Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-4397/2025 26.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X4 və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı şəhərində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində ayrılmış torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli məktubda göstərmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt təqdim edilməmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, X4 tərəfindən alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 5000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qəardadı ilə Bakı şəhəri Binəqədi rayonu X4 adi cəlbetmə qaydasında, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, X1 30 noyabr 2007-ci il tarixli, 2333/1 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya Binəqədi qəsəbəsi hüdudları daxilində 5000 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi ayrıldığı gündən bu günə kimi istifadəsindədir və hər hansı bir mübahisə yoxdur. Torpaq sahəsinə dair sərbəst sərəncam vermək və digər məqsədlər üçün istifadə etmək məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq zərurəti yarandığından xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq idarə tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********03 saylı məktubda bildirilmişdir ki, torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Cavabdehin imtinası əsassızdır və formal mülahizə xarakteri daşıyır. Vətəndaşa təqdim edilmiş sənədlərin qanunauyğun olması sənədi tərtib edən inzibati orqanın məsuliyyət dairısinə aiddir. İddiaçı 2007-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bələdiyyəyə müraciət etmiş, X4 də öz növbəsində müraciətinə müsbət cavab vermiş, ona Binəqədi qəsəbə hüdudları daxilində 5000 kv.m torpaq sahəsi ayrılmış və iddiaçı tərəfdən torpağın dəyəri dövlət xəzinəsinə tam şəkildə ödənilmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqısatqısına dair akt təqdim edilməmişdir. Faktiki olaraq göstərilən şərti sərhədli torpaq sahəsinin bir hissəsi bataqlıq ərazidə yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Böyükşor gölünün mühafizə zolağında yerləşir. Bununla bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına müvafiq yerqurluşu planı tərtib edilmişdir. Həmçinin sahə “Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi tələbə etiraz edərək, etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X1 nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən X1 30 noyabr 2007-ci il tarixli, 2333/1 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxlində, Binəqədi qəsəbə ərazisindən 5000 kv.m boş torpaq sahəsi sahibkarlıq fəaliyyəti tikintisi üçün vətəndaş İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. - Torpaqların alqı-satqısına dair müqavilədən görünür ki, əraziyə bələdiyyə orqanının iclasında baxılmış və X4 ərazisində 5000 kv.m torpaq sahəsi satılması barədə 2007-ci il 30 noyabr tarixli 2333 saylı qərar qəbul edilmişdir. İddiaçı hazırda inzibati orqanının bu aktına istinad edərək alqı-satqı etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi 2007-ci il 30 noyabr tarixli 2333/1 saylı sərəncam etibarsız inzibati akt olmuşdur. Çünki həmin aktın qəbul edildiyi dövrdə qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Göründüyü kimi, mübahisəli inzibati aktın qəbul edildiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyənin özü tərəfindən bilavasitə torpaq ayrımaq səlahiyyəti olmamış, həmin torpağın yalnız hərrac və ya müsabiqə vasitəsilə əldə edilməsi mümkün olmuşdur. Bundan əlavə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-7200/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Böyükşor gölünün mühafizə zolağında yerləşir. Bununla bağlı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adına müvafiq yerqurluşu planı tərtib edilmişdir. Həmçinin sahə "Sənaye, nəqliyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Eyni zamanda qonşuluqda qeydiyyatdan keçmiş sahə yoxdur. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, faktiki olaraq göstərilən torpaq sahəsinin, dörd tərəfdən sərhədləri şərtidir. İcazəsiz tikili yoxdur. Faktiki olaraq göstərilən şərti sərhədli torpaq sahəsinin bir hissəsi bataqlıq ərazidə yerləşir. Faktiki olaraq göstərilən şərti sərhədli torpaq sahəsinin koordinatları baxılması üçün sənədlər toplusuna əlavə olunmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Azərbaycan Yaşıllaşdırma Və Landşaft Quruluşu”nun xx.xx.2025-ci il tarixli, 3-14-24/2-221/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı tərəfindən mübahisələndirilən Binəqədi qəsəbəsinin ərazisində yerləşən 5000 kv.m torpaq sahəsi Böyükşor gölünün mühafizə zonasında yerləşir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 25-ci maddəsinə əsasən:
1. Təbiəti mühafizə təyinatlı torpaqlara: yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının;...
2. Təbiəti mühafizə təyinatlı torpaqlarda qanunvericiliklə onlar üçün müəyyən edilmiş hüquqi rejimə əməl etməklə məhdud təsərrüfat fəaliyyətinə yol verilir. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir:... təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları. İstinad olunan normalardan görünür ki, yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının torpaqları təbiəti mühafizə təyinatlı torpaq olmaqla dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmçinin, bələdiyyənin yalnız ehtiyat fondu torpaqlarının xüsusi mülkiyyət vermək səlahiyyəti mövcuddur. İşdən görünür ki, bələdiyyənin iddiaçının xüsusi mülkiyyətinə verdiyi torpaq sahəsi təbiəti mühafizə təyinatlı torpaq olmaqla, dövlət mülkiyyətində olan torpaq olmuş, bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil olmamışdır. Belə olan halda aydındır ki, bələdiyyənin həmin torpaq sahəsini ayırmaq üçün, ümumiyyətlə, səlahiyyəti olmamışdır. Bundan əlavə, işdə olan X1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı adma rəsmiləşdirilmiş X1 2333\1 saylı 30 noyabr 2007-ci il tarixli sərəncam və torpaq sahəsinin ayrılmasına aid digər sənədlər Milli Arxiv İdarəsinin Bakı ərazi filialına müraciət etməklə ələd edilə bilər. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-2481/2024 nömrəli sorğuya cavab məktubundan gpstərilmişdir ki, Binəqədi rayonu X1 2007-ci ilə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Həmçinin Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 16-9/2-29481/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, X1 xx.xx.2007-ci il tarixli, 2333/1 nömrəli sərəncamı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda əlavə olaraq göstərilmişdir ki, X1 xx.xx.2007-ci il tarixli 21 saylı qərarı və xx.xx.2007-ci il tarixli 2333/1 saylı sərəncamı Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınmamışdır. Beləliklə, işin qeyd olunan hallarından görünür ki, iddiaçının təqim etdiyi inzibati aktın özü belə şübhəli olmuş, həmin sənədlərin milli arxiv fondunda əsası olmamaqla yanaşı, aktı qəbul etmiş orqanda da mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktları hüququn qeydiyyatı üçün əsas kimi müəyyən etsə də, iddiaçının təqdim etdiyi inzibati akt etibarsız olmaqla hüquqi nəticəsi olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, qeyd olunanlara əsasən hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova