Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3033/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********069000 nömrəli nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********069000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə "xxxx" MMC barəsində 2022-ci ilin mənfəət vergisi üzrə 61327,03 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh həmin qərarda qeyd olunan hesablamanın əsası kimi aşağıdakıları göstərmişdir: “Əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 292722,53 manat tərəfinizdən təqdim edilmiş 2022ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır.” Qeyd olunanların əsassız olmasına dair iddiaçı aşağıdakıları bildirir. İddiaçı tərəfindən 2022-ci ildə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC il elektron qaimə-fakturalar əsasında 292723,43 manat dəyərində manat dəyərində mallar alınmışdır. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda həmin şəxslərin vergi orqanının uçot baza məlumatlarına əsasən əldə etdiyi elektron qaimə-faktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarının müəyyən edilmədiyinə istinad etməklə həmin malların alınmasını şübhə altına almış və aparılmış alqı-satqı əməliyyatlarının tam dəyərini nəzərə almamışdır. Halbuki, aparılan alqı-satqı əməliyyatları tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında alqı-satqı müqavilələri bağlanmış və təhvil-təslim aktları əsasında mallar qeyd olunan müəssisələrdən alınmış, satıcılar tərəfindən iddiaçıya elektron qaimə-faktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyiciləri vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxslər arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək xərclər bəyannamədən silinmişdir. Bununla bağlı iddiaçı bildirir ki, Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki malların təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. İddiaçının elə bir səlahiyyəti yoxdur ki, mal aldığı şəxslərin həqiqətən də həmin malı rəsmi aldığını müəyyən edə bilsin. Bu hal biznes fəaliyyətinə tamamilə ziddir. Heç kəs satacağı malı kimdən və hansı qiymətə aldığını satdığı şəxsə bildirməli deyil. Bu onun kommersiya sirrini təşkil edir. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün isə operativ vergi nəzarəti və ya digər tədbirlə aparılan əməliyyatın mal (iş, xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Həmçinin, xüsusilə diqqət olunmalı məqam bundan ibarətdir ki, əgər şəxsin real mal alışı yoxdursa, o zaman niyə vergi orqanı satışı qəbul edir? Əgər əməliyyat əmtəəsizdirsə, demək ki, gəlir (satış) də yoxdur. İddiaçının satdığı mal məhz xərclərdə nəzərə alınmayan mallardır. Əgər cavabdeh həmin malların alınmadığına istinad edirsə, demək ki, güzgü effekti olaraq satılmasını da gəlirlərdə nəzərə almamalı idi. Demək ki, iddiaçının həmin malları faktiki əldə edərək satdığını cavabdeh özü də qəbul edir, lakin qərəzli olaraq xərclərə münasibətdə həmin malların mövcudluğunu görməzdən gəlir. Xüsusilə bildirilir ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə görə, hətta əmtəəsiz əməliyyat aparılsa belə, gəlirdən çıxılmaların Vergi Məcəlləsinin 14-cü və 67-ci maddələrinə uyğun olaraq nəzərə alınması qeyd olunmuşdur. Lakin vergi orqanı əməliyyata əmtəəsiz kimi yanaşsa da, həmin hala dair normanı da düzgün tətbiq etməməklə xərcləri tam şəkildə nəzərə almamışdır. Analoji mübahisələrə dəfələrlə məhkəmə müstəvisində baxılmış və kassasiya instansiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1058/2023 saylı qərarları ilə riskli vergi ödəyicisi barədə qərarlar çıxarılandan əvvəlki dövrlərdə aparılan əməliyyatlara görə əvəzləşdirmələrin ləğv edilməsi, mənfəətdən xərclərin silinməsinin əsassız olması barədə mövqe formalaşmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən cavabdeh iddiaçı ilə göstərilən vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını sübuta yetirməlidir. Bunun əksinə olaraq iddiaçı bildirir ki, iddiaçı tərəfindən əldə edilmiş mallar tam qanunvericiliyin tələblərinə uyğun şəkildə müqavilə, təhvil-təslim aktı və elektron qaimə-faktura ilə rəsmiləşdirilməklə əldə edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, qərar qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətdə (etirazda) bildirmişdir ki, iddianın mümkünlük şərtləri ödənilmir. İddianın mahiyyətinə gəldikdə cavabdeh bildirir ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 292722,53 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********339400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla cari vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannaməsi və zərururi sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il üzrə MV bəyannaməsi üzrə 61327,03 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********069000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”nın 3.1.1-ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 613000,0 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 597396,88 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, 551 976,79 manat malın dəyəri) göstərilərək, 15703,12 manat vergiyə cəlb edilən mənfəət olmaqla 3 140,62 manat mənfəət vergisi bəyan edilmişdir. Cəmiyyətin müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********898200 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək Cəmiyyətin rəhbəri (və ya səlahiyyətli nümayəndəsi) xx.xx.2023-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, məktubun xx.xx.2023-cü il tarixdə oxunmasına baxmayaraq araşdırmada iştirak edilməmişdir. Qeyd olunan hal aktla rəsmiləşdirilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı Cəmiyyət tərəfindən 2022-ci il ərzində elektron qaimə-fakturalarla 629 332,68 manat (ƏDV-si 60 595,54 manat) dəyərində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, 532 293,21 manat (ƏDV-si 4 338,50 manat), o cümlədən X1 (VÖEN: **********) 38717,24 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 20879,95 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 6423,73 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 74 720,65 manat, "xxxx"MMC-dən (VÖEN: **********) 4253,33 manat, "X8" QSC-dən (VÖEN: **********) 7161,02 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 143 934,51 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 3200,0 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 99 231,09 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 118 771,69 manat və X2 (VÖEN: **********) 15000,0 manat dəyərində malların (işlərin, xidmətlərin) əldə olunduğu, elektron alış aktları ilə 47 908,89 manat dəyərində müxtəlif malların alındığı, idxal-ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Cəmiyyət tərəfindən 2022-ci ildə elektron qaimə-faktura ilə "xxxx" MMC-dən (VÖEN: **********) 99 231,09 manat (ƏDV-siz), "xxxx" MMC-dən (VÖEN: **********) 74 720,65 manat, "xxxx" MMC-dən (VÖEN: **********) 118 771,69 manat, dəyərində müxtəlif növ ərzaq mallarının (ət, meyvə-tərəvəz, quru meyvə, göyərti, ədviyyat və s.) alındığı, lakin adları qeyd olunan vergi ödəyiciləri tərəfindən elektron qaimə-fakturalarda qeyd olunan malların yük gömrük bəyannamələri, elektron qaimə-faktura və elektron alış-aktlarına əsasən əldə olunmasının müəyyən edilmədiyi, yəni təsdiqedici sənədlərlə almadığı malların satışının həyata keçirildiyi müəyyən edildi. İnzibati araşdırma dövründə aparılan əlavə araşdırma zamanı da "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin elektron qaimə-fakturalar əsasında İddiaçı MMC-yə müxtəlif çeşidli ərzaq mallarının təqdim edilməsinə baxmayaraq həmin malların alışını təsdiq edən sənədlərin (elektron qaiməfaktura, alış aktı, yük gömrük bəyannamələri və s.) olmadığı müəyyən edildi. Beləliklə, Cəmiyyət tərəfindən "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən elektron qaimə-fakturalar əsasında 292 723,43 manat dəyərində manat dəyərində əldə etdiyini iddia etdiyi malların uçot baza məlumatlarına, o cümlədən əldə etdiyi elektron qaiməfaktura, yük gömrük bəyannamələri və elektron alış-aktlarına əsasən müəyyən edilmədiyini, yəni təsdiqedici sənədlərlə almadıqları malları İddiaçı MMC-yə satdıqlarını, araşdırma zərurəti ilə əlaqədar qarşı tərəflərin (mal satanların) araşdırmaya dəvət olunmasına, təsdiqedici sənədlərin tələb edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələrinin araşdırmada iştrakının təmin olunmadığını, tələb olunan sənədlərin təqdim edilmədiyini, araşdırma zamanı qeyd edilən vergi ödəyiciləri tərəfindən təqdim edilmiş həmin elektron qaimə-fakturalar üzrə əməliyyatların riskli əməliyyat olduğunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək xərclərdən çıxılmışdır. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibət aşağıdakı qaydadadır: “**********702300 nömrəli qərardan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "xxxx" MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "xxxx" MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, iş materialları ilə mübahisələndirilən qərardan şikayət instansiyasına verilmiş şikayət üzrə qəbul edilmiş qərarın iddiaçıya təqdim (elan) edilməsi, habelə cavabdeh tərəfindən də iddiaçının bu dəlillərini təkzib edən hal müəyyən olunmur. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-ci il tarixli **********099000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” Qərardan görünür ki, əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 292722,53 manat təqdim edilmiş 2022-ci il mənfəət (gəlir) vergisi bəyannaməsində xərc sənədi kimi nəzərə alınmadığı üçün kənarlaşma yarandığı əsası ilə vergi ödəyicisinə 61327,03 manat əlavə vergi məbləği hesablanmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli **********847900 saylı “inzibati şikayətin təmin edilməməsi haqqında” Qərardan görünür ki, 2022-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış 61327,03 manat vergi məbləğinin azaldılmasına dair "Cənnət Meyvələri” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayətinə baxılaraq, xx.xx.2023-cü il tarixli inzibati şikayətin təmin edilməmiş, "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********069000 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023cü il tarixli, 63 nömrəli qərarından görünür ki, İddiaçı MMC-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********069000 nömrəli və inzibati şikayətlərə baxılması baş idarəsinin “inzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il **********847900 saylı qərarlarından verdiyi inzibati şikayət təmin edilməmiş, qərarlar dəyişdirilmədən saxlanılmışdır. -İddiaçı MMC ilə "Planet 19 Corp” MMC (**********) arasında bağlanmış xx.xx.2022ci il tarixli 01/2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndindən görünür ki, müqaviləyə əsasən “satıcı” “təhvil qəbul aktı”nda göstərilmiş və müəyyən edilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində həmi müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləğ satıcıya ödəəyi öhdəsinə götürmüş, müqaviləyə əlavə olunmuş qiymət razılaşdırılması protokoluna uyğun olaraq malların dəyəri, miqdarı, vahidinin qiyməti, ümumi məbləği qeyd olunmaqla 18.902,38 manat dəyərində ümumi məbləğ müəyyən edilmişdir. EBBR seriyalı №690822 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 28099,99 manat dəyərində mal, EBBR seriyalı №690742 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 18.902,38 manat, EBBR seriyalı №746901 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 27718,10 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -İddiaçı MMC ilə "xxxx" MMC (**********) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 01/2022-ci il saylı müqavilə üzrə EBBV seriyalı №238266 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 13.103,47 manat, EBBW seriyalı №039469 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 52.276,45 manat, EBBW seriyalı №75382 saylı, xx.xx.2022-ci il tarixli Elektron qaiməyə əsasən 33.850,94 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. -İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış 10 iyun 2022-ci il tarixli, 01/2022 saylı müqavilə üzrə EBBY seriyalı №032894 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 37.918,21 manat, EBBY seriyalı №029952 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 27.463,64 manat, EBBY seriyalı №467732 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 12.558,37 manat, EBBY seriyalı №806755 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 15.734,21 manat, EBBZ seriyalı №291295 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 15.734,67 manat, EBBZ seriyalı №997410 saylı, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən 9.362,11 manat dəyərində mal alınmış və satıcı tərəfindən bununla bağlı elektron qaimə-faktura tərtib edilərək iddiaçıya göndərilmişdir. İstinad olunan müqavilələr üzrə təhvil-təslim aktlarına əsasən mallar təhvil verilərək hər iki tərəfdən imza və möhürlə təsdiq edilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********591700 nömrəli qərarına əsasən "xxxx" MMC, xx.xx.2022-ci il tarixli, **********346300 nömrəli qərara əsasən "xxxx" MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarnın riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -AR İN yanında Dövlət Vergi Xidmətinin rəsmi saytında yerləşdirilmiş “riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən görünür ki, "xxxx" MMC (VÖEN: **********) Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********369100 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd olunanlardan belə aydın olur ki, İddiaçı MMC-yə elektron qaimə-fakturalar əsasında təqdim edilmiş malların alışına dair "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-də hər hansı təsdiqedici sənəd (elektron qaimə-faktura, elektron alış-aktı və ya yük gömrük bəyannaməsi) olmadığından, həmin alqı-satqı əməliyyatları vergi orqanı tərəfindən əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı ümumilikdə 292.723,43 manat məbləğində xərc öz təsdiqini tapmadığından, iddiaçıya 61327,03 əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli **********069000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı mübahisələndirir və hesab edir ki, mal aldığı hüquqi şəxslər - "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə məxsus malların alışına dair təsdiqedici sənədlərin mövcud olubolmadığını müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və mallar faktiki olaraq alınaraq qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirildiyindən, vergi orqanı tərəfindən aparılmış hesablama əsassız olmuşdur. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı İddiaçı MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilib-keçirilmədiyini müəyyən etmədən, sadəcə malları təqdim edən hüquqi şəxslərdə həmin malların alışına dair təsdiqedici sənədin olmadığını və həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri siyahısında olduğunu əsas götürərək, iddiaçı tərəfindən mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışına dair 292722,53 manat məbləğində xərci qəbul etməkdən imtina etmişdir. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC İddiaçı MMC ilə ilə alqı-satqı əməliyyatlarını həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdi. Bundan başqa, cavabdeh vergi orqanı vergi qanunvericiliyinin tələblərinə əsasən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış mallar ilə bağlı iddiaçının xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməli olduğu halda, İddiaçı MMC tərəfindən 2022ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində bəyan edilmiş malların alışı ilə bağlı 292723,43 manat məbləğində xərci kameral vergi yoxlaması nəticəsində tam şəkildə silmişdir. Məhkəmə həmçinin qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Məhkəmə o cümlədən qeyd edir ki, qeyd olunan əməliyyatlar əmtəəsiz əməliyyat olaraq qiymətləndirilmişdirsə, o halda vergi orqanı iddaçının qeyd olunan mallardan gəlir (mənfəət) əldə etmədiyini də müəyyən etməli idi. Lakin göründüyü kimi bu hal baş vermədiyindən, iddiaçının həmin malları faktiki əldə edərək satmasını cavabdeh tərəfindən dolayı yolla qəbul edildiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Eyni zamanda, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən məhkəməyə İddiaçı MMC ilə "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC arasında baş tutmuş alqı-satqı əməliyyatlarının əmtəəsiz əməliyyat olduğuna və başqa əməliyyatı pərdələyərək mənfəət əldə əldə etmək məqsədilə həyata keçirildiyinə dair hər hansı mötəbər sübut təqdim edilmədiyindən, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-də malların alışına dair təsdiqedici sənədin mövcudluğunu müəyyən etmək iddiaçının öhdəliyi olmadığından və vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin 14, 14-1 və 67-ci maddələrinə əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********069000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə bəhs olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********069000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarın ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********069000 nömrəli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3033/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3033/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver