Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2387/2025 15.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 49627/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli “Vergilərin sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə Qərar əsasında iddiaçıya 2022-ci il üçün kameral qaydada 48356,31 manat əlavə gəlir vergisi məbləği hesablanmışdır. İddiaçı aşağıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən sözügedən dövr üzrə təqdim edilmiş bəyannamədə gəlirlər 251912,58 manat bəyan edilmiş buna uyğun olaraq xərclər 209969,14 manat hesablanmışdır. Lakin cavabdeh heç bir əsas olmadan gəlirlərimi 285000 olaraq müəyyən etmiş, həmin məbləğdən 1275 xərci çıxaraq qalıq məbləği xalis gəlir kimi nəzərə almış və 48356,31 manat əsassız vergi hesablamışdır. ((285000-1275)* 20 %=56745. Burada əsas məqam iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN ********** təqdim edilmiş paddon məmulatlarının hazırlanması üçün nəzərdə tutulan taxta məmulatlarının alışına və paddon hazırlanmasına dair sənədlərin mövcud olmamasıdır. Lakin bu o demək deyildir ki, həmin məhsulların alınmasına və paddon hazırlanmasına hər hansı xərc çəkilməmişdir. Vergi orqanı tərəfindən xərclər nəzərə alınmadan demək olar ki, ümumi hasilatın cəmi bütövlükdə gəlir vergisinə cəlb edilmişdir. Bu şəkildə hesablamanın aparılması da qanunvericiliyin tələblərinə ziddir. Lakin nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi vəqeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada Həmin Məcəllənin 83.9-cü maddəsinə əsasən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 96.1-ci maddəsinə əsasən Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Qanunvericiliyin sadalanan normalarının təhlilindən də göründüyü kimi, gəlir vergisi əldə olunmuş gəlirlə gəlirin əldə olunmasına çəkilmiş xərcin fərqinin vergiyə cəlb olunması nəticəsində formalaşır. Əgər vergi ödəyicisi gəlir və xərclərinin uçotunu düzgün aparmamışdırsa bu zaman vergi orqanı VM-nin 67-ci və 83-cü maddəsinə uyğun olaraq vergiləri hesablamalıdır. Əks mövqe ondan ibarətdir ki, iddiaçının əldə etdiyi bütün gəlir xalis gəlirdir. Bu isə mümkünsüzdür. Təbii ki, sözügedən malların təqdim edilməsi üçün zəruri xərclər çəkilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, cavabdeh iddia tələbi ilə razılaşmır və aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Məlumat üçün bildirilir ki, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə 2023- cü il üçün mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə 48.356.31 manat məbləğində əlavə vergi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə- faktura məbləği, idxal məbləği və alış aktı alış məbləğlərinin cəmi ilə tərəfinizdən təqdim edilmiş 2022-ci il mənfəət vergisi bəyannməsində xərcə salınmış elektron qaimə fakturalar arasında 209 969.14 manat sənədlərlə təsdiq edilmədiyi üçün kənarlaşma yaranmış və bununla bağlı vergi ödəyicisinə məktub ünvanlanaraq qanunla müəyyən edilmiş məsuliyyət tədbirləri barədə məlumat verilmişdir. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********599400 nömrəli uyğunsuzluq məktubu göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən yaranmış kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Nəticədə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin gəlir vergisi bəyannaməsi üzrə 48 356,31 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (gəlirin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Vergi Məcəlləsinin: 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. 131-ci maddəsinə əsasən kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. 132-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda, digər kredit və ya elektron pul təşkilatında onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sair bu kimi hallarda) öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt gəlirin əldə edildiyi vaxt sayılır. 133-cü maddəsinə əsasən vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank, digər kredit və ya elektron pul təşkilatı tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi qarşısında maliyyə öhdəlikləri ləğv edildiyi və ya ödənildiyi halda (qarşılıqlı hesablaşmalar aparıldıqda və sairə bu kimi hallarda), öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt xərcin çəkilməsi vaxtı sayılır. Borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən, əgər borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği deməkdir. 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən çəkilən xərclər mühasibat uçotu haqqında qanunvericiliyə və Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq sənədləşdirilməli və iqtisadi cəhətdən əsaslandırılmalıdır. İqtisadi əsası olmayan xərclər (şişirdilmiş xərclər) xərclərdən çıxarılmalı və vergilər faktiki iqtisadi göstəricilər əsasında hesablanmalıdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, ödəyicinin gəlir vergisi hesablanan zaman vergi orqanı Vergi Məcəlləsinin 67-ci və 83-cü maddəsinə uyğun olaraq vergiləri hesablamalıdır. Lakin nəzərə çatdırılır ki, qanunvericilikdə vergi ödəyicisinin əldə etdiyi gəliri (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni müvafiq hal vergi orqanının vəzifəsi kimi qanunvericilik aktlarında qeyd edilməmişdir. İddiaçı 2022-ci il gəlir vergisinin hesablanması zamanı çıxarılmalardan sonra ümumi gəliri 285.000 manat, ümumi xərcləri isə 1.275 manat müəyyən edilmiş və cəmi 56.745 manat gəlir vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı (VÖEN: **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edillir.
4. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, 10 may 2024 tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1.Kassa metodu ilə təqdim edilmiş bəyannamənin "Xammal və materiallar” (1226.3-cü). '‘Malın dəyəri” (1226.4-cii), “Enerji xərcləri” (1226.7-ci), "Qaz xərcləri” (1226.8-ci). "Yanacaq xərcləri” (1226.9-eu), "Su və kanalizasiya xərcləri” (1226. İG-cu), "Rabitə xərcləri” (1226.1 1-ci), “Mühafizə xərcləri" (1226.12-ei), "Reklam xərcləri" (1226.14-cü), "Biləvasilə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (1226.1 5ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə koııstruktor işlərinə çəkilən xərclər” (1230-cu). "Nəqliyyat xərcləri" (1233-cü). "Digər xərclər” (1236-cı) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 209969.14 manat), tərəfinizdən əvvəlki il iizrə təqdim edilmiş "Gəlir vergisinin boyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin”) 1 №-li Olavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 0 manat) cari il ərzində ODV ödoyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaiməlaktura (rislki e-qaimə-läkluraların məbləği (0.00) və alış aktlarının məbləği (0.00 manat) ( Q hesabat dövrü ərzində ODV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ODV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (0.00 manat) məbləği (-Q cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (ı) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri”nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (l-) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) ( ı) 1608.3-cii (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cti (Muzdlu işlə əlaqədar alman gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olıınaıı gəlirlər) sətirlərinin (0 manat) cəmi məbləğindən (0.00 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (0 manat) çıxılması nəticəsində yaranan 0.00 manat məbləğin müqayisəsi nəticəsində 209969.14 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədlərin (məlumatların) təqdim edilməsi tələb olunur: Sənədlər:
1. Həmin dövr üzrə dəqiqləşdirilmiş Gəlir vergisi bəyannaməsi. İddiaçı tərəfindən təqdim edilən bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5(beş) iş günü ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri(məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. İddiaçı məktubla əlaqədar yaranacaq suallarla bağlı "Vergi ödəyicilərinə xidmət" şöbəsinə müraciət edə bilər Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının iddiaçının vergi öhdəliklərini yenidən hesablamaq hüququ vardır.
5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli Qərara əsasən 2022-ci il vergi dövrü üzrə gəlir vergisi: Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı – 8.388,69 manat Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığort haqqı – 56.745,00 manat Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 48.356,31 manat
6. İddiaçı (VÖEN: **********) tərəfindən 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə təqdim olunmuş gəlir vergisinin bəyannamələri (cari və dəqiqləşdirilmiş) iş materiallarına əlavə olunmuşdur.
7. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, vergi ödəyicisi kassa metodu ilə işləmişdir, qaimələr əsasında gəlir müəyyən edilə bilməz. Təqdim edilmiş bəyannamədə gəlir 251.912,58 manat göstərilmiş, xərci təsdiq edən sənəd olmadığına görə şərti rentabellik tətbiq edilmişdir. Vergi orqani isə gəliri 285.000 manat, xərci 1275 manat nəzərə almışdır. Bildirirəm ki, vergi orqanının xərc kimi nəzərə aldığı 1275 manat məbləğinda olan qaimə ləğv edilmişdir.
8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdivə bildirdi ki, vergi ödəyicisi xərci təsdiq edən heç bir sənədi vergi orqanına təqdim etməmişdir, eləcə də baza məlumatlarında da xərci təsdiq edən sənəd yoxdur. 285.000 (gəlir) – 1275 (xərc)=283.725x20%=56.745
İİ. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
11. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. İddia mümkündür.
İV. Məhkəmənin mövqeyi
14. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli Qərarı mübahisələndirilmişdir.
15. Mübahisənin yaranmasının səbəbi 2022-ci il vergi dövrü üzrə gəlir vergisinə münasibətdə vergi ödəyicisi (iddiaçı) İddiaçı gəlirlərinin və xərclərinin hesablanması ilə bağlıdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı münasibətdə 2022-ci il vergi dövrü üzrə gəlir vergisinin məbləğinin müəyyən edilməsi ilə əlaqədar olaraq həmin dövr üzrə gəlirlərin və xərclərin hesablanma qaydası ayrı-ayrılıqda qiymətləndirilməlidir.
16. Məhkəmə 2022-ci il vergi dövrü üzrə gəlir vergisi ilə bağlı İddiaçı gəlirlərinin hesablanılmasına münasibətdə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi vergi ödəyicisinin gəlirinin uçotunun aparılması qaydası ilə bağlıdır.
17. Belə ki, İddiaçı 2022-ci il üzrə gəlirlərini kassa metodu əsasında hesablayaraq məhz bank hesabına daxilolmaları nəzərə almış və 2022-ci il vergi dövrü üzrə dəqiqləşdirilmiş gəlir bəyannaməsində 251.912,58 manat gəlir bəyan etmişdir. Buna baxmayaraq cavabdeh vergi orqanı vergi ödəyicisinin (iddiaçının) gəlirlərini hesablama metodu əsasında bəyan etməli olduğu qənaətinə gəlmiş, vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaiməfakturaların ümumi məbləğinə əsasən vergi ödəyicisinin (iddiaçının) 2022-ci il üzrə gəlirlərini 286.652,36 manat hesablamışdır.
18. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 130. Gəlirin və xərcin uçotu qaydası 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. 130.3. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan gəlir bu Məcəllənin tələblərinə əməl etmək üçün zəruri düzəlişləri aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla hesablanmalıdır. 130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı həmin dövrdə topdansatış fəaliyyəti məşğul olan kiçik sahibkar olduğu üçün gəlirlərinin uçotunu hesablama metodu əsasında bəyan etməli idi.
20. Məhkəmə ilkin olaraq qeyd edir ki, kiçik sahibkarlıq subyektlərinin gəlirlərin (eləcə də xərclərin) uçotunu yalnız hesablama metodu ilə aparması qaydasını müəyyən edən imperativ norma 2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
21. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır: 1.50.1. 130.4-cü maddə aşağıdakı redaksiyada verilsin: “130.4. Mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə hesablama metodu ilə aparırlar.”; Maddə 2. Keçid müddəaları 2.3. Bu Qanunun 1.50.1-ci maddəsi orta və iri sahibkarlıq subyektlərinə münasibətdə 2022ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə münasibətdə isə 2023-cü il yanvarın 1dən qüvvəyə minir.
22. Məhkəmə nəzərə alır ki, hazırki iş üzrə vergi ödəyicisi (iddiaçı) İddiaçı 2022-ci il (müvafiq imperativ norma qüvvəyə minənədək olan) vergi dövrü üzrə hesablanmış gəlir vergisinin məbləği mübahisələndirilir. Odur ki, “kiçik sahibkarlıq subyektlərinin gəlirin uçotunu yalnız hesablama metodu ilə aparması” ilə bağlı imperativ norma 2023-cü il yanvarın 1-dən qüvvəyə mindiyi üçün 2022-ci il vergi dövrü üzrə gəlir vergisinin hesablanması zamanı tətbiq oluna bilməz. Belə olan təqdirdə İddiaçı məhz kiçik sahibkar olması səbəbi ilə 2022-ci il vergi dövrü üzrə gəlirinin uçotunu kassa metodu ilə aparması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilmir və həmin dövrdə kassa metodu ilə uçotun aparılması kiçik sahibkarın hüququdur.
23. Məhkəmə eyni zamanda müəyyən edir ki, vergi ödəyicisinin məhz topdansatış fəaliyyəti ilə məşğul olması ilə əlaqadar gəlir vergisi üzrə gəlirin (eləcə də xərcin) uçotunu kassa metodu ilə aparması ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.
25. Məhkəmə xüsusilə nəzərə alır ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və normanın vergi ödəyicisinin mənafeyinə zidd tətbiqi yolverilməzdir.
26. Məhkəmə qeyd edir ki, gəlir vergisi ödəyicisinin (hazırki iş üzrə İddiaçı) 2022-ci il vergi dövrü üzrə gəlirin (eləcə də, xərcin) uçotunu kassa metodu ilə aparması qanunla nəzərdə tutulmuş hüququdur və müvafiq hüququn tətbiqi ilə bağlı qanunuvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Odur ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin müvafiq hüququnun tətbiqindən imtina edilməsi yolverilməzdir.
27. Məhkəmə müəyyən edir ki, iş materiallarına əlavə olunmuş bank hesabından çıxarışa əsasən İddiaçı 2022-ci il üzrə bank hesabına daxilolmaların ümumi məbləği 251.912,58 manat təşkil edir. Odur ki, vergi ödəyicisi (iddiaçı) İddiaçı kassa metodundan istifadə edərək 2022-ci il vergi dövrü üzrə gəlirlərini 251.912,58 manat bəyan etməkdə haqlı olmuşdur.
28. Məhkəmə 2022-ci il vergi dövrü üzrə gəlir vergisi ilə bağlı İddiaçı xərclərinin hesablanılmasına münasibətdə müəyyən edir ki, mübahisənin yaranmasının səbəbi iddiaçının xərcini təsdiq edən sənədin mövcud olmaması ilə bağlıdır.
29. Məhkəmə müəyyən edir ki, İddiaçı xərci təsdiq edən sənədin olmamasını əsas götürərək 2022-ci il üzrə gəlir vergisi məbləğini hesablayarkən şərti rentabellik normasını tətbiq etmişdir.
30. Cavabdeh vergi orqanı 1.275 manat xərci əks etdirən elektron qaimə-fakturadan başqa vergi ödəyicisinin (iddiaçının) 2022-ci il üzrə xərcini təqdiq edən hər hansı sənədin baza məlumatlarında mövcud olmadığını, eləcə də vergi ödəyicisi tərəfindən xərci təsdiq edən hər hansı sənədin vergi orqanına təqdim edilmədiyini nəzərə almış, vergi ödəyicisinin 285.000 manat gəlirindən (vergi ödəyicisinin gəlirlərinin hesablanması qaydasına məhkəmə tərəfindən münasibət bildirilmişdir, bax: bənd 16-27) 1.275 manat xərcini çıxmış və 20% gəlir vergisi dərəcəsi tətbiq edərək 2022-ci il vergi dövrü üzrə 56.745 manat gəlir vergisi hesablamışdır.
31. Məhkəmə ilk növbədə müəyyən edir ki, 2022-ci il üzrə İddiaçı xərc sənədi kimi müəyyənləşdirilmiş 1275 manat məbləğində EBBQ143584 nömrəli elektron qaimə-faktura ləğv edilmişdir (EBBQ143584 nömrəli elektron qaimə fakturanın ləğv edilməsi barədə İnternet Vergi İdarəsindən çıxarış iş materiallarına əlavə olunmuşdur). Belə olan təqdirdə vergi ödəyicisinin (İddiaçı) 2022-ci il üzrə xərcini təsdiq edən hər hansı sənəd mövcud deyil.
32. Azərbaycan Respublikası Vergi Məcəlləsi (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiya): 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.
33. Məhkəmə nəzərə alır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən). Göründüyü kimi vergi ödəyicisinə münasibətdə gəlir vergisi vergi dövrü üzrə yaranmış gəlirlə xərc (gəlirdən çıxılan xərc) arasındakı fərqdən (mənfəətdən) hesablanır. Bu səbəbdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırkı iş üzrə vergi ödəyicisi İddiaçı (iddiaçı) 2022-ci il vergi dövrü üzrə gəlirdən çıxılmalı olan xərclərinin uçotunu aparmamışdır. Cavabdeh bu hala istinadən vergi ödəyicisinin (İddiaçı) gəlirini xalis mənfəət hesab etmişdir.
34. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi xərclərinin uçotunu aparmalı olsa da, vergi qanunvericiliyi uçotun aparılmadığı hallarda vergi orqanının hərəkətləri ilə bağlı məsələni də tənzimləmiş və Vergi Məcəlləsinin 67-ci maddəsində müvafiq qayda təsbit etmişdir. Belə ki, Məcəllənin 67.1-ci maddəsinə əsasən, kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə və vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, qanunverici inzibati orqana xərc sənədləri olmadığı hallarda verginin hesablanması qaydaları ilə bağlı imkanlar nəzərdə tutmuşdur ki, bu da vergi ödəyicisinin gəlirinin xərclər nəzərə alınmadan xalis mənfəət kimi qəbul olunması halını istisna edir.
35. Məhkəmə nəzərə alır ki, Vergi Məcəlləsinin 67-ci maddəsində kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.
36. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədiyi təqdirdə verginin hesablanması üçün nəzərdə tutulan imkanlardan istifadə etmək vergi orqanının hüququdur. Vergi ödəyicisi həmin maddənin müddəalarına uyğun özünə vergi hesablaya bilməz. Qeyd edildiyi kimi, vergi ödəyicisinin vəzifəsi gəlir və xərclərin düzgün uçotunun aparılmasıdır. Odur ki, iddiaçının şərti rentabellik norması tətbiq etməklə (vaxtilə qüvvədə olan Nazirlər Kabinetinin Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarına əsasən) gəlir vergisi hesablaması düzgün olmamışdır.
37. Bununla belə məhkəmə nəzərə alır ki, vergi ödəyicisi (iddiaçı) tərəfindən xərci təsdiq edən sənədlər təqdim edilməməsinə baxmayaraq cavabdeh vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlar əsasında verginin hesablanması ilə bağlı hər hansı inzibati araşdırma həyata keçirməmişdir (inzibati araşdırma aparılması barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir).
38. Məhkəmə xüsusilə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
39. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, yuxarıda qeyd edildiyi kimi, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada, cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Qeyd edildiyi kimi, məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
40. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsində qeyd olunan tələblərin nəzərə alınmaması (əlaqəli məlumatlar əsasında verginin hesablanması ilə bağlı hər hansı inzibati araşdırmanın aparılmaması) vergi orqanının vergi ödəyicisinin xeyrinə olan hüququn tətbiqindən imtina kimi qəbul edilməlidir. Müvafiq hal “İnzibati icraat haqqında” Qanunun məqsədləri baxımından yolverilməzdir (Bax: bənd 24).
41. Odur ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 49627/2024 nömrəli qərarın qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
42. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49627/2024 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva