Məhkəmə qərarları › İş №e-2-1(112)-2706/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2706/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2706/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi ilə əlaqədar problemə cavabdeh subyektiv səbəblərdən eitnasız yanaşır. Dəfələrlə yararsız vəziyyətə düşmüş yaşayış sahəsi ilə əlaqədar müraciətlər cavabdehə edilmiş, müqavimətlə rastlaşılmışdır. Məhkəməyə müraciət edilmiş, cavabdeh məhkəmə qaydasında mübahisənin həllini gecikdirmiş, yeni məhkəmə mübahisələri yaranmış, iddia tələbi təmin edilmiş, qərarın icrasında gecikmə yaradıldığına görə cavabdehə cərimə də məhkəmə qərardadı əsasında tətbiq edilmişdir. Bundan əlavə, M.Həsənovanın ümumi istifadədə olan sahəni zəbt etməsi, qanunsuz tikintinin inşasına dair də cavabdehə müraciət edilmişdir. Həmin şəxsin iddiası üzrə cavabdeh qanunsuz əməlləri müdafiə etmişdir. İddiaçı qeyd edir ki, qanunsuz əməllər nəticəsində o hələ də kirayədə qalır. Sağlamlığı pozulmuşdur. Məhkəmə çəkişmələri sağlamlığını pozmaqdadır. Ağır xəstəliklər biruzə vermişdir. İddiaçılar hesab edir ki, onlara 200 min manat məbləğində maddi, 20 min manat məbləğində mənəvi zərər dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçıların cavabdehə müraciətinin olmasına dair mümkünlük şərti baxımından da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddia ərizəsinə etirazında maddi və mənəvi zərərin ödənilməsinə dair iddianın rədd edilməli olması barədə mahiyyəti üzrə mövqe nümayiş etdirmiş, eləcə də iddiaçılar məhkəmə icraatı gedişində də kompensasiyanın ödənilməsi barədə müraciət etmiş kompensasiyanın məhkəmədənkənar qaydada ödənilməli olub-olmamasına münasibətdə qiymətləndirilməsi mümkün olan inzibati icraat mövcud olmuşdur ki, məhkəmə hesab edir ki, müraciətin məhkəməyə müraciət edənədək olmamasına münasibətdə mümkünlük şərti sonrakı icraat gedişində aradan qalxmışdır ki, məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmaqla yuxarı instansiya məhkəməsinin həmin növ sonradan müraciət üzrə mümkünlük şərtinə təsiri baxımından təcrübə nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarından görünür ki, İddiaçı2 cavabdehə yaşayış sahəsinin tavanının 1,5 m qədər yuxarı qaldırılmasından ibarət təkrar planlama və avadanlıqlaşdırılmaya icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi baərdə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyinə uyğun baxılma vəzifəsi cavabdehə həvalə edilmişdir. Cavabdehin 11 avqust 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan üzrə baxış keçirilmiş və hər hansı tikinti işlərinin aparılması aşkar edilməmiş, mülki zəmində mübahisə üzrə iş məhkəmə baxışındadır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında lazımı tədbirlər görüləcəkdir. Cavabdehin 23 oktyabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Xəqani küçəsi, ev 35A, mənzil 4 İddiaçı2 mülkiyyətindədir. Məhkəmə qərarı əsasında araşdırma əsasında müəyyən edilmişdir ki, ev 35 A, 3 nömrəli mənzilin sahibi M.Həsənova iddiaçılara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı2 və İddiaçı1 tərəfindən təmirtikinti işlərinin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qərardadı əsasında tikinti işləri aparılması qadağan edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 noyabr 2018-ci il tarixli qərardan görünür ki, İddiaçı1 döyülməsi ilə əlaqədar M.Həsənovadan şikayətçi olmuşdur. Cavabdehin 14 fevral 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, tikinti işləri ilə əlaqədar Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət edilmişdir. Rəyin olmaması təhlükəsizlik qaydalarının və qanunvericiliyin tələblərinin açıq-aşkar pozulması ilə nəticələnə bilər. Rəy daxil olduqdan sonra məhkəmə qərarının icrası ilə bağlı tədbirlər görüləcəkdir. Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı2 iddiası təmin edilmiş mənzilin mövcud vəziyyətinə nisbətdə tavan və dam hissəsinin, eləcə də divarlarının 1,5 metr hündürlüyündə qaldırılmasına razılı verilməsinə dair sərəncam verilməsi cavabdehə həvalə edilmişdir. Çıxarışdan görünür ki, Xaqani küçəsi, ev 35A, mənzil 4 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı2 mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 03 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, hazırkı iş üzrə iddiaçılara qarşı qaldırılmış X1 tərəfindən tikilinin sökülməsi, eləcə də tikilinin sökülməsi barədə həmin iddiaçılar tərəfindən qaldırılmış qarşılıqlı iddia ərizələri üzrə hər iki tələb rədd edilmiş, M.Həsənova tərəfindən verilmiş apellyasiya şikayəti də təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsini 30 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı2 Cavabdehnə qarşı iddiası təmin edilmiş divarın sökülərək ərazinin ilkin vəziyyətinin bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Səbail Rayon İcra Şöbəsinin Cavabdehnə ünvanlanmış icra sənədi üzrə tələbi icra etməyən cavabdeh barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tanış olma üçün materialların göndərilməsi barədə məktub və əlavədən görünür ki, məhkəmə qərarının icra edilməməsionə istinadla rəyin təqdim edilməsinə münasibətdə cavabdehin hərəkətləri səbəbindən dövlət orqanı kimi yerli icra hakimiyyəti orqanı tərəfindən AR İXM-nin 528.1-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki,Azərbaycan Respublikası Mülki Məcəllənin: -21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür -1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. Mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə yaşayış sahəsinin istifadəsinə münasibətdə cavabdeh inzibati orqanla inzibati və inzibati məhkəmə icraatı qaydasında davam edən mübahisə ilə əlaqədar maddi və mənəvi zərərin iddiaçılara ödənilməli olub-olmaması ilə əlaqədardır. İddianın məzmunundan görünür ki, İddiaçılar hesab edir ki, cavabdeh orqanın süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir. Məhkəmə hesab edir ki, cavabdehin orqan tərəfindən iddiaçılara münasibətdə göstərilən məbləğlərdə maddi və mənəvi zərərlə bağlı kompensasiyanın ödənilməsinə əsas ola biləcək hər hansı hal aşkar edilmir. Nəzərə alınmalıdır ki, inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində cavabdehin müraciəti təmin etmək imtina hüququ mövcuddur ki, həmin hüququn qanunsuz olması barədə məhkəmə qərarından şikayət etmək də cavabdeh orqanın hüququdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatının tərəfi qismində çıxış etmək, qəbul ediləcək qərarlardan yuxarı instansiya məhkəməsinə şikayət etmək inzibati orqanın hüququdur və həmin hüquqdan istifadə edilməsi cavabdehə münasibətdə təzminatın ödənilməsinə səbəb olmur. İnzibati məhkəmə icraatı çərçivəsində müraciətin qanuni və əsaslı olması iddianın təmini üçün əsas yarada bilər ki, iddianın təmin edilməli olması mütləq qaydada cavabdehdən təzminat hüququnun yaranmasına səbəb olmamaqdadır. Əks halda, müraciətin rədd ediləcəyi halda iddiaçıdan təzminat alınması kimi hüququn yaranmasından da söhbət gedə bilər ki, məhkəmə göstərilənlər nəzərə alınmaqla hesab edir ki, digər inzibati məhkəmə icraatı üzrə cavabdehin, ehərəkətlərində zərərin yaranması və ödənilməli olmasına dair hər hansı hal müəyyən edilməməkdədir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının gec icra edilməsinə münasibətdə də görülməli olan tədbirlərin dairəsi məlumdur ki, məhkəmə qərarının gec icra edilməsinə münasibətdə cərimənin tətbiq edilməsi, eləcə də inzibati orqan barəsində məcburi icra tədbirlərinin görülməli olması kimi tədbirlər həyata keçirilə bilər ki, iş materiallarından da aydın olur ki, həmin tədbirlər görülməkdədir və aidiyyəti icra şöbəsi tərəfindən də AR İXMnin 528.1-ci maddəsinin tələblərinin pozuntusu ilə əlaqədar da işlər görülür. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının gec icra edilməsi və ya icra edilməməsinə münasibətdə cavabdehin məsuliyyətliyi məsələsi də aidiyyəti icraat çərçivəsində qiymətləndirilir ki, göstərilən səbəbdən əlavə olaraq da hazırkı vəziyyətdə maddi və mənəvi zərərlə əlaqədar həmin hallara istinadla kompensasiyanın tələb edilməsi istisna edilir. Odur ki, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar