etiraz onunla əsaslandırılmışdır ki, “Mükafat” tələbinə dair: Qanunverici “mükafat” anlayışını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 157-ci maddəsinin 6-cı bəndində həvəsləndirici pul vəsaiti kimi müəyyən edir. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Eyni zamanda Azərbaycan Respublikasının Penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, hüquqi vəziyyətinin əsaslarını müəyyən edən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununda da analoji anlayış təsbit olunub. Belə ki, həmin Qanunun 28.1-ci maddəsinə əsasən xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə ədliyyə orqanları işçisinə həvəsləndirmə tədbirləri tətbiq oluna bilər. Pul mükafatı 28.1-ci maddəsində nəzərdə tutulmuş həvəsləndirmə tədbirlərdən biridir. “Xüsusi geyim forması əvəzinə pul kompensasiyasının ödənilməsi” tələbinə dair: Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul komensasiyası verilə bilər. İddiaçı “Mükafat” və “Xüsusi geyim forması əvəzinə pul kompensasiyasının ödənilməsi” tələblərinə dair qeyd olunan müvafiq maddələrinin mətnindən göründüyü kimi həmin maddələrdə yer almış müddəalar icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur) və inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “Müalicə olunması ilə bağlı birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydalan”nın 1.3-cü bəndinə əsasən işçinin hətda sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydalan”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. İddiaçı xidmət etdiyi illər ərzində müalicə olunması ilə əlaqədar iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinəti alıb. “Yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi və kirayə pulunun əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair: “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.6-ci maddəsinə əsasən başqa yerə daimi işə keçirilmiş ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulu və birdəfəlik kompensasiya dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə uyğun olaraq xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 25 iyul 2006-cı il 450 nömrəli Fərmanın 2.3-cü bəndinə əsasən Qanunun 23.6 və 37.7-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası”nın 8-ci bəndində qeyd olunub ki, işçiyə və onun ailə üzvlərinə yeni qulluq keçmə yerinə köçməsi və ev əşyalarının (əmlakın) daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq keçmə yerinə köçməsini və ev əşyalarının (əmlakın) daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri, hesab-faktura və digər sənədlər) təqdim edilməlidir. Həmin Qaydaların 9-cu bəndinə əsasən birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyin olunma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Fövqəladə hallar orqanları əməkdaşları üçün qanunvericiliklə müəyyən edilmiş bəzi ödənişlərin hesablanması və ödənilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-ci il 12 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası” analoji ictimai münasibətləri tənzimləyir. Qeyd olunan Qaydalarda əməkdaşlara mənzil kirayəsi üçün pul kompensasiyası əməkdaşın raportu və müvafiq sənədlər əsasında ödənilir (Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən işçinin qulluq keçdiyi müvafiq qurumun yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış; mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə və sair. Qeyd etmək lazımdır ki, müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir. İddiaçı işlədiyi dövrdə kirayə mənzildə yaşadığı barədə rəsmi müraciət etməmiş, zəruri sənədləri (notarial qaydada təsdiq edilmiş kirayə müqaviləsi, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşın xidmət etdiyi müvafiq orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış) təqdim etməmişdir. Belə ki, köç pulunun və kirayə pulunun əvəzinə kompensasiyanın ödənilməsi ilə bağlı müraciət olunmadığından kompensasiyanın ödənilməsi mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili ayrıayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndələri məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-17/7/2-K-122-6/2023 №-li və xx.xx.2023-cü il tarixli, 3-16-17/7/2-14496/2023 №-li cavab məktublarında göstərilmişdir ki, “... Penitensiar xidmətin Kadrlar idarəsinin təqdim etdiyi arayışa əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ədliyyə orqanlarında çalışdığınız müddət ərzində müxtəlif vəzifələrə təyin olunmuş və bəzi vəzifələr üzrə əmək funksiyasının icrası Sizə həvalə olunmuşdur. Ədliyyə orqanlarında xidmət etdiyiniz müddət ərzində təsdiq edilmiş və icrası həvalə olunmuş vəzifələr üzrə büdcə smetasında müvafiq qanunvericiliyə uyğun olaraq xüsusi rütbəli əməkdaşlara ödənilməsi nəzərdə tutulan əmək haqqı, mükafat və müavinətlərdən istifadə etmisiniz”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-17/2-3013/2024 №-li cavab məktublarında göstərilmişdir ki, “... Penitensiar xidmətin İnsan resursları idarəsinin təqdim etdiyi arayışa əsasən xidmətin sabiq əməkdaşı İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Konvoy taboru komandirinin arxa xidmət üzrə müavini vəzifəsini müvəqqəti icra etmişdir. Konvoy taboruna verilmiş sorğunun nəticəsinə əsasən Konvoy taborunun arxa xidmət üzrə müavini vəzifəsinin müvəqqəti icrasına təyin olunmuş İddiaçı vəzifəsini icra etdiyi müddət ərzində qanunvericiliyə uyğun olaraq xüsusi rütbəli əməkdaşlara ödənilməsi nəzərdə tutulan əmək haqqı və əmək haqqına əlavələrdən mütəmadi olaraq istifadə etmişdir”. TƏTBİQ EDİLƏN HÜQUQ “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 1.2. Ədliyyə orqanları işçilərinin qulluq keçməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş ədliyyə orqanlarının fəaliyyət prinsiplərinə əsaslanır. Ədliyyə orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. ... 3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. ... 9.0. Ədliyyə orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər: 9.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq; 9.0.2. ədliyyə orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsi və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək; 9.0.3. əməkhaqqı almaq; 9.0.4. əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əməkhaqqı məbləğinin artırılması iddiasında olmaq; 9.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi ədliyyə orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq; 9.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək; 9.0.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək; 9.0.8. müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək; 9.0.9. həmkarlar ittifaqlarında birləşmək; 9.0.10. işlədiyi ədliyyə orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək; 9.0.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, ədliyyə orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq; 9.0.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq; 9.0.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq. ... Maddə 22. Ədliyyə orqanları işçilərinin hüquqi müdafiəsi 22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir. 22.2. Penitensiar xidmətin əməkdaşları və onların ailə üzvləri barədə məlumatların məxfiliyinin qorunması üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə rabitə sorğu xidmətinə və ya digər məlumat-sorğu xidmətlərinə bu şəxslərin telefon nömrələri, yaşayış yeri barəsində və ya hər hansı digər məlumatların verilməsi müvəqqəti və ya daimi olaraq qadağan edilə bilər. 22.3. Penitensiar xidmətin əməkdaşlarının xidmət keçməsi haqqında məlumatlar yalnız penitensiar orqanın rəhbərinin icazəsi ilə verilə bilər. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. ... Maddə 25. Ədliyyə orqanları işçilərinin maddi təminatı 25.1. Ədliyyə orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 25.2. Ədliyyə orqanları işçilərinin vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.3. Ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.4. Ədliyyə orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə Azərbaycan Respublikası daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə ödənilən haqqın məbləğlərinə və hesablanması qaydasına uyğun olaraq əlavə haqq verilir. 25.5. Ədliyyə orqanlarının əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərtilə əlavələr təyin edilə bilər. 25.6. Ədliyyə orqanları bütün işçilərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq əməkhaqqı fondunun (vəzifə maaşına əlavələr istisna olmaqla) 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur. Maddə 26. Xüsusi geyim forması 26.1. Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə icra məmurları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.2. Ədliyyə orqanları işçilərinə pulsuz qış, mövsümi və yay xüsusi geyim formalarının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir. 26.3. Xüsusi geyim formasının daşınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 26.4. Ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. 26.5. Pensiya almaq hüququ ilə ədliyyə orqanlarında qulluq keçməyə xitam verilmiş şəxslər xüsusi geyim forması daşıya bilərlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. ... Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: ... d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; ... Maddə 60. İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası

1. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.

2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.

3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.

4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir. ... Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. ... Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. ... Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi

1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.

2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. ... Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... Maddə24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürdüyü tələblər “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarının və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq müddəaları nöqteyi nəzərindən müzakirə olunmalı və hüquqi qiymət verilməlidir. İlk öncə qeyd edilməlidir ki, Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi isə ədliyyə orqanlarında xidmət etdiyi xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinə qədər olan dövr üzrə ona ödənilməsi nəzərdə tutulan əmək haqqının və digər ödənişlərin ödənilməsinə nail olmaqdan ibarətdir. Bu konteksdə qeyd edilməlidir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin sabiq əməkdaşı olması işin mübahisələndirilməyən hallarına aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən arayışdan da müəyyən edilir ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilərək 1 saylı İƏM-nin baş mühasibinin müavini vəzifəsinə təyin olunmuşdur. xx.xx.1999-cu il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsinin baş mühasibi vəzifəsinə təyin olunmuş, xx.xx.2005-ci il tarixdə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. xx.xx.2006-cı il tarixdə 16 saylı xüsusi müəssisənin rəisinin növbətçi köməkçisi vəzifəsinə, xx.xx.2006-cı il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi vəzifəsinə, xx.xx.2008-ci il tarixdə 16 saylı cəzaçəkmə müəssisəsinin təsərrüfat bölməsinin rəisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2011-ci il tarixdə ona 4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə) vəzifəsi üzrə səlahiyyətlərin müvəqqəti icrası həvalə edilmişdir. xx.xx.2017-ci il tarixdə xidmət rəisinin müavininin vəsatəti əsasında o, göstərilən vəzifə üzrə səlahiyyətlərin müvəqqəti icrasından azad edilərək, ona 13 saylı cəzaçəkmə müəssisəsinin təsərrüfat bölməsinin rəisi vəzifəsinin müvəqqəti icrası həvalə edilmişdir. xx.xx.2017-ci il tarixdə xidmət rəisinin müavinin təqdimatı və şəxsi raportu əsasında o, gösərilən vəzifənin müvəqqəti icrasından azad edilərək ona Konvoy taboru komandirinin arxa xidmət üzrə müavini vəzifəsinin müvəqqəti icrası həavlə olunmuşdur. xx.xx.2018-ci il tarixdə Konvoy taboru komandirinin arxa xidmət üzrə müavini vəzifəsinin müvəqqəti icrası qüvvədə saxlanılmaqla o, raportu əsasında 5 saylı cəzaçəkmə müəssisəsinin böyük inspektoru (yanğından mühafizə üzrə) vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı Konvoy taboru komandirinin arxa xidmət üzrə müavini vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə raportu əsasında tutduğu vəzifədən azad olunaraq 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin maliyyə-təsərrüfat bölməsinin baş mühasibi-bölmə rəisi vəzifəsinə, xx.xx.2020-ci il tarixdə Həbsxananın tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işləyərkən xx.xx.2021-ci il tarixdə xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Konvoy taboru komandirinin arxa xidmət üzrə müavini vəzifəsini müvəqqəti icra edərkən, qanunvericiliyə uyğun olaraq xüsusi rütbəli əməkdaşlara ödənilməsi nəzərdə tutulan əmək haqqı və əmək haqqına əlavələr ona ödənilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilsə də onun tərəfindən hazırda irəli sürülmüş tələblə bağlı ötən müddət ərzində cavabdeh orqana müraciəti olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar