Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3312/2021 09.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi qarşı «iddiaçının tibbi şəhadətləndirilməklə müayinə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və üçüncü şəxs Azərbaycan Respublikası Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinə qarşı «iddiaçının tibbi şəhadətləndirilməklə müayinə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı 6 yanvar 1994-cü il tarixdə doğulmuşdur və 2011ci ildə orta təhsilini başa vurmuşdur. Ali təhsillidir, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2018-ci ilədək yüksək çəki və piylənmədən əziyyət çəkməklə onun çəkisi 150 kq olmuşdur. Piylənmə xəstəliyindən əziyyət çəkdiyindən, hərbi komissarlıqda həkim-ekspert komissiyası tərəfindən müayinə olunarkən xidmətə yararsızlığı barədə nəticəyə gəlinmişdir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən 19 aprel 2017-ci il tarixdə ehtiyata keçirilmişdir. Bu barədə ona 13 aprel 2018-ci il tarixdə verilmiş hərbi biletdə qeyd olunur ki, 21 noyabr 2016-cı il tarixdə Binəqədi RHK tərəfindən xəstəlik cədvəlinin İ qrafasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarına uyğun olaraq həm dinc, həm də müharibə dövründə o (iddiaçı), hərbi xidmətə yararsız hesab edilmişdir. Öz sağlamlığını bərpa etmək məqsədilə 2018-ci ildən etibarən müalicə-profilaktika və sağlamlığın bərpası istiqamətində ardıcıl və davamlı formada çalışmış, nəticədə onun piylənmə və kökəlməsi dayanmışdır. Onun boyu 1,86 metrdir, çəkisi 98 kq-a düşmüşdür. Özünün əvvəlki dövrdəkindən gümrah və sağlam hiss etdiyindən, təkrar hərbi-həkim komissiyasından keçirilməklə, hərbi xidmətə çağırışması xahişi ilə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. İdarənin 18 dekabr 2020-ci il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. Cavab məktubunda qeyd olunur ki, Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməyiniz barədə müraciətə Xidmətin Bakı şəhəri Binəqədi Rayon İdarəsində baxılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Siz rayon çağırış komissiyasının 17 aprel 2017-ci il tarixli qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin (AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş) Xəstəliklər cədvəlinin İ qrafasında 13a maddəsinə əsasən həm dinc, həm də müharibə dövründə xidmətə yararsız hesab edilmisiniz. Həmin Əsasnamənin Vİ fəslinin 6.2-ci bəndinə əsasən yalnız hərbi xidmətə çağırış zamanı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilmiş və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşların 35 yaşına çatanadək 3 ildən bir məcburi şəhadətləndirilməsi nəzərdə tutulmuşdur. Siz “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyinizdən, təkrar məcburi tibbi şəhadətləndirilməyə cəlb edilməyiniz mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilənlərə və İPM-in 2, 33, 35, 38-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 1, 28, 67-ci maddələrinə, AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»nin 1.1, 1.2, 1.3-cü bəndlərinə əsaslanaraq, iddiaçının tibbi şəhadətləndirilməklə müayinə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Məhkəmənin qərardadı ilə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi işdə üçüncü şəxs qismində prosessual iştirakı xitam verilməklə inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuş, AR Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işdə cavab kimi prosessual iştirakına xitam verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin olunmuş və iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Hərbi vəzifə və hərbi xidmət haqqında haqqında» AR Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə uyğun olaraq vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 14.1-ci maddəsinə görə çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci madəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək (14.1.1) rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının yerinə yetordiyi vəzifələr sırasına daxildir. Həmin Qanunun 15.1-ci maddəsinə görə müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Həmin Qanunun 15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: (15.2.1) müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında, (15.2.2) sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında, (15.2.3) sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında, (15.2.4) dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında, (15.2.5) həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsinin İddiaçı ünvanlanmış 18 dekabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Siz rayon çağırış komissiyasının 17 aprel 2017-ci il tarixli qərarı ilə AR Nazirlər Kabinetinin 29 mart 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin xəstəliklər cədvəlinin İ qrafasının 13a maddəsinə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmisiniz. Həmin Əsasnamənin Vİ fəslinin 6.2-ci bəndinə əsasən yalnız hərbi xidmətə çağırış zamanı “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilmiş və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşların 35 yaşa çatanadək 3 ildən bir məcburi şhadətləndirilməsi nəzərdə tutulmuşdur. Siz “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız” hesab edildiyiniz üçün təkrar məcburi tibbi şəhadətləndirilməyə cəlb edilməyiniz mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli “Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarış”da aşağıdakılar qeyd olunmuşdur: - 6 yanvar 1994-cü il tarixdə doğulmuş İddiaçı diaqnozu – İ dərəcəli piylənmə. Xəstədə 2016-cı ildə İV dərəcəli piylənmə olmuşdur, q/ç 90. 16 mart 2021-ci ildə xəstə müayinədən keçdi, boyu 185 sm, çəkisi 96 kq. BC 128.2. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. AR Nazirlər Kabinetinin 29 mart 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 2.6-cı bəndinə görə ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A – hərbi xidmətə yararlıdır, B – sıradankənar hərbi xidmətə yararlıdır, C – sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır, Ç – hərbi xidmətə müvəqqəti yararsızdır, D – həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Həmin Əsasnamənin 6.1-ci bəndinə əsasən AR Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrə həvalə olunur. Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. AR Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir. Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər. Həmin Əsasnamənin 6.2-ci bəndinə görə hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər. Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir. Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı AR Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 6.3-cü bəndinə görə hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər. Həmin Əsasnamənin 8.1-ci bəndinə görə «Xəstəliklər cədvəli»ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur: İ qrafa – ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar, İİ qrafa – çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar, İİİ qrafa – zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar. Həmin Əsasnamənin «Xəstəliklər cədvəli»nin 13-cü maddəsində “endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmalar funksiyanın mühüm dərəcədə pozulması ilə” xəstəliyi a) funksiyaların mühüm dərəcədə pozulması ilə hərbi xidmətə yararlılığın “D” kateqoriyasına, e) İ dərəcəli alimentar piylənmə isə hərbi xidmətə yararlılığın “A-2” və “A” kateqoriyalarına uyğun müəyyən edilmişdir. Məhkəmə icraatında məlum olur ki, hazırkı iddiaçı 17 aprel 2017-ci il tarixdə AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən hərbi xidmətə yararlılıq üzrə şəhadətləndirilərkən, ona 13 “a” maddəsi üzrə funksiyaların mühüm dərəcədə pozulması ilə endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları diaqnozu əsasında hərbi xidmətə yararlılıq D – “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” kateqoriyası verilmişdir. Hazırda isə, iddiaçının səhhətində baş vermiş dəyişiklik nəticəsində onun xəstəliyi müvafiq dövlət tibb müəssisəsi tərəfindən “İ dərəcəli alimentar piylənmə” diaqnozu ilə müəyyən edilir və bu xəstəlik Xəstəliklər cədvəlində hərbi xidmətə yararlılığın “A-2” və “A” kateqoriyalarına uyğundur. Xəstəliklər cədvəlində “A” kateqoriyası üzrə “hərbi xidmətə yararlıdır” rəyi verilir. Məhkəmənin qənaətinə görə iddiaçı X2 əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyindən ona münasibətdə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 6.2-ci bəndi deyil, 6.3-cü bəndi tətbiq edilməli və o, cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən sağlamlıq vəziyyətinə görə hazırda yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün tibbi şəhadətləndirilməklə yenidən müayinə olunmalıdır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı sağlamlıq vəziyyətinə görə hazırda yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün tibbi şəhadətləndirilməklə müayinə olunması öhdəliyi cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. İddiaçı sağlamlıq vəziyyətinə görə hazırda yararlılıq dərəcəsinin müəyyən edilməsi üçün tibbi şəhadətləndirilməklə müayinə olunması öhdəliyi cavabdeh AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-3312/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3312/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver