Məhkəmə qərarları › İş №e-2-1(112)-4062/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4062/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4062/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Dövlət Vergi Xidmətinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərarın ləğv edilməsi və 119335,57 manat gəlirə görə verginin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə əsasən (M1 = G1 : (100 + R) x R) hesablanması öhdəliyini cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti göstərməklə iddiaçı tərəfindən 2020-ci il ərzində 119335,57 manat dəyərində malların (meyvə, tərəvəz) təqdim edilməsinə baxmayaraq 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Buna görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən kameral vergi yoxlaması ilə 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 5966,78 manat (119335,57 manat x 20% x 25 %) vergi hesablanması barədə 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Vergi orqanı tərəfindən vergi hesablanarkən ümumi dövriyyənin hamısına yəni 119.335,57 manata 20 % tətbiq edilərək gəlir vergisi hesablanmış və 75 % güzəşt nəzərə alınaraq 5966,78 manat vergi hesablanmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 96.1-ci maddəsinə əsasən, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 96.1-ci maddəsindən də göründüyü kimi vergi hesablanarkən gəlirdən xərclər çıxılmamış ümumi dövriyyənin hamısına vergi hesablanmışdır. Bildirir ki, heç bir xərc sənədi olmadığı üçün gəlir vergisi bəyannaməsi təqdim edə bilməmişdir. Satılmış malların üzərinə 3-5 faiz ticarət əlavəsi qoyaraq satmışdır. Yəni 119.335,57 manat dəyərində təqdim etdiyi mallara görə 5900-6000 manat gəlir etmişdir. 6000 manat gəlirin vergi məbləği 6000 x 20%-75%=300 manat vergi edir. Malları alarkən xərc sənədi olmadığı üçün bəyannamə verə bilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6-cı maddəsində vergi ödəyicisinin (xarici hüquqi şəxsdən başqa) vergiyə cəlb olunan mənfəətinin (gəlirinin) müəyyən olunması qaydası qeyd edilmişdir. Həmin qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1=G1:(100+R)xR; burada: M1 —vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 xR; burada: M1 — vergi ödəyicisinin mənfəəti; X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Buna görə də, vergilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə əsasən (M1=G1:(100+R)xR) hesablanması barədə 18.08.2021-ci il tarixli **********988400 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmişdir. Lakin 16 noyabr 2021-ci il tarixli **********301600 nömrəli qərarla inzibati şikayət təmin edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.4-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Həmin məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 119.335,57 manat gəliri müəyyən edildiyi üçün vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hesablanmalıdır. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə vergi hesablanarkən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə zidd olaraq yəni heç bir normaya uyğun olmayan formada hesablanmışdır. Bundan əlavə bildirmişir ki, 2 dəfə 30 gün müddətin tamam olmasına baxmayaraq, vergi orqanı tərəfindən heç bir qərar qəbul edilməmiş, eləcə də müddətin uzadılması barədə məlumat verilməmişdir. Bununla da, vergi orqanı İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinidə pozmuşdur. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərarı və Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə 16 noyabr 2021-ci il tarixli **********301600 nömrəli qərarı qanunsuz və əsassızdır. Buna görə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərar ləğv edilməli və 119335,57 manat gəlirə görə vergi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci maddəsinə əsasən (M1 = G1 : (100 + R) x R) hesablanmalıdır.

3. Məhkəmənin 13.05.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasənda iddia tələbi 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir.

4. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 02.08.2021-ci il tarixli **********427500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması” barədə Qərarın ləğv edilməsi və 119335,57 manat gəlirə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarının 6.1.1-ci maddəsinə əsasən gəlir vergisinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın 08.06.2021 -ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün “sair ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu,adına vergi orqanında qeydiyyatdan keçmiş təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı təqdim edilmiş malların alış aktlarına əsasən fərdi sahibkarın 2020-ci ilin yanvar-dekabr ayları ərzində vergi orqanlarında uçota durmadan sahibkarlıq məqsədləri üçün elektron alış aktı ilə 119335,57 manat dəyərində mallar (müxtəlif növ meyvə və tərəvəzlər) təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar 08.06.2021-ci il tarixdə vergi orqanı tərəfindən sahibkarlıq məqsədləri üçün qeydiyyata alınaraq yaranmış kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 25.06.2021-ci il tarixli **********690200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən əsaslı izahat və ya cari bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67- ci maddələrinə əsasən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 5966,78 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar qərardan inzibati şikayət etmiş və təqdim etdiyi malların alış sənədlərinin olmadığı və bu səbəbdən də vergilərin Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə uyğun hesablanmasını xahiş etmişdir. 16.11.2021-ci il tarixli **********301600 nömrəli Qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək vergi orqanının 02.08.2021-ci il tarixli **********427500 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 259,0 kq şirin bibərin 155,40 manata, 21542,0 kq kivinin 41119,47 manata, 4040,0 kq limonun 6666,00 manata, 69399,0 kq pomidorun 55031,50 manata, 1586,0 kq quru sarımsağın 10546,90 manata, 1767,0 kq zəncəfilin 5816,30 manata olmaqla, ümumilikdə 98593,0 kq (98,6) ton meyvə-tərəvəzin 119335,57 manata təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın adına vergi orqanında qeydiyyatdan keçmiş aktiv təsərrüfat subyektinin və nəzarət kassa aparatının, qeydiyyatda olan işçisinin olmadığı, bank idarələrində hesablaşma hesablarının açılmadığı, vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən sonra mallar almadığı, idxal etmədiyi müəyyən edilmişdir. İnzibati şikayətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə fərdi sahibkara 20.08.2021-ci il tarixli **********758000 nömrəli, 28.08.2021-ci il tarixli **********559600 nömrəli, 30.09.2021-ci il tarixli **********579000 nömrəli, 09.10.2021-ci il tarixli **********322300 nömrəli məktublar göndərilərək malları aldığı şəxslər barədə (adı, familiyası, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi) məlumatları, malların daşınmasının hansı formada həyata keçirilməsi (nəqliyyat vasitəsinin qeydiyyat sənədləri, fərqlənmə nişanı, icarə müqaviləsi və s) barədə məlumatları, bank hesablarından çıxarışları, müqavilə, təhvil-təslim aktları, qaimə-faktura, kassa mədaxil və məxaric orderləri, malların hərəkəti barədə dövriyyə cədvəllərinin təsdiq olunmuş surətləri və digər zəruri hesab edilən sənədlərin inzibati araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş cavab məktublarında malların müxtəlif yerlərdən və şəxslərdən alındığını, heç bir qeydiyyat aparılmadığı üçün həmin şəxsləri tanımadığını, tanımadığı şəxslərə müraciət edərək az ödəniş müqabilində malların daşınmasını təmin etdiyini qeyd etmişdir. Həmçinin, fərdi sahibkarın etibarnamə ilə səlahiyyətli nümayəndəsi X2 Dövlət Vergi Xidmətinin inzibati binasında 15.11.2021-ci il tarixdə inzibati araşdırmada iştirakı təmin edilmişdir. N.Əhmədov araşdırmaya təqdim etdiyi izahatında malların müxtəlif şəxlərdən alındığını, həmin şəxsləri tanımadıqlarını, aldıqları malların rəsmiləşdirilmədiyini, malların alış qiymətlərini xatırlamadıqlarını, daşımanın müxtəlif şəxslər vasitəsilə həyata keçirildiyini, xərclərin uçotunun təsdiqedici sənədlərlə aparılmadığı (rəsmiləşdirilmədiyi) üçün təsdiqedici sənədlər təqdim edə bilməyəcəklərini qeyd etmişdir. “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarına əsasən 2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. İddiaçı faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq vergi orqanında uçota durmalı, gəlir və xərclərinin uçotunun aparmalı olduğu, təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, malları alış aktı ilə təqdim edərək əldə etdiyi malları təqdim edən, həmçinin malların daşınmasını həyata keçirən şəxslər barədə məlumat verməməklə, həmin şəxslərin gəlirlərinin yayındırılmasına səbəb olmuşdur. Göründüyü kimi fərdi sahibkar tərəfindən malların satışı üzrə elektron qaimə- fakturalar təqdim edilməməsi, eyni zamanda vergi orqanında qeydiyyata alınmış nəzarət kassa aparatının və bank idarələrində açılmış hesablarının olmaması səbəbindən əldə edilmiş malların faktiki həcmini, malların topdan yaxud pərakəndə qaydada satılmasını, malların satışından əldə edilmiş gəlirləri, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri, ticarət əlavəsini və vergiyə cəlb olunan gəliri müəyyən edilməsi mümkün olmamışdır. Bununla belə malların alınması ilə bağlı rəsmi (ciddi hesabat blankları, ödənişlər barədə və sair) təsdiqedici sənədlərin olmaması səbəbindən araşdırmaya təqdim edilməsi ilə yanaşı, malların alınması ilə bağlı alqısatqı əməliyyatlarının aparılması barədə ciddi hesabat blankı olmayan, üzərində satıcı barədə hər hansı tanıdıcı məlumatları olan adi kağız daşıyıcısı formasında (qarşı tərəflərin malları satması barədə) məlumat da təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.08.2021-ci il tarixli №**********427500 qərara əsasən vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 5.966,78 vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır.

6. “İnzibati şikayətin təmin edilməməsi haqqında” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qərarına əsasən fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə18.08.2021-ci il,17.09.2021-ci il, 28.09.2021-ci il, 03.10.2021-ci il, 18.10.2021-ci il, 20.10.2021-ci il, 25.10.2021-ci il və 10.11.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmişdir. Bakı Şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərarı dəyişdirilməmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən:

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

13. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

14. İnzibati şikayətin araşdırılması nəticəsinə vergi orqanı tərəfindən müəyyən edilmişdir ki, İddiaçı faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq vergi orqanında uçota durmalı, gəlir və xərclərinin uçotunun aparmalı olduğu, təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, malları alış aktı ilə təqdim edərək əldə etdiyi malları təqdim edən, həmçinin malların daşınmasını həyata keçirən şəxslər barədə məlumat verməməklə, həmin şəxslərin gəlirlərinin yayındırılmasına səbəb olmuşdur. Vergi ödəyicisi tərəfindən əldə edilmiş malların xərc sənədlərinin olmasınının müəyyən edilmədiyini, malları təqdim edən şəxslər barədə belə hər hansı məlumatın təqdim olunmadığını, fərdi sahibkar tərəfindən malları təqdim etdiyi şəxslərdən araşdırma üçün zəruri hesab olunan sənədlərin tələb olunmasına baxmayaraq təqdim olunmadığını, vergi ödəyicisinin əldə etdiyi gəliri (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda gəlirin (gəlirin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarına uyğun olaraq hesablamaq hüququ yalnız vergi orqanına verildiyindən vergi ödəyicisi tərəfindən həmin qaydaya əsasən gəlirin hesablanması və ya bu qayda ilə hesablamanın vergi orqanından tələb edilməsinin qanunvericilikdə nəzərdə tutulmadığını, fərdi sahibkarın faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti həyata keçirilməklə qanunvericiliyin tələblərinə uyğun vergi öhdəliklərini icra etmədiyini, malları təqdim edən və daşımanı həyata keçirən şəxslər barədə məlumat vermədiyini və bununla da qarşı tərəflərin vergidən yayınmasına səbəb olduğunu nəzərə alaraq inzibati şikayət təmin olunmamışdır.

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

17. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz.

18. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

19. İddiaçı vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirir və fərdi sahibkar kimi uçota alınmış olmasına etiraz etmir. İddiaçının 2020-ci il ərzində müəyyən edilmiş gəliri 119335,57 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 119335,57 : (100+20) x 20 = 19889,26 manat

20. Vergi Məcəlləsindən: 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

21. Vergi Məcəlləsindən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi.

22. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 03.12.2021-ci il tarixli Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir.

23. İddiaçı Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan vergi ödəyicisi deyil, lakin Vergi Məcəlləsinin iddiaçının müvafiq dövr üzrə gəlirlər əldə etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən, qeyd edilən güzəşt istisnasız olaraq bütün mikro sahiblarlıq subyekti olan fərdi sahibkarlara şamil edilirdi.

24. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

25. Odur ki, iddiaçının vergiyə cəlb edilən gəlirləri 19889,26 manat olmaqla 20 faiz dərəcə ilə vergi tutulmalı (19889,26 manat x 20% = 3977,85 manat), Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının 03.12.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı idi (3977,85 manat – 75% = 994,46 manat).

26. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərara əsasən iddiaçının 2020-ci il ərzində müəyyən edilmiş 119335,57 manat gəlirinə münasibətdə vergi orqanı tərəfindən hesablanmış vergi məbləği 5966,78 manat hesablanmışdır.

27. Odur ki, məhkəmə hesab edir ki, mübahisələndirilən qərar 4972,32 manat vergi məbləğinin hesablanması hissəsində (vergi orqanı tərəfindən hesablanmış 5966,78 manat vergi məbləği – vergi ödəyicisinin marağına uyğun olaraq hesablanmalı 994,46 manat vergi məbləği) ləğv olunmalı, iddia tələbi qalan hissədə (vergi məbləğinin 994,46 manat hesablanması hissəsində) təmin olunmamalıdır.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.08.2021-ci il tarixli **********427500 nömrəli qərarı 4.972,32 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar