Məhkəmə qərarları › İş №e-2-1(112)-3759/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3759/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3759/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (bundan sonra mətndə X6 üzrə Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3361 nömrəli qərarın ləğv edilməsi, cavabdehdən məhkəməyə müraciət, hüquqi yardım almaq və bu kimi proseslər üçün xərclənmiş 3000 (üç min) manat məbləğin tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3361 nömrəli qərara əsasən, X6 üzrə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM) 58.7.1-ci maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. 4 nəfər müştəri restorana gəlmişdir. Müştərilərə xidmət göstərildikdən sonra hesab təqdim edilmiş, nəzarət-kassa aparatının çeki və R-keeper çeki təqdim edilmişdir. Müştərilər hesabı ödədikdən sonra restorandan çıxmış, daha sonra yenidən əllərində kamera vasitəsilə restoranın video-görüntüyə alaraq içəri daxil olmuşlar. Restoranda vergi ödəyicisi və ya müəssisənin səlahiyyətli nümayəndəsi həmin vaxt orada olmamışdır. Restoranda bir gündür ki, əmək fəaliyyəti ilə tanış olmaq üçün gəlmiş şəxsə özlərini təqdim etmişdirlər. Lakin “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti (ovn) tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.10-cu bəndində nəzərdə tutulmuş qaydada vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişdirlər. Habelə, şikayətə əlavə olunmuş 44 nömrəli əlavədə iltizamdan göründüyü kimi, onun iştirakı olmadan İltizam hazırlanmış, iddiaçının iştirak etmədiyi göstərilmişdir. Təqdim edilmiş nəzarət-kassa aparatının çekində guya məhsulların adları qeyd edilməmişdir və tövsiyə etmişdirlər ki, çeklərdə məhsulların adlarını qeyd edilməsi vacibdir, həmçinin, restoranda qeyd edilən hal ilk dəfə baş verdiyi üçün cərimə olunmayacağı restoranın əməkdaşlarına bildirilmişdir. Qeyd edilən hallar restoranın kamera görüntülərində öz əksini tapmışdır. Şikayətə əlavə olunmuş çeklərdən də aydın olur ki, müştərilərə iki çek təqdim olunur: nəzarət kassa aparatının çeki və R-keeper sistemindən çıxarılmış çek. Nəzarət kassa aparatının çekində vergi ödəyicisinin adının, VÖEN-inin, çekin vurulması tarixinin və saatının, təsərrüfat subyektinin (subyektlərinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və xidmətin (işin) adının, ölçü vahidinin, miqdarının, bir vahidinin qiymətinin, yekun məbləğin, nəzarət-kassa aparatının fiskal rejiminin nişanının (əlamətinin), malın sürətli məlumat kodunun (X9), gün ərzində vurulmuş çeklərin sayının və nömrəsinin, nəzarət-kassa aparatının markasının və zavod nömrəsinin, ödənilmiş məbləğin, müştəriyə qaytarılan məbləğin (malın dəyərindən artıq ödənilən hissə üzrə), nisyə satış zamanı ödəniləcək məbləğin (qalıq borcun), ödənişin forması və üsulunun (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr), çekin növünün (satış, geri qaytarma və ya ləğvetmə), nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsinin, geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvolları əks olunmuşdur. Habelə, nəzarət-kassa çekində göründüyü kimi təqdim edilən xidmət göstərilməklə yanaşı, əlavə olaraq qanunvericilikdə belə bir tələb olmasına baxmayaraq, R-keeper sistemindən çıxarılmış çekdə xidmətdən əlavə, məhsulların siyahısı və ayrıayrılıqda qiymətləri, xidmət saatı, tarixi qeyd olunmuşdur. Aparılmış operativ vergi nəzarəti zamanı hər hansı qanun pozuntusu baş verməmişdir, əksinə, nəzarətdə iştirak edən vergi müfəttişləri vergi ödəysici qismində səlahiyyətli hər hansı şəxsə operativ vergi nəzarətini həyata keçirilməsi barədə məlumat verməmiş, habelə, “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın 1.10-cu maddəsində nəzərdə tutulmuş qaydada vergi orqanının qərarını və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışını təqdim etməmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan X6 üzrə Baş İdarəsi tərəfindən təqdim olunmuş iddiaya dair **********169800 saylı xx.xx.2023-cü il tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, araşdırma zamanı X6 üzrə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********3371 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2023-cü il tarixdə fərdi sahibkara məxsus ünvan 1 ünvanda yerləşən kafedə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2023-cü il tarixli DVX seriyalı 019548 nömrəli “Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2023-cü il tarixli **********3361 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2023-cü il tarixli **********8669700 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə saat 14:48:58-də oxuduğu müəyyən edilmişdir. İddiaçı ərizəsində “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın müxtəlif bəndlərinə istinad etməklə öz iddiasının əsaslandırmağa, obyektdə hər hansı pozuntu faktının olmadığını sübut etməyə çalışmışdır. xx.xx.2023-cü il tarixli DVX seriyalı 019548 nömrəli “Nəğd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması barədə” aktdan da görünür ki, nəzarət tədbiri zamanı fərdi sahibkar obyektdə olmamış və bununla əlaqədar xx.xx.2023cü il tarixli sərbəst məzmunlu akt tərtib edilmişdir. Həmin aktda iddiaçı ilə mobil telefon vasitəsilə əlaqə saxlanıldığı, ona təsərrüfat subyektində OVN keçirilməsi barədə məlumat verildiyi öz əksini tapmış, o cümlədən uzaqda olduğundan obyektə gələ bilməyəcəyi qeyd edilmişdir. Bu səbəbdən iddiaçıya müvafiq qərar və çıxarışı təqdim etmək mümkün olmamışdır. İddiaçı iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişin OVN keçirildiyi gün təqdim edildiyini qeyd etməklə, öncədən hər hansı xəbərdarlıq edilmədiyini və bunun prosessual pozuntu olduğunu bildirmişdir. VM-nin 50.4-cü maddəsinə görə, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Vergi qanunvericiliyində vergi ödəyicisinə bildiriş göndərilməsi yalnız növbəti səyyar vergi yoxlamasından əvvəl nəzərdə tutulmuşdur. OVN tədbirindən öncə bu cür xəbərdarlıq edilməsinə dair hər hansı norma mövcud deyildir. İddiaçı öz ərizəsində “Qaydaların 1.14-cü maddəsini tələblərinin pozulduğunu, fərdi sahibkardan obyektdə çəkiliş edilməsi ilə əlaqədar iltizam alınmadığını qeyd etmişdir. Vergi Məcəlləsinin 41.1 -ci maddəsinə görə, vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, bu Məcəllənin 41.1 -ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Göründüyü kimi, vergi qanunvericiliyində OVN zamanı vergi ödəyicisinə məxsus obyektdə foto və ya video çəkiliş aparılması barədə ondan yazılı iltizam alınması nəzərdə tutulmamışdır. İddiaçının istinad etdiyi “Qaydaların 1.14-cü bəndi” isə 2023-cü ilin may ayından etibarən dəyişdirilmiş, hazırda qüvvədə olan Qaydaların 1.14-cü bəndində “iltizam alınması”na dair hər hansı müddəaya yer verilməmişdir. İddiaçı iddia ərizəsində müştəriyə təqdim edilmiş nəzarətkassa aparatı çekində bütün rekvizitlərin əks olunduğu bildirirək pozuntu olmamasını qeyd etmişdir. VM-nin 16.1.9-cu maddəsinə görə, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarım təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. O cümlədən Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydalarının 8.3.16-cı bəndinə əsasən pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifəsi kimi təsbit edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 652 saylı NKA çekindən görünür ki, iddiaçının qeyd etdiyinin əksinə, NKA çekində malın adı, miqdarı, vahidinin qiyməti qeyd olunmamışdır. Göründüyü kimi, operativ vergi nəzarəti hər hansı prosessual pozuntuya yol verilmədən həyata keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandirma hissəsi İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş mübahisələndirilən (xx.xx.2023-cü il tarixli) inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2023-cü il tarixdə, müraciət etmişdir. İddia mümkündür.

Faktiki hallar və sübutlar: X6 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” **********3371 №-li, xx.xx.2023-cü il tarixli qərarından (surəti) müəyyən olunur ki, İddiaçı məxsus olan obyektdə - kafe-restoranda nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” 14 sentyabr 2023-cü il tarixli KY231976424 №li Çıxarışdan görünür ki, iddiaçının (İddiaçı) fəaliyət göstərdiyi təsərrüfat obyektində (kod 12001 kafe-restoran; AZ 1090 Bakı şəhəri, Xəzər rayonu, Buzovna – Maştağa yolu ev 20, m. 2-ci km; restoranlar tərəfindən xidmətlərin göstərilməsi) aparılan operativ vergi nəzarəti yoxlamasının müddəti xx.xx.2023-xx.xx.2023-cü il, yoxlanılan dövr cari fəaliyyət kimi qeyd olunmuşdur. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********63517 №-li, xx.xx.2023-cü il tarixli tələbnamə ilə İddiaçı “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”lər, xidmət müqavilələri barədə məlumatlar, elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan bütün sənədlər tələb olunmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” VN seriyalı 019548 №-li, xx.xx.2023-cü il tarixli aktda (surət) qeyd olunmuşdur ki, Bakı şəhəri KSİBİ-nin xx.xx.2023-cü il tarixli DVX seriyalı **********3371 №-li qərarına əsasən İddiaçı məxsus olan Xəzər rayonu, Buzovna ŞTQ, Maştağa yolu 20 ünvanında yerləşən “Farel” restoranında İddiaçı iştirakı olmadan əhali ilə pul hesablşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən müəyyən olunmuşdur ki, “Farel” restoranında quraşdırılmış F2A0320A00500052 zavod № TPS320Smart POS markalı nəzarət-kassa aparatı Bakı şəhəri KSİBİ-nin xx.xx.2022-ci il tarixli **********7 №-li qeydiyyat vərəqəsi ilə qeydiyyata alınmış, “Farel” restoranında əhali ilə pul hesablaşmalarının aparılmasında NKA-ı quraşdırılıb ciddi hesabat blanklarından istifadə olunur. xx.xx.2023-cü il tarixdə saat 14:30-22-də İddiaçı məxsus “Farel” restoranında müştəri tərəfindən nahar yeməyinə görə 68,0 (altmış səkkiz) manat ödənilmiş, ödənişin müqabilində həmin məbləğ NKA-nın fiksal yaddaşına vurulmuş və 652 №-li çeklə müştəriyə təqdim olunmuşdur. Tərəflərindən keçirilən OVM-i tədbiri zamanı Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərinin pozuntusu faktı aşkar olunmuşdur. 652 №-li çek akta əlavə olunmuşdur. NKA-dan gündəlik Z- hesabatları alınır. OVN-i tədbirinin keçirilməsi barədə heç bir sənəd təqdim olunmamışdır. X3 Vergi Məcəlləsinin 50.8.5-ci maddəsinin tələblərinə riayət olunması tövsiyyə olunmuşdur. Nəzarət kitabçası təqdim edilməmişdir. Yoxlamanın nəticəsində İddiaçı VM-nin 16.1.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.5.16-cı bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində VM-nin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. VM-nin 50.8.5-ci maddəsinin tələblərinə riayət olunması tövsiyyə olunmuşdur. Aktın qeyd hissəsində göstərilmişdir ki, vergi ödəyicisi obyektdə olmaması səbəbindən qərar, çıxarış və tərtib olunmuş aktla tanış olması, imza edib bir nüsxəsini qəbul etməsi mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, X6 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli **********3371 nömrəli qərarına əsasən İddiaçı məxsus Xəzər rayonu, Buzovna ŞTQ, Maştağa Yolu 20, 2-ci km-də yerləşən “Farell” restoranında xx.xx.2023-cü il tarixdə, saat 14:30-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə nağd pul hesablaşmalarının aparılması zamanı nəzarət kassa aparatından istifadə etməməsi faktı aşkar edilmişdir bununla da fərdi sahibkar Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinin tələbini pozmuşdur, həmçinin vergi ödəyicisi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxslər əmək müqaviləsi bağlamamağa hüquq pozuntusuna yol verdiyi tərəflərindən aşkar edilmiş və nəticəsi barədə müvafiq olaraq DVX seriyalı 000841 nömrəli akt tərtib olunmuşdur. Əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş 1 (bir) nəfər fiziki şəxs “Aşbaz” vəzifəsində çalışan X5 yazılı izahat təqdim etmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********3361 №-li, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı VM-nin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Vergi Məcəlləsi. 21.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 50.1.3. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını əhatə edən vergi nəzarəti formasıdır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi.

Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli Qərarına əsasən, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmiş, yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli aktla rəsmişləşdirilmiş və həmin akt əsasında qəbul olunmuş qərarla vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda iddiaçı ona maliyyə sanksiyasının tətbiq olunmasına əsas olmuş qərarın ləğv olunması barədə tələb irəli sürmüşdür. VM-nin 15.1.15 maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 16.1.9-cu maddəsinə əsasən lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra - NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndə əsasən NKA-nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə bunlar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra - İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi - malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin vəzifələrinə daxildir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarım təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, vergi orqanı tərəfindən iddiaçı barəsində qəbul edilən qərarın əsasında əhali ilə pul hesablaşmalarının aparılmasını zamanı pozuntuya yol verilməsi səbəbindən təqdim olunan NKA çekində malın adı, miqdarı, vahidinin qiymətinin qeyd olunmaması təşkil edir. Əlbətdə nəzərə alınmalıdır ki, bununla bağlı pozuntuya yol verdikdə, qanunvericilik vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsini şərtləndirmişdir. Lakin, həmin maliyyə sanksiyasının tətbiq edilməsi üçün vergi ödəyicisinin həqiqətən də, bu pozuntuya yol verdiyi sübut olunmalıdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 652 saylı NKA çekindən görünür ki, iddiaçının qeyd etdiyinin əksinə, NKA çekində malın adı, miqdarı, vahidinin qiyməti qeyd olunmamışdır. VM-nin 58.7.Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1.təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qərarın ləğv olunması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Bundan başqa, iddiaçı hüquqi xidmət haqqı kimi ödənilmiş 3000 (üç min) manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. İPM-nin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı tərəfindən hüquqi xidmət haqqı ilə bağlı xərcləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia qeyd olunan hissədə də təmin olunmamalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar