Məhkəmə qərarları › İş №e-2-1(112)-449/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-449/2025

14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-449/2025 14.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********194500 və **********195200 nömrəli qərarların ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********194500 nömrəli Qərara əsasən 2020-ci ilin gəlir vergisi üzrə 15.987,12 manat, xx.xx.2023-cü il tarixli **********195200 nömrəli Qərara əsasən 2021-ci ilin gəlir vergisi üzrə 63.149,88 manat əlavə vergi məbləği hesablanmışdır. Başqa sözlə, cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2020-2021-ci illərin gəlir vergisi üzrə ümumilikdə 79.137 manat əlavə vergi məbləği hesablamışdır. Hər iki qərarda hesablamaya səbəb olaraq qeyd edilmişdir ki, araşdırma zamanı VM-nin 13.2.5.1-ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla bank hesablarına xx.xx.2019-xx.xx.2021 tarixləri arasında 565264.30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş və müvafiq dövlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannamələrində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçının istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda mövcud olan bank hesablarına 2019-2021-ci illər ərzində dividend və ya faiz gəlirləri üzrə hər hansı pul vəsaiti daxil olmamışdır. Cavabdehin qeyd olunan gəliri necə müəyyən etməsi qeyri-müəyyəndir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, iddiaçının dividend və faiz gəlirləri üzrə bank hesablarına hər hansı pul vəsaiti daxil olmadığından aparılmış hesablamalar qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair təqdim olunmuş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, aparılmış araşdırma nəticəsində Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək bank hesablarına əsasən 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilməsinə baxmayaraq müvafiq dövr üzrə gəlir vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə görə rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 149.1.4-cü maddəsinə görə xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********762800 məktub göndərilərək cari bəyannamələrin, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2020-ci il üzrə 15987,12 manat, 2021-ci il üzrə isə 63149,88 manat əlavə vergi məbləğləri hesablanmışdır. Aparılmış hesablamalar ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********387300 və **********383500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlar göndərilmişdir. Göründüyü kimi, mübahisələndirilən qərarlar üzrə vergi borcu qanunamüvafiq qaydada hesablanmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonradan cavabdeh vergi orqanı tərəfindən iddiaya dair əlavə yazılı münasibət (etiraz) təqdim edilmişdir. Həmin etirazda göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019- cu il tarixdən xx.xx.2021-ci il tarixədək Avstriya Respublikasında olan bank hesablarına əsasən 565264,30 manat səhm satışı üzrə əməliyyatlardan gəlir, dividend və faizdən gəlirlərinin əldə edildiyi müəyyən edilməsinə baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 97.1-ci maddəsinə görə rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Həmin Məcəllənin 149.1.4-cü maddəsinə görə xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Yaranmış kənarlaşma barədə vergi ödəyicisinə tərəfimizdən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********809800 məktub göndərilərək cari bəyannamələrin, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2020-ci il üzrə 15987,12 manat, 2021ci il üzrə isə 63149,88 manat əlavə vergi məbləğləri hesablanmışdır. Vergi ödəyicisinin 2020-ci il üzrə səhm satışı üzrə əməliyyatlardan gəliri 73.052,37 manat, faiz gəliri 137.700 manat, dividend gəliri isə 134.162,30 manat təşkil etmişdir. 2020-ci il üzrə gəlir vergisinin hesablanmasında vergi ödəyicisinin 2019-cu ildə olan 123.743,37 manat və 2020-ci ildə olan 106.977,60 manat zərəri də nəzərə alınmışdır. Belə ki, 2020-ci il üzrə 15.987,12 manat vergi məbləği aşağıdakı qaydada hesablanmışdır: (73.052,37+137.700+134.162,30-123.743,37-106.977,60)*14%. Vergi ödəyicisinin 2021-ci il üzrə səhm satışı üzrə əməliyyatlardan gəliri 287.544,14 manat, faiz gəliri 128.061 manat, dividend gəliri isə 138.682,60 manat təşkil etmişdir. 2021-ci il üzrə gəlir vergisinin hesablanmasında vergi ödəyicisinin 2021-ci ildə olan 103 217,20 manat zərəri də nəzərə alınmışdır. Belə ki, 2021-ci il üzrə 63149,88 manat vergi məbləği aşağıdakı qaydada hesablanmışdır: (287.544,14+128.061+138. 682,60-103.217,20)*14%. Aparılmış hesablamalar ilə bağlı vergi ödəyicisinə tərəfimizdən xx.xx.2023-cü il tarixli **********195200 və **********194500 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarlar göndərilmişdir. Daha sonra məhkəmə prosesində iddiaçının vəkili iddia ərizəsində qeyd olunanların əksinə iddiaçının həmin gəliri əldə etdiyini etiraf etmiş, lakin Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən həmin gəlirin vergidən azad olduğunu bildirmişdir. Qeyd olunan hal ilə əlaqədar bildirilir ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilmişdir. Vergi ödəyicisinin Avstriya Respublikasında əldə etdiyi səhm satışı, faiz və dividend gəliri ilə bağlı VM-nin 102.1.22-ci maddəsindəki azadolmaya istinad edilməsi əsassız hesab edilir. Belə ki, maddədə nəzərdə tutulmuş güzəştin məqsədi Azərbaycan Respublikasında investorların kapital bazarında fəal iştirakına və investor bazasının genişləndirilməsinə təkan verilməsi olmuşdur. VM-nin 2.4-1-ci maddəsinə əsasən Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz 2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Eyni zamanda Vergi Məcəlləsinin 13.1-ci maddəsinə əsasən bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. Mülki Məcəllənin 987.1-ci maddəsinə əsasən qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxs bu Məcəllənin 54-cü fəslinin məqsədləri üçün emitent adlanır. Həmin Məcəllənin 987.2-ci maddəsinə əsasən qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mülki Məcəllənin 997.2-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiyası qaydası “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Qiymətli kağızlar bazarı haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci bəndinə əsasən emitent - investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2-ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyədir. Qanunun 3.5-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiyası aşağıdakı mərhələlərdən ibarətdir: 3.5.1.emitent tərəfindən investisiya qiymətli kağızlarının buraxılışı haqqında qərarın qəbul edilməsi; 3.5.2.emitent tərəfindən investisiya qiymətli kağızlarının emissiya prospektinin və ya bu Qanunun 5.5-ci maddəsi ilə müəyyən edilmiş hallarda informasiya memorandumunun tərtib edilməsi (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün); 3.5.3. Mərkəzi Bankın investisiya qiymətli kağızlarının buraxılışını dövlət qeydiyyatına alması və emissiya prospektini və ya informasiya memorandumunu təsdiq etməsi; 3.5.4.investisiya qiymətli kağızlarının emissiya prospektində və ya informasiya memorandumunda olan məlumatların açıqlanması (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün); 3.5.5. investisiya qiymətli kağızlarının yerləşdirilməsi və ya tənzimlənən bazarlara ticarətə buraxılması; 3.5.6. Mərkəzi Bankın investisiya qiymətli kağızlarının (kütləvi təklif edilən istiqrazlar istisna olmaqla) emissiyasının yekunları haqqında hesabatı təsdiq etməsi; 3.5.7. investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabatda olan məlumatların açıqlanması (səhmlər kütləvi təklif edildikdə). Həmin Qanunun 6.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının buraxılışını Mərkəzi Bank dövlət qeydiyyatına alır. Bundan əlavə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2016-cı il tarixli 13-q nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətli kağızların dövlət reyestrinin aparılması Qaydası”nın 1.2-ci bəndinə əsasən Reyestr Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən aparılır. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən qiymətli kağızlar və ya qiymətli kağızların buraxılışları dövlət qeydiyyatına alındıqda, qiymətli kağızlar dövriyyədən çıxarıldıqda bu barədə məlumatlar reyestrə daxil edilir. Göründüyü kimi, hüquqi şəxsin emitent hesab olunması qiymətli kağızlarının emissiyasını müəyyən edilmiş qaydada həyata keçirilməsi ilə, investisiya qiymətli kağızların buraxılışı isə həmin qiymətli kağızın dövlət qeydiyyatına alınması və reyestrə daxil edilməsi ilə şərtləndirilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq emitent sayılan şəxslər tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəlirlərinə münasibətdə Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin tətbiqi nəzərdə tutulduğundan, xarici ölkələrdə qeydiyyatdan keçmiş və fəaliyyət göstərən emitentlərə həmin maddənin müddəaları şamil edilmir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin yazılı etirazlarına dair məhkəməyə təqdim etdiyi yazılı mülahizədə bildirmişdir ki, İddiaçı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********194500 nömrəli qərarına əsasən 2020-ci ilin gəlir vergisi üzrə 15.987,12 manat; xx.xx.2023-cü il tarixli, **********195200 nömrəli qərarına əsasən 2021-ci ilin gəlir vergisi üzrə 63.149,88 manat əlavə vergi hesablanmışdır. Başqa sözlə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 2020- 2021-ci illərin gəlir vergisi üzrə ümumilikdə 79.137 manat vergi hesablanmışdır. Hər iki qərarda hesablamaya səbəb olaraq qeyd edilmişdir ki, araşdırma zamanı VM-nin 13.2.5.1ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla bank hesablarına xx.xx.2019-xx.xx.2021 tarixləri arasında 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş və müvafiq dövrlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannamələrində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Cavabdeh vergi orqanı tərəfindən məhkəməyə sübut qismində ölkə hüdudlarından kənarda həyata keçirilmiş bank əməliyyatları barədə təsdiqedici sənədlər təqdim edilmişdir. 2020-ci ildə səhm satışı üzrə gəlirini 73.052,37 manat, faiz gəlirini 137.700 manat, dividend gəlirini 134.162,30 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərini 106.977,60 manat, cəmi vergiyə cəlb olunan gəlirin 239.937,07 manat; 2021-ci ildə səhm satışı üzrə gəlirini 287.544,14 manat, faiz gəlirini 128.061 manat, dividend gəlirini 138.682,60 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərin 103.217,20 manat, cəmi vergiyə cəlb edilən gəlirini 451.070,54 manat müəyyən etmişdir. Qeyd olunmalıdır ki, bank əməliyyatlarından da göründüyü kimi, iddiaçı xarici ölkədə açılmış bank hesabına mədaxil etdiyi şəxsi pul vəsaitləri ilə müxtəlif səhmlərin alqısatqısını həyata keçirmişdir. Lakin bank əməliyyatlarına əsasən vergi orqanının müvafiq göstəriciləri necə hesablandığını müəyyən etmək qeyri-mümkündür. Belə ki, iddiaçının qanuni gəliri və ya zərərini müəyyən etmək üçün səhmin hansı qaydada alındığını və satıldığını təsbit etmək lazımdır. Bundan başqa, səhm satışından, faiz və dividend gəlirlərindən xarici ölkədə ödəmə mənbəyində vergilərin tutulub-tutulmaması da müəyyən edilməli idi. Bundan başqa, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı ilin fevralın 1 dən etibarən 7 il müddətinə yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont və faiz gəliri gəlir vergisindən azad edilmişdir. Mülki Məcəllənin 997.1-ci maddəsinə əsasən qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. Məcəllənin 997.2-ci maddəsinə əsasən istiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. Göründüyü kimi investisiya qiymətli kağızı hesab edilən səhv və istiqrazlar üzrə ödənilən dividend, diskont və faiz gəlirləri xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək gəlir vergisindən azad edilmişdir. Lakin hazırki iş üzrə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2019-2021-ci illər üzrə səhm və istiqrazlar üzrə dividend və faiz gəlirlərini vergiyə cəlb etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti üzrə isə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı (VÖEN: **********) sənədlərinin araşdırılması zamanı, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən onun Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək bank hesablarına əsasən 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş, müvafiq dövrlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün ondan müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsinin, qeyd olunanalarla bağlı müvafiq izahat məktubunun, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətlərinin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb olunmuşdur. -Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2023-cü il tarixli məktuba əsasən İddiaçı (VÖEN: **********) sənədlərinin araşdırılması zamanı, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək bank hesablarına əsasən 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş, müvafiq dövrlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın, yaranmasına səbəb olmuşdur. Qeyd olunanalarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün ondan müvafiq hesabat dövrü üzrə cari (dəqiqləşdirilmiş) gəlir vergisi bəyannaməsinin, qeyd olunanalarla bağlı müvafiq izahat məktubunun, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətlərinin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab etdiyi digər sənədlərin təqdim olunması tələb olunmuşdur. -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********195200 nömrəli qərarı ilə iddiaçının 2021-ci il gəlir vergisi üzrə 63.149,88 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək bank hesablarına əsasən 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş, müvafiq dövrlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli, **********194500 nömrəli qərarı ilə iddiaçının 2020-ci il gəlir vergisi üzrə 15.987,12 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən iddiaçının Azərbaycan Respublikasının rezidenti olmaqla xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək bank hesablarına əsasən 565.264,30 manat dividend və faiz gəlirlərinin əldə edildiyi müəyyən edilmiş, müvafiq dövrlər üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində göstəricilərin azaldılmaqla təqdim edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Məhkəmə mövqeyini aşağıdakı qaydada əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsindən: 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 2.4-1. Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 13.2.5. Rezident: 13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs: -təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan; -təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;. -bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır: -daimi yaşayış yeri; -həyati mənafelərinin mərkəzi; -adətən yaşadığı yer; -Azərbaycan Respublikasının vətəndaşlığı; 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 102.1.22. 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddırlar. (qüvvədən düşmüş norma) 149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: (-) 149.1.4. xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; Azərbaycan Respublikası Mülki Məcəlləsindən: 987.1. Qiymətli kağız onun mülkiyyətçisi və emitenti arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Qiymətli kağızı emissiya etmiş, buraxmış və ya vermiş şəxs bu Məcəllənin 54-cü fəslinin məqsədləri üçün emitent adlanır 987.2 Qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətinə, fiziki şəxslərin bank əmanətləri üzrə əldə etdikləri illik faiz gəliri, habelə emitentlər tərəfindən ödənilən divend, diskont və faiz gəlirləri gəlir vergisindən azad edilmişdir. Məcəllənin bu normasından da aydın olur ki, bu güzəşt müddəti 2023-cü ilin fevral ayında başa çatmışdır. İddiaçı bu normanın təsiri altına düşdüyünü iddia edərək, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək xarici emitentdən 565.264,30 manat məbləğində əldə etdiyi dividend və faiz gəlirlərinə münasibətdə həmin güzəştin tətbiq olunmasını və bu gəlirlərinin gəlir vergisindən azad edilməsini tələb edir. Cavabdeh isə, iddiaçının yanaşmasının əksinə olaraq, hesab edir ki, iddiaçının xarici emitentdən əldə etdiyi gəlirə münasibətdə güzəşt tətbiq olunmamalıdır. Bu güzəşt yalnız Azərbaycan Respublikasınnın qanunverciliyinə uyğun qaydada qeydiyyata alınmış emitentlərdən əldə olunan dividend, diskont və faiz gəlirlərinə şamil olunmalıdır. Məhkəmə cavabdehin gəldiyi bu mövqeyi ilə razılaşmır və hesab edir ki, həmin normanın güzəşt hüququ iddiaçının əldə etdiyi gəlirə münasibətdə tətbiq olunmalıdır. Belə ki, məhkəmə “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsasən, investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən hüquqi şəxslərin, beynəlxalq təşkilatların, dövlətlərin (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanları vasitəsilə) və ya bələdiyyələrin emitent qismində çıxış etdiyini qeyd edir. Faktiki olaraq, emitentlər qiymətli kağızları buraxan və ya tədavülə çıxaran qurumlardır. Fiziki şəxslər isə qiymətli kağızlara, o cümlədən səhmlər və istiqrazlara sərmayə qoyaraq, emitentlərdən gəlir əldə edirlər ki, bu gəlirlər dividend, faiz və diskont gəlirləri şəklində formalaşır. Qeyd olunmalıdır ki, VM-nin 102.1.22-ci maddəsinin ikinci hissəsində qeyd olunmuşdur ki, “emitent tərəfindən ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır”. Normanın təhlili onu deməyə əsas verir ki, fiziki şəxslər özləri emitent qismində çıxış edə bilməsələr belə, norma qüvvədə olduğu dövrdə onlar emitentlərdən əldə etdikləri bu növ vergi güzəştlərindən yararlanmaq hüququna malikdirlər. Məhkəmə hesab edir ki, hər nə qədər cavabdeh bu güzəştolmanı yalnız xarici emitentdən əldə olunan gəlirə münasibətdə aid olduğunu iddia etsə də, bu yanaşma həmin maddənin düzgün təfsir olunmamasına, eyni zamanda rezidentin gəlirini formalaşdıran anlayışa ziddir. Belə ki, sözügedən normada emitentin yerli yoxsa xarici emitent olması göstərilməmiş, güzəştolma ümumiyyətlə emitentdən əldə olunan gəlirə aid edilmişdir. Yəni, bu normada güzəşt yalnız yerli emitentlərlə məhdudlaşdırılmadan emitent anlayışından istifadə olunur. Ümumiyyələ cümlənin strukturuna da nəzər yetirikdə bunu başa düşmək mümkündür. Çünki, maddənin əvvəlində xüsusi ilə qeyd olunmuşdur ki, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri gəlir vergisindən azaddırlar. Lakin norma emitentlərə münasibətdə, emitentin harada fəaliyyət göstərilməsini konkretləşdirmədən, emitentin məhz Azərbaycan Respublikasında qeydiyyata alınması ilə məhdudlaşdırmamışdır. Bundan başqa olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinə görə rezidentin gəliri Azərbaycan Respublikasında və ya Azərbaycan hüdudlarından kənarda əldə etdiyi gəlir mənbəyindən formalaşır. Bu, o deməkdir ki, iddiaçı Azərbaycan Respublikasının rezidenti olmaqla, xarici emitentdən aldığı səhmlərə görə dividend və faiz gəlirini 2019- 2021-ci illərdə əldə etmişdir ki, əməliyyat aparıldığı dövrdə VM-nin 102.1.22-ci maddəsi qüvvədə olmuşdur. Bu isə iddiaçının həmin maddənin təsiri altına düşdüyünü və onunda həmin güzəştdən yararlanmaq hüququnun olduğunu göstərir. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 987.2-ci maddəsinə əsasən, qiymətli kağızların növləri, məcburi rekvizitləri, onlara aid tələblər, qiymətli kağızlar və qiymətli kağız bazarı ilə bağlı münasibətlər bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsasən, emitent – investisiya qiymətli kağızlarının emissiyasını bu Qanunun 2ci fəsli ilə müəyyən edilmiş qaydada həyata keçirən hüquqi şəxs, o cümlədən beynəlxalq təşkilat, dövlət (müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı vasitəsilə) və ya bələdiyyə. Emitent buraxdığı qiymətli kağızların mülkiyyətçisi deyildir. Emitent qanunda nəzərdə tutulan məhdudiyyətlər nəzərə alınmaqla geri aldığı qiymətli kağızların mülkiyyətçisi kimi çıxış edir. Göründüyü kimi, istinad olunan qanunvercilik normaları qiymətli kağızların emissiyası fəaliyyəti ilə məşğul olmaq üçün qaydaları, tələbləri müəyyən edir. Hazırkı halda isə iddiaçının məqsədi Azərbaycan Respublikasında emissiya fəaliyyəti ilə məşğul olmaq hüquqi şəxs yaratmaq və ya səhmlərin satışını həyata keçirmək deyil. Belə olan halda, həmin normaların hazırkı mübahisəyə tətbiq edilməsi işin mahiyyətinə uyğun gəlmir. İddiaçı faktiki olaraq xarici emitentdən əldə etdiyi gəlirə münasibətdə güzəştolmanın tətbiqinə nail olmaq istəyir ki, yuxarıda göstərilən hallara və qanunvericiliyin müddəalarına görə onun bu hüququ olmuşdur. Lakin cavabdeh əsassız olaraq ona münasibətdə əlavə vergi hesablamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********194500 və **********195200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********194500 və **********195200 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar