Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2061/2025 13.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər baş idarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5082 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X41) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 5 iyun 2024-cü il tarixli KY242116136 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” dan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X41) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti yoxlamasının keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: “Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; Vergi Məcəlləsinin 50.2.1” göstərilmişdir. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vegi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” DVX 001910 nömrəli 13 iyun 2024-cü il tarixli aktda göstərilir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X41) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə 06 iyun 2024-cü il tarixdə saat 10:50-də təqdim edilmiş işçilər tərəfindən yazılı şəkildə alınmış izahatlara və baza məlumatlarına əsasən 38 nəfər işçidən 36 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Akta əlavə edilmiş siyahıda 36 nəfər işçinin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri və qeydiyyat ünvanları göstərilmişdir. Aktda Nəzarət kitabçasının təqdim olunmadığı qeyd edilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi X8 aktın bir nüsxəsini əlavələrlə birlikdə alması barədə aktı imzalamış, lakin səbəb göstərmədən aktı imzalamaqdan imtina etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərar ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyət DVX 001910 nömrəli 13 iyun 2024-cü il tarixli akt və yoxlama ilə əlaqədar digər zəruri sənədlər əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 72000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İddia tələbi, iddianın əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər baş idarəsinin xx.xx.2024-cü il tarixli **********5320 saylı qərarı əsasında həmin Baş idarənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Yesenin küçəsində yerləşən “X51”da operativ vergi tədbiri həyata keçirilmişdir. Həmin operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən sözügedən Parkda əmək müqaviləsi bağlanmadan 36 (otuz altı) nəfər işçilərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb olunması ehtimal olunaraq, xx.xx.2024-cü il tarixdə qeyd olunan hüquqpozma ilə əlaqədar DVX N001910 saylı akt tərtib olunmuşdur. Qeyd olunan tədbirin nəticəsi olaraq isə Milli Gəlirlər baş idarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul olunmuş və Cəmiyyətə 72000 manat həcmində maliyyə sanksiyası tətbiq olunmuşdur. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün icazə alınmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən alınmış “Çıxarış” və müvafiq qərar Cəmiyyətə təqdim olunmamışdır. Bundan başqa, operativ vergi nəzarəti tədbiri Vergi qanunvericiliyinin tələblərinə əsasən müşahidəçilərin iştirakı təmin olunmadan həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixdə keçirilsə də, bununla bağlı akt həmin tədbirin nəticəsində tərtib olunmalı olduğu halda, xx.xx.2024-cü il tarixdə tərtib olunmuşdur. Yəni, akt tədbir keçirilən gün tərtib olunmamış, tədbirin başlanması saatı və bitmə saatı öz əksini tapmamışdır. Akt sonradan tərtib olunmuşdur. Operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunması ehtimal olunan şəxslərin heç biri Cəmiyyət tərəfindən həmin işlərə cəlb olunmamışdır. Cəmiyyət tərəfindən “Dendraloji Park”da həyata keçirilən işlər öz işçiləri tərəfindən icra olunur. Həmin işlərdə əmək müqaviləsi olmadan işlərə cəlb olunması ehtimal olunan şəxslər isə ehtimal olunur ki, digər subpodratçılar tərəfindən həmin işlərə cəlb olunmuşdur və ya ümumiyyətlə park ərazisində naməlum səbəblərdən olan şəxslər olmuşlar. Həmin şəxslərin heç birinin Cəmiyyətə aidiyyəti olmamışdır. Aktda adları qeyd olunan şəxslərlə bağlı zəruri araşdırma həyata keçirilmədən və izahatları alınmadan, həmçinin Cəmiyyətin bununla bağlı mövqeyi nəzərə alınmadan sözügedən akt və nəticədə müvafiq qərar tərtib olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46- 49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 43.10-cu maddəsinə əsasən səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda, bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş formada imtina aktı tərtib edilir və həmin akt vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən digər şəxslər (müşahidəçilər, ekspertlər, mütəxəssislər), habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş vergi orqanının vəzifəli şəxsi, habelə hərəkətin həyata keçirilməsində iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Tədbirin nəticəsi barədə tərtib olunmuş aktdan görünür ki, həmin sənədlər yalnız vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanmışdır. Beləliklə, göründüyü kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilən zaman müşahidəçilərin iştirakı təmin olunmalıdır. Tədbir zamanı götürülən nümunələr, sənədlər, aparılmış video və foto çəkilişlər protokola əlavə olunmalı və tədbir iştirakçıları ilə birlikdə müşahidəçilərin də protokolu imzalaması təmin olunmalıdır. Lakin, hazırki iddia predmeti olan keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsində tərtib olunmuş akt və protokollarda vergi orqanının vəzifəli şəxslərindən başqa heç bir müşahidəçinin rekviziti və imzası olmadığı üçün tədbirin Vergi Məcəlləsinin tələblərinə zidd keçirildiyi müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65-ci maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız inzibati akt hesab olunur və etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Sahibkarlıq subyektlərində yoxlamaların uçotunun aparılmasının səmərəliliyini artırmaq məqsədilə” Nazirlər Kabinetinin 13 dekabr 2002-ci il tarixli 196 nömrəli Qərarı ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə” təsdiq edilmişdir. Sənədə əsasən sahibkarlıq subyektlərində yoxlamalar Nəzarət kitabçasında qeydiyyat aparıldıqdan sonra başlaya bilər və yoxlamanın sonunda yoxlama ilə bağlı müvafiq məlumatlar tam şəkildə Kitabçaya yazılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyun 2011-ci il tarixli 97 nömrəli Qərarı ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilmiş düzəlişlərə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Həmçinin, Nəzarət kitabçalarında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu”nun qeyd edilməsi təsbit olunmuşdur. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən yuxarıda qeyd olunan normativ aktın tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, vergi orqanının vəzifəli şəxsləri tərtib etdikləri aktlarda göstərmişdir ki, guya Nəzarət kitabçası tələb olunmuş, lakin, təqdim olunmamışdır. Aktda qeyd olunanlar həqiqətə uyğun deyil, çünki, operativ vergi nəzarəti vergi orqanının vəzifəli şəxsləri tərəfindən elə bir kobud və aqressiv hərəkətlərə yol verilməklə keçirilmişdir ki, onları həmin yoxlama zamanı qanunun tələblərinə riayət etmək belə maraqlandırmamış, aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış təqdim olunmamış və nəzarət kitabçasında müvafiq qeydlər aparılmamışdır. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Bundan başqa, Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsinin əsasları göstərilmişdir. Lakin, aparılan operativ vergi nəzarəti tədbiri zamanı bu maddənin tələbləri kobud pozulmaqla aparılmış, operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-330/2022 saylı qərarında qeyd olunur ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbinə görə elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir: 50.1.1 vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2-ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materialında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti bundan ibarətdir ki, sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunub-olunmaması müəyyən olunsun. Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunmuşdur. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsidir. Qanun pozuntularının qarşısının alınmasının cəzalandırılmadan üstünlüyü, yoxlamanın qabaqlayıcı və profilaktik xarakter daşıması, eyni yoxlama predmetinin bir neçə yoxlayıcı orqan tərəfindən yoxlanılmaması Qanunun əsas prinsipləri sırasındadır. Vergi Məcəlləsinin 15.2-ci maddəsinə əsasən vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının təmin olunmaması və ya lazımınca təmin olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarım (qərarlarını) və tələblərini yerinə yetirməmək vergi ödəyicisinin hüququ sayılır. Həmin Məcəllənin 53-cü maddəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları göstərilmişdir. Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasım sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2024-cü il tarixli yazılı izahatında göstərilmişdir ki, operativ vergi nəzarəti tədbirinin keçirilməsi ilə bağlı müvafiq sənədlərdən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri”ndən KY242116136 nömrəli “Çıxarış” xx.xx.2024-cü il tarixdə əldə olunmuş və tədbir xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Lakin, X53, X59, X33, X34, X11, X60, X48, X27, X71, X64, X77, X72, X9, X5, X23, X54, X24, X61 və X12 olmaqla 19 nəfərin izhatları xx.xx.2024-cü il tarixdə, yəni tədbir keçirilməzdən 2 gün öncə alınmışdır. Bundan başqa, həmin şəxslərin əksəriyyətinin izahatları təhrif olunmuş formada tərtib olunmuş, imzalanmamış və heç bir sübut əhəmiyyəti kəsb edə bilməz. Belə ki, X53, X34, X11, X60, X71, X64, X77, X72, X10, X6, X54, X24, X61 və X18 izahatında “İntiqam” adlı şəxs tərəfindən işlə təmin olunduqları qeyd olunmuşdur. X25 izhatında “Murad” adlı şəxs tərəfindən işlə təmin olunduğu qeyd olunmuşdur. X13 izahatında "xxxx" Şirkətində “Murad” adlı şəxs tərəfindən işlə təmin olunduğu qeyd olunmuşdur. X35 izahatında qeyd olunmuşdur ki, izahat tərtib olunan gün işlə tanış olmaq üçün “Bəhruz” adlı şəxsin dəvəti ilə gəlmişdir və heç bir işə cəlb olunmamışdır. X3 izahatında “İntiqam” adlı şəxsin dəvəti ilə həmin gün işlə tanış olmaq üçün gəlmişdir və heç bir işə cəlb olunmamışdır. Həmin şəxslərdən X60, X61, X23 və X1 izahatları imzalanmamışdır. İzahatları alınmış X28, X49, X50, X19, X55, X14, Bludkhan Mamedov və X15 olmaqla 8 nəfər ilə "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsi ilə bağlı xx.xx.2024cü il tarixdə əmək müqaviləsi bildirişləri alınmış və bu barədə izahatlarda da qeyd olunmuşdur. Həmçinin, izahatları alınmış X36, X37, X38, X16, X7, X39, X26 və X17 olmaqla 8 nəfər ilə "xxxx" QSC arasında əmək müqaviləsi bağlanmış və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bildirişləri alınmışdır. AR Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Beləliklə, sadalanan qanunvericilik normasından, həmçinin, faktiki hallardan müəyyən olunur ki, 19 nəfərin izahatına heç bir sübut kimi istinad oluna bilməz. Eyni zamanda, 8 nəfərin də izahatları tədbir keçirilən zaman alınarkən artıq bir gün ondan öncə həmin şəxslərlə bağlanmış əmək müqavilələrinin bildirişləri alınmışdır. Əlavə olaraq, digər 8 nəfərlə isə əmək müqaviləsi bildirişləri tədbir keçirilən gün alınmışdır. Qanunvericilik isə əmək müqaviləsi bildirişinin alınması üçün 1 (bir) iş günü müddət müəyyən etmişdir. Belə olan halda, həmin şəxslərin əmək müqaviləsi olmadan işlərə cəlb edildiyini müəyyən etmək qeyri-mümkündür və bu hal vergi ödəyicisinin xeyrinə şərh olunmalı haldır. İddiaçının vəkili və nümayəndəsinin xx.xx.2025-ci il tarixli yazılı izahatında göstərilmişdir ki, iş materiallarından görünür ki, hazırkı iddia predmeti üzrə “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında” **********5320 saylı xx.xx.2024-cü il tarixli qərar ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri”ndən KY242116136 nömrəli “Çıxarış” xx.xx.2024-cü il tarixdə əldə olunmuş və tədbir xx.xx.2024-cü il tarixdə keçirilmişdir. Həmin tədbirin nəticəsində vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli DVX001910 saylı akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, vergi orqanının xx.xx.2024-cü il tarixli **********5320 saylı qərarı əsasında tədbir xx.xx.2024-cü il tarixdə saat 10:50-də keçirilmişdir. Bundan sonra vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul olunmuşdur. Həmin qərarda da qeyd olunur ki, sözügedən qərar vergi orqanı tərəfindən keçirilmiş tədbirin nəticəsində tərtib olunan xx.xx.2024-cüq il tarixli DVX01910 saylı akt əsasında qəbul olunmuşdur. Göründüyü kimi, hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********6134 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar məhz vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri"ndən əldə olunmuş KY242116136 nömrəli xx.xx.2024-cü il tarixli “Çıxarış” və “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında” **********5320 saylı xx.xx.2024-cü il tarixli qərar əsasında xx.xx.2024-cü il tarixdə keçirilmiş və nəticələri xx.xx.2024-cü il tarixli aktla rəsmilləşdirilmiş operativ vergi nəzarəti tədbiri ilə bağlıdır. Qərarda başqa heç bir xüsusat, yəni əvvəllər keçirilmiş tədbir zamanı müəyyən olunmuş pozuntu ilə bağlı hər hansı qeyd öz əksini tapmamış, ümumiyyətlə heç qərar əsaslandırılmamışdır. Cavabdeh tərəf etirazda xx.xx.2023-cü il tarixli Qanun əsasında xx.xx.2024-cü il tarixdə qüvvəyə minən AR Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə istinad edərək, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestri"ndən əldə olunmadan da operativ vergi nəzarəti tədbiri həyata keçirmək səlahiyyətlərinin olmasını bildirmişdir. Bu isə tamamilə absurd bir yanaşmadır. Belə ki, Vergi Məcəlləsinin 50.4-1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1 -ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər AR Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin Məcəllənin 75.1.1 -ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Qanunun 4-2.1.6-cı maddəsinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsi kimi müəyyən olunmuşdur. Həmin Qanunun 4-3.1.2-ci maddəsinə əsasən isə yoxlama başlamazdan əvvəl yoxlayıcıdan onun xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı tələb etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat almaq və bu sənədlərlə tanış olmaq imkanının yaradılmasını tələb etmək sahibkarın hüququ kimi müəyyən olunmuşdur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin, yoxlamaların aparılması ilə bağlı normativ hüquqi aktların aydın olmayan və ya bir-birinə zidd müddəaları aşkar edildikdə sahibkara münasibətdə daha əlverişli olan müddəa tətbiq edilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən isə sahibkarlıq sahəsində aparılan yoxlamanın ildə bir dəfədən çox olmayaraq aparılmasına dair xüsusi müddəa öz əksini tapmışdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən isə plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli Qanunun 1.7-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən monitorinqi tərəfindən aparılır. AR Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən isə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Sadalanan normalardan da göründüyü kimi qanunvericilik sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışın alınmasını məcburi hal kimi qiymətləndirir, bu sahədə yoxlamanın ildə bir dəfədən artıq olmamaqla keçirilməsi məhdudiyyətini formalaşdırır, yaranmış prosessual pozuntuları isə sahibkarın xeyrinə hesab olunmasını müəyyənləşdirir. Qanunvericilikdə əmək münasibətləri ilə bağlı iddia müddəti 1 (bir) təqvim ayı, bununla bağlı cinayət məsuliyyəti yarandığı halda cinayət məsuliyyətinə cəlb etmə müddəti 2 (iki) il müəyyən olunduğu halda, operativ vergi nəzarətini həyata keçirən orqana 3 (üç) il müddətə toxuna bilən inzibati və ya vergi məsuliyyəti yaradan hüquq verilə bilməz. Bu tamamilə absurt bir yanaşmadır və qəbul olunmazdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********5320 nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətində (VÖEN: **********) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin görülməsinə cəlb edilməsi halının olması əsası ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. Qərarın icrası üçün Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242116136 nömrəli “Çıxarış” əldə edilmişdir. Qeyd olunan qərar əsasında "xxxx" QSC-nin təmir-tikinti işləri apardığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ərazisində yerləşən “Dendralogiya Parkı” adlanan ünvanda vergi orqanın əməkdaşları tərəfindən yoxlama həyata keçirilmiş və nəzarət tədbirinin nəticəsi olaraq yoxlama aktı tərtib edilmişdir. Akta əsasən həmin ünvanda Cəmiyyət tərəfindən əmək müqaviləsi bağlanmadan işçilərin əmək fəaliyyətinə cəlb olunması faktı aşkar edilmişdir. Belə ki, yoxlama zamanı ümumilikdə 38 nəfər işçidən və Cəmiyyətin rəhbəri X2 izahatlar alınmış, 2 nəfər işçinin əmək müqaviləsi olması halı istisna olmaqla, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər işçinin işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin işçilər izahatlarında 01.06-xx.xx.2024-cü il tarixlərindən əmək fəaliyyətinə başladıqlarını, buna baxmayaraq işəgötürənlə əmək müqaviləsi bağlamadıqlarını bildirmişlər. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi saytından əldə edilmiş aktiv əmək müqaviləsi bildirişlərinin siyahısından məlum olur ki, yoxlama zamanı əmək müqaviləsinin olmadığı müəyyən edilmiş şəxslərin 05-xx.xx.2024-cü il tarixlərində əmək fəaliyyəti rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsində göstərilənlərin həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olmaqla əsassız olduğunu hesab edirik. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, yoxlama tədbiri zamanı yoxlamanın keçirilməsi barədə qərar və Ədliyyə Nazirliyinin saytından əldə olunan “Çıxarış” vergi ödəyicisinə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində), nəqliyyat vasitələrində həyata keçirilən vergi nəzarəti formasıdır. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışma qaydalarını tənzimləyir və 70.2-1.3-cü bəndində göstərilir ki, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra göndərilmiş hesab olunur. İnternet Vergi İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli çıxarışa əsasən xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş və həmin tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Göründüyü kimi vergi orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmiş və sənədlər vergi ödəyicisinə təqdim edilmişdir. Yoxlama zamanı Cəmiyyətin rəhbəri müəssisədə olmadığından vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin başlanması barədə qərar və çıxarışın kağız daşıyıcıda təqdim edilməsi mümkün olmamışdır. İddiaçı qeyd edir ki, yoxlama tədbirinin nəticələrini əks etdirən akt xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində tərtib edilmiş və bununla aktın tərtib olunması müddəti gecikdirilmişdir. Müvafiq hissəyə münasibətdə bildirilir ki, vergi ödəyicisində vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixə kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Həmin maddənin 2-ci hissəsində göstərilir ki, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. Məcəllənin 39-cu maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir. Göründüyü kimi vergi nəzarət tədbirinin xx.xx.2024-cü ildə başa çatmasını nəzərə alaraq aktın həmin tarixə kimi tərtib edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Əməkdaşların əmək müqaviləsi olmadan fəaliyyətə cəlb olunmasına münasibətdə iddiaçı bildirmişdir ki, həmin əməkdaşların heç biri Cəmiyyət tərəfindən işlərə cəlb olunmamış, subpodratçılar tərəfindən cəlb olunmuş və Cəmiyyətə heç bir aidiyyəti olmamışdır. Halbuki, yoxlama zamanı 36 nəfər əmək müqaviləsi olmadığı müəyyən olunmuş işçilərlə sonradan müəssisə tərəfindən əmək müqaviləsi bağlanılmışdır. Belə ki, vergi ödəyicisində keçirilən nəzarət tədbirindən sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi saytından əldə edilmiş məlumata əsasən həmin işçilərin əmək müqaviləsi bildirişləri qeydə alınmışdır. Bundan başqa, vergi ödəyicisi tərəfindən nəzarət tədbiri zamanı müşahidəçilərin iştirakının təmin edilmədiyi və nəticədə prosesual tələblərə riayət olunmadığı bildirilmişdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 47-ci maddəsində müşahidəçilərin Vergi Məcəlləsində nəzərdə tutulmuş hallarda dəvət edilməsi göstərilmişdir. Əmək münasibətlərinin yoxlanılması zamanı müşahidəçilərin dəvət edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bundan başqa, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: - onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; - vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunan əsaslar və qanunvericiliyin tələbləri rəhbər tutulmaqla vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixli **********6134 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş və vergi ödəyicisinə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraza əlavədə göstərilmişdir ki, 19 nəfərin izahatının yoxlama keçirilməzdən əvvəlki tarixlərdə alınması ilə əlaqədar bildirilir ki, Milli Gəlirlər baş idarəsi tərəfindən səyyar vergi yoxlaması keçirilərkən Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi tərəfindən ərazi üzrə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarına əsasən operativ vergi nəzarəti keçirilmişdir. Nəzarət tədbiri zamanı Baş İdarə tərəfindən "xxxx" QSC-nin ərazisində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi halları müəyyən edilmiş və həmin şəxslərin izahatları alınaraq Milli Gəlirlər baş idarəsinə göndərilmişdir. Milli Gəlirlər baş idarəsində mənbəyi bəlli olan məlumatlar əsasında səyyar vergi yoxlaması gedişində operativ vergi yoxlaması tədbiri açılmış və xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərarı Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2024-cü il tarixli KY242116136 nömrəli çıxarış əldə edilmişdir. Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Göründüyü kimi vergi orqanı tərəfindən alınmış izahatlar operativ vergi nəzarətinin keçirilməsi barədə qərarın reyestrə salındıqdan sonrakı dövr üzrə məsuliyyət qərarı çıxarılarkən nəzərə alınmışdır. Başqa sözlə hal-hazırda mübahisələndirilən qərara əsas olmuş başlama qərarı iddiaçının bildirdiklərindən fərqli olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” keçirilmişdir. Həmçinin bildirilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən operativ vergi nəzarəti tədbirləri təkcə nəzarət tədbirinin keçirildiyi dövr üçün deyil, həmçinin əvvəlki dövrlərdə təsdiq edilmiş hallar üzrə də həyata keçirilməsi qanuna uyğun hesab edilmişdir. İndiki halda isə alınmış izahatlar həmin 19 nəfər işçinin əmək müqaviləsi olmadan işlədiklərini sübut etmiş və Milli Gəlirlər baş idarəsi tərəfindən açılmış qərara əsasən həmin şəxslər üzrə iddiaçı tərəfə maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə olaraq bildirilir ki, Milli Gəlirlər baş idarəsi tərəfindən açılmış qərar əsasında 19 nəfər fiziki şəxslərin 13-dən yenidən izahatlar alınmışdır. Sadəcə eyni məzmunlu izahatların alınması və artıq müqaviləsiz işçilərin işə cəlb edilməsi fiziki şəxslərin izahatları ilə təsdiq edilməsi sübut edildiyindən yenidən digər şəxslərdən izahatların alınmasına lüzum görülməmişdir. Bundan başqa, iddiaçının 8 nəfər işçidən izahat alınarkən artıq onların əmək müqaviləsinin əvvəlki tarixlərdə qeydiyyata alınması ilə bağlı bildirilir ki, Əmək Məcəlləsinin operativ vergi nəzarət tədbiri həayata keçirildiyi dövrdə qüvvədə olmuş 49-cu maddəsinin müddəalarına əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Operativ vergi nəzarət tədbirinin Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirildiyini nəzərə alaraq 3 illik dövr üzrə işəgötürən tərəfindən əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi faktı təsdiq edildiyi təqdirdə bütün dövr üzrə sanksiyanın tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur. İddiaçı tərəfin işçilərindən izahatlar alınarkən onlar tərəfindən işə başlama dövrlərinin əvvəlki günlərdə olduğu bildirilmişdir. Həmçinin, daxil edilmiş bildirişlər araşdırılarkən həmin bildirişlərin iş gününün sonunda sistemə daxil edildiyi sübut edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsində və yazılı etirazlarında göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın və ona əlavənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39–49cu maddələrinin müddəaları tətbiq edilir. Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublkası Qanunu:
Maddə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. İşin hallarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsi tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5082 nömrəli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər baş idarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərarı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X41) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 5 iyun 2024-cü il tarixli KY242116136 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” dan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin AZ1000, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi (X41) ünvanında yerləşən tikinti fəaliyyəti ilə məşğul olduğu obyektdə xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) operativ vergi nəzarəti yoxlamasının keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, çıxarışda plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: “Vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; Vergi Məcəlləsinin 50.2.1” göstərilmişdir. Keçirilmiş yoxlama zamanı əsasən 38 nəfər işçidən 36 nəfər işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərar ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyət DVX 001910 nömrəli 13 iyun 2024-cü il tarixli akt və yoxlama ilə əlaqədar digər zəruri sənədlər əsasında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 72000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə iddiaçının - operativ vergi nəzarətinin həyata keçirilməsi üçün icazə alınmasına dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən alınmış “Çıxarış” və müvafiq qərarın Cəmiyyətə təqdim olunmaması, yoxlamanın müşahidəçilərin iştirakının təmin olunmadan həyata keçirilməsi, yoxlama xx.xx.2024-cü il tarixdə keçirilsə də, aktın həmin gün tərtib olunmaması, yoxlama barədə “Nəzarət kitabçası” nda hər hansı bir qeydin aparılmaması ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, İnternet Vergi İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, xx.xx.2024-cü il tarixli **********5320 nömrəli qərar xx.xx.2024-cü il tarixində vergi ödəyicisinə təqdim edilmiş və həmin tarixdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Yoxlama zamanı Cəmiyyətin rəhbəri müəssisədə olmadığından vergi orqanı əməkdaşları tərəfindən nəzarət tədbirinin başlanması barədə qərar və çıxarışın kağız daşıyıcıda təqdim edilməsi mümkün olmamış, Nəzarət kitabçası təqdim olunmamışdır. Vergi Məcəlləsində operativ vergi nəzarətinin həyata keçirildiyi gün aktın tərtib edilməsi, həmçinin yoxlamanın müşahidəçinin iştirakı ilə keçirilməsinə dair imperativ bir norma yoxdur. Məhkəmə iddiaçının - əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi iddia edilən 19 nəfərin izahatının yoxlama başlamamışdan xx.xx.2024-cü il tarixdə alınması, əlavə 8 nəfərin əmək müqaviləsi bildirişlərinin xx.xx.2024-cü il tarixdə alınması, əlavə 8 nəfərin əmək müqaviləsi bildirişlərinin xx.xx.2024-cü il tarixdə alınması və qanunvericilik əmək müqaviləsi bildirişinin alınması üçün 1 iş günü müddət müəyyən etməsi ilə bağlı mövqeyinə münasibətdə ilk öncə bildirir ki, Əmək Məcəlləsinin yoxlama keçirilən zaman qüvvədə olan 49-cu maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilirdi və əmək müqaviləsi elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minirdi. Bununla bağlı mübahisə yoxdur. Vergi Məcəlləsinin 50.4-1-cü maddəsinə əsasən bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinə əlavə edilmiş edilmiş 50.4-1-ci maddəyə görə (xx.xx.2024-cü il tarixdən qüvvədədir) operativ vergi nəzarəti tədbirləri təkcə nəzarət tədbirinin keçirildiyi dövr üçün deyil, həmçinin Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Açılmış qərar əsasında fiziki şəxslərin əksəriyyətindən yenidən izahatlar alınmış, işçilərdən izahatlar alınarkən onlar tərəfindən işə başlama dövrlərinin əvvəlki günlərdə olduğu bildirilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 36 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, sonradan həmin şəxslər ilə əmək müqaviləsi bağlanmışdır. Ən əsası sual doğuran haldır ki, əgər həqiqətən də həmin 36 işçi əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdirsə, hansı səbəbdən sonradan onlarla müqavilə bağlanılırdı? Bu hala isə iddiaçı tərəfindən əsaslı arqument gətirilməmiş, məhkəmə iclasında iştirak edən vəkili (nümayəndəsi) bunu təziq göstərilməsi səbəbindən əmək müqaviləsinin bağlanılması ilə izah etmiş, lakin sübut etməmiş, iddiaçının direktorunun məhkəmə iclasında dindirilməsi onun tərəfindən təmin edilməmişdir. Halbuki, vəkil xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin direktoru Şahin Verdəliyevin iştirakının təmin olunması zərurəti yarandığını bildirmiş və məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Beləliklə, işdə olan sübutlarla “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********6134 nömrəli qərarın qəbuluna əsas olmuş hal - iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinin pozulması, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 36 nəfər fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi təsdiq olunur. İPM-in 14.1-ci maddəsinin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X76