Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-5262/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarların ləğv olunması və iddiaçıya elmi dərəcənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən cavabdehin imtina barədə qərarın qanunsuz hesab edilməsi və iddiaçıya elmi dərəcənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən cavabdehin imtinası barədə AAK Kollegiyasının xx.xx.2022-ci il tarixli 23-K nömrəli və AAK-nin Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli qərarlarının qanunsuz hesab edilib ləğv olunması və iddiaçıya elmi dərəcənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ali Attestasiya Komissiyası Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən İddiaçı “Azərbaycanda həyat sığortasının formalaşması və inkişaf istiqamətləri" mövzusunda 5301.01- “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir. Lakin Kollegiyanın həmin qərarı iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir. Buna görə də, iddiaçı tərəfdən 30 oktyabr 2023-cü il tarixli 19VB- 474/23 saylı vəkil sorğusu ilə Ali Attestasiya Komissiyasına müraciət olunaraq İddiaçı barəsində olan Ali Attestasiya Komissiyasının Kollegiyasının 06 sentyabr 2022-ci il tarixli Qərarının və həmin Qərarın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətinin verilməsi xahiş olunmuşdur. Sözügedən Qərarın surəti rəsmi qaydada 11 dekabr 2023-cü il tarixində iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 dekabr 2023-cü il tarixli 3-50/2-579/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı “Azərbaycanda həyat sığortasının formalaşması və inkişaf istiqamətləri” mövzusunda 5301.01 - "Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi haqqında Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş ED 2.10 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli 010-065-6xx/xx/2022 nömrəli vəsatəti daxil olmuşdur. Ekspertiza zamanı dissertasiya şurasında müdafiə prosedurunun pozulduğu, yəni iş üzrə iki rəsmi opponentin eyni təşkilatda işləmələri müəyyən edilmişdir. Kollegiyanın xx.xx.2022ci il tarixli qərarı ilə İddiaçı 5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin 5.33-cü bəndinin (rəsmi opponentlər eyni təşkilatı təmsil etməməlidirlər) tələbi pozulduğundan imtina edilmişdir və müvafiq Əsasnamənin 6.18-ci və 6.19-cu bəndlərinin tətbiqi Rəyasət Heyətinin müzakirəsinə tövsiyə edilmişdir. “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin 6.19-cu bəndinə müvafiq olaraq Komissiya dissertasiya şurasında müdafiə prosedurunun pozulduğunu aşkar etdiyi halda dissertasiyanın təkrar müdafiəsi X1 bu barədə qərarından sonra üç aydan tez olmayaraq keçirilir. Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli iclasında İddiaçı 5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi" ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.33-cü bəndinin tələbi pozulduğu üçün müvafiq Əsasnamənin 6.19-cu bəndinin tələbinə uyğun olaraq İddiaçı dissertasiyasının təkrar müdafiəsi Əsasnamənin tələbləri gözlənilməklə X1 bu qərarından sonra üç aydan tez olmayaraq keçirilə biləcəyi ilə bağlı qərar qəbul edilmişdir. İddiaçı belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən Ali Attestasiya Komissiyasının İddiaçı iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina barədə qərarı əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Ali Attestasiya Komissiyasına ünvanladığı 07 oktyabr 2022-ci il tarixli məktubda bildirilmişdir ki, İddiaçı dissertasiya işinin müdafiəsində üçüncü rəsmi opponent olmuş i.e.f.d. X6 UNEC-in əməkdaşı olaraq qəbul edildiyindən “Elmi dərəcələr verilməsi qaydası haqqında" Əsasnamə"nin 5.3-cü bəndinin tələbi pozulduğuna görə iddiaçıya elimi drəəcə verilməsindən imtina edilmişdir. Yuxarıda göstərilən bəndin tələbinin pozulmasına görə bundan əvvəl iddiaçı Leyli Məlikovaya da elmi dərəcə verilməsindən imtina edilmişdir. Təsadüf elə gətirmişdirki, həm Leyli Məlikova, həm də İddiaçı dissertasiya işləri üzrə rəsmi opponentlər eyni gündə, yəni Dissertasiya şurasının 02 mart 2022-ci il tarixində keçiirlmiş iclasında təyin olunmuş və hər iki iddiaçı üçün üçüncü rəsmi opponent olaraq i.e.f.d. X6 təyin edilmişdir, iddiaçı Leyli Məlikova ilə əlaqədar məktubunuz olmazdan xeyli əvvəl, yəni carui ilin may ayının 4-də İddiaçı dissertasiya işinin müdafiəsi artıq keçirilmişdi. Operativ olaraq İddiaçı rəsmi opponentinin digər mütəxəssislə əvəz olunması prinsip etibari ilə mümkün idi. Bundan əlavə, elmi dərəcə verilməsində imtina olunmuş hər iki iddiaçının dissertasiya işinin müdafiəsində üçüncü rəsmi opponent olmuş i.e.f.d. X5 iş yeri ilə birinci rəsmi opponentlərin iş yerləri eyni təşkilat, yəni UNEC olaraq interpretasiya olunmuşdur. Halbuki üçüncü rəsmi opponent olmuş i.e.f.d. X5 əsas iş yeri və əmək kitabçasının aparıldığı təşkilat “Muğan Banbk" ASC-dir və o, UNEC-in “Maliyyə və maliyyə institutları" kafedrasında normativ hüquqi sənədlərlə icazə verilən fəaliyyətlə, əvəzçilik pedaqoji fəaliyyətlə məşğuldur. İddiaçı heç bir hüquqi qadağa olmadığı halda elmi dərəcə verilməsindən imtina edilməsi Beynəlxalq Konvensiyaya ziddir. Belə ki, iddiaçı qarşıya qoyulan öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və dissertasiya işini lazımınca təqdim etmiş və müdafiəsini qanuni əsaslarla başa vurmuşdur. Təəssüf ki, Ali Attestasiya Komissiyası qeyd olunan bu halları araşdırmadan qərar vermiş və haqsız olaraq iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermıəkdən imtina etmişdir. Bu isə onun gələcəkdə özünə karyera qurmasına və təhsili aldığı sahədə mütəxəssis kimi formalaşmasına ciddi maneə yaradır. Göründüyü kimi, İddiaçı dissertasiya işinin müdafiəsində üçüncü rəsmi opponent olmuş i.e.f.d. Emin Aslanovun iş yeri ilə birinci rəsmi opponentlərin iş yerləri eyni təşkilat deyildir. Belə ki, üçüncü rəsmi opponent olmuş i.e.f.d. Emin Aslanovun əsas iş yeri və əmək kitabçasının aparıldığı təşkilat "xxxx" ASC-dir. Buna görə də, iddiaçıya elmi dərəcə verilməsindən imtina edilməsi barədə qərar qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş ED 2.10 Dissertasiya şurasının 04.058.2022-ci il tarixli iclasında İddiaçı “Azərbaycanda həyat siğortasının formalaşması və inkişaf istiqamətləri” mövzusunda 5301.01 - “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisasında iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilmiş və müvafiq attestasiya işi xx.xx.2022-ci il tarixli vəsatətlə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına (bundan sonra - Komissiya) təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə uyğun olaraq fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X2 baxılır və qərar qəbul edilir. Bildirilir ki, Komissiyada sənədlərin ekspertizası zamanı xx.xx.2022-ci il tarixində keçirilən müdafiədə rəsmi opponent E.Ş.Aslanovun rəy verdiyi müddətdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının müəllimi kimi çalışması, digər rəsmi opponent A.E.Kərimov ilə eyni ali təhsil müəssisəsində işləməsi müəyyən edilmişdir. Komissiyanın Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.33-cü bəndinin tələbi pozulduğundan imtina edilmiş və müvafiq Əsasnamənin 6.18-ci və 6.19-cu bəndlərinin tətbiqi Rəyasət Heyətinin müzakirəsinə tövsiyə edilmişdir. Kollegiyanın “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 5.33-cü bəndinin tələbləri pozulduğundan İddiaçı iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina qərarı barədə Azərbaycan Dövlət İqtisad Universitetinə və surəti iddiaçıya olmaqla xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. X4 tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı iqtisad elmləri üzrə fəlsəfə doktoru dissertasiyasının müdafiəsi zamanı Əsasnamənin 5.33-cü bəndinin tələbi pozulduğu üçün müvafiq Əsasnamənin 6.19-cu bəndinin tələbinə uyğun olaraq İddiaçı dissertasiyasının təkrar müdafiəsi Əsasnamənin tələbləri gözlənilməklə X1 bu qərardan sonra 3 aydan tez olmayaraq keçirilə biləcəyi haqqında qərar qəbul edilmişdir. İddiaçı Komissiyanın müvafiq qərarını əsas götürməklə, yenidən müdafiə üçün Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş ED 2.10 Dissertasiya şurasına müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixində keçirilmiş müdafiənin nəticəsi mənfi olmuşdur. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 10.2-ci bəndinin tələblərinə uyğun olaraq, Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. İddiaçının Komissiyanın xx.xx.2022-ci il tarixli qərarı qəbul olunduqdan sonra, yenidən müdafiə etmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş ED 2.10 Dissertasiya şurasına müraciət etməsi, iddiaçının Komissiyanın qərarına etiraz etmədiyinin göstəricisidir. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının İddiaçı elmi dərəcənin verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən “diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi” kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “elmi dərəcənin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və cavabdehin üzərinə elmi dərəcənin verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddia tələbinin təmin edilməməsinə dair müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi. Həmçinin bildirdi ki, həm xx.xx.2022-ci il tarixli, həm də xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirilir. İddiaçı xx.xx.2022-ci il tarixli qərar qəbul olunduqdan sonra yenidən müdafiə etmək məqsədilə Şuraya müraciət etmişdir, çünki həmin qərardan artıq məlumatlı olmuşdur, lakin qərar rəsmi şəkildə iddiaçıya təqdim edilməmiş, o, qərarı 2-ci müraciətindən sonra əldə etmişdir. Odur ki, iddia müddətinin ötürülmədiyinə əsaslanaraq tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək, iddia müddəti ötürüldüyü üçün tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, hazırkı iddianın irəli sürülməsi üçün qanunla müəyyən edilmiş iddianın verilmə müddəti ötürülmüşdür. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”dən: 10.1. Dissertasiya şuralarının qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya şikayət verə bilərlər. 10.2. Komissiyanın elmi dərəcələr verilməsi, nostrifikasiya və təkrar attestasiya, elmi dərəcədən məhrumetmə (elmi dərəcənin bərpası) ilə bağlı qərarlarından iddiaçılar və digər maraqlı şəxslər həmin qərarların qəbul edildiyi tarixdən iki ay müddətində Komissiyaya və ya məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş iddiaçıya iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi barədə Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2022-ci il tarixli və iddiaçının dissertasiyasının təkrar müdafiəsinin bu qərardan sonra 3 aydan tez olmayaraq keçirilə biləcəyi haqqında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli Qərarlarının ləğv edilməsini tələb edir. İş materiallarında olan, cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məktubdan görünür ki, iddiaçının mübahisələndirdiyi X3 Kollegiyasının xx.xx.2022ci il tarixli qərarın tarixinin və mətninin göstərildiyi məktub onun qeydiyyatda olduğu ünvana poçt vasitəsilə, bundan başqa xx.xx.2022-ci il tarixdə iddiaçının Komissiyaya təqdim etdiyi elektron poçtuna göndərilərək qərarın mahiyyəti barədə məlumatlandırılmış, həmin qərardan şikayət verilməsi müddəti, qaydası izah edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, İddiaçı Komissiyanın xx.xx.2022-ci il tarixli qərarı qəbul olunduqdan sonra dissertasiya işini yenidən müdafiə etmək məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş ED 2.10 Dissertasiya şurasına müraciət etməsi, onun hazırda mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli qərardan ən gedi həmin vaxtdan məlumatlı olduğunu və həmin qərara etiraz etmədiyini təkzibolunmaz şəkildə göstərir. Belə ki, iddiaçının yenidən müraciəti nəticəsində xx.xx.2023-cü il tarixdə dissertasiya işini müdafiə etmiş və nəticəsi mənfi olmuşdur. Məhkəmə iddiaçı tərəf mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərardan məlumatlı olduğunu təkzib etməməklə mövqeyini həmin qərarın rəsmi şəkildə təqdim edilməməsi ilə əsaslandırmasına münasibətdə bildirir ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Hazırkı iddiaya mübahisələndirmə iddia növü kimi baxıldığından, iddiaçı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı həmin qərardan ən geci təkrar müdafiə üçün müraciət etdiyi tarixdən məlumatlı olduğu halda məhkəməyə müraciət etmək hüququndan istifadə etməmiş, 1 il, 3 aydan artıq vaxt keçdikdən sonra iddia qaldırmışdır. Halbuki, İPM-in 38.1-ci maddəsi şəxsə elmi dərəcələr və elmi adlar verilməsi ilə bağlı inzibati aktların qəbul edildiyi tarixdən 2 ay müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda məlumatlı olduğu halda iddiaçı tərəfindən ötürülən müddət ərzində mübahisələndirilməməsi və iddianın mümkünlük şərti olan iddia müddətinin buraxılması onun məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli qərarına münasibətdə bildirir ki, həmin qərar dissertasiya şurasında müdafiə prosedurunun pozulması ilə əlaqədar dissertasiyanın təkrar müdafiəsinin keçirilə bilmə müddətini özündə ehtiva edir və həmin qərarın ləğv edilməsi belə, hazırda iddiaçının hüquqi vəziyyətində hər hansı dəyişikliyə səbəb olmayacaqdır. Başqa sözlə, bu qərar xx.xx.2022-ci il tarixli qərarın nəticələri ilə bilavasitə bağlı olduğundan ünvanlandığı şəxsə münasibətdə hansı hüquqi nəticələr yaratmır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddia tələbinin mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5262/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-5262/2024
02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver