Məhkəmə qərarları › İş №e-2-1(112)-2699/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2699/2025

25.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2699/2025 25.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının 3-21-2-3/2-52236/2024 saylı xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-52239/2024 saylı xx.xx.2024-cü il tarixli, **********176000 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi, iddiaçının sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi, 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi məqsədi ilə texniki şəraitin yaradılması vəzifəsinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili məhkəməyə ərizə təqdim edərək, cavabdeh vergi orqanının xx.xx.2024-cü tarixli, 3-21-2-3/2-52236/2024 saylı, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-52239/2024 saylı və xx.xx.2024-cü il tarixli, **********862400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi, iddiaçının sadələşdirilmiş vergi mükəlləfiyyətinin aktivləşdirilməsi, 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi məqsədi ilə texniki şəraitin yaradılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi orqanının 3-21-2-3/2-52236/2024 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 2019-cu il üçün 31.748,08 manat, 3-21-2-3/2- 52239/2024 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 2020-ci il üçün 17.427,75 manat, **********176000 saylı xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə 2020-ci il üçün 23.931,38 manat gəlir vergisi hesablanmışdır. Hər üç qərarda dövlət rüsumunun ödənilməsi haqqında məlumat onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən vergi orqanına guya gəlir vergisi bəyannaməsi təqdim edilmədiyi üçün əlaqəli məlumat əsasında vergi məbləği hesablanmışdır. Qəbul edilən qərarlar əsassızdır və ləğv edilməlidir. Belə ki, iddiaçı tərəfindən vergi orqanına gəlir vergisi bəyannaməsi poçt vasitəsi ilə təqdim olunmuşdur. Həmin bəyannamələr vergi orqanı tərəfindən qəbul edilməmiş və xx.xx.2024-cü il tarixli **********028200 saylı məktubla bildirilmişdir ki, təqdim etdiyiniz cari 2019, 2020-ci il gəlir vergi bəyannaməsini “Bəyannamə verilən dövr düzgün deyil”, qeydi çıxdığından qeydiyyata alınması mümkün olmamışdır. Bu səbəbdən əlaqəli məlumat əsasında vergi məbləğinin hesablanması əsassızdır. Bundan başqa 2019-cu il üçün vergi məbləği ümumiyyətlə hesablana bilməzdi, belə ki, 2019-cu ildə qüvvədə olan Vergi Məcəlləsinin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Qeyd olunan normalara əsasən 3 ildən artıq müddət ötməsinə baxmayaraq vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması qanunsuzdur. Həmçinin qeyd edilir ki, xx.xx.2023-cü ildə vergi orqanının təşəbbüsü ilə veri uçotuna alınaraq ona VÖEN verilib. Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən 33.3-cü və 33.4cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Bu norma 2023-cü ildən qüvvəyə minib. Eyni zamanda vergi orqanı öz təşəbbüsü ilə vergi ödəyicisini uçota aldıqda 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərməli olduğu halda hər hansı bildiriş göndərilməyib. Halbuki, Vergi Məcəlləsinin 24.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Bununlada vergi orqanı iddiaçınnı vergi mükəlləfiyyətini seçmək huququnu məhdudlaşdırmışdır. Belə ki, Vergi Məcəlləsinin 218.2ci maddəsinin 4-cü cümləsinə əsasən il ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi (gəlir və ya sadələşdirilmiş) metodu tətbiq edir. Əlavə olaraq qeyd edilir ki, hesablamalar Vergi Məcəlləsinin 67-ci maddəsi əsasında aparılıb. Belə ki, həmin Məcəllənin 37.4-cü maddəsində qeyd olunmuşdur ki, kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Lakin qeyd edildiyi ki, iddiaçı tərəfindən bəyannamə təqdim edildiyi halda əlaqəli məlumat əsasında vergi məbləğinin hesablanması əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2023-cü il tarixdən etibarən məcburi qaydada vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün “digər kompaniyaların qiymətli kağızlarına (və ya kapital payına) sahib olma, nəzarət və saxlanma cəhətdən holdinq kompaniyalarının fəaliyyəti”ndən ibarət olduğu və vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından daxil olan müvafiq məlumatların araşdırılması zamanı Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs İddiaçı X2 "Gentech FZE" şirkətinin təsisçisi olduğu və 2019-cu, 2020-ci və 2021 illər ərzində dividend gəlirlərin əldə edildiyi müəyyən edilmişdir. Belə ki, X1 daxil olmuş məlumat əsasında fiziki şəxs İddiaçı 2019-cu, 2020-ci və 2021 illər ərzində ümumilikdə 1 750 566,0 AED (476 668,75 USD) məbləğində dividend gəlirinin əldə edilməsinə baxmayaraq, gəlir vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********180300 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab verilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2019-cu ilin gəlir vergisi üzrə 54.808,19 manat, 2020-ci ilin gəlir vergisi üzrə 73.064,14 manat və 2021-ci ilin gəlir vergisi üzrə 34.187,68 manat əlavə vergi məbləğləri hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********399600 nömrəli, **********404500 nömrəli və xx.xx.2023-cü il tarixli **********576600 nömrəli qərarlar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən müvafiq araşdırma aparılmış vergi ödəyicisinin əldə etdiyi gəlirləri Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilmiş dividend olaraq qiymətləndirilmiş, kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğləri qismən azaldılmış, hesablanmış vergi məbləği 2019-cu il üzrə 16 442,46 manat hissədə ləğv edilmiş, 38 365,73 manat hissədə dəyişdirilmədən saxlanılmış, 2020-ci il üzrə 21 919,24 manat hissədə ləğv edilmiş, 51 144,90 manat hissədə dəyişdirilmədən saxlanılmış, 2021ci il üzrə 10 256,30 manat hissədə ləğv edilmiş, 23 931,38 manat hissədə dəyişdirilmədən saxlanılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********591600 nömrəli, **********175300 nömrəli və **********176000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********820400 nömrəli məktubla məlumat verilmişdir. Daxil olmuş şikayətin ətraflı araşdırılması məqsədi ilə fərdi sahibkara xx.xx.2024-cü il tarixli **********312600 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək fərdi sahibkar (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2024-cü il tarixdə saat 15:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkarın səlahiyyətli nümayəndəsi X4 xx.xx.2024-cü il tarixdə araşdırmada iştirak etmişdir. V.Əliyev izahatında fərdi sahibkarın X1 dividend formasında gəlir əldə etdiyini, lakin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğləri qədər gəlirin əldə edilmədiyini, illər üzrə fərqli gəlirin əldə edildiyini bildirmişdir. Eyni zamanda fərdi sahibkar xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli, **********932700 nömrəli) müraciətində 2019-cu, 2020-ci və 2021-ci illər üzrə X1 dividend formasında əldə etdiyi gəlirlər barədə məlumat təqdim edərək 2019-cu il üzrə 490 000,0 AED, 2020-ci il üzrə 268 980,00 AED, 2021-ci il üzrə 516 320,00 AED gəlir əldə etdiyini bildirmişdir. Qeyd edilən dövrlər üzrə məzənnənin sabit olaraq qaldığını (1 AED=0,4628 AZN) nəzərə alsaq 2019cu il üzrə 226 772,00 manat, 2020-ci il üzrə 124 483,94 manat, 2021-ci il üzrə 238 952,90 manat dividend gəliri əldə edildiyi müəyyən edildi. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə vergi qanunvericiliyinin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir. Belə ki, kameral vergi yoxlaması ilə 2019-cu il üzrə müəyyən edilən gəlirin məbləği 274 040,96 manat olaraq qeyd edilmiş, lakin təqdim edilmiş sənədlərə əsasən 226 772,00 manat olduğu, 2020-ci il üzrə müəyyən edilən gəlirin məbləği 365 320,68 manat olaraq qeyd edilmiş, lakin təqdim edilmiş sənədlərə əsasən 124 483,94 manat olduğu və 2021-ci il üzrə müəyyən edilən gəlirin məbləği 170 938,41 manat olaraq qeyd edilmiş, lakin təqdim edilmiş sənədlərə əsasən 238 952,90 manat olduğu qeyd əsasında müəyyən edilmişdir. Eyni zamanda daxil olan müraciətdə qeyd edilən məsələnin dəqiqləşdirilməsi məqsədi ilə Dövlət Vergi Xidmətinin aidiyyəti strukturu tərəfindən X2 səlahiyyətli orqanına yenidən müvafiq sorğu göndərilmiş və daxil olacaq cavab məktubunun göstəricilərinə əsasən yenidən kameral vergi yoxlamasının keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. X5 Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsi tərəfindən çıxarılmış “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********777400 nömrəli Qərarın icrası ilə əlaqədar olaraq vergi ödəyicisi İddiaçı “2019-cu ilin gəlir vergisi üzrə qəbul edilmiş Qərarın 2-ci bəndinə əsasən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********591600 nömrəli Qərarı 6.617,65 manat hissədə ləğv edilsin, 31 748,08 manat hissədə isə dəyişdirilmədən saxlanılsın, 2020-ci ilin gəlir vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********175300 nömrəli Qərarı 33 717,15 manat hissədə ləğv edilsin, 17 427,75 manat hissədə isə dəyişdirilmədən saxlanılsın və 2021-ci ilin gəlir vergisi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********176000 qərar dəyişdirilmədən qüvvədə saxlanılması” bildirilmişdir. Daxil olmuş xidməti məktubun icrası ilə əlaqədar 2019-cu il gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği 6617,65 manat azaldılmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********825700 nömrəli Qərar, 2020-ci il gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləği 33 717,15 manat azaldılmaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********828800 nömrəli Qərar qəbul edilmişdir. Eyni zamanda daxil olmuş xidməti məktubun icrası ilə əlaqədar Qərarın 3.2-ci bəndinə əsasən fərdi sahibkar tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2021-ci il üzrə 238 952,90 manat gəlir məbləği nəzərə alınmaqla yenidən kameral vergi yoxlamasının keçirilməsini təmin edilməsi bildirilmişdir. Qərarın 3.2-ci bəndinin icrası ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********942600 nömrəli bildiriş-xəbərdarlıq göndərilmiş, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya zəruri sənədlərlə əsaslandırılmış izahat məktubu təqdim edilmədiyinə görə 2021-ci il gəlir vergisi bəyannaməsi üzrə 9 522,03 manat gəlir vergisi hesablamaqla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********862400 nömrəli Qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə-vəkili iddia tələbini dəqiqləşdirilmiş formada müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaya münasibətdə qeyd edir ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -İN yanında DVX-nin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin elektron məlumat sistemindən çıxarışdan görünür ki, fiziki şəxs İddiaçı xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və ona ********** eyniləşdirmə nömrəsi verilmişdir (VÖEN). -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-52236/2024 nömrəli qərarı ilə 2019-cu ilin gəlir vergisi üzrə 31.748,08 manat vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-52239/2024 nömrəli qərarı ilə 2020-ci ilin gəlir vergisi üzrə 17.427,75 manat vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********862400 nömrəli qərarı ilə 2021-ci ilin gəlir vergisi üzrə 33,453.41 manat vergi hesablanmışdır. -AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” **********777400 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti qismən təmin edilmişdir. -Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3-21-2-3/2-B- 3xx-xx/2024 nömrəli məktubda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən iddiaçının gəlir vergisi üzrə mülkəlləfiyyəti xx.xx.2023-cü il tarixdən aktiv edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 218.2-ci maddəsinə əsaslanmaqla, iddiaçının sadələşdirilmiş vergi mülkəlləfiyyətinin aktiv edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikasının rezidenri olan iddiaçı X2 (BƏƏ-nin) “Gentech FZE” şirkətinin təsisçisi olmuş və 2019-cu il üzrə 226 772,00 manat, 2020-ci il üzrə 124 483,94 manat, 2021-ci il üzrə 238 952,90 manat dividend gəliri əldə etmişdir. Bununla bağlı iddiaçı, vergi orqanı tərəfindən uçotbaza məlumatlarına əsasən xx.xx.2023-cü il tarixdə məcburi qaydada vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınaraq gəlir vergisi ödəyicisi kimi mükəlləfiyyət növü seçilmiş, nəticədə iddiaçıya Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral qaydada xx.xx.2024-cü tarixli, 3-21-2-3/2-52236/2024 saylı qərarla 2019-cu il üzrə, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-52239/2024 saylı qərarla 2020-ci il üzrə və xx.xx.2024cü il tarixli, **********862400 nömrəli qərarla gəlir vergisi məbləğləri hesablanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası rezidenti olması, BƏƏdə şirkət təsisçisi olması, o cümlədən 2019-2021-ci illərdəki dividend kimi əldə etdiyi gəlirin məbləği, o cümlədən məcburi qaydada vergi uçotuna alınaraq gəlir vergisi ödəyicisi kimi vergi mükəlləfiyyətinin seçilməsi tərəflər arasında mübahisəli deyil (bu xüsusatlar məhkəmə araşdırması zamanı da dəqiqləşdirilmişdir). İddiaçı hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığından və dividend gəliri qeyri-sahibkarlıq fəaliyyəti hesab olunduğundan gəlir vergisi ödəyicisi kimi deyil, sadələşmiş vergi ödəyicisi olmalıdır. Ona görə də həmin qərarlar ləğv edilməli, eləcə də 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi üçün texniki şəraitin yaradılması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göründüyü kimi iddiaçının tələbi aşağıdakılardan ibarətdir:

1. 2019-cu ilin gəlir vergisi üzrə 31.748,08 manat hesablanmasına dair xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-52236/2024 nömrəli qərarın ləğv edilməsi,

2. 2020-ci ilin gəlir vergisi üzrə 17.427,75 manat hesablanmasına dair xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-52239/2024 nömrəli qərarın ləğv edilməsi,

3. 2021-ci ilin gəlir vergisi üzrə 33.453,41 manat hesablanmasına dair xx.xx.2024cü il tarixli, **********862400 nömrəli qərarın ləğv edilməsi,

4. 2020, 2021, 2022, 2023 və 2024-cü illər üçün sadələşdirilmiş vergi bəyannaməsinin təqdim edilməsi məqsədi ilə texniki şəraitin yaradılması vəzifəsinin cavabdehə həvalə edilməsi. Məhkəmə hesab edir ki, iddiaçıya 2019 və 2020-ci illər üzrə gəlir vergisinin hesablanmasına dair vergi orqanının xx.xx.2024-cü il tarixli qərarları qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin: -36.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. -85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. -149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər. -149.2. Bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Xüsusi notariuslar hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə əsasən, vergi orqanları vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüququna malikdir. Göründüyü kimi, maddi hüquq norması vergi borclarının hesablanmasını yalnız müddətlə məhdudlaşdırmış, digər dispozitiv şərtlərini müəyyən etməmişdir. VM-in 149-cu maddəsinin istinad olunan maddələrindən isə görünür ki, Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verməlidirlər. Belə olan halda, hazırkı tələb üzrə iddiaçı 2019-cu il üzrə vergi hesabatını 2020-ci ilin mart ayının 31-nə, 2020-ci ilin vergi hesabatını isə 2021-ci ilin 31 mart tarixinə qədər vergi orqanına təqdim etməli idi. Bu baxımdan, vergi orqanının 2019-2020-ci illərdə gəlir vergisini tələbetmə müddətinin axımı da həmin tarixlərdən hesablanmalı idi. Lakin vergi orqanı iddiaçının 2019-2020-ci illər üzrə gəlir vergisi borcunu həmin dövrlər üzrə hesabat dövrü başa çatdıqdan sonra hesablamaqla VM-in 85.4-cü maddəsinin tələbini pozmuşdur. Belə ki, cavabdeh vergi orqanı iddiaçının 2019-cu il üçün gəlir vergisi borcunu təxminən 4 il 5 ay, 2020-ci il üçün isə 3 il 5 ay sonra kameral qaydada yoxlayaraq vergi məsuliyyətinə cəlb edilmə barədə qərarlar qəbul etmişdir. Halbuki, VM-in 54.0.4-cü maddəsinə əsasən isə vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsini istisna edir. Odur ki, iddia həmin hissələrdə əsaslı olduğundan təmin edilməlidir. İddianın təmin edilməyən hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Vergi Məcəlləsinin: -13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. -16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. -33.1-ci maddəsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarlar və bu Məcəllənin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları, xüsusi notariuslar isə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınır. -33.5-ci maddəsinə əsasən, bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. -99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir: -99.3. qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir: -99.3.2. dividend. -101.2. Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. -218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. -218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. -218.2-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə və vergi ödəyicisi bu rejimdə azı 1 il ərzində fəaliyyət göstərmişdirsə, o, istənilən vaxt fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər. -218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.1. bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər; 218.4.2. idman mərc oyunlarının operatoru və idman mərc oyunlarının satıcıları, habelə lotereya təşkilatçısı və lotereya biletlərinin satıcıları olan şəxslər; 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər; 218.4.4. fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər; 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər. 218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.1. aksizli və məcburi nişanlama ilə nişanlanmalı olan mallar istehsal edən şəxslər; 218.5.2. kredit təşkilatları, sığorta bazarının peşəkar iştirakçıları, investisiya fondları və bu fondların idarəçiləri, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər, lombardlar; 218.5.2-1. Bu Məcəllənin 218.5.2-ci və 218.5.10-cu maddələrinin müddəaları icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentlərinə tətbiq edilmir. 218.5.3. qeyri-dövlət pensiya fondları; 218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər; 218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri; 218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər 218.5.7. publik hüquqi şəxslər; 218.5.8. rüb ərzində işçilərinin (faktiki işə cəlb edilən) orta sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər; 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla); 218.5.11. qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər; 218.5.12. xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər; 218.5.13. icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər. -218.6. Aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: 218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda; 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən və görülən işlərdən başqa, xidmətlərin göstərilməsini və işlərin görülməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə (işlə) yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi və işlərin görülməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların (qeyri-rezident hüquqi şəxslər və sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri rezident fiziki şəxslərə hesab-faktura (invoys) əsasında göstərilən xidmətlərin və görülən işlərin dəyəri də daxil olmaqla) həcmi xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. Bu Məcəllənin 218.6-cı maddəsinin müddəaları malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ibarət qarışıq əməliyyatlar aparılan hallara da tətbiq edilir. -218.7. Bu Məcəllənin 218.6.1-ci və 218.6.2-ci maddələrində göstərilən şərtlər ödənilmədikdə, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ həmin hesabat rübündən sonrakı ayın 1-dən ləğv edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, sadələşdirilmiş verginin tətbiqi vergi ödəyiciləri üçün vergi yükünün və hesabatlılığın azaldılmasına xidmət edir. Lakin bu vergi rejiminin tətbiqi qanunvericiliklə müəyyən edilmiş konkret meyarlara əsaslanır və vergi ödəyicisi bu hüququndan isitifadə etməsi onun əvvəlcədən vergi orqanına bəyan etdiyi iradə ifadəsi ilə həayata keçirilir. Mövcud iş üzrə mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı vergi orqanı tərəfindən onun gəlir vergisinə cəlb olunması barədə qəbul edilmiş qərarların qanunsuz olduğunu və onun sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmək hüququnun olduğunu bildirir. VM-in 218-ci maddəsindən göründüyü kimi, qanunvercililik sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olan şəxsləri, sadələşdirilmiş verginin ödəyicilərini və sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan şəxslərin dairəsini konkret müəyyən etmişdir. Hazırkı işdə vergi orqanı tərəfindən aparılmış araşdırmalar və təqdim olunmuş sənədlərə nəsasən iddiaçı tərəfindən 2021-ci il üzrə 238 952,90 manat dividend gəliri əldə edildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən yuxarıda qeyd edilən müddətlər ötürülmədən vergi orqanı tərəfindən vergi ödəycisinin dividend gəlirləri VM-nin101.2-ci maddəsinə uyğun olaraq qeyri-dahibakarlıq fəlaiyyətindən əldə edilən gəlir kimi qiymətləndirilərək 14% dərəcə ilə vergi hesablamışdır. Belə olan gəlir vergisinə cəlb edilməsi ilə bağlı cavabdeh vergi orqanının qərarı qanunauyğun olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin 2021-ci ilin gəlir vergisi üzrə iddiaçının barəsində qəbul etdiyi qərar əsaslı olmuşdur. İddiaçının sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun olması və bununla bağlı keçmiş dövrlərə bəyannamə verməsi üçün texniki şəraitin yaradılması ilə bağlı məhkəmə qeyd edir ki, VM-in 33.1-ci maddəsindən göründüyü kimi, hər bir vergi ödəyicisinin fəaliyyətə başlamazdan əvvəl vergi orqanında uçota alınmaq öhdəliyi müəyyən edilmişdir. İddiaçı 2019-2021-ci illərdə faktiki olaraq faktiki olaraq gəlir əldə etsə də, bu barədə vergi orqanına məlumat verməmiş, vergi uçotuna durmamışdır. Məhkəmə hesab edir ki, bu hal iddiaçının pozuntusu kimi qiymətləndirilməlidir. İddiaçı yalnız 2023-cü ildə vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınmış və ona gəlir vergisi hesablanmışdır. Nəzərə alınmalıdır ki, VM-in 218.4-cü madəsində göstərilən şəxslər, həmin Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir. Deməli, cavabdeh tərəfindən yalnız 218.4-cü maddə göstərilən şəxslər məcburi qaydada vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındıqda onların gəlirləri sadələşdirilmiş vergiyə cəlb edilir. Digər hallarda isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan yararlanmaq istəyən şəxslər VM-in 218.1-ci və 218.2-ci maddələrinə əsasən hüquqlarını öz iradə ifadələri ilə reallaşdırırlar. Bunun üçün isə VM-in 218.2-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Göründüyü kimi, iddiaçı hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya VM-in 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edərək sadələşdirilmiş vergi ödəyicisi ola bilərdi. Lakin işin hallarndan məlumdur ki, iddiaçı tərəfindən bu edilmədiyi halda, əvvəlki dövrlər üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq və keçmiş illər üzrə bəyannamələr verilməsi üçün texniki şəraitin yaradılması ilə bağlı iddia tələbi irəli sürülür. Məhkəmə hesab edir ki, bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Çünki, VM-də hər ilin aprel ayının 20-dən gec olmayaraq müvafiq bəyannaməni vergi orqanına təqdim etməyən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisinin sonradan həmin hüquqdan istifadə etməsi imkanı nəzərdə tutulmamışdır. Buna görə də, iddiaçı vergi ödəyicisinin vaxtında vergi uçotuna alınması üçün təşəbbüs göstərməməsi nəticəsində yaranmış əlverişsiz nəticə onun özünün məsuliyyət sferasına aid olmaqla, vergi orqanının təqsiri ilə bağlı olmadığından, iddiaçıya müvafiq dövrlər üzrə vergi mükəlləfiyyəti rejiminin seçilməsi vəzifəsinin cavabdeh vergi orqanının üzərinə qoyulması tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü tarixli, 3-21-2-3/2-52236/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-52239/2024 saylı qərarları ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü tarixli, 3-21-2-3/2-52236/2024 saylı və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-52239/2024 saylı qərarları ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar