Məhkəmə qərarları › İş №e-2-1(112)-5024/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5024/2025

08.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5024/2025 08.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, 3-21-2- 3/2-24737/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-24254/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-23606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 155674/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəfin ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-187124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2- 274213/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının mübahisələndirilən qərarları üzrə iddiaçı vergi ödəyicisinə əlavə vergi məbləğləri hesablanmışdır. Hesablanmanın əsası kimi xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 672264 nömrəli, xx.xx.2024-cü il tarixli EBEA seriyalı 608677 nömrəli, xx.xx.2024-cü il tarixli EBDZ seriyalı 961649 nömrəli, xx.xx.2024-cü il tarixli EBEB seriyalı 638809 nömrəli və xx.xx.2024-cü il tarixli EBED seriyalı 707501 nömrəli elektron qaimə-fakturalar çıxış etmişdir. Vergi orqanı hesab etmişdir ki, həmin qaimələr üzrə əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. İddiaçı hesab edir ki, vergi orqanının mövqeyi əsassızdır. Belə ki, vergi orqanının riskli hesab etdiyi əməliyyatlar İddiaçı MMC (VÖEN:**********) ilə "xxxx" MMC (VÖEN:**********) arasında 2024-cü ilin fevral ayında başlamış və 01 iyun 2024-cü il tarixdə başa çatmışdır. "xxxx" MMC həmin vaxt riskli vergi ödəyicisi olmamışdır. Lakin vergi orqanı bu halı nəzərə almayaraq İddiaçı MMC-nin əvəzləşmələrini əsassız olaraq ləğv etmişdir. Vergi orqanı tərəfindən göndərilmiş uyğunsuzluq məktublarında əməliyyatların riskli hesab olunmasına istinad olunmaqla həmin malları şübhə altına almış və aparılmış əməliyyatlar üzrə ödənilmiş əvəzləşmələri nəzərə almamışdır. İddiaçı MMC ilə riskli vergi ödəyicisi olan "xxxx" MMC arasında hər hansı bir riskli əməliyyat (əmtəəsiz əməliyyat) aparılmamışdır. Belə ki, "xxxx" MMC-dən alınmış mallara görə tərəflər arasında 15 fevral 2024-cü il tarixli 15-02/001 saylı alqı-satqı müqaviləsi bağlanmış, elektron qaimələrə əsasən alınmış malların dəyəri "xxxx" MMC-nin bank hesabına, ƏDV məbləği isə ƏDV depozit hesabına nağdsız qaydada ödənilmişdir. Qeyd olunan əməliyyatlar aparılan zaman "xxxx" MMC riskli vergi ödəyiciləri qrupuna daxil edilməmişdir. İddiaçı MMC "xxxx" MMC-nin gələcəkdə riskli vergi ödəyiciləri qrupuna daxil ediləcəyini də bilə bilməzdi. "xxxx" MMC-nin sonradan başqa vergi ödəyiciləri ilə apardığı riskli əməliyyatlara görə riskli vergi ödəyiciləri qrupuna daxil edilməsinə görə iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatların əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək həmin əməliyyat görə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinin ləğv edilməsi qanunsuz və əsassızdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə, əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır. Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdələnməsinə dair hər hansı əsas göstərməyib, faktiki malların təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsi riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxsə hətta qərardan əvvəlki əməliyyatları belə “əmtəəsiz” hesab edilməsi isə tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz” hesab olunması üçün isə operativ vergi nəzarəti və ya digər tədbirlər aparılan əməliyyatın mal (iş, xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, fevral ƏDV 2024-cü il üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 261815 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır; mart ƏDV 2024-cü il üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 608677 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin və ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 961649 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3402 manat kənarlaşma yaranmışdır; aprel ƏDV 2024-cü il üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 638809 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır; iyul ƏDV 2024-cü il üzrə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBED seriyalı 707051 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrı 1701.0 manat ƏDV məbləğinin və ƏDV bəyannaməsində (02.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 672264 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 3402 manat kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə müvafiq dövrlər üzrə“ Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamələrin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin fevral ayı üçün ƏDV bəyannaməsi üzrə 1701,00 manat, həmin ilin mart ayı üzrə 3402,00 manat, aprel ayı üzrə 1701,00 manat və iyul ayı üzrə 3939,00 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-274213/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203144/2024 nömrəli və xx.xx.2024-cu il tarixli 3-21-2-3/2-187124/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı e-qaimə üzrə mallar aldığı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) vergi orqanının xx.xx.2024-cü il tarixli **********247900 nömrəli qərarı ilə riskli vergi ödəyicisi hesab edilmişdir. Qərarın qəbul edilməsi əsası, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya 55755,00 manat məbləğində “Palet” məhsulu satılsa da, qeyd olunan malların vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyatlar riskli hesab edilmişdir. Həmçinin vergi ödəyicisinin qeydiyyatda olan təsərrüfat subyekti müəyyən edilməmişdir. "xxxx" MMC təsərrüfat subyektini əməliyyatlar bitəndən 4 ay sonra xx.xx.2024-cü il tarixdə qeydiyyata qoymuşdur. Həmçinin bildirilir ki, vergi ödəyicisinin əsas fəaliyyəti kommersiya və sahibkar təşkilatların (Cəmiyyətlərin, Birliklərin, İttifaqların) fəaliyyəti olduğu halda vergi ödəyicisi qarşı tərəfə tikinti malları təqdim etmişdir. Bu səbəbdən İddiaçı MMC-nin "xxxx" MMC-dən əldə etdiyi elektron qaimə-fakturalar əmtəəsiz və (vəya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunmuşdur. Həmçinin əlavə olaraq bildirilir ki, "xxxx" MMC fəaliyyəti dövründə 2024-cü ildə yalnız İddiaçı MMC-yə fəaliyyətinə uyğun olmadan mallar təqdim etmiş və bu fəaliyyətinə görə riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Habelə iddiaçının "xxxx" MMC ilə qarşılıqlı əməliyyatlar üzrə məhkəməyə təqdim etdiyi sənədlərin (müqavilələr, razılaşdırma protokolları və s.) saxta olduğuna dair əsaslar müəyyən edilmişdir. Belə ki, ümumiyyətlə tərəflər arasında faktiki heç bir mal alqısatqısı aparılmamış və yalnız iddiaçıya süni surətdə xərc yaradılması üçün saxta sənədlər tərtib edilmişdir. Belə ki, "xxxx" MMC-nin rəhbəri X3 2020-ci ildə dəfələrlə vergi orqanına müraciət edərək həmin müəssisənin onun etibarından sui-istifadə edərək yaradıldığını həmin müəssisənin faktiki mövcud olmadığını bildirmişdir, lakin 2024-cü ildə İddiaçı MMC məhkəməyə X3 imzaladığı 2024-cü ilə aid alqı-satqı müqavilələri və protokollar təqdim etmişdir. Həmin sənədlərə baxdıqda X3 adından imzaların saxta olduğunu müəyyən etmək mümkündür. Qanunvericilikdə əmtəəsiz əməliyyat dedikdə, vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının (nümayəndəsinin) iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə qarşı təqdim edilmiş etirazı müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyəti üzrə isə məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-187124/2024 nömrəli qərara əsasən iddiaçıya 2024-cü il iyul ayı (ƏDV) üzrə 2.237,55 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 308-ci sətir üzrə 12430.83 manat məbləğ (ƏDV nəzərə alınmadan) göstərilməsinə baxmayaraq əvəzləşdirilmə üçün təqdim edilmiş vergi hesab fakturalarının tarixi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən müəyyən edilən 3 il müddət keçdiyi səbəbindən kənarlaşma müəyyən edilmişdir. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-203111/2024 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü il fevral ayı (ƏDV) üzrə 1.701 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, **********729100 nömrəli uyğunsuzluq məktubu əsasında kameral vergi yoxlaması aparılmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-203144/2024 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü il aprel ayı (ƏDV) üzrə 1.701,07 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: “Tərəfinizdən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı 638809 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-274213/2024 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü il mart ayı (ƏDV) üzrə 3.402,20 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: “Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı 961649 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı 608677 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır.” -xx.xx.2024-cü il tarixli, 15-02/001 nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC bu müqaviləyə əlavə olunan qiymət razılaşdırma Protokollarında göstərilən müxtəlif növ əmtəə məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda İddiaçı MMC-yə satır. -İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli Malların alqı-satqı müqaviləsinə (15-2/001) dair X1 görünür ki, müqaviləyə əsasən "xxxx" MMC-nin İddiaçı MMC-yə təchiz edəcəyi malların adı, markası (çeşidi, növü), qiyməti və digər texniki göstəriciləri aşağıdakı kimi razılaşdırılmışdır: Palet 1200 m x 980 mm (6/8-10/2.5) – Miqdar: 1 – Ölçü vahidi: ədəd- Vahidin qiyməti (AZN): 10.50. -İddiaçı MMC və "xxxx" MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 11151.00 manat təşkil edir. -EBEB 638809 və EBDZ 261815 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********247900 nömrəli Qərarına əsasən Vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İddiaçı hazırkı iddia tələbi ilə vergi orqanı tərəfindən qəbul edilmiş 4 qərarı mübahisələndirir: 1) 2024-cü il fevral ayı (ƏDV) üzrə hesablanmış 1.701 manat; 2) 2024-cü il mart ayı (ƏDV) üzrə hesablanmış 3.402,20 manat; 3) 2024-cü il aprel ayı (ƏDV) üzrə hesablanmış 1.701,07 manat; 4) 2024-cü il iyul ayı (ƏDV) üzrə hesablanmış 2.237,55 manat. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçının "xxxx" MMC arasında aparılan əməliyyatlar üzrə təqdim etdiyi elektron qaimələri əmtəəsiz və ya riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab edərək iddiaçının 2024-cü ilin fevral, mart, aprel və iyul ayları üzrə ƏDV-nin əvəzləşdirilməsinə əsas vermədiyini hesab edərək ona əlavə vergi məbləği hesablamışdır. Cavabdeh vergi orqanı bu qənaətini həmin fakturaları təqdim edən müəssisənin riskli vergi ödəyicisi hesab edilməsi ilə əsaslandırmışdır. Halbuki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə sözügedən müəssisə arasındakı əməliyyatlar sonuncunun riskli vergi ödəyicisi hesab olunduğu tarixdən əvvəlki dövrə aparılmışdır. Belə ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, **********247900 nömrəli qərar əsasında riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin iddiaçının həmin vergi ödəyicisi ilə hüquq münasibətləri daha əvvələ (xx.xx.2024-cü il tarixə) yaranmışdır ki, bu hal həm iş materiallarında olan alqı-satqı müqaviləsi, həm də mövcud olan elektron qaimə-fakturalar ilə təsdiq olunur. İddiaçı vergi ödəyicisinin isə sözügedən əməliyyatların aparıldığı dövrdə əməliyyat apardığı vergi ödəyicisinin iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olub-olmamasının yoxlanılması üçün nə öhdəliyi, nə də imkanları olmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməliyyatların riskli və ya əmtəəsiz olması təsdiqini tapmır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. -14.1-ci maddəsinə əsasən, bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır (01 yanvar 2024-cü il tarixə qədər qüvvədə olan redaksiya). -175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların məzmunundan göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri) Vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında müqavilə münasibətləri yarandığı zaman adıçəkilən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmadığından, o cümlədən həmin hüquqi şəxsin gələcəkdə həyata keçirilmiş əməliyyatlara görə riskli vergi ödəyicisi olunacağı ehtimalının öncədən proqnozlaşdırılmasının iddiaçıdan gözlənilməsi məntiqi olmadığından, həmçinin iddiaçı ilə "xxxx" MMC arasında aparılan əməliyyatların həqiqi məzmun daşıdığını istisna edən, yalnız sənəd üstündə formal olması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, iddiaçı ilə adıçəkilən şəxs arasında aparılan əməliyyatın “əmtəəsiz” hesab olunması üçün əsas yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh 2024-cü ilin fevral, mart, aprel və iyul ayları üzrə (ƏDV) əsassız olaraq vergi hesablamışdır. Odur ki, həmin hesablamaya əsas verən qərarlar tam şəkildə ləğv olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2496/2023 saylı iş üzrə qəbul etdiyi 11 oktyabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “hər hansı bir vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması, həmin vergi ödəyicisi ilə əməliyyatlar apardığı digər vergi ödəyicisinin sözügedən əməliyyatlarının avtomatik olaraq Vergi Məcəlləsinin 109.9-cu maddəsində nəzərdə tutulmuş müddəalara uyğun olması anlamına gəlmir...İddiaçı yuxarıda qeyd edilən müəssisə ilə əməliyyat apardığı zamanı Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində nəzərdə tutulmuş xəbərdarlıq xarakterli bildirişlər əks edilməmiş və eyni zamanda “e-taxes.gov.az” saytından yoxlanılarkən həmin ödəyici riskli vergi ödəyicilərin siyahısında olmamışdır ki, bu fakt da bir daha həmin tarixlərdə iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin riskli vergi ödəyicilərin siyahısında olmamasını sübut edir. Daha sonrakı tarixdə, yuxarıda qeyd edilən müəssisə tərəfindən digər əməliyyatlarını riskli hesab edilərək sonuncunun riskli vergi ödəyicilərin siyahısına salınması isə, iddiaçı ilə apardığı əməliyyatları şübhə altına ala bilməz və bu, vergi qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zamanı həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır”. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə qeyd edir ki, "xxxx" MMC-nin rəhbəri X3 vergi orqanına 2020-ci ildə müraciətləri olsa da, vergi orqanı tərəfindən müəssisənin fəaliyyətinin dayandırılması, ləğv edilməsi, riskli vergi ödəyiciləri siyahısına salınması ilə bağlı hər hansı tədbir görülməmişdir. Halbuki, cavabdeh vergi orqanının şikayətçi-rəhbərin ərizəsi əsasında "xxxx" MMC-nin fəaliyyətinin dayandırılması, yaxud ən azı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nə (əvvəlki adı Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları) uyğun olaraq riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi üzrə icraat aparmaq imkanı vardı. Lakin bu istiqamətdə hər hansı tədbir görülməmiş, "xxxx" MMC yalnız xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Belə olan halda, rəhbəri ilə hansısa mübahisəsinin mövcudluğundan məlumatsız (əksini təsbit edən dəlil təqdim edilməmişdir) iddiaçı vergi ödəyicisinin fəaliyyətdə olduğu görünən, riskli vergi ödəyicisi hesab edilməyən vergi ödəyicisi ilə əməliyyatlar aparmasında hər hansı maneə olmadığından, başqa sözlə bu məsələ iddiaçının araşdırma dairəsinə aid olamadığından vergi orqanının bu əməliyyatlara görə iddiaçı vergi ödəyicisinə əlavə vergi məbləği hesablaması əsaslı sayıla bilməz. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçıya kameral vergi yoxlamasının nəticəsi olaraq əlavə vergi məbləği hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, mübahisələndirilən xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-187124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203144/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-274213/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair iddia tələbi təmin edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 187124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-203144/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-203111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-274213/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar