Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2415/2025 19.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı və vəkilləri (nümayəndələri) Vəkil3, Vəkil2, Cavabdehin nümayəndələri Nümayəndə2 və X7 iştirakları ilə İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinə qarşı “əmrin ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-33- 51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində gecə saat 00:21 radələrində xəstə-1997-ci il təvəllüdlü X9 qarnın aşağı nahiyyəsində kəskin ağrıların olması səbəbilə X10 şöbəsinə müraciət etmişdir. Xəstənin təcili yardımda təcili yardım həkimi tərəfindən qəbulundan sonra onun KT nəticələrinə uyğun olaraq və o, həmin gün növbədə olduğundan mütəxəssis həkim kimi xəstənin müayinəsi üçün çağırılmışdır. Xəstəni müayinə etmiş, xəstənin müayinəsi zamanı vəziyyəti stabil, qarnı yumşaq, ağrısız olmuşdur. Xəstə qarnın aşağı nahiyəsində, sadəcə diskomfort hiss etdiyini qeyd etmişdir. Tərəfindən xəstəyə zəruri tibbi yardım və müdaxilə (ağrıkəsici iltihabəleyhinə və hemostatik müalicə təyin edilmişdir) edilərək, xəstəyə və qohumlarına onun qanama ehtimalı halında cərrahi müdaxilə zərurəti ilə əlaqədar müşahidə altında tutulmasını tövsiyə etmiş və xəstəni stasionara yatızdırmışdır. Beləliklə, gecədən səhərə xəstənin vəziyyəti yalnız yaxşılığa doğru getmiş, yəni hemodinamik stabilliyini qoruyub saxlamışdır. Səhər tezdən tərəfindən xəstəyə müvafiq qanın ümumi analizi və ultrasəs müayinəsi təyin edilmişdir. Analiz nəticəsinə əsasən qanda hemoqlobinin 10.9 olması barədə, saat 08:21də şöbə rəisi olan mama-ginekoloq Təranə Bayramovaya zəng etmiş və xəstə haqqında ətraflı məlumatları vermişdir. Xəstənin qanında hemoqlobinin səviyyəsinin çox aşağı düşmədiyi haqqında və dinamik yoxlanış üçün xəstəyə USM təyin edilməsini, sonradan isə aralarında təkrar müzakirə edəcəyinə dair T.Bayramova ilə birgə qərar vermişdir. Saat 8:55 də xəstəyə USM edilmiş və USM zamanı xəstə hemodinamik stabil olmuş, xəstədə kəskin qarın izlənilməmişdir və USM zamanı xəstənin kiçik çanağında hemoragik mayenin artmadığını izlənilmişdir. Bu haqda T.Bayramovaya təkrar canlı məruzə edilmiş və xəstənin adi gözləmə rejimdə konservativ müalicə taktikasına davam etdirilməsi və təqibdə saxlanılmasına qərar verilmişdir. Bu qərardan sonra xəstəyə yüngül yemək yeyə biləcəyini söylənilmişdir. Baş həkim B.Musayev xəstənin T.Bayramova tərəfindən birbaşa müayinə olunmasını istəmişdir. Müayinəyə xəstə sərbəst şəkildə ayaqüstə gəzərək gəlmiş və T.Bayramovanın otağında daxil olmuşdur. Xəstəyə onun iştirakı ilə T. Bayramova tərəfindən USM müayinə edilmişdir. Müayinə zamanı eynilə xəstə hemodinamik stabil, qarın boşluğu yumşaq və ağrısız olmuşdur. USM müayinəsində çanaqda hemorajik mayenin olması və xəstənin xx.xx.2024-cü il tarixinədək xəstəxanada təqib altında qalması məsləhət görülmüşdür. Müalicəyə əlavə 2000 ml mayə köçürülməsi və antibiotikoterpaiya başlanılması məsləhət görülmüşdür. Xəstənin ümumi vəziyyətinin hemodinamik stabil, qan göstəricilərinin daxili qanaxmanın artmasının əleyhinə olmasının, kəskin qarın olmaması, USM müayinəsində çanaqda hemorajik mayenin artmadığını nəzərə alaraq xəstənin adi rejimdə konservativ müalicə ilə təqib olunması uyğun görülmüşdür. Lakin saat 09:49 da T.Bayramova ona zəng edərək telefonda xəstəni əməliyyat edəcəyini və əməliyyatı onsuz, baş həkim B.Musayevlə birgə icra edəcəyini bildirmişdir. Lakin sonra məlum olmuşdur ki, T. Bayramova həmin əməliyyatı rezidenturanı 4 il öncə bitirmiş assistenti, Leyla Qaçayli ilə birgə icra etməyi planlaşdırıbmış. O, təəccüb içərisində hansı səbəbə görə əməliyyatı ixtisaslı həkimlə deyil, assisenti ilə icra etməyə üstünlük verdiyini soruşduqda isə T.Bayramova ona rişxəndlə bildirmişdir ki, “çünki, o səndən daha təcrübəlidir”, həmçinin sözünün davamı olaraq əlavə etmişdir ki, “çox yaxın zamanda baş həkimlə razılaşdırıb sənin yerinə həmin assisenti işə götürəcəyik.”. Sonra T. Bayramova onun iştirakı ilə xəstənin olduğu palataya daxil olaraq xəstəyə xx.xx.2024-cü il tarixində xəstəxanada olmayacağını və bu xəstəxanada xəstə üçün zəruri olan əməliyyatı ondan başqa icra edə biləcək bir həkimin olmadığını bildirərək xəstədən təcili qərar verməsini tələb etmişdir. Beləliklə, xəstənin əməliyyata qərar verməsindən sonra xəstə onun adından T.Bayramovanın adına köçürülmüş və saat 13:15 xəstəyə T.Bayramovanın nəzərdə tutduğu əməliyyat icra olunmuşdur. Xəstə A.Qəzənfərli əməliyyata daxil olarkən qanında olan hemoqlobin səviyyəsi 10.6 olmuşdur. Əməliyyat göstərişi verildiyindən artıq onun müalicə təyinatları öz qüvvəsini itirmiş olmuşdur. 28 iyun 2024-cü il tarixində saat 10:00 dan sonra xəstəlik tarixçəsində ve Akgun proqramında yazılan bütün anamnez, epikriz, əməliyyat protokolu, R 10.2; R 58 və R 50.0 diaqnozları şöbə müdiri T.Bayramova tərəfindən qoyulmuş və yazılan diaqnoz, qərar və müalicələrdir. Xəstənin təhlil nəticələri daxil olmaqla verdiyi müalicə qərarı, müalicə qərarını düzgün hesab etməyən Tibbi Şuranın üzvlərinin ixtisasını, onların neçə illərdir ki, birbaşa cərrahi müdaxilədə iştirak etmədiklərini, seçmiş olduğu müalicənin nəticələrinin düzgün olmasına dair lehinə və əleyhinə səs vermiş komissiya üzvlərinin ixtisaslarına və peşakarlıq dərəcəsinə, həmçinin, başqa xəstəxanadan dəvət edilmiş ekspertin son 20 il ərzində ümumiyyətlə əməliyyatlarda yer almadığı kimi halları nəzərə alaraq yenidən araşdırılması zəruridir. Vermiş olduğu qərarda həm tibb ədəbiyyatı, həm də yerli və xarici peşəkar uzman mütəxəssislərdən müvafiq məsləhət və təsdiqləmələr alaraq bu müalicə taktikasının düzgünlüyünə əmindir. Lakin, bununla belə iş yerində onunla əlaqədar qərəzli hərəkətlər hər gün yeni maraqlı məzmun almaqdadır. Barəsində baş verən bu hərəkətlər əslində özü bir daha ona sübutdur ki, o, töhmət əmrinə layiq olası hər hansı bir davaranışa yol verməmişdir. Hadisələrin cərəyan etmə axınına və məzmununa baxdıqda asanlıqla görmək mümkündür ki, iş yerinin rəhbərliyi ona qarşı sırf qərəz nümayiş etdirən hərəkətlərə yol verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan iddiaya etirazında bildirilmişdir ki, 1997-ci il təvəllüdlü X9 2024-cü ilin iyun ayının 27-dən 28-nə keçən gecə qarında kəskin ağrılar, sidiyə gedərkən bu ağrıların artması şikayəti ilə X11 Yardım şöbəsinə müraciət etmiş və müayinə olunaraq xəstəyə lazımi ilkin müayinələr aparılmışdır. Həmin gecə saat 01:15-də KT-nin cavabında sağ yumurtalıq lojasından başlayaraq çanaq boşluğunu dolduran qanlı maye toplantısı aşkar edilmiş və ginekoloq müayinəsi məsləhət görülmüşdür. Həmin vaxt növbədə olan İddiaçı dəvət olunmuş, Mehriban xanım xəstəyə konservativ müalicə təyin etmiş, xəstəyə ağrıkəsicilər və 200 ml natrium-xlor vurulmuşdur. Nəticələr nəzərə alınaraq xəstə müşahidə və konservativ müalicə məqsədi ilə hospitalizasiya olunub və səhəri gün xəstənin evə yazılması qərarını vermişdir. Səhəri gün yəni, iyun ayının 28-i baş həkim hər səhər olduğu kimi xəstələrə ümumi baxış keçirən zaman pasiyent Aytac Qəzənfərlinin səhər saatlarında yemək yediyini görmüş, onunla maraqlandıqdan sonra məlum olmuşdur ki, həkimi İddiaçıdır. Xəstə sorğu-sual zamanı səhər yeməyini yedikdən sonra evə yazıldığını bildirmişdir. Baş həkim xəstənin palatasında olan KT cavabına baxır və xəstəyə heç bir şey bildirmədən palatanı tərk edir. Daha sonra Mehriban xanıma telefon vasitəsi ilə zəng edərək soruşub ki, necə ola bilər ki, xəstənin çanağı qanla doludur və evə buraxırsınız? Daha sonra Baş həkim göstəriş vermişdir ki, xəstə şöbə rəisi Təranə Bayramova tərəfindən yenidən müayinə olunsun. Təranə Bayramova tərəfindən xəstə yenidən müayinə olunub və saat 09:55-də xəstənin fiziki müayinəsində palpasiya zamanı qarnın ön divarında ciddi qarın əzələlərinin gərilməsi müşahidə olunmuşdur. Qarnı çox sərt olub. Xanım bakirə olduğu üçün güzgü ilə müayinə oluna bilinməyibdir . USM olunub və çanağın maye ilə dolu olduğu və sağ tərəfdə 6-7 sm-lik hiperepoik kütlə, yəni hematoma olduğu görünmüşdür. Xəstənin qarın boşluğundakı maye özü-özlüyündə qərar vermək üçün əsas olmuşdur ki, Təranə Bayramova tərəfindən əməliyyata alınmışdır. Çünki belə olan halda hematoma öz-özünə çəkilə bilməzdi. Əməliyyat zamanı 30 dəqiqə ərzində qanama dayandırılmış, əməliyyat sonrası hemoqlobin 10.2 olaraq ölçülmüş, xəstənin vəziyyəti stabil olmuşdur. Əməliyyat sonrası xəstə 2 gün nəzarətdə saxlanılaraq evə buraxılmışdır. Bu müddət ərzində İddiaçı xəstə ilə maraqlanmamış, əməliyyatda öz yerinə rezidentinin iştirak etməsini təklif etmişdir. Bu hal üzərindən keçməli olan hal kimi qiymətləndirilməmiş, çünki xəstə evə bu vəziyyətdə getsə idi, halı pisləşə bilər, kollaps və s. kimi hallar baş verə bilərdi. Bu müzakirə bir kliniki halın müzakirəsi olaraq xx.xx.2024cü il tarixdə Tibbi şura çağırılmış, ATU-nun İ mama-ginekologiya kafedrasının müdiri, t.e.d., professor Elmira Əliyeva ekspert kimi dəvət olunmuşdur. X15 Şurada əməliyyatın videogörüntüsünə baxdıqdan sonra hematomanın böyük olduğunu bildirmiş, diaqnozun düzgün qoyulduğunu, lakin gecə ilə laporoskopik əməliyyat aparılmalı olduğunu bildirmişdir. O, bir ekspert kimi bildirmişdir ki, belə olan halda Xəstə şoka düşmə ehtimalı yüksəkdir. Bütün olanlardan sonra Mehriban xanım daha da aqressiv hərəkətlər etməyə başladı, baş həkimin ona cinayətkar və savadsız dediyini, şöbə rəisi Təranə Bayramovanın onun yerinə başqa həkim gətirəcəyini, rezidenti həkim kimi işə götürəcəyini bildirməyə başlamışdır. Bu kimi bəhanələr ilə o hətta Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin də qəbuluna getmişdir. Lakin bunlar şər və böhtandan başqa birşey deyildir. Bu hərəkətləri ilə o, etdiyi səhvi ört basdır etməklə başqa istiqamətə yönəltmək məqsədi daşıyırdı. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinə hər hansı bir işçi İdarənin rəisi və ya baş həkimi tərəfindən deyil, Komitə sədri tərəfindən işə qəbul edilir. Yuxarıda qeyd edilən əsaslara görə hesab edirik ki, iddia tamamilə əsassızdır və iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin təsdiq edilməsi haqqında № 3-33/3-2- 000001/2023, 3 noyabr 2023-cü il tarixli Kollegiya qərarının 6-cı maddəsini (Dürüstlük) və həmin qərarın 9-cu maddəsini (Mədəni Davranış), 12.1 maddəsini (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) və 21.1-ci maddəsinin (Gömrük orqanı əməkdaşları ilə münasibətlərin xüsusiyyətləri) müddəalarını kobud şəkildə pozmuşdur. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2023-cü il 8 dekabr tarixli 3- 33/3-2000325/2023 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarının nümunəvi daxili intizam Qaydaları"nın 6.2.1-ci maddəsini də pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Tibbi Xidmət İdarəsinin rəisi tərəfindən İddiaçı xidməti vəzifəsinin icrası zamanı ciddi nöqsana yol verdiyinə görə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Həmin Əmr verildiyi tarixdən X8 şöbəsi əməkdaşları tərəfindən əmrlə tanış olması üçün dəfələrlə çağırılmağına baxmayaraq İddiaçı müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməmiş və əmrlə tanış olmaqdan yayınmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddiaya etiraz edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/143Ş nömrəli xx.xx.2024-cü il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı tibb xidməi baş leytenantı növbəti xüsusi rütbəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalının xx.xx.2024-cü il tarixli 09 nömrəli protokoldan çıxarışından görünür ki, Tibb Xidmət İdarəsinin rəisindən baş vermiş kliniki halla bağlı Tibbi Şuranın gəldiyi qənaətə, həmçinin qanunvericliyə uyğun şəkildə tədbir görülməsi xahiş edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova ünvanlanmış Tibb Xidməti İdarəsinin əməkdaşları tərəfindən “Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin qaydalarına əməl edilməsinə nəzarətin təşkili üzrə məsul şəxs Nümayəndə2 xx.xx.2024-cü il tarixli raportunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Mərkəzi Hospitalın Mama-ginekologiya şöbəsinin həkim-ginekoloqu İddiaçı ərizə ilə müraciət edərək, Hospitalın baş həkimi Bəxtiyar Musayev və Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova tərəfindən ona qarşı qeyri-etik davranılması barədə məlumat vermişdir. İddiaçı ərizəsi ilə bağlı aparılmış araşdırma nəticəsində həmin şəxsin şikayətində qeyd etdiyi bəzi qeydlərin ikisinin videogörüntüsünə baxış keçirilmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərilən xüsusatlar və mülahizələr öz əksini tapmamışdır. Belə ki, Hospitalın baş həkimi Bəxtiyar Musayev və Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova tərəfindən ona qarşı heç bir qərəzli hərəkət, sayğısızlıq, hörmətsizlik, şər və ləyaqətə toxunacaq təhqir edici ifadələr işlədilməmişdir. İddiaçı arqumentsiz ərizəsi onun həkim fəaliyyəti zamanı tibbi səhvə yol vermə hadisəsini yayındırmağa və böhtan xarakteri daşıyır. Beləliklə, Mama-ginekologiya şöbəsinin həkimginekoloqu İddiaçı “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 18.1-ci bəndinin tələblərinə əməl etməyərək həmkarları ilə münasibətdə qeyri-etik münasibət yaratmışdır. Xahiş edirəm yuxarıda qeyd olunanları nəzərə alasınız.”. İş materiallarına əlavə edilmiş DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi/Baş həkim Bəxtiyar Musayev tərəfindən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi cənab Ceyhun Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportda qeyd edilmişdir ki, “xx.xx.2024 tarixində stasionar qəbulda yatırılan xəstələrin bir qayda olaraq aparılan baxış zamanı, mama-ginekologiya şöbəsində 1997-ci il təvəllüdlü X9 adlı pasiyentin olduğu palataya vizit olundu. Vizit əsnasında xəstənin tam abdominal KT müayinəsindən “Uterusun ölçüsü yaşa uyğundur. Sağ over lojasından başlayaraq çanaq boşluğundan diafraqmaya qədər hematom toplantısı aşkar edilir.” yazılmış nəticəsi ilə tanış oldum. Buna baxmayaraq pasiyent səhər yeməyi ilə qidalanırdı və müalicə həkimi İddiaçı qərarı ilə bu saatlarda evə yazılacağını bildirdi. Qeyd edim ki, sözügedən pasiyent xx.xx.2024 –cü il saat 00:21 tarixdə qarın sağ nahiyəsində ağrıların və sidik ifrazı zamanı kəskin sancıların olması şikayətləri ilə X10 şöbəsinə müraciət etmiş və şöbənin həkimi Nərgiz Kərimova tərəfindən müayinə edilmişdir. Təcili yardım şöbəsinin həkiminin göstərişi ilə tam abdominal KT, qanın, sidiyin ümumi analizi və CRP tədqiqləri olunması uyğun görülmüşdür. Növbədə olan mama-ginekoloq İddiaçı xəstəyə baxışı olmuş və saat 02:10da xəstə hospitalizasiya edilmişdir. Həmin vaxtdan səhər vizitimə qədər xəstəyə 2 dəfə (saat 02:00 və 08:00-da) ağrıkəsici və hemostatik preparatlar təyin olunmuşdur. Müayinə nəticələri və təyinatlarla yaxından tanış olduqdan sonra saat 09:29 radələrində tərəfimdən Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramovaya zəng edilərək xəstənin bir daha müayinə olunması tapşırığı verilmişdir. Təranə Bayramova xəstəni müayinə etdikdən sonra, “Sağ yumurtalıq kistinin apopleksiyası. Daxili qanaxma.” diaqnozu qoymuş və təcili cərrahi müdaxiləyə uyğun olmuşdur. Anestezioloqun baxışı və əməliyyatotənin hazırlanmasından sonra xəstəyə “Laparoskopik sağ tərəfli kistektomiya. Qarın boşluğunun sanasiyası.” əməliyyatı icra olunmuşdur. Əməliyyat zamanı kiçik çanaq, sağ lateral kanal və qaraciyəraltı nahiyyədə duru və laxta şəkilli 600-800 ml-ə yaxın qan qatı aşkar edilmiş, sağ yumurtalığı əhatə edən 6x7 sm-lik qan laxtası, kist hesabına 7 sm-ə qədər böyümüş sağ yumurtalıq üzərində aktiv qanayan damar aşkar edilərək qanama dayandırılmış, hemorragik maye aspirasiya edilmiş, qarın boşluğu sanasiya edilərək drenajlandırılmışdır. Qeyd olunanlara əsasən, həkim İddiaçı tərəfindən xəstəyə təcili cərrahi müdaxilənin təklif edilməsini, eyni zamanda pasiyenti stasionar müşahidədən çıxararaq evə yazmağa cəhd edilməsini olaraq qiymətləndirir və bununla bağlı müvafiq tədbir görülməyini Sizdən xahiş edirəm.”. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-33-51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrinə əsasən xidməti vəzifəsinin icrası zamanı ciddi nöqsanlara yol verdiyinə görə Mama-ginekoloji şöbənin həkim-ginekoloqu İddiaçı Azərbaycan Resöublikası “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalın rəisi-baş həkim B.Musayevin xx.xx.2024-cü il tarixli raportu və xx.xx.2024-cü il tarixli Tibbi Şurasının toplantısının qərarına əsasən Mama-ginekoloji şöbənin həkim-ginekoloqu İddiaçı Hospitalda müalicə almış X2 müayinə, müalicə və əməliyyat taktikasında həkim səhvinə yol verildiyi məlum olmuşdur. Belə ki, İddiaçı xəstə barəsində şöbə rəisinə vaxtında dolğun məlumat verməmiş, təcili cərrahi müdaxilə tələb olunduğuna baxmayaraq düzgün olmayan konservativ müalicə taktikası seçmiş və heç kimlə razılaşmadan xəstənin evə buraxılması qərarını vermişdir. Eyni zamanda, Tibb Xidmət İdarəsi əməkdaşları tərəfindən “Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin qaydalarına əməl edilməsinə nəzarətin təşkili üzrə məsul şəxs Nümayəndə2 xx.xx.2024cü il tarixli raportuna əsasən məlum olmuşdur ki, mama-ginekoloji şöbənin həkimginekoloqu İddiaçı şikayət ərizəsi ilə Tibbi Xidmət İdarəsinin rəisinə müraciət edərək Hospitalın baş həkimi Bəxtiyar Musayev və mama-ginekoloji şöbənin rəisi Təranə Bayramova tərəfəindən ona qarşı şəxsi-qərəzli davnarılması, davamlı təhqir, hədələnərək təhdid olunması, kollektivin və pasiyentlərin qarşısında nüfuzuna xəlil gətirilməsini bildirmişdir. İddiaçı ərizəsi ilə əlaqədar araşdırma aparılmış, izahatlar alınmış və şikayətdə qeyd etdiyi beşdəqiqəlik iclasın videogörüntüsünə baxış keçirilmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində göstərilən xüsusatlar və mühakimələr öz əksini tapmamış, Hospitalın baş həkimi Bəxtiyar Musayev və mama-ginekoloji şöbənin rəisi Təranə Bayramova tərəfindən ona qarşı heç bir qərəzli hərəkət, şəxsiyyətinə hörmətsizlik, şərəf və ləyaqətinə toxunacaq təhqiredici ifadələr işlədilməmişdir. İddiaçı arqumentsiz ərizəsi onun həkim fəaliyyəti zamanı tibbi səhvə yol vermə hadisəsini yayındırmaq və böhtan xarakteri daşımışdır. Beləliklə, mam-ginekoloji şöbənin həkim ginekoloqu İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsinin və “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 12 və 18.1-ci bəndlərinə əməl etməyərək öz xidməti fəaliyyətini peşəkarlıqla yerinə yetirməmiş, habelə həmkarları ilə münaqişəli və qərəzli münasibət yaratmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2415/2025 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı doğum evi) müvafiq həkim mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir. Ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Təqdim olunmuş klinik və laborator müayinə nəticələrinin göstəricilərinə əsasən xx.xx.1997-ci il təvəllüdlü X9 barəsində xx.xx.2024-cü il tarixinə diaqnozu nə olmuşdur?
2. Xəstənin diaqnozu, klinik və laborator müayinə nəticələrinin göstəriciləri nəzərə alınmaqla həmin tarixə xəstənin təcili cərrahi əməliyyata alınmasına tibbi göstərişlər var idimi və təcili cərrahi müdaxilə zəruri idimi?
3. Təcili cərrahi müdaxilə olunmaması xəstənin sağlamlıq vəziyyətində hansı mənfi nəticələrə və fəsadlara gətirib çıxara bilərdi?
4. Təcili cərrahi müdaxilə olunmadan, həmin dəyərlərdə X1 müalicə taktikasının tətbiq edilməsi xəstənin həyati və sağlamlıq vəziyyəti üçün təhlükə yaradardımı və xəstənin konservativ müalicə taktikası üsulu ilə sağalmaq imkanı var idimi? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertlərin səlahiyyətinə (sərəncamına) buraxılsın. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 54/KEŞ nömrəli xx.xx.2025-ci il tarixli rəyində aşğıdakılar bildiirilmişdir: “ 1.X9 xx.xx.2024-cü il tarixdə, saat 0021-də “Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi'nə “Yumurtalığın hemorragik kisti. Yumurtalıq kistinin apopleksiyası. Daxili qanaxma. Çanaqda ağrı. Anemiya İ dərəcə (posthemorragik)” diaqnozu ilə Təcili yardım şöbəsinin ginekologiya şöbəsinə müraciət etmişdir. Xəstəyə kliniki, laborator və instrumental müayinələr aparıldıqdan sonra diaqnoz öz təsdiqini tapmışdır. Növbətçi mama-ginekoloqun qərarına və müayinə nəticələrinə əsasən xəstə nəzarət məqsədilə hospitalizasiya edilmişdir. 2.X6 təyin edilmiş diaqnozu, klinik vəziyyətini və laborator müayinə nəticələrini nəzərə alaraq, ona cərrahiyyə əməliyyatına tibbi göstərişlərin olub-olmamasının müəyyən edilməsi üçün dinamik nəzarətin təşkil olunması daha məqsədəmüvafiq hesab edilir. Növbətçi həkim tərəfindən müasir klinik protokolun tələblərinə əsasən, ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir. Uzunmüddətli dinamik nəzarətdən sonra xəstəyə “Yumurtalıq kistinin laparoskopik çıxarılması” cərrahiyyə əməliyyatı icra edilmişdir. 3.X6 cərrahi müdaxilə təyin edilmiş və mövcud patoloji hal operativ yolla aradan qaldırılmışdır. 4.X3 mövcud olan patologiya ilə əlaqədar ona konservativ müalicələrin aparılması mümkündür, lakin cərrahiyyə əməliyyatına tibbi göstəriş olduğu halda əməliyyat təxirə salınmadan yerinə yetirilməlidir. Təcili cərrahi müdaxilə olunmadan, həmin dəyərlərdə X1 müalicə taktikasının tətbiq edilməsi xəstənin həyati və sağlamlıq vəziyyəti üçün təhlükə yaradıb-yaratmaması, eləcə də xəstənin konservativ müalicə taktikası üsulu ilə sağalmaq imkanı barədə əvvəlcədən proqnoz vermək mümkün deyil.” Baki İnzibati Məhkəməsinin e-2-1(112)-2415/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunun (6 saylı doğum evi) müvafiq həkim mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə (ilkin ekspertizada iştirak edən üzvlər) həvalə edilmiş, ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuçdur:
1. Təqdim olunmuş xx.xx.1997-ci il təvəllüdlü X4 xəstəlik tarixçəsində diaqnozu, klinik və laborator müayinə nəticələrinin göstəriciləri nəzərə alınmaqla xəstənin xx.xx.2024-cü il tarixində təcili cərrahi əməliyyata alınmasına kəskin tibbi göstərişlər nələrdən ibarət olmuşdur? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertlərin səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 1742 nömrəli xx.xx.2025-ci il tarixli məktubu əsasında təqdim edilmiş 257/KEŞ saylı məhkəmə tibbi ekspert rəyinə əsasən “1997-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası nəticəyə gəlmişdir ki, X6 təyin edilmiş diaqnozu, klinik vəziyyətini və laborator müayinə nəticələrini nəzərə alaraq, ona cərrahiyyə əməliyyatına tibbi göstərişlərin olub-olmamasının müəyyən edilməsi üçün dinamik nəzarətin təşkil olunması daha məqsədə müvafiq hesab edilmiş və xx.xx.2024-cü il tarixdə onun üzərində təcili təxirəsalınmaz cərrahiyyə əməliyyatının aparılmasına göstəriş olmamışdır. Növbətçi həkim tərəfindən müasir klinik protokolun tələblərinə əsasən, ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir. Dinamik nəzarətdən sonra xəstəyə "Yumurtalıq kistinin laparoskopik çıxarılması" cərrahiyyə əməliyyatı icra edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarından görünür ki, iddiaçı mübahisləndirilən xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdə tanış olaraq imza etmiş, iddia ərizəsi ilə məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etməklə 30 günlük iddia müdətini ötürməmişdr. İddia mümkünlük şərtlərinə cavab verir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “İnzibati icarat haqqında” Qanunun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər; -186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır; -188.1-ci maddəsinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər; Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin: - 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür; - 9-cu maddəsinə əsasən gömrük orqanlarında xidmət qanunçuluq, humanizm, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etik davranış qaydalarına riayət, xidmət fəaliyyətinin nəticələrinə və ixtisasına görə xidməti irəliləyiş prinsipləri əsasında təşkil edilir; - 44-cü maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur: - Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət edilməsini təmin etmək; - fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək; - gömrük orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamlarını yerinə yetirmək; - xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq; - gömrük orqanlarında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarını gözləmək, vəzifə təlimatlarını yerinə yetirmək; - dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq; - 64-cü maddəsinə əsasən gömrük orqanlarında xidməti intizam gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir; - 69-cu maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsi Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 1) irad; 2) töhmət; 3) sonuncu xəbərdarlıqla şiddətli töhmət; 4) aşağı vəzifəyə keçirilmə; 5) xüsusi rütbənin bir pillə aşağı salınması; 6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir); 7) gömrük orqanlarından xaric etmə; 8) qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə gömrük orqanlarından xaric etmə. - 71-ci maddəsinə əsasən intizam tənbehi verilərkən gömrük orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, gömrük orqanının vəzifəli şəxsindən yazılı izahatın tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir; - 74-cü maddəsinə əsasən intizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə, tənbeh verilmiş gömrük orqanının vəzifəli şəxsinə elan olunur və bu barədə ona imza etdirilir; - 76-ci maddəsinə əsasən intizam tənbehi tətbiq edilmiş gömrük orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər. -77-ci maddəsinə əsasən həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur. Birbaşa rəislər gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin: - 1.1-ci bəndinə əsasən Kodeks Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin) 53.9-cu maddəsinə və “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-İİİQ nömrəli Qanununun 21.2.8-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Aparatında və strukturuna daxil olan gömrük orqanları və qurumlarında xidmət keçən xüsusi rütbəli vəzifəli şəxslərə, habelə gömrük orqanlarında xüsusi rütbə nəzərdə tutulmayan vəzifələrdə çalışan əməkdaşlara şamil edilir; - 12.1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşı öz xidməti fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıqla yerinə yetirməyə borcludur. - 12.4-cü bəndinə əsasən gömrük orqanı əməkdaşı xidməti vəzifələrinin icrası ilə bağlı Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, digər qanunvericilik aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalıdır; - 18.1-ci bəndinə əsasən gömrük orqanı əməkdaşı həmkarlar ittifaqları istisna olmaqla heç bir seçkili və ya digər təyinatlı vəzifə tuta, siyasi fəaliyyətlə məşğul ola bilməz; - 34.2-ci bəndinə əsasən gömrük orqanı əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İşin hallarından müəyyən olunur ki, Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin xx.xx.2024-cü il tarixli 3-33-51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmrinə əsasən xidməti vəzifəsinin icrası zamanı ciddi nöqsanlara yol verdiyinə görə Mama-ginekoloji şöbənin həkim-ginekoloqu İddiaçı Azərbaycan Resöublikası “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 2-ci bəndinə əsasən töhmət elan edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisələndirilən əmrdən görünür ki, iddiaçı barəsində inzibati tənbeh tətbiq edilmənin 2 (iki) faktiki əsası və buna müvafiq 3 (üç) hüquqi əsası olmuşdur. Mübahisələndirilən faktiki əsaslara iddiaçının çalışdığı müvafiq tibb müəssisəsinə müraciət etmiş X6 münasibətdə həkim səhvinə yol verilməsi və iddiaçının digər vəzifəli şəxslərlə davranışında böhtan xarakterli ifadələrə yol verməsi göstərilmişdir. Belə ki, əmrə əsasən Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsinin Mərkəzi Hospitalın rəisi-baş həkim B.Musayevin xx.xx.2024-cü il tarixli raportu və xx.xx.2024-cü il tarixli Tibbi Şurasının toplantısının qərarına əsasən Mama-ginekoloji şöbənin həkimginekoloqu İddiaçı Hospitalda müalicə almış X2 müayinə, müalicə və əməliyyat taktikasında həkim səhvinə yol verildiyi məlum olmuşdur. Belə ki, İddiaçı xəstə barəsində şöbə rəisinə vaxtında dolğun məlumat verməmiş, təcili cərrahi müdaxilə tələb olunduğuna baxmayaraq düzgün olmayan konservativ müalicə taktikası seçmiş və heç kimlə razılaşmadan xəstənin evə buraxılması qərarını vermişdir. İlkin faktiki əsasın yoxlanılması ilə bağlı iş üzrə məhkəmə tərəfindən ilkin və əlavə ekspertizalar təyin edilmiş və keçirilmişdir. Aparılmış ekspertizaların nəticəsinə müvafiq olaraq verilmiş rəylərdən görünür ki, “X9 barəsində iddiaçı tərəfindən müasir klinik protokolun tələblərinə əsasən, ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir. X6 təyin edilmiş diaqnoz, klinik vəziyyət və laborator müayinə nəticələri nəzərə alınaraq, ona cərrahiyyə əməliyyata tibbi göstərişlərin olub-olmamasının müəyyən edilməsi üçün dinamik nəzarətin təşkil olunması daha məqsədə müvafiq hesab edilmiş və xx.xx.2024-cü il tarixdə onun üzərində təcili təxirəsalınmaz cərrahiyyə əməliyyatının aparılmasına göstəriş olmamışdır. Növbətçi həkim, yəni iddiaçı tərəfindən müasir klinik protokolun tələblərinə əsasən, ilkin mərhələdə dinamik nəzarət (konservativ) taktikası düzgün seçilmişdir.”. Lakin mübahisələndirilən əmrdə cavabdeh inzibati orqan təcili cərrahi müdaxilə tələb olunmasını və iddiaçının düzgün olmayan konservativ müalicə taktikası seçməsini rəhbər tutmuşdur. Halbuki, ekspert rəyləri ilə bu hal tam şəkildə təkzib edilir. Belə ki, konservativ müalicə metodu xəstəliklərin və ya travmaların cərrahi müdaxilə olmadan müalicə edilməsinə yönəlmiş yanaşmadır. Bu metodda əsas məqsəd orqanizmin özünütənzimləmə və sağalma qabiliyyətindən istifadə etməkdir. İş materiallarından da görünür ki, iddiaçı tərəfindən təcili cərrahi müdaxiləyə ehtiyac olmaması əsas götürülərək müvafiq tibbi prosedur həyata keçirilmişdir. Qeyd edilən məsələ barədə iddiaçı tərəfindən onun barəsində aparılan intizam icraatı zamanı da cavabdeh inzibati orqana zəruri məlumat və əsaslandırmalar təqdim edilsə də, inzibati orqan araşdırmanı hərtərəfli, obyektiv və tam aparmamış, həmin halları yoxlamımışdır. Bu əsasdan məhkəmə hesab edir ki, mübahisləndirilən əmrin verilməsinə əsas olan faktiki əsas mövcud olmamışdır. Digər tərəfdən, əmrdə qeyd edilən iddiaçı tərəfindən xəstə barədə məlumatın təqdim edilməməsi isə bağlı məhkəmə qeyd edir ki, DGK Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi/Baş həkim Bəxtiyar Musayev tərəfindən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi cənab Ceyhun Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportda göstərilmişdir ki, xəstə iddiaçı tərəfindən hospitalizasiya edildiyi tarixdən (02:00- 08:00 saatları arasında) ona ağrıkəsici və hemostatik preparatlar təyin edilmiş, 09:29-da isə Hospitalın rəisi tərəfindən şöbə rəisi Təranə Bayramovaya zəng vurularaq xəstənin yenidən müayinə edilməsi tapşırığı verilmişdir. Göründüyü kimi, xəstə barədə məlumatlar cavabdeh inzibati orqanın səlahiyyətli şəxslərində olmuşdur. Məhkəmə bu halda xüsusi olaraq nəzərə alır ki, iddiaçı tərəfindən müalicə metodunun seçilməsi zamanı yanlışlığa yol verilmədiyindən xəstədə sonrakı dəyişikliklərin baş verməsi və ya başqa tibb mütəxəssisləri tərəfindən digər müalicə metodlarının seçilməsi iddiaçının məsuliyət daşımasına əsas təşkil edə bilməz. Digər faktiki hal ilə bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ictimai davranışında qeyri-etik hərəkətlərə yol verməsi və ya digər şəxslərə böhtan atması ilə bağlı hər hansı sübut və ya dəlil məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında mövcud deyildir. Qeyd edilən səbəbdən məhkəmə həmin halın mövcudluğu ilə bağlı hər hansı sübutun olmamasından irəli gələrək bu qənaətə gəlir ki, əmrin verilməsinə əsas olmuş həmin faktiki hal da mövcud deyildir və ya bu barədə mötəbər sübutlar iş materialları ilə təsdiq edilmir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bu səbəbdən məhkəmə faktiki hallarla bağlı yekun olaraq bu qənaətə gəlir ki, əmrin verilməsinə əsas olmuş hər iki faktiki hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, inzibati orqan isə onların mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsi üçün hüquqi əsas kimi isə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsini və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2-000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 12 və 18.1-ci bəndlərini qeyd etmişdir. Halbuki həmin hüquqi əsasların tətbiq edilməsi üçün müvafiq normaların dispozisiya şərtləri tam şəkildə ödənilməli və yalnız bundan sonra həmin hüquq normaları əsasında iddiaçıya münasibətdə əlverişsiz inzibati aktın qəbul edilməsi mümkün ola bilərdi. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 64-cü maddəsini pozulması üçün iddiaçı tərəfindən ona həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl etməkdən kənar hər hansı hərəkət və ya hərəkətszilyini sübut edən konkret faktlar olmalı, cavabdeh inzibati orqan bunun əsasında müvafiq inzibati akt qəbul etməli idi. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən öz xidməti fəaliyyətini həyata keçirən zaman konkret halda qeyd edilən vəzifələrin icrasını istisna edən hər hansı əmələ yol verilməmişdir. Mübahisələndirilən inzibati aktın faktiki halların yoxlanılması ilə bağlı məhkəmənin gəldiyi nəticədən dolayı qeyd edilən hüquqi əsasın tətbiqi də istisna edilir. Digər hüquqi əsaslarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının “3” noyabr 2023-cü il tarixli 3-33/3-2- 000001/2023 nömrəli Qərarı ilə təsdiq edilmiş” Gömrük orqanlarının vəzifəli şəxslərinin X13”nin 12-ci bəndi “peşəkarlıq və fərdi məsuliyyətin artırılması” və 18.1-ci bəndi isə “siyasi fəaliyyət”ə həsr edilmişdir. İddiaçının xidməti vəzifələrinin icrası ilə bağlı qeyripeşəkar davranışını əks etdirən hər hansı sübut iş materiallarında olmadığından, eləcə də təyin edilmiş ilkin və əlavə ekspertizalarla da həmin peşəkarlıqdan kənar hərəkət və ya hərəkətsizliyi göstərən hal müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, qəbul edilən inzibati akt qanunsuz olmuşdur. Digər tərəfdən, isə iş materiallarından da aşkar şəkildə görünür ki, iddiaçının hazırkı mübahisədə siyasi fəaliyyəti ilə bağlı hər hansı məsələ olmamışdır. Bu səbəbdən məhkəmə həmin hüquqi əsasa qiymət verməyi ümumiyyətlə labüd hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı barəsində qəbul edilmiş inzibati akt inzibati icraata dair qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Gömrük Komitəsi Tibb Xidməti İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-33-51001106ş saylı intizam məsuliyyətinə cəlb edilmə haqqında əmr ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova