Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2245/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azəebaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia “yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi (cəlb edildiyi) bütün dövrü üçün əməkhaqına iş vaxtına mütənasib olaraq müddətli əlavənin hesablanıb ödənişlərin edilməsi” tələbinə dair inzibati iş GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi (cəlb edildiyi) bütün dövrü üçün əməkhaqqına iş vaxtına mütənasib olaraq müddətli əlavənin hesablanıb ödənişlərin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 N-li Qərarına müvafiq olaraq yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyi (cəlb edildiyi) bütün dövrü üçün əməkhaqına iş vaxtına mütənasib olaraq müddətli əlavənin hesablanmasına və ödənilməsinə dair öhdəliyin cavabdeh (Müdafiə Nazirliyinin) üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2021ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı” hərbi rütbəsindədir. Tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi var. Qüsursuz və nümünəvi xidmət etdiyinə görə xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirliyi tərəfindən dəfələrlə medallarla təltif edilmişdir. Belə ki, o, “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli”, “Qüsursuz xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi”, “Azərbaycan Ordusunun 95 illiyi yubiley”, “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008) yubiley” və “Azərbaycan Ordusunun 10 illiyi (1991-2001) yubiley” medallarına layiq görülmüşdür. Xidmət etdiyi müddətdə Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan hərbi hissələrdə ixtisasına uyğun müxtəlif vəzifələrdə xidmət etmişdir. xx.xx.2019-cu il tarixdən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində (278 nömrəli hərbi hissədə) “Silahlı Qüvvələrin Baş Sanitar həkimi”, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin idarədə (278 nömrəli hərbi hissədə) “Azərbaycan Ordusunun Baş Sanitar həkimi” vəzifəsində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” (xəstəliyə görə) bəndinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır.Bildirmişdir ki, “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndiriliməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 N-li Sərəncamına və “Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 N-li Qərarının tələblərində müddətli əlavənin iş vaxtına mütənasib olaraq 01 mart 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək olan müddət üçün ödənilməsi imperativ qaydada göstərilsə də, Müdafiə Nazirliyi tərəfindən mənim koronavirus infeksiyası ilə mübarizə tədbirlərində bütün bu göstərilən dövr ərzində bilavasitə iştirak etməyi, infeksiyaya yoluxmuş xəstələrlə birbaşa təmasda olmağı nəzərə alınmamış, buna görə onun əməkhaqqına müddətli əlavə hesablanmamış və ödənilməmişdir. Bildirmişdir ki, o həmin dövrdə (01 mart 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək) Müdafiə Nazirliyinin Baş Sanitar həkimi vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi dövrdə vəzifə borclarının çərçivəsində koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirakı (fəaliyyəti) barədə rəsmi məlumatların təqdim edilməsinə, iştirak etdiyi təqdirdə əmək şəraitinə görə (iş vaxtına mütənasib) əmək haqqına müddətli əlavənin hesablanıb ödənilməsinə dair dəfələrlə: 14 yanvar 2022-ci ildə, 02 aprel 2022-ci ildə və 02 iyun 2022-ci ildə Müdafiə Nazirliyinə müraciət ünvanladırsa da, ona bir- birinə zidd məzmunlu cavab məktubları göndərilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin şöbə rəisi Sadıq Sadıqovun 05 mart 2022-ci il tarixli 8/783 N-li məktubunda «... Əlavə olaraq bildiririk ki, yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə çərçivəsində tibbi profilaktik tədbirlərində iştirak edən tibb işçilərinə müddətli əlavə onların həmin tədbirlərdə iştirakı vaxtına mütənasib olaraq ödənilir. Son xidmət yeriniz olan Müdafiə Nazirliyinin Tibb İdarəsindən alınmış məlumata görə Siz, idarəetmə apratında xidmət etmisiz və hər hansı tibb müəssisəsində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etməyiniz barədə həmin idarədə məlumat yoxdur» göstərilmişdir (ərizəyə əlavə edilir). Müdafiə Nazirliyi tərəfindən müraciətinə olan növbəti (Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən Firuddin Nəbiyevin imzası ilə) 25 iyun 2022-ci il tarixli 5/3505 N-li məktubunda «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarın 3-cü hissəsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə çərçivəsində tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin dairəsinin müəyyən edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması tapşırığı verilmişdir. Lakin o dövrdə Müdafiə Nazirliyinin Tibb İdarəsindən həmin qurumlara bununla əlaqədar heç bir təklif verilməmişdir..» göstərilmişdir (ərizəyə əlavə edilir). Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisinin təkrar göndərdiyi 15 iyul 2022-ci il tarixli 5/3875 N-li cavab məktubunda «Siz Azərbaycan Ordusunun baş sanitar həkimi kimi sanitariya-epidimioloji nərarətin təşkili və yerinə yetirilməsinə, qoşunların sanitariya-epidimioloji salamatlığını təmin etmək üçün tibb xidməti tərəfindən aparılan tədbirlərə rəhbərlik etmisiz. İdarəetmə aparatında xidmət etdiyinizdən hərbi hissə və müəssisələrdə yeni növ koronavirus (Covid- 19) infeksiyasına qarşı mübarizə tədbirlərində birbaşa iştirakınızla bağlı hər hansı bir məlumat aşkar edilməmişdir» məzmunlu imtina cavabı verilmişdir (ərizəyə əlavə edilir). Müdafiə Nazirliyinin (cavabdehin) vəzifəli şəxsi hesab edilən Malliyə və Büdcə İdarəsinin rəisi polkovnik Nizami Məmmədov tərəfindən MN-nin Tibb Baş İdarəsinin rəisinə 28 aprel 2020-ci il tarixdə ünvanlandırdığı 12/1075 N-li məktubda isə bildirilmişdir: «Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələri və təşkilatlarında yeni növ koronavirus ilə əlaqəli əmək şəraiti mövcüd deyildir. Qeyd edilənləri nəzərə alaraq bildiririk ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və təşkilatlarda xidmət edən (işləyən) hərbi qulluqçulara və mülki işçilərə müddətli əlavənin ödənişi şamil olunmur». Yuxarıda göstərdiyi və sürətlərini iddia ərizəsinə əlavə etdiyi 5/3505 və 12/1075 N-li məktubların məzmunundan göründüyü kimi, AR Nazirlər Kabinetinin 112 N-li Qərarının 3-cü bəndində göstərilən tapşırıq özəl tibb müəssisələrinə aid edilsə də, cavabdeh (Müdafiə Nazirliyi) tərəfindən səhvən həmin tapşırığın Müdafiə Nazirliyinin tibb müəssisələrinə aid olduğu kimi qəbul edilmişdir. Bundan əlavə, qeyd olunan normativ-hüquqi aktlarda Yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi və ödənilməsi imperativ qaydada nəzərdə tutulsa da, Cavabdeh (Müdafiə Nazirliyi) tərəfindən bu tapşırıqlar icra edilməmiş, Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən tibb müəssisələrin infeksiya ilə əlaqəli tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsi müəyyən edilməmiş, onların əməkhaqlarına əlavə hesablanmamış və ödənilməmişdir. Bu da onu göstərir ki, Cavabdeh (Müdafiə Nazirliyi) tərəfindən Azərbaycan Respublikası Prezidentinin 1947 N°-li Sərəncamında və Nazirlər Kabinetinin 112 nömrəli Qərarında göstərilən tələblər icra edilməmişdir. Müdafiə Nazirliyi tərəfindən onun müraciətinə imtina cavabının verilməsi, yəni onun “Covid-19” infeksiyası ilə mübarizə tədbirlərində iştirakı ilə bağlı məlumatın olmasının aşkar edilməməsi, bu səbəbdən əməqhaqqına ödənilməli olan müddətli əlavənin ödənilməsinə imtina edilməsini əsassız və qanunsuz hesab edir. MN-in məktubunda həqiqəti əks etdirməyən məlumat göstərilmişdir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Sanitar həkimi vəzifəsində xidmət etdiyi üçün ölkədə yeni növ koronavirus (Covid-19) infeksiyası yayılan dövrdə həmin xəstəliyə qarşı profilaktik və əksepidemik tədbirlərin görülməsinə cəlb edilmiş, infeksiyaya yoluxmuş xəstələrlə yaxın təmasda olmaqla mübarizə tədbirlərin düzgün təşkil edilməsinə rəhbərlik etmişdir. Belə ki, “Silahlı Qüvvələrin və Azərbaycan Ordusunun Baş Sanitar həkimi” vəzifəsində xidmət edərkən müvafiq əmr və təlimatların tələblərinə əsasən funksional vəzifələrim geniş olub, o cümlədən əsas vəzifələri aşağıdakılar olmuşdur: - SQ-in sanitariya-epidimioloji nəzarətin təşkili və yerinə yetirilməsinə, qoşunların sanitar-epidimioloji salamatlığını təmin etmək tibb xidməti tərəfindən aparılan tədbirlərə rəhbərlik etmək; - hərbi qulluqçuların infeksion, ... yaranma şəraiti və yayılmasının səbəblərinin aşkar edilməsi və müəyyənləşdirilməsini təmin etmək; - infeksion xəstəliklərinin ocağının alovlanmasının... araşdırılması və ləğv edilməsində hərbi hissə komandanlığına, sanitariya-profilaktika (sanitar-epidimioloji) müəssisələrinə metodiki və praktiki kömək göstərmək; - sanitariya qaydalarının pozulmasına qarşı tədbirlər görmək, eləcə də sanitariya qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəyyən edilmiş qaydada tədbirlər görmək; - sanitariya gigiyenik və epidimioloji ekspertizaların keçirilməsini təşkil etmək və onların nəticələrinə əsasən rəy vermək;... (funksional vəzifə borclarımın siyahısını iddia ərizəmə əlavə edilib). Bundan başqa, Müdafiə Nazirinin 26 iyun 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş «AO-nda yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı profilaktik və əksepidemik tədbirlərin aparılması ilə əlaqədar daxili sanitariya-epidimioloji Qaydaları»n tərtib olunmasında və icra edilməsinə nəzarət edilməsində iştirak etmişdir. (əmrin sürəti ərizəyə əlavə edilir).Tibb Baş İdarəsi rəisinin göstərişlərinə əsasən tərəfidən 31 yanvar 2020-ci il tarixdə «Yeni növ Koronavirus infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi üzrə Təlimat» və 20 mart 2020-ci il tarixdə «Koronavirus (Covid-19) Tibb işçiləri üçün Təlimat» hazırlanmış, həmin Təlimatlar müvafiq qaydada təsdiq edilmiş və Silahlı Qüvvələrdə fəaliyyət göstərən tibbi personala göndərilmişdir. (təlimatların sürəti ərizəyə əlavə edilir) Bundan əlavə, «SQ-in şəxsi heyətinin yeni koronavirus infeksiyasının qorunması haqqında» Müdafiə nazirinin 30 yanvar 2020-ci il tarixli 32 nömrəli əmrində (ərizəyə əlavə edilir) və SQ-nin Baş Qərargah rəisinin 27 fevral 2020-ci il tarixli Sərəncamında (ərizəyə əlavə edilir) göstərilən tədbirlərin keçirilməsində və həmin tədbirlərin keçirilməsinə nəzarət edilməsi işində fəal iştirak etmişdir. Koronavirus (Covid- 19) infeksiyasının profilaktikası, diaqnostikası və müalicəsi ilə bağlı qeyd etdiyi Təlimatların, Müdafiə Nazirinin və SQ-in Baş Qərargah rəisinin əmr və göstərişlərin icrasına nəzarət edilməsi və xəstələrə lazımi tibbi yardımın və müalicə səviyyəsinin yoxlanılması məqsədi ilə o Müdafiə Nazirilyinin müvafiq vəzifəli şəxslərin göstərişləri ilə aşağıda qeyd olunan tarixlərdə dəfələrlə ezamiyyətə göndərilmiş və ezamiyyətdə olduğu müddətdə “Covid-19” infeksiyasına yoluxmuş xəstələrlə bilavasitə və birbaşa təmasda olmuşdur. 22 sentyabr 2020-ci il tarixdən 26 sentyabr 2020-ci il tarixədək olan müddətdə 1-ci (051 nömrəli hərbi hissə), 2-ci (212 nömrəli hərbi hissə) və 3-cü (193 nömrəli hərbi hissə) Ordu Korpuslarına və həmin korpusların tərkibində fəaliyyət göstərən tibb müəssisələrində (tibb məntəqələrində, hərbi hospitallarında və tibb taborlarında); 30 sentyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək 3-cü Ordu Korpusunda (193 nömrəli hərbi hissə) və N nömrəli hərbi hissədə (Gəncə Qarnizonu Hərbi Hospitalı). Dəfələrlə, infeksiyanın Azərbaycan Respublikası ərazisində geniş şəkildə yayıldığı dövrdə (01 mart 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək) Bakı Qarnizonunda və Bakı ətrafı rayon və qəsəbələrdə yerləşən hərbi tibb müəssisələrinə, SQ-in Baş Klinik Hospitalına göndərilmişdir, infeksiyaya yoluxmuş xəstələrə göstərilən tibbi yardımın və müalicənin aparılmasını yoxlayaraq müvafiq tövsiyə və göstərişlərini vermişdir, bu zaman xəstələrlə bilavasitə təmasda olmuşdur. Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində yuxarıda qeyd etdiyi fəaliyyəti 01 mart 2020-ci il tarixdən 01 noyabr 2021-ci il tarixlərdə davamlı olaraq aparılmış, həmin dövrdə Silahlı Qüvvələrin Baş Sanitar həkimi olduğundan funksional vəzifə borclarında göstərilən vəzifələri məsuliyyətlə icra etmişdir. Tərəfindən hərbi hissələrdə və tibbi müəssisələrdə sanitariya-epidemioloji nəzəratin təşkili və yerinə yetirilməsi həyata keçirilmiş, qoşunlarda sanitariya-epidemiololji salamatlığını təmin etmək üçün tibb müəssisələrin tibbi personalı tərəfindən aparılan tədbirlərə bilavasitə rəhbərlik etmişdir. “Covid-19” xəstəliyinin aşkar edildiyi hərbi hissələrdə və tibbi müəssisələrdə xəstələnmə halların araşdırılmasında və ləğv edilməsində hərbi hissə komandanlığına və hərbi tibb müəssisələrin tibbi personalına metodiki və praktiki kömək göstərmişdir. Hərbi qulluqçular arasında infeksiyaya yoluxmuş xəstələrin qısa müddətdə sağalmaları, infeksiyanın yayılmasının qarşısının alınması, müalicə şəraitinin düzgün təşkil edilməsi və müalicənin düzgün aparılması sahəsində işi o qədər gərgin və ağır olmuşdur ki, onun səhhətində əhəmiyyətli dərəcədə problemlər yaranmış, psixoloji və psixiatrik müayinələrə, ambulator və stasionar müalicəyə ehtiyac yaranmışdır. Bunun nəticəsində müayinə və müalicə üçün 29 may 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müayinəyə və müalicəyə göndərilmişdir. Hospitalda müayinə və müalicə zamanı adına açılmış xəstəlik tarixində və 3072 Ns-li çıxarış epikrizində (ərizəyə əlavə edilir) “qısa anamnez” hissəsində göstərilmişdir: “Covid-19” infeksiyası ilə əlaqədar olaraq fiziki və psixi gərgin işləyib. Bəzən gecə saat 02-03-dək xidməti fəaliyyətdə olub. Bununla əlaqədar yuxusunun pozulması, gecələr tez-tez yuxudan diksinərək ayılması, ətraf qıcıqlara dözümsüzlük nümayiş etdirməsi olub. Son günlər isə psixoemosional sferası daha da gərginləşib, affektiv reaksiyalar qeyd edilib, gecələr yata bilməyib, ətrafa qarşı laqeydlilik, biganəlik olub, hər şey maraqsız gəlməyə başlayıb (özü, karyerası, ailəsi) və işləyə bilməyib. Bununda əsasında komandanlığı tərəfindən müayinə və müalicə üçün SQ BK Hospitalına göndərilmişdir. Aparılmış müayinə və müalicə nəticəsində onda «yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş şəraitlə əlaqədar nevrotik reaksiya, depressiv daxilolmalarla, hipertoniya İİ (ikinci) mərhələ. Hər iki gözün hipertenziv reti nopatiyas ı İ (birinci) mərhələ, görmə itiliyi hər iki gözdə 0,6, korreksiya ilə 0,7 olmaqla. Serevrovaskulyar xəstəlik. Dissirkulyator ensefalopatiya. Qalxanvari vəzin kistası» diaqnozlu xəstəliklər aşkar edilmiş, 29 may 2020-ci il tarixdən 08 iyun 2020-ci il tarixədək olan müddətdə buna görə stasionar müalicədə olmuş, şəhadətləndirilərək hərbi xidmətə sülh dövründə yararsız hesab edilmişdir. Yuxarıda qeyd etdiyi möhtəbər və təkzibolunmaz sübutların və faktların mövcüd olmasına baxmayaraq, ona müddətli əlavə ödənişin ödənilməsi haqqında dəfələrlə etdiyi yazılı müraciətlərə Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən verilmiş cavab məktublarında əsassız və həqiqətə uyğun olmayan məlumat əks etdirilmişdir ki, idarəetmə aparatında xidmət etdiyimdən hərbi hissə və müəssisələrdə yeni növ koronavirus (Covid-19) infeksiyasına qarşı mübarizə tədbirlərində birbaşa iştirakı ilə bağlı hər hansı bir məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyinin müvafiq vəzifəli şəxsləri tərəfindən yuxarıda qeyd etdiyi tədbirlərdə onun birbaşa iştirakı ilə bağlı hər hansı bir məlumatın aşkar edilməməsi haqqında cavabları yalandır. Əgər o qeyd edilən tədbirlərdə iştirak etməmişdirsə necə olur ki, MN-nin Tibb Baş İdarəsi rəisinin əmr və göstərişləri əsasında Bakı qarnizonunda yerləşən hərbi tibb müəssislərinə və MN-in tabeliyində və tərkibində fəaliyyət göstərən hərbi tibb müəssisələrinə ezamiyyətə göndərilmişdir? Məhz elə MN-nin Tibb Baş İdarəsinin bilavasitə rəhbərliyi ilə fəaliyyət göstərən SQ-in Baş Klinik Hospitalın verdiyi 3072 N-li çıxarış epikrizində göstərilmişdir ki, onda aşkar edilmiş xəstəliklər “Covid-19” infeksiyası ilə əlaqədar olaraq fiziki və psixi gərginliklə əlaqəli olmuşdur. Qeyd edilən müddətdə Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrində və tibb müəssisələrində “Covid-19” infeksiyasına yoluxmuş xəstələrin sayı barədə Müdafiə Nazirliyinin X2 X1 aparılmış PZR müayinələrin gündəlik dinamikasını əks etdirən hesabata əsaslanaraq tərəfindən müvafiq məlumatlar mütəmadi olaraq Tibb Baş İdarəsinin rəisinə təqdim edilirdi (08 may 2020-ci il tarixə olan məlumat ərizəyə əlavə edilir). Bu haqda məlumatı məhkəməyə təqdim etməyinin məqsədi odur ki, həmin müddətdə Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissə və tibb müəssisələrində kifayət qədər yoluxma halları baş vermişdir. Həmin xəstələrlə tibbi profilaktik tədbirlərin həyata keçirilməsində Tibb Baş İdarəsində sənədləri, tədbirlər planlarını hazırlamaqla, eyni zamanda Bakı Qarnizonunda yerləşən hərbi hissə və tibb müəssisələrinə gündəlik gedib yoxlama keçirməklə, metodiki və praktiki kömək göstərməklə, əlavə olaraq yuxarıda qeyd etdiyim hərbi hissə və tibb müəssisələrinə ezamiyyətə getməklə mübarizə tədbirlərində bilavasitə iştirak etmişəm, infeksiyaya yoluxmuş xəstələrlə birbaşa təmasda olmuşdur. Lakin cavabdeh (Müdafiə Nazirliyi) tərəfindən onun yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə çərçivəsində tibbi profilaktik tədbirləri həyata keçirməyini nəzərə almamış və əməqhaqına müddətli əlavənin ödənilməsindən imtina etmişdir. Cavabdeh (Müdafiə Nazirliyi) tərəfindən qanunazidd hərəkətlərini ifşa edən və mənim qanuna əsaslanan tələbinə əsassız imtina etməsini təsdiq edən aşağıdakı halları (sənədləri) nəzərinizə çatdıraraq, onların sürətini iddia ərizəsinə əlavə etmişdir. Dəfələrlə (01 iyun və 25 iyun 2020-ci il tarixlərdə) X3 rəisi tibb xidməti polkovnik-leytenantı Müşfiq Hümbətov SENM-nin “Covid-19” infeksiyası ilə mübarizəyə cəlb olunmuş tibb işçilərin aylıq vəzifə maaşlarına müvafiq əlavələrin hesablanması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasına dair MN-in Tibb Baş İdarəsi rəisinə ünvanlandırdığı müraciətlər (486 və 671 N-li raportlar ərizəyə əlavə edilir) icra edilməmiş, qeyd edilən şəxslərin qanuni tələbləri təmin edilməmişdir. MN-nin Tibb Baş İdarəsi rəisi tərəfindən qeyd olunan məsələ ilə bağlı hüquqi rəy verilməsi üçün MN-nin Hüqüq İdarəsi rəisinə ünvanlandırdığı 09 aprel 2020-ci il tarixli 4/2238 nömrəli məktubuna cavab olaraq MN-nin Hüquq İdarəsi rəisinin 11/2922 N-li xx.xx.2020-ci il tarixli cavab məktubunda aşağıdakılar göstərilmişdir: Yuxarıda qeyd edilən qanunvericilik aktlarında yeni növ koronavirus (Covid-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə müddətli əlavələrin ödənilməsi olduğu dövlət tibb müəssisələri arasında istisnalar olmadığı, bununla da NK-nin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarının Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrini əhatə etdiyi, lakin müvafiq heyətə ödənişlərin aparılmaması nəticəsində gələcəkdə Müdafiə Nazirliyinə qarşı məhkəmə iddialarının təmin ediləcəyi nəzərə alınaraq, müvafiq dəyişiklik layihəsi hazırlansın. Azərbaycan Respublikası Müdafiə Naziri tərəfindən ikinci bənd məqsədəmüvafiq hesab edilərək həmin raporta “Razıyam” dərkənarı qoyulmuşdur. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının layihəsi tərəfimizdən hazırlanmışdır. Odur ki, sözügedən qərar layihəsi Sizə göndərilərək, göstərilən normativhüquqi aktın qəbul edilməsinin zərurətinin əsaslandırılmasının hazırlanmasına və qısa müddət ərzində Hüquq İdarəsinə göndərilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. «Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarının 1-ci hissəsində “dövlət tibb müəssisələrində” sözlərindən sonra mötərizədə “(Müdafiə Nazirliyinin hərbi tibb müəssisələr istisna olmaqla)” sözləri əlavə edilsin.”». Məktubun məzmunundan göründüyü kimi, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi tərəfindən MN-nin Tibb Baş İdarəsi rəisinə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının və Nazirlər Kabinetinin müvafiq Qərarının məzmununda imperativ qaydada verilmiş göstərişləri icra edilməsinə dair təklifləri vermək əvəzinə, Hüquq İdarəsinin rəisi qeyd olunan normativ-hüquqi aktlarda imperativ qaydada verilmiş göstərişlərə zidd olaraq MN-in Tibb Baş İdarəsinin rəisindən xahiş edir ki, Nazirlər Kabinetinin Qərarında yazılmış “dövlət tibb müəssisələri” sözlərindən sonra “Müdafiə Nazirliyinin hərbi tibb müəssisələr istisna olmaqla” sözlərinin yazılması barədə Nazirlər Kabinetinə təklif verilməsinin zərurətinin əsaslandırılmasını hazırlayaraq ona təqdim etsin. Bununla da, təqdim etdiyim məktubun sürətindən müəyyən edilir ki, cavabdeh (Müdafiə Nazirliyi), yəni inzibati orqanın müvafiq vəzifələri şəxsləri tərəfindən MN-in hərbi tibb müəssisələrində çalışan müvafiq heyətə ödənişlərin aparılmamasının qanunsuz və əsassız olması etiraf edilmiş, gələcəkdə bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə qarşı məhkəmə iddialarının təmin ediləcəyi dərk edildiyindən həmin iddia tələblərin əsassız olması üçün qanunazidd və əsassız təklif sürülməsinə cəhd edilmişdir. Təbii ki, MN-nin Tibb Baş İdarəsi rəisi Hüquq İdarəsi rəisinin Nazirlər Kabinetinə bu kimi təklifin irəli sürülməsinin qanunazidd olduğunu bilmiş, bu səbəbdən qanunazidd təklifin əsaslandırılmasını hazırlalamamış və ona təqdim etməmiş, nəticədə Cavabdehin (Müdafiə Nazirliyinin) bu cəhdi uğursuz olmuşdur. Müdafiə Nazirliyinin (inzibati orqanın) vəzifəli şəxsi hesab edilən MN-nin Hüquq İdarəsi rəisi ədliyyə polkovniki Emin Əzimzadə dərk etməli idi ki, dövlət tibb müəssisələrində çalışan müvafiq heyətdən Hərbi tibb müəssisələrində çalışan müvafiq heyəti istisna etməklə həmin heyətin “bərabərlik hüquqları” pozulmuş olacaydı. İddia ərizəsində istinad etdiyi normativ-hüquqi aktların tələblərinə əsasən, eyni zamanda göstərilən hüquqi əsaslara və səbəblərə istinad edərək tibbi profilaktik tədbirlərinə cəlb edildiyi bütün dövrü üçün əməkhaqına iş vaxtına mütənasib olaraq müddətli əlavənin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbini qanuni və əsaslı hesab edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11915/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2245/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 3-cü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəfi iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında bildirmişdir ki, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- xx.xx.2022-ci tarixli Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 məktubunun surəti; - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubunun surəti; - xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmənin sorğuya cavab məktubunun surəti; - xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubunun surəti;
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddia növünə aiddir (İPM-nin 2.2.3-cü maddəsi). İPM-in 8.1.2-cimaddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsasslı iddiadır, əsaslı olduğundan iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan halarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, hazırkı mübahisə mahiyyət etibarı ilə, iddiaçı ona yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak etdiyinə görə əmək haqqına əlavələrin ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Bu cür əlavələr Azərbaycan Respublikası Prezidentinin «Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamı ilə müəyyən edilmişdir:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin; 2.2. yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin. Eyni zamanda həmin Sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarı ilə, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin məbləği müəyyən edilmişdir:
1. Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilsin: 1.1. tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; 1.2. təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və X6 və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; 1.3. pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
2. Bu Qərarın 1-ci hissəsində göstərilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il martın 1-dən 2023-cü il martın 1-dək olan müddət üçün ödənilir.
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə tapşırılsın ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələri işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərinə, habelə tibbi profilaktik tədbirləri həyata keçirən işçilərin əhatə dairəsinin müəyyən edilməsinə dair təkliflərini 5 (beş) gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn digər məsələləri həll etsinlər. 18 mart 2021-ci il tarixli, 1947 №-li Sərəncamın 1-ci bəndində göstərilənlərə əsasən, dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müəyyən edilən əlavələr müddətli xarakter daşıyır və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə şamil edilir. Yuxarıda qeyd edilmiş hüquqi aktların məzmunundan aydın olur ki, dövlət tibb müəssisələrində çalışan və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərin əmək haqlarına əlavələrin verilməsi göstərilmişdir. Həmin hüquqi aktlarda ümumi olaraq dövlət tibb müəssisələri qeyd edildiyəndən, yəni hərbi tibb müəssisələri istisna olaraq göstərilmədiyindən, həmçinin hərbi tibb müəssisələri də dövlət tibb müəssisələrinə aid edildiyindən əmək haqqına əlavələr həmin müəssisədə fəaliyyət göstərən və yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçilərə də şamil edilir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibb Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X9 xx.xx.2022-ci tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyi Tibb İdarəsinə məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin tibb müəsissələrində yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş tibb işçilərinin əmək haqlarına müvafiq əlavələrin ödənilməsi “Tibb Ərazi Bölmlərinin İdarəetmə Birliyi” X9 səlahiyyətlərinə aid deyildir. Həmin məsələnin həlli ilə bağlı olaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli Maliyyə Nazirliyinə müraciət məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 №-li Qərarının 1-ci hissəsinə uyğun olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə Müdafiə Nazirliyinin tibb müəssələrində yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş tibb işçilərinin əmək haqlarının müvafiq əlavələrin ödənilməsi məsələlərinə baxılmasına dair göstəriş verilməsi ilə bağlı müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə İddiaçı yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilib-edilməməsi, edildiyi təqdirdə cəlb edilməsinin tarixi və müvafiq məlumatların məhkəməyə təqdim edilməsinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edmişdir:
1. Ehtiyatda olan polkovnik-leytenantı İddiaçı Silahlı Qüvvələrin (hazırda Azərbaycan Ordusunun) baş sanitar həkimi vəzifəsində xidmətdə olarkən karonavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunub.
2. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində Silahlı Qüvvələrin baş sanitar həkimi vəzifəsində xidmətdə olmuş və Azərbaycan Respublikasının müdafiə nazirinin 16 fevral 2015-ci il tarixli 8 nömrəli Qərarı İlə qüvvəyə minmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri Tibb xidmətinin dinc dövrdə idarəetmə orqanları, tibbi hərbi hissə və müəssisələri haqqında Əsasnamə"nin tələblərinə uyğun qeyd edilən mübarizə tədbirlərində iştirak etmişdir.
3. İddiaçı qeyd edilən mübarizə tədbirlərinə sanitariya-epidemioloji nəzarətin təşkili və yerinə yetirilməsinə, qoşunların sanitariya-epidemioloji salamatlığını təmin etmək üçün tibb xidməti tərəfindən aparılan aşağıda qeyd edilən vəzifələrin yerinə yetirilməsi çərçivəsində profilaktik tədbirlərdə iştirak etmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və Tibbi Ərazi idarəetmə Birliyinə yeni növ karonavirus (C0VİD-19) infeksiyası ilə əlaqəli işlərə cəlb edilmiş şəxsi heyət barədə tərtib edilmiş cədvəllərdə ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı İddiaçı adı qeyd edilib. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı Silahlı Qüvvələrin (hazırda Azərbaycan Ordusunun) baş sanitar həkimi vəzifəsində xidmətdə olmuş, xidmətdə olarkən karonavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb olunmuşdur. Buradan belə nəticəyə gəlmək olur ki, iddiaçı həqiqətən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitində işləyən işçi olmuşdur və bu iş materiallarına əlavə edilmiş səndlərdə də öz əksini tapmışır. Məhkəmə qeyd edir ki, iddiaçının iş şəraiti müvafiq müddət ərzində yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraiti olmuşdur. Onun yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb edilməsi və iş vaxtına münasib olaraq işlədiyi dövr üzrə əmək haqqına əlavələrin hesablanıb ödənişlərin edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : Maddə 154. Əmək haqqı 1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 157. Əməyin ödənilməsi sistemi və növləri 5. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir.İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, İddiaçı işçi (baş sanitar həkim) olaraq tibbi müəssisəsində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyindən həmin iştirak etdiyi (cəlb edildiyi) dövrü üçün əməkhaqqına əlavənin hesablanıb verilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı işçi (baş sanitar həkim) olaraq tibbi müəssisəsində yeni növ koronavirus (Covid-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edildiyindən həmin iştirak etdiyi (cəlb edildiyi) dövrü üçün əməkhaqqına əlavənin hesablanıb verilməsinin təmin edilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev