Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4056/2024 22.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1, X2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 2023-cü il 28 sentyabr tarixli **********015700 nömrəli qərarı ləğv edilməklə Cəmiyyətə 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ƏDV-nin ləğv edilməsi, o cümlədən Cəmiyyətə ayrılmış və ya gələcəkdə ayrılacaq subsidiya məbləğlərinin idarə tərəfindən ƏDV-yə cəlb olunmasının qarşısının alınması məqsədilə Cəmiyyətin idarənin onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı ASC (“Cəmiyyət”) təsis olunduğu 2009-cu ildən bu günə qədər tullantıların idarəolunması xidmətləri göstərməklə yanaşı, həm də dövlət büdcəsindən ayrılan subsidiyalar əsasında fəaliyyət göstərir. Cəmiyyətin göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər həm ƏDV, həm də mənfəət bəyannamələrində əks olunur. Dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri isə müəssisənin yaranmış zərərini qarşılaması səbəbindən mənfəət bəyannamələrində gəlir kimi tanınsa da, həmin məbləğlər ƏDV-nin vergitutma obyekti olmadığından, o cümlədən mahiyyətcə yeni dəyər yaratmadığından qanunvericiliyə uyğun olaraq Cəmiyyət tərəfindən ƏDV məqsədləri üçün gəlir kimi tanınmamışdır. Qeyd edilməlidir ki, Cəmiyyətdə onun təsis olunduğu dövrdən bugünədək iki dəfə müxtəlif vaxtlarda vergi orqanı tərəfindən səyyar vergi yoxlaması, o cümlədən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən isə bir dəfə yoxlama keçirilmiş və yoxlamalar nəticəsində tərtib edilmiş aktlarda ayrılmış subsidiyaların ƏDV-yə cəlb edilməməsi məsələsinə heç bir irad bildirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, vergi orqanının münasibətinin dəyişməsi üçün həmin dövrdən bəri aidiyyəti qanunvericilikdə də heç bir dəyişiklik olmamışdır. Qeyd olunanlara baxmayaraq, Cəmiyyətə ayrılmış subsidiya məbləğlərinə vergi orqanının 2023-cü il 8 avqust tarixli **********922500 nömrəli qərarı ilə 412.008,24 manat məbləğində ƏDV hesablanmışdır (qərarın surəti əlavə olunur). Bununla bağlı həmin qərardan Cəmiyyət tərəfindən elektron sistem vasitəsilə şikayət verilmiş (xx.xx.2023), o cümlədən vergi orqanının dəvəti üzrə Cəmiyyətin nümayəndəsi tərəfindən qanunvericiliyin müvafiq müddəaları və tələbləri barədə ətraflı izahat verilmişdir (xx.xx.2023). Buna baxmayaraq, Cəmiyyətin əsaslı izahları nəzərə alınmamış və vergi orqanının 2023-cü il 28 sentyabr tarixli **********015700 nömrəli qərarı ilə qeyd edilən ƏDV məbləği dəyişdirilmədən saxlanılmışdır (qərarın surəti əlavə olunur). Vergi orqanı qərarını qanunvericiliyə uyğun olmayaraq subsidiya məbləğlərinin ƏDV-nin hesablandığı xidmətlərin faktiki dəyərinə aid edilməsi ilə əsaslandırmışdır. Bu əsassız yanaşmaya dair Cəmiyyətin nümayəndəsi növbəti dəfə araşdırmanın gedişində iştirak edərək (xx.xx.2023) zəruri izahları vergi orqanına təqdim etmişdir. Vergi orqanına kifayət qədər aydın şəkildə izah olunmuşdur ki, subsidiya məbləğini mahiyyətcə Cəmiyyətin xidmət satışı gəlirlərinə aid etmək tamamilə absurddur və o, Cəmiyyətin satışdankənar gəlirlərinə aid edilərək yalnız mənfəət vergisinə cəlb oluna bilər, ƏDV-nin isə vergitutma obyekti ola bilməz, çünki ƏDV-nin obyekti ola bilmək üçün hər hansı bir real mal, iş və ya xidmət təqdim edilməlidir. Subsidiya məbləği ilə bağlı isə heç bir mal, iş və ya xidmətin təqdim edilməsindən söhbət gedə bilməz və nəticə olaraq, bu zaman ümumiyyətlə ƏDV-nin vergitutma obyekti mövcud olmur. Bununla belə, vergi orqanı 2023cü il 26 oktyabr tarixli **********561200 nömrəli qərarı ilə şikayəti təmin etməmiş və bu dəfə öz yanaşmasını belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, subsidiya hesabına mallar (xidmətlər, işlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilməlidir (qərarın surəti əlavə olunur). Həmçinin, Cəmiyyət ayrılmış subsidiya məbləğini əməliyyat və texniki xidmətlərin alınmasına yönləndirdiyi üçün həmin məbləğ xidmətlərin faktiki dəyərinə aid edilməklə ƏDV-nin vergitutma obyektini təşkil etməlidir. Qeyd edilməlidir ki, vergi orqanının bu izahları vergi qanunvericiliyinə və ƏDV-nin mahiyyətinə tamamilə ziddir və həmin izahlarla mövcud vəziyyət, o cümlədən qanunvericiliyin tələbləri arasında faktiki və məntiqi uyğunluq yoxdur: birincisi, haqqında bəhs olunan subsidiya iddia olunduğu kimi mal, iş və ya xidmətlərin alınmasına deyil, Cəmiyyətin əməkdaşlarının əmək haqlarının ödənilməsinə yönəldilmişdir; ikincisi, subsidiya məbləğlərinin mal, iş və xidmətlərin təqdim edilməsi faktı ilə əsassız şəkildə əlaqələndirilərək həmin məbləğlərin özlərinin də ƏDV məqsədləri üçün vergitutma obyekti kimi qələmə verilməsi tamamilə yolverilməzdir. Belə ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin dairəsi aydın şəkildə göstərilmişdir: gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (isin, xidmətin) dəvəri. ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləri. Bunlar ümumi vergitutma obyektləri olmaqla, Vergi Məcəlləsinə əsasən müxtəlif vergi növləri üzrə fərqləndirilməklə tətbiq edilir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, ƏDV-nin vergitutma obyektlərini malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxaldır. Göründüyü kimi, subsidiya məbləğləri ƏDV-nin vergitutma obyektlərinin sırasında ümumiyyətlə qeyd edilməmişdir. Bundan başqa, subsidiya məbləğlərinin malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsinə yönəldildiyi halda onların faktiki dəyərinə aid edilməli olduğu və bunun əsasında dolayı şəkildə ƏDV-yə cəlb edilməli olduğu barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən, qeyd edilən hallar vergi orqanının diskresion səlahiyyətinə aid olmadığından, onun mövcud qanunvericiliyi öz mülahizəsi əsasında şərh etməklə subsidiyanı vergitutma obyektinə daxil etməsi və ona ƏDV hesablaması yolverilməzdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, **********454800 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, kameral vergi yoxlaması zamanı 2023-cü ilin may ayı ərzində Cəmiyyət tərəfindən göstərilən xidmətlər üzrə çəkilən xərclərin bir hissəsinin qarşılanması məqsədi ilə dövlət büdcəsindən 2.722.500,0 manat, iyun ayı üzrə 2.876.250,0 manat məbləğdə subsidiyanın ayrılmasına, eyni zamanda qeyd edilən məbləğlərin Cəmiyyət tərəfindən podratçı təşkilatlara onların gördüyü işlərin müqabilində köçürüldüyünün və ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirildiyinin müəyyən edilməsinə baxmayaraq 2023-cü ilin may-iyun ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində subsidiya məbləğinin gəlir kimi tanınmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********525900 nömrəli və xx.xx.2023-cü il tarixli **********345500 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********922500 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə 2023-cü ilin may ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməsinə baxmayaraq mövcud kənarlaşmalar aradan qaldırılmadığına görə əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********015700 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyətin əsas fəaliyyətinin tullantıların yığılması və məhv edilməsindən (Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində) ibarət olduğu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ile “CNİM FZC Engineers” arasında “Bakı bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikilməsi və istismar edilməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli, Bakı tullantıların enerjiyə çevrilməsi müqaviləsi imzalandığı, müqaviləyə uyğun olaraq Podratçı ölkədaxili layihələndirmə-tikinti və əməliyyat xidmətləri üzrə bütün hüquq və öhdəliklərini "xxxx" MMC-yə həvalə etdiyi, hazırda həmin hüquq və ödəliklərin "xxxx" MMC tərəfindən həyata keçirildiyi, "xxxx" MMC tərəfindən bərk məişət tullantılarının yandırılması və elektirik enerjisinin istehsalı ilə bağlı inşa edilmiş zavodun "xxxx" MMC tərəfindən istismarına nəzarətin isə İddiaçı ASC-yə həvalə olunduğu müəyyən edildi. “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamına əsasən Bakı şəhərinin ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi Cəmiyyətə həvalə olunmuşdur. Eyni zamanda “X1 Proqramı” çərçivəsində bərk məişət tullantılarının yığılaraq yandırılması prosesi nəticəsində əldə edilmiş elektirik enerjisinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə (zərərlə) təqdim etməsi səbəbindən Cəmiyyət tərəfindən çəkilən xərclərin bir hissəsinin Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına həyata keçirildiyi, yəni “Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 17-ci maddəsinə müvafiq olaraq Cəmiyyət tərəfindən növbəti ilin büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinə dair təkliflər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra həmin təkliflər əsasında “Bakı bərk məişət tullantılarının yandırılması zavodu’Yıun əməliyyat və texniki xidmət xərclərinin (zərərin) ödənilməsi üçün Dövlət büdcədən subsidiya ayrıldığı müəyyən edildi. Vergi orqanı tərəfindən Cəmiyyətə elektron qaydada xx.xx.2023-cü il tarixli **********669900 nömrəli məktub göndərilərək “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2023-cü il ərzində Cəmiyyətə 37.500.000 manat subsidiya ayrılması barədə məlumat təqdim edilmiş 2023-cü ilin yanvar-iyun ayları ərzində Cəmiyyətə ayrılmış subsidiya məbləği üzrə bank hesabına daxil olmuş vəsaitlər barədə məlumatın təqdim ediləsi xahiş edilmişdir. Cəmiyyət tərəfindən məlumatlar xx.xx.2023-cü il tarixli nömrəli məktubla təqdim edilmiş və qeyd olunan məktubda 2023-cü ilin yanvar-iyun ayları ərzində Təmiz Şəhər ASC-yə ayrılmış subsidiya məbləğləri aşağıdakı formada olmaqla xx.xx.2023 – 1.691.250 manat, xx.xx.2023 – 2.261.250 manat, xx.xx.2023 – 2.666.250 manat, xx.xx.2023 – 2.737.500 manat, xx.xx.2023 – 2.722.500 manat və xx.xx.2023 – 2.876.250 manat olmaqla cəmi 14.955.000 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilmiş məlumata istinad edilərək 2023-cü ilin may ayında Dövlət büdcəsindən Cəmiyyətə ödənilmiş 2.722.500 manat subsidiya məbləğinə görə kameral vergi yoxlaması ilə 415296,61 manat ƏDV məbləği (2 722 500,0/1.18x18%), “BAKCELL” məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBDD seriyalı 402198 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən, həmçinin “AZTELEKOM” məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBDD seriyalı 003651 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən çox olduğuna görə 60,89 manat ƏDV məbləği artıq əvəzləşdirildiyinə görə və Cəmiyyətin ƏDV sub uçot hesabına ödənilmiş məbləğlərlə müqayisədə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmiş ƏDV məbləği arasında yaranmış kənarlaşmaya görə 16614,03 manat ƏDV məbləği olmaqla ümumilikdə 431 971,53 manat ƏDV məbləği hesablanmışdır. Araşdırma ilə Cəmiyyət tərəfindən göstərilən xidmətlər üzrə çəkilən xərclərin qarşılanması məqsədilə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri həmin xidmətlərin faktiki dəyərinə aid edildiyi üçün ƏDV-nin vergitutma obyektini təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Buna əsasən Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına görə dövlət büdcəsindən ayrılan subsidiya hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDVnin məbləği əvezleşdirilməlidir. Əldə olunmuş məlumata əsasən Cəmiyyət tərəfindən Azerbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunan təkliflərdə 2021-ci il üzrə Cəmiyyətin faktiki gəlirləri 10 238,7 min manat (o cümlədən zibil tullantılarının daşınması və elektrik enerjisinin satışı), əmək haqqı və onunla DSMF ödənişlər cəmi 8144,2 min manat təşkil etdiyi qeyd edilmiş, həmin il üçün Dövlət büdcəsindən ayrılan subsidiya məbləği isə 33 000,0 min manat olmuşdur. Göründüyü kimi Dövlət büdcəsindən ayrılan subsidiya bilavasitə Cəmiyyətə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün sərf olunması nəzərdə tutulmuş, eyni zamanda faktiki olaraq xidmət göstərən təşkilatlar (o cümlədən əməliyyat və texniki xidmətə görə "xxxx" MMC-yə) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış ödənişlər əsasında ƏDV məbləğləri əvəzləşdirilmişdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4056/2024 nömrəli qərardadı ilə İddiaçı açıq səhmdar cəmiyyətinin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, İddiaçı açıq səhmdar cəmiyyətinin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarı ləğv edilməklə Cəmiyyətə 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ƏDV-nin ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı mübahiləndirdiyi xx.xx.2023-cü il tarixli qərarı aldıqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş müddəti buraxmadan məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən tələb edilən 30 gün müddəti ötürməmişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********261200 nömrəli çıxarışından görünür ki, qurumun adı İddiaçı açıq səhmdar cəmiyyəti, qeydiyyata alındığı tarix xx.xx.2009-cu il, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********, təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyət, maliyyə ili 1 yanvar-31 dekabr, hüquqi ünvanı AZ1122, ünvan 1dənilmiş) 9.149.672,00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Azərbaycan Respublikası - 100 %-dir. Cavabdehin etirazı ilə təqdim olmuş inzibati icraat materiallaından görünür ki: xx.xx.2023-cü il tarixli **********922500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2023-cü ilin may ayının əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq -19.963,29 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 412.008,24 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 431.971,53 manat göstərilmişdir. xx.xx.2023-cü il tarixli **********015700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2023-cü ilin may ayının əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq -19.963,29 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 412.008,24 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 431.971,53 manat göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 oktyabr 2023-cü il il tarixli, **********561200 nömrəli İnzibati şikayətin təmin edilməməsi haqqında qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********015700 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. 2023-cü il üzrə Təmiz Şəhər ASC-yə mədaxil və məxaric olan pul vəsaitlərinin aylar üzrə bölgüsündən görünür ki, mənfəət (+), ziyan (-) yanvar ayı üzrə 2,988,120.79, fevral ayı üzrə 5,158,141.86, mart ayı üzrə 4,871,119.71, aprel ayı üzrə 4,828,016.41, may ayı üzrə 6,056,048.47, iyun ayı üzrə 7,648,008.66, iyul ayı üzrə 7,922,111.18, avqust ayı üzrə 8,930,616.84, sentyabr ayı üzrə 11,481,069.61, oktyabr ayı üzrə 9,580,262.60, noyabr ayı üzrə 7,634,808.18, dekabr ayı üzrə -617,799.07, yekun -617,799.07. Məhkəmə işin faktiki hallarına aşağıda göstərilən qanunvericilik normalarının tərbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək; 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 159.2-ci maddəsinə görə bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 161.1-ci maddəsinə görə vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. 175.1.3-ci maddəsinə əsasən vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDVnin depozit hesabına ödənilməlidir. 175.6-cı maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçıya dövlət tərəfindən subsidiya cari xərclərinin qarşılanması məqsədilə ödənilmişdir. Subsidiyanın ayrılmasına səbəb iddiaçı tərəfindən xidmətlərin Tarif Şurası tərəfindən müəyyən edilmiş qiymətlərlə göstərilməsi əsası ilə xərclərinin çatışmayan hissəsinin (göstərdiyi xidmət və təqdim etdiyi malların bazar dəyərinə münasibətdə) dövlət tərəfindən ödənilməsi ilə bağlıdır. Belə olan halda iddiaçının fəaliyyətindən əldə etmiş olduğu gəlir ƏDV-dən azad deyildir. Həmçinin Vergi Məcəlləsinin 175.6-cı maddəsinin tələbləri baxımından iddiaçıya ödənilən subsidiyanın əvəzləşdirilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda vergi qanunvericiliyi göstərilən qaydada subsidiya ödənişlərinin ƏDV-dən azad edilməsi ilə bağlı həra hansı mexanizm müəyyən etməmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir. İPM-in: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir; 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır; 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarı ləğv edilməklə iddiaçıya 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 manat (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) məbləğində ƏDV-nin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4.
Məhkəmə qərarları › İş №e-2-1(112)-4056/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4056/2024
22.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver