Məhkəmə qərarları › İş №e-2-1(112)-5017/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5017/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5017/2023 05.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və Cavabdeh1nə “əmrin ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdeh1nə “əmrin ləğv edilməsi və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə vermiş və məhkəmənin 13 mart 2023-cü il tarixli qərardadı ilə dəqiqləşmə icraata qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, Nazirlik digər cavabdeh qismində tanınmışdır. Sonradan iddia tələbinə dəqiqləşmə verilərək İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamın ləğv edilməsini, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsini, 15 min manat maddi zərər və 5 min manat mənəvi zərərin ödənilməsinin Cavabdeh1nə həvalə edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 14 mart 2022-ci il tarixdən əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə əmək funskiyalarının icrasını yerinə yetirə bilməmişdir. Başqa mübahisə üzrə Cavabdeh1nə müraciət etdikdə məlum olmuşdur ki, onun əmək müqaviləsinə heç bir əsaslı səbəb olmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin c bəndinə əsasən, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddət tam itirilməsi ilə əlaqədar xitam verilmişdir. Halbuki iddiaçı tibbi sənədlərdən də göründüyü kimi əmək qabiliyyətini 6 aydan çox itirməmişdir. Cavabdehin etirazı: Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, iddiaçının məzuniyyətə çıxma, xəstəliyi barədə ərizəsi onlara daxil olmamışdır. Həmçinin, onun xəstə olması, 18 aprel 2022-ci il tarixdən əlilliyin təyini barədə məlumat verilməmişdir. İddiaçı 14 mart 2022-ci il tarixdən faktiki olaraq işdə olmamış və bu səbəbdən də əmək məzuniyyəti verilməməlidir. İddiaçının uzun müddətdir ki, işdə iştirak edə bilmədiyi, xəstəliyi nəzərə alınmaqla Məcəllənin 74-cü maddəsinin c bəndinə əsasən işdən azad edilməsi barədə Nazirliyə müraciət edilmiş, etirazın olmadığı barədə məlumat daxil olmuş və nəticədə işçi qanunvericiliyin tələblərinə uyğun olaraq işdən azad edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin qeyd edilməlidir ki, inzibati aktın ləğvinə dair iddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. Bu səbəbdən də inzibati aktın ləğvindən əlavə onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlı tələblər olan işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsinə dair iddia da mümkün sayılmalıdır və iddialara mahiyyəti üzrə birgə baxılaraq qiymət verilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2354/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)- 2177/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-953/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlar iddiaçının xeyrinə nəticələnməsə də, həmin məhkəmə qərarlarından görünür ki, iddiaçıların əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələblərinə bir iddiada baxılmışdır. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı məhkəmə icraatı gedişində cavabdehə müraciət edilməsi də mümkünlük baxımından hər hansı əhəmiyyət daşımır. Əlavə olaraq Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi və mənəvi zərərin ödənilməsinə münasibətdə əvvəlcədən müraciətin olmaması da iddianın mümkünlük şərtlərinin ödənilmədiyinə əsas vermir. Belə ki, hətta, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciəti olmasa da, məhkəmə baxışı zamanı iddianın mümkün sayılmamasına əsas ola biləcək bu hal iddiaçı tərəfindən aradan qaldırılmışdır. Bu səbəbdən Məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəyir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən inzibati orqana müraciətin edilməsinin mümkünlüyü və həmin halın mümkünsüzlük əsası qismində çıxış etməməsi Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-807/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında nümayiş etdirilmişdir. Hazırkı iş üzrə də cavabdehə müraciət edilmiş, məhkəmə hesab edir ki, həmin hal işə mahiyyəti üzrə baxılmasına imkan yaratmaqla, prosessual qənaət prinsipləri baxımından inzibati prosessual qanunvericiliyin tələbləri ilə uyğunluq təşkil edir. Eyni zamanda, aşağıda qeyd ediləcək maddi və prosessual hüquq normalarının tələbi ilə də müəyyən edilir ki, mübahisələndirilən inzibati akt cavabdehlərdən biri tərəfindən qəbul edilsə də həmin inzibati akt ləğv ediləcəyi təqdirdə onun hüquqi nəticələrinin aradan qaldırılması digər orqan tərəfindən həyata keçirilməlidir. Belə ki, sərəncamın qəbul edildiyi zaman qüvvədə olan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”nin 14-cü hissəsində qeyd edilirdi ki, Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. Sonrakı dəyişikliklərlə isə “vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir” sözləri redaksiyadan çıxarılmışdır. Həmin Əsasnamə ilə, həmçinin Nazirliyin strukturu təsdiq edilmiş və Azərbaycan Respublikasının Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin regional idarələri Nazirliyin strukturuna daxil edilmişdir. Göründüyü kimi Cavabdeh1 sərəncamı ləğv edilsə məhkəmə icraatı gedişində qanunvericiliyə edilmiş dəyişikliklərlə mövcud qüvvədə olan redaksiyaya əsasən iddiaçının işə bərpa edilməsinə münasibətdə artıq Cavabdeh1 işəgötürən qismində çıxış edə bilməz və onun işə bərpa edilməsinə münasibətdə səlahiyyətli olan qurum kimi Nazirlik çıxış edir. Odur ki, prosessual həmiştirakçılıq baxımından iddianın birgə cavabdehlərə qarşı olması nəinki prosessual baxımından mümkün, hətta birgə baxılması prosessual baxımından zərurətdir. Həmçinin, məhkəmə araşdırması zamanı və aşağıda adıçəkiləcək qanunvericilik müddəalarının tələblərindən də müəyyən edildi ki, iddiaçıya dövlət məvacibinin ödənilməsi Nazirliyin tabeliyində olan İdarə tərəfindən həyata keçirilir, odur ki, həmin məbləğ də məhz Nazirlik tərəfindən aparılmalı, tələb də dövlət məvacibinə münasibətdə Nazirliyə həvalə edilməlidir ki, Nazirlik tərərindən həmin məbləğin İdarənin hesabına keçən məbləğdən ödənilib-ödənilməməsi hər bir halda ona qarşı həmin tələbə baxılması zərurətini aradan qaldırmır. Beləliklə iddia mümkün iddiadır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: 20 fevral 2018-ci il tarixli əmrdən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən 2018-ci ilin fevral ayından Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Cavabdeh1 sorğusuna əsasən Gənclər və İdman Nazirliyi tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, həmin vəzifəyə münasibətdə işəgötürən qismində Nazirlik yox, yerli icra hakimiyyəti çıxış etdiyi qeyd edilmişdir. Əmək qabiliyyətinin olmaması barədə tibbi vərəqələrdən görünür ki, iddiaçı 14 mart 2022-ci il tarixdən 6 aydan az müddətə, yəni 29 avqust 2022-ci il tarixə qədər əmək qabiliyyətinin olmaması səbəbindən işdən azad edilmişdir. Gənclər və İdman Nazirliyinin 14 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya əmək haqqları dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına birbaşa Baş İdarə tərəfindən ödənilir. İddiaçının cavabdehlərə 22 avqust 2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı xarici ölkədə sağlamlığının bərpası ilə əlaqədar 29 avqust 2022-ci il tarixdən növbəti məzuniyyətə çıxarılmasını xahiş etmişdir. Nazirliyin 03 oktyabr 2022-ci il tarixli məzuniyyətin verilməsinə dair müraciətə cavabından görünür ki, onun 29 avqust 2022-ci il tarixdən növbəti əmək məzuniyyətinə çıxması barədə müracəti onun faktiki işlərin icrasını xəstəliyi səbəbi ilə yerinə yetirilməməsi ilə əlaqədar təmin edilməmişdir. 11 noyabr 2022-ci il tarixli sərəncamdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin c bəndinə uyğun olaraq işdən azad edilmişdir. 24 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, yerli icra hakimiyyəti orqanının məktubuna əsasən Nazirlik onun işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya 18 aprel 2022-ci il tarixdən 5 il müddətinə əlillik təyinatı aparılmışdır. Əlilliyin qiymətləndirmə məlumatlarından görünür ki, iddiaçı 18 aprel 2022-ci il tarixdən ikinci qrup əlillidir, əmək qabiliyyətinin itirilmə faizi 0, əmək zəmanəti ağır fiziki iş əks göstərişidir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia qismən - İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamın ləğv edilməsini, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməsi hissəsində təmin olunmalı, iddia maddi və mənəvi zərərin ödənilməsinin Cavabdeh1nə həvalə edilməsi hissəsində təmin edilməməlidir. İddia tələbinin təmin edilən hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Mübahisələndirilən 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamdan görünür ki, iddiaçı Əmək Məcəlləsinin 74-cü maddəsinin c bəndinə və analoji müddəa nəzərdə tutan “Dövlət qulluğu haqqında” Qanunun 33.1.9-cu maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun: 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri Bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Qanunvericiliyin tələbindən də göründüyü kimi dövlət qulluqçusu əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmirsə onun dövlət qulluğundan azad edilməsinə yol verilir. Lakin yuxarıda adıçəkilən Qanunda adıçəkilən müddəanın tətbiqi ilə bağlı məsələ tənzimlənmədiyindən 34-cü maddənin tələbləri də nəzərə alınmaqla Əmək Məcəlləsinin müddəalarının tətbiqinə zərurət yaranır. Əmək Məcəlləsinin: Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları

1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 15 aprel 1999-cu il tarixli Fərmanına əsasən həmin Məcəllənin 74-cü maddəsinin “Qeyd” hissəsinin birinci, ikinci və beşinci cümlələrində, 98-ci maddəsinin 2-ci hissəsində və 232-ci maddəsinin 3-cü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”nin: 1.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun (bundan sonra - əlillik) qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydalara əlavəyə uyğun olaraq da Agentlik tərəfindən əlilliyi müəyyən edilmiş şəxs barədə məlumatlar, həmçinin də əlilliyin müddəti, əmək zəmanəti, orqanizmin funksiyalarının pozulması faizinə dair göstəricilər də qeyd edilməklə qərar qəbul edilir. Göründüyü kimi analoji müddəa Əmək Məcəlləsində də öz təsbitini tapmışdır. Yuxarıda adıçəkilən maddənin qeyd hissəsində isə müəyyən edilmişdir ki, əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyinin mövcud olması mütləqdir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə isə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Həmçinin, həmin qeyd hissəsində göstərilmişdir ki, Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Bundan əlavə, yuxarıda adıçəkilən müddəaların tələbindən də aydın olur ki, əmək qabiliyyətinin tam itirilməsi barədə rəy Agentlik tərəfindən verilməli, bununla əlaqədar azı 1 il müddətinə şəxsə əlillik təyin edilməli, şəxs həmin qərarla əmək qabiliyyətsiz hesab edilməlidir. Lakin, cavabdeh tərəfindən sərəncam qəbul edilərkən həmin hallar nəzərə alınmamış, digər cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsi barədə müraciət zamanı da həmin rəyin mövcud olmadığı halda Cavabdeh1 sərəncam qəbul etməsinə Nazirlik tərəfindən etiraz edilməmişdir. İşin faktiki hallarından isə müəyyən edilir ki, cavabdeh sərəncam qəbul edərkən iddiaçını işdən azad etdiyi vaxt şəxsin əlil olubolmadığını, əlil olsa belə əmək qabiliyyətinin tam itirilib-itirilməməsini yoxlamamış, işçinin işə 6 aydan uzun müddət gəlməməyinə istinad etməklə qərar qəbul etmişdir ki, həmin hal maddi hüquqi əsasa müraciət edilmədən belə prosessual baxımından cavabdehin qəbul etdiyi sərəncamı qanunsuz və əsassız edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Göründüyü kimi cavabdeh sərəncam formasında inzibati akt qəbul edərkən tərəfin iştirakını təmin etməyə, işin tam və obyektiv həlli üçün əhəmiyyət daşıya biləcək sübutları toplamağa, bütün faktiki və hüquqi hallara qiymət verməklə inzibati akt qəbul etməyə borcludur ki, yuxarıda adıçəkilən müddəaların tələblərinə əməl edilməməsi, yəni inzibati icraat haqqında təkcə prosessual hüquq normalarının belə pozulması qəbul edilmiş inzibati aktın ləğvi üçün əsasdır. Hazırkı iş üzrə də cavabdeh iddiaçının iştirakını təmin etmədən, əmək qabiliyyətinin tam itirilməsi barədə Agentliyin rəyini, əlilliyin əmək qabiliyyətsiz hesab edilmə barədə qərarı almadan, iddiaçının işə gəlməmə səbəblərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı ilə bağlılığını təsdiq edən sənədləri, eləcə də işə gəlməmənin 5-ci ayından sonra məzuniyyətlə bağlı iddiaçının müraciətini nəzərə almadan iddiaçının əmək qabiliyyətini tam itirilməsi barədə inzibati akt qəbul etmişdir ki, həmin sənəd və sübutlara qiymət verilməməsi nəticəsində qəbul edilmiş əlverişsiz inzibati aktın qanuniliyindən söhbət gedə bilməz. Lakin, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, qəbul edilmiş sərəncam təkcə prosessual baxımından yox, həmçinin maddi hüquqi baxımından da qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan əlilliyin təyini barədə məlumat vərəqəsindən görünür ki, iddiaçının ikinci qrup əlilliyi müəyyən edilsə də, iddiaçı əmək qabiliyyətini tam itirməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin əlilliyin qiymətləndirmə məlumatlarından da göründüyü kimi iddiaçıya bir ildən artıq müddətə-5 il əlillik təyin edilmiş, əlilliklə bağlı məlumatlarda əmək qabiliyyətinin itirilmə faizi 0, əmək zəmanəti isə ağır fiziki iş əks göstərişidir kimi qeyd edilmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının sərəncam qəbul edilənə kimi vəzifəsi Səbail Rayon Gənclə və İdman İdarəsinin rəisi olmuşdur ki, rayon (şəhər) Gənclər və İdman İdarələri(Baş idarələri) haqqında birtipli Əsasnamə”nin: 1.1. rayon (şəhər) Gənclər və İdman İdarəsi (Baş idarəsi) (bundan sonra idarə adlandırılacaq) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yerli dövlət idarəetmə orqanıdır. 1.3. İdarə fəaliyyət göstərdiyi rayonun (şəhərin) ərazisində gənclərlə iş və idman sahəsində dövlət siyasətini həyata keçirir. Respublika Gənclər və İdman Nazirliyinin, göstəriş və təlimatlarını yerinə yetirir, bu sahədə görülən iş üçün məsuliyyət daşıyır. 2.1. Ölkənin sosial-iqtisadi, mədəni inkişafının ümummilli strateji siyasətinə uyğun şəkildə rayon (şəhər) gənclərinin tərbiyəsi, demokratik prinsiplərə, ümumbəşəri və milli dəyərlərə yiyələnməsinə kömək göstərməklə gənclərin qüvvə və bacarığını, yaradıcı potensialını dövlət quruculuğuna onun suverenliyinin möhkəmləndirilməsinə, rayonun (şəhərin) iqtisadi və sosial inkişafı məsələlərinin həllinə səfərbər etmək. 2.2. Gənclərin hüquqlarını, sosial mənafelərini bütün səviyyələrdə müdafiə etmək, onların müxtəlif peşələrə yiyələnməsi, işlə təmin olunması üçün rayon (şəhər) təşkilatları ilə birgə tədbirlər görmək. 2.3. Aztəminatlı ailələrdəki uşaqların, kimsəsiz və yetim uşaqların sosial problemlərinə dair tədbirlərin həyata keçirilməsində, beynəlxalq hüquq normaları çərçivəsində uşaqların hüquqlarının qorunmasında iştirak etmək. 2.4. rayon (şəhər) daxilində gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin, birliklərinin yaradılmasında iştirak edib onların fəaliyyətini əlaqələndirmək. 2.5. Yüksək səviyyəli idmançılar yetişdirib, onları rayon (şəhər), ölkə və beynəlxalq yarışlara hazırlamaq, bədən tərbiyəsi və idmanın kütləviliyini təmin etmək üçün yerli dövlət orqanları və digər ictimai təşkilatlarla birgə idmanın maddi-texniki bazasını inkişaf etdirmək. 2.6. rayonda (şəhərdə) gənclərin problemləri və idmanın vəziyyətinə dair Respublika Gənclər və İdman Nazirliyinə vaxtaşırı hesabat verir. 2.7. rayon (şəhər) gənclərinin sahibkarlığa yiyələnməsinə yardım edir, onlara metodiki təminatlar çatdırır. 2.8. Gənc ailələrə yardım göstərir, bu ailələrin maddi təminatlarını ödəmək üçün müvafiq rayon təşkilatları qarşısında məsələlər qaldırır. 2.9. rayon (şəhər) yığma komandalarının hazırlığını, onların ölkə yarışlarında və seçmə oyunlarında iştirakını təşkil edir. İdman növləri üzrə rayon (şəhər) miqyaslı göstəriciləri təsdiq edir, bu sahədə çalışan işçilərə mükafatlar verir, fəxri adlar verilməsi təklifi ilə Respublika Gənclər və İdman Nazirliyinə müvafiq sənədləri təqdim edir. 2.10. Yarış qaydalarının pozulması və digər normal olmayan hallara, həmçinin idmanın adına xələl gətirən hərəkətlərə görə, idmançıları, məşqçiləri, hakimləri, komandaları cəzalandırmaq üçün Respublika Gənclər və İdman Nazirliyinə təqdimatlar verir. 4.1. İdarələrin rəisi müvafiq rayon (şəhər) İcra hakimiyyəti başçıları tərəfindən nazirliyin razılığına əsasən təyin edilir. 4.3. İdarənin rəhbəri mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslarla vəzifəsindən azad oluna bilər. Adıçəkilən Əsasnamənin mahiyyətindən də aydın olduğu kimi İdarənin rəisi vəzifəsi, X1 tərəfindən daxil olmuş məktub da nəzərə alınmaqla inzibati xarakterli dövlət qulluğu vəzifəsidir və onun ağır fiziki işlə hər hansı əlaqəsi yoxdur. Əlilliklə bağlı məlumat vərəqəsində isə iddiaçının əmək zəmanəti bölməsində məhz ağır fiziki işlərdə işləyə bilməməsi barədə göstəriş müəyyən edilmişdir. Yəni, iddiaçının inzibati vəzifə tutması və əmək fəaliyyətini həyata keçirilməsinə hər hansı mane mövcud deyil. Cavabdeh isə həmin halları araşdırmamış, iddiaçının əlilliyi olsa belə tutduğu vəzifəyə münasibətdə əmək qabiliyyətini itirməməsi halını nəzərə almadan sərəncam qəbul edərək iddiaçını dövlət qulluğu vəzifəsindən azad etmiş, digər cavabdeh Nazirlik isə vəzifədən azad edilmə halına məktub yazaraq etiraz etmədiyini bildirmişdir. Halbuki, iddiaçının əlilliyinin xüsusiyyəti onun ağır fiziki işlərdə işləməsinə münasibətdə əmək qabiliyyətinin itirilməsi üçün əsas yaradır, iddiaçının inzibati vəzifə tutmasına münasibətdə də hər hansı əmək qabiliyyətinin itirilməsi halı mövcud olmamış, əlilliklə bağlı məlumat vərəqindən də görünür ki, ağır fiziki iş əks göstərişi ilə yanaşı, əmək qabiliyətini itirmə faizi 0 kimi göstərilmişdir ki, həmin hal onu deməyə əsas verir ki, iddiaçı barəsində işdən azad edilmə barədə sərəncam nəinki prosessual, həmçinin maddi hüquqi baxımından da qanunsuz və əsassız olmaqla Əmək Məcəlləsinin 74-cü maddəsinin, həmçinin də qeyd hissəsində göstərilmiş tələblər nəzərə alınmadan, əmək qabiliyyətini tam itirilmə halı mövcud olmadan qəbul edilmişdir. Məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun: 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə Eləcə də, Əmək Məcəlləsinin: Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Göründüyü kimi heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməmə digər əsasla əmək müqaviləsinin ləğvinə dair nəticə yaradır. Cavabdeh həmin hala istinad etsə də nəzərə alınmamışdır ki, iddiaçının əmək müqaviləsinin ləğvi əsası başqadır və Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi heç bir üzrlü səbəb olmadan işə gəlməmə istər dövlət qulluqçusu, istər dövlət qulluqçusu statusunda olmayan şəxslərin əmək müqaviləsinə xitam əsasıdır və cavabdeh də iddiaçının işə gəlməməsinə istinad etməklə həmin şəxsin dövlət qulluğundan azad edilməsi barədə əmr qəbul edə bilərdi. Lakin, həmin əmrin qəbul edilib-edilməməsi hazırda mübahisə predmeti olan əmrin qanuniliyinin yoxlanılması mane olmur. Mübahisə predmeti olan əmrin isə mahiyyəti 6 aydan çox işə gəlməmə və tam əmək qabiliyyətsiz olma ilə bağlıdır ki, iş materiallarından da göründüyü kimi iddiaçı əlilliyi müəyyən edilmiş şəxs olsa da tutmuş olduğu inzibati vəzifəyə münasibətdə tam əmək qabiliyyətli şəxs olmuşdur. 6 aydan artıq işə gəlməməni isə iddiaçı onunla izah edir ki, həmin vaxtın 5 ayı müvəqqəti əmək qabiliyyətinin itirilməsi ilə bağlı olmuş və tibbi sənədlər də məhkəməyə təqdim edilmişdir, digər dövrlər isə onun məzuniyyətə çıxması barədə müraciəti ilə əlaqədar olmuş, lakin əsassız olaraq ona məzuniyyət verilmədiyindən iddiaçı başqa sözlə desək özü heç bir sənədləşmə olmadan məzuniyyətə çıxma hüququnu realizə etmiş, hətta bununla bağlı məhkəməyə də müraciət etmişdir. Məzuniyyətə istənilən zaman çıxma əsası isə odur ki, AR Əmək Məcəlləsinin Maddə 133. Əmək məzuniyyətlərinin verilməsində növbəlilik

3. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: əlilliyi olan şəxslərə Göründüyü kimi iddiaçı əlilliyi olan şəxs kimi növbədənkənar əmək məzuniyyəti hüququndan istifadə etmək istəmiş, bununla bağlı müraciət etmiş, həmçinin sonradan məhkəməyə də müraciət etmişdir. Lakin cavabdeh həmin halın fərdi əmək mübahisəsi olub-olmamasına münasibət bildirmədən digər əsasla əmək müqaviləsinə xitam halının mövcud olub-olmadığına qiymət vermədən iddiaçının işə gəlməmə halını 74-cü maddənin c bəndinə, eləcə də analoji məzmunlu “Dövlət qulluğu haqqında” Qanunun 33.1.9-cu maddəsinə uyğun hesab edərək inzibati akt qəbul etmiş və bununla da qanunsuz və əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən qəbul edilmiş sərəncam ləğv edilməlidir. Belə ki, hazırkı əmr yuxarıda qeyd olunanlardan da müəyyən edilir ki, qanunsuz və əsassızdır. Sərəncam formasında inzibati akt ləğv edildiyindən məhkəmə hesab edir ki, onun hüquqi nəticəsi kimi iddiaçının vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsinin cavabdeh Gənclər və İdman Nazirliyinə həvalə edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun: 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni işdən azad olunması barədə əmrin icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir, mübahisələndirilən inzibati akt ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsi kimi, məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqının, dövlət qulluqçularına münasibətdə isə əmək haqqının alternativi kimi dövlət məvacibinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının tutmuş olduğu vəzifə hal-hazırda 01 dekabr 2022-ci il tarixli sərəncamla digər bir şəxs tərəfindən icra edilməkdədir. Belə ki, həmin sərəncamla qeyd olunan vəzifəyə 01 dekabr 2022-ci il tarixdən başqa bir şəxs təyin edilmişdir ki, iddiaçı da həmin halı nəzərə almaqla həmin vəzifəyə bərpa yox, oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməni xahiş etmişdir ki, məhkəmə hesab edir ki, iddianın qeyd olunan formada təmini məhz işdən azad edildiyi vəzifəyə bərpa edilməsini təmini formasında iddiaya münasibətdə məqsədəuyğun və prosessual baxımından mümkündür. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə hesab edir ki, hazırda əmək hüququ pozulmuş şəxsin hüququnun digər vasitə ilə, yəni oxşar rəhbər vəzifəyə təyini imkanı mövcud olduğu halda həmin vasitədən istifadə etmədən formal yanaşılmaqla məhz işdən azad edildiyi vəzifəyə bərpası inzibati orqanın onun barəsində qəbul etdiyi inzibati akta etimad göstərmiş digər bir şəxsin, yəni vəzifəyə yeni təyin olunan şəxsin əmək hüququnun pozulması ilə nəticələnməklə hazırda aparılan icraatın mahiyyət və məqsədini heçə endirər. Halbuki, inzibati orqan və ya orqanlara münasibətdə etimad hüququnun qorunması prosessual qanunvericiliyin tələbidir və məhkəmə ən uyğun vasitənin tətbiqinə, yəni oxşar-rəhbər vəzifəyə iddiaçının bərpası ilə sərəncamın nəticələrinin aradan qaldırılmasının mümkün olduğu qənaətindədir. Məhkəmə iddianın təmin edilməyən hissəsi,yəni maddi və mənəvi zərərin ödənilməsinin cavabdehə həvalə edilməsi baxımından isə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir və gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. AR MM-nin: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələblərinə uyğun olaraq məcburetmə, dolayısı ilə də hər nə qədər birbaşa göstərilməsə də öhdəliyin icrası və kompensasiya ilə bağlı iddia növlərində inzibati praktikada təsdiq edir ki, sübutetmə yükü əsasən iddiaçı tərəfin üzərinə düşür. Yalnız inzibati orqan iddiaçının arzuladığı inzibati aktın və ya hərəkətin qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Sübutetmə baxımından isə iddiaçı maddi zərərin ödənilməli olmasına dair iddianın təmin edilməli olmasına dair sübut təqdim edə bilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, sərəncamın ləğvi ödənilməmiş dövlət məvacibinin ödənilməsinə münasibətdə də iddiaçı üçün almadığı dövlət məvacibinin geri ödənilməsi ilə bağlı zərərin ödənilməsinə təminat verir ki, iddiaçı tərəfindən həmin məbləğin ödənilməsi qərar qüvvəsini aldıqdan sonra həyata keçiriləcəkdir ki, əlavə zərərin ödənilməli olmasına dair zərurət iş materialları ilə öz təsdiqini tapmır və sübut olunmur. Mənəvi zərərlə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. AR İPM-nin 14.3-cü maddəsinin tələblərinə uyğun olaraq məcburetmə, dolayısı ilə də hər nə qədər birbaşa göstərilməsə də öhdəliyin icrası və kompensasiya ilə bağlı iddia növlərində inzibati praktikada təsdiq edir ki, sübutetmə yükü əsasən iddiaçı tərəfin üzərinə düşür. Yalnız inzibati orqan iddiaçının arzuladığı inzibati aktın və ya hərəkətin qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Mənəvi zərərlə bağlı da yuxarıda adıçəkilən qanunvericilik müddəalarının tələbləri nəzərə alınmaqla məhkəmə hesab edir ki, həmin zərərin vurulduğu sübut edilməlidir ki, iş materiallarında cavabdehinhərəkət və hərəkətsizliyi nəticəsində mənəvi zərərə uğramanı təsdiq edən mötəbər sübutlar aşkar edilməmişdir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında Cavabdeh1 169 nömrəli 11 noyabr 2022-ci il tarixli sərəncamı ləğv edilsin. İddiaçı oxşar vəzifəyə (rəhbər vəzifəyə) bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar