Məhkəmə qərarları › İş №e-2-1(112)-4337/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-4337/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4337/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-193067/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-193067/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qərarla iddiaçıya 3759,74 manat kameral yoxlama nəticəsində əlavə vergi hesablanmışdır. Qərar 16 oktyabr 2024-cü il saat 18:09:18-də müəssisənin onlayn kargüzarlığına yerləşdirilmişdir. Səbəb kimi isə iddiaçı tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti ilə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqında kənarlaşma müəyyən edildiyi qeyd edilmişdir. Dəfələrlə cavabdehə iddiaçının mülkiyyətində heç bir əmlak olmadığı həm şifahi, həm yazılı bildirilsə də, araşdırma aparılmadan sistem üzərindən hesablama ilə şirkəti vergi ilə yükləmişlər. Bu isə yolverilməzdir. Belə ki, 27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş arayışla müəyyən edilir ki, iddiaçının Azərbaycan Respublikası ərazisində heç bir daşınmaz əmlakı mövcud deyildir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçının mənfəət vergi bəyannaməsinin 203-cü sətrində göstərilmiş 0 manat məbləğ, tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 18798,72 manat az olduğundan kənarlaşma aşkar edmişdir ki, nəticədə 3759,74 manat məbləğində vergi hesablanmışdır. Lakin iddiaçı dəqiqləşmiş bəyannamə təqdim edərək heç bir təsdiqedici sənəd təqdim etmədən dövriyyə məbləğini əsassız şəkildə azaltmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktublar göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün 2023-cü il üçün 3759,74 manat mənfəət vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, 3-21-2-3/2-193067/2024 nömrəli Qərar qəbul olunmuşdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən iddiaçının mülkiyyətində daşınmaz əmlakların mövcud olması müəyyən edilir. Eyni zamanda vergi orqanında iddiaçının adına qeydiyyadan keçmiş təsərrüfat subyektləri mövcuddur. Hətta iddiaçı həmin təsərrüfat subyektlərində fəaliyyətini dayandırmış olsa belə, bununla bağlı vergi orqanına məlumat verməlidir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı dövlət qeydiyyatına alındıqdan sonra ********** nömrəli VÖEN əsasında fəaliyyət göstərir və əsas fəaliyyət növü “Kofe evlərinin fəaliyyəti”dir. İddiaçı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla iddiaçıya 3759,74 manat kameral yoxlama nəticəsində əlavə vergi hesablanmışdır. Məhkəmə sorğusu əsasında xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-193067/2024 nömrəli qərarın qəbul edilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktuba iddiaçının təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyatdan keçmiş bir sıra daşınmaz əmlakların siyahısı əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən “icarəyə verən” X2 “Bistro cafe” adlı əmlakı “icarəçi” İddiaçı MMC-nin istifadəsinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş icarə haqqını müəyyən edilmiş vaxtdı və qaydada ona ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının adına 2023-cü il tarixədək qeydiyyatdan keçmiş və hazırda mülkiyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1, 1-ci mərtəbə, qap 1, -1 zirzəmi qapı 1, -2 zirzəmi qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi. ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944a, məhəllə 3 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, RX ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şosessi 7-ci km., “ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mövcuddur. Cavabdeh tərəfindən iddiaçıya məxsus şəxsi hesab vərəqəsi məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən vergi ödəyicisinin icarə obyektləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlavə verginin hesablanması barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən (bundan sonra – Vergi Məcəlləsi) kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir (37.1.). Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz (37.2.). Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir (37.2- 1.). Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir (37.3.). Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır (37.4.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı vergi orqnına təqdim etdiyi 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsində daşınar və daşınmaz əmlakın icarəyə verilməsinə görə əldə etdiyi mənfəəti sıfır göstərdiyi halda, cavabdeh iddiaçının icarəyə verilmiş daşınmaz əmlakdan 18798,72 manat icarə haqqı aldığına əsaslanaraq mübahisələndirilən qərarla iddiaçıya kameral qaydada 3759,74 manat mənfəət vergisi hesablamışdır. İddiaçı onun mülkiyyətində hər hansı daşınmaz əmlak olmadığına əsaslanaraq həmin qərarın ləğv edilməsini xahiş edir. Vergi Məcəlləsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir (124.1.). İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur (124.2.). Rezident müəssisələrə və ya qeyri-rezidentlərin daimi nümayəndəliklərinə Azərbaycan Respublikasında ödənilmiş məbləğlər bu maddə üzrə vergitutma obyekti deyildir (124.3.). Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir (124.4.). Qeyd edilməlidir ki, iddiaçıya mənfəət vergisi 2023-cü il hesabat dövrü üçün hesablanmışdır. Bu səbəbdən həmin dövrdə iddiaçının icarəyə verdiyi daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə iki dəfə məhkəmə sorğusu verilərək 2023-cü ildə, o cümlədən bundan əvvəl iddiaçının mülkiyyətinə keçmiş və 2023-cü ildə mülkiyyətində olmuş daşınmaz əmlaklar barədə məlumat verilməsixahiş edilmişdir. Həmin qurumun verilmiş hər iki sorğuya cavab məktubları natamam olmuşdur. Belə ki, cavab məktublarında iddiaçının adına 2023-cü ilədək qeydiyyatdan keçmiş və hazırda mülkiyyətində olan daşınmaz əmlak olmadığı qeyd edilmişdir. Belə ki, vergitutma obyekti olan daşınmaz əmlaklar iddiaçının adına 2023-cü ilədək və ya həmin ildə qeydiyyata alına və həmin ildən sonrakı dövrdə özgəninkiləşdirilə bilərdi. Beləliklə iddiaçının mülkiyyətində məhz 2023-cü ildə daşınmaz əmlakın olubolmamasını məhkəmə sorğusu əsasında müəyyən etmək mümkün olmamışdır. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iddiaçının əvvəlki dövrlərdə üzərində mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlaklara dair çıxarışları, həmçinin iddiaçının vergi orqanında qeydiyyatdan keçmiş aktiv təsərrüfat subyektlərinin siyahısını məhkəməyə təqdim etmişdir. İddiaçı isə məhkəmə iclaslarında təmisl edilməmiş və cavabdehin sübutlarını inkar edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Göründüyü kimi cavabdeh qəbul etdiyi inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğu barədə sübutları məhkəməyə təqdim etmiş, iddiaçı isə bunun əksini sübuta yetirə bilməmişdir. Həmçinin Vergi Məcəlləsində göstərilmişdir ki, bu Məcəllənin 34.3-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması yenidən uçota alınması və uçotdan çıxarılması bu Məcəllənin müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir (33.2. ). Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Bu maddənin müddəaları mərkəzləşdirilmiş qaydada uçota alınan vergi ödəyicilərinə şamil edilmir (34.3-1.). Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir (34.4.). Qeyd edilən hüquq normalarına əsasən vergi ödəyicisinin təsərrüfat subyektinin vergi uçotundan çıxarılması onun müraciətinə əsasən veri orqanı tərəfindən həyata keçirilməlidir. Yəni, iddiaçının mülkiyyətində olmuş və icarəyə verilmiş daşınmaz əmlaklar 2023-cü ilə qədər iddiaçı tərəfindən özgəninkiləşdirilmiş olsa belə iddiaçı bununla bağlı vergi orqanına hər hansı məlumat verməmiş və bu səbəbdən həmin daşınmaz əmlaklar icarəyə verilmiş əmlaklar kimi vergi qeydiyyatda qalmışlar. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin qəbul etdiyi inzibati akt əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar