Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5333/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-205966/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərarın ləğv edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2- 88686/2024 nömrəli 26 avqust 2024-cü il tarixli qərarı ilə (qərar 29 avqust 2024-cü il tarixində göndərilmişdir) İddiaçı MMC-yə 2024-cü ilin iyul ayı üzrə X5 üzrə 6687,35 manat məbləğində əlavə vergi məbləği hesablanmışdır. Bununla əlaqədar yuxarı vergi orqanına xx.xx.2024-cü il tarixində şikayət ərizəsi ünvanlanmış (şikayətin AVİS qeydiyyat nömrəsi: **********150200), lakin bu günə qədər şikayətə münasibət bildirilməmişdir. Hesab olunur ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2- 3/2-88686/2024 nömrəli 26 avqust 2024-cü il tarixli qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, vergi ödəyicisinə 2024-cü ilin iyul ayı üzrə X5 üzrə əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. 2024-cü ilin iyul ayı üzrə hər hansı mal, iş və ya xidmət təqdim edilməmiş, o cümlədən əvvəlki dövrlərin debitor borcları üzrə hər hansı ödəniş edilməmişdir. Belə olan halda vergi ödəyicisinə əsassız olaraq 2024-cü ilin iyul ayı üzrə əlavə ƏDV məbləği hesablanmışdır. Digər tərəfdən Vergi Məcəlləsinin 37.3-cü maddəsinin tələblərinə əsasən əgər vergi ödəyicisinin təqdim etdiyi bəyannamədə hər hansısa uyğunsuzluq aşkar edilərsə, vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənədlər tələb edilməli olduğu halda, belə sənədlər tələb edilməmiş və vergi ödəyicisinə birbaşa kameral vergi yoxlaması qərarı ilə əlavə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinin tələbinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə borcludurlar. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının əlavə əsaslandırılması: Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim avı sayılır. Yəni istər vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatında, istərsə də, kameral qaydada ƏDV hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi orqanı 2024-cü ilin iyul ayı üzrə vergi hesablayarkən, məhz həmin ayda baş vermiş əməliyyatları nəzərə almalıdır. İddiaçının isə 2024-cü ilin iyul ayı üzrə hər hansı dövriyyəsi olmamışdır. Bunu təsdiq edən sənədlər (2024-cü il üzrə e-qaimə faktura hesabından çıxarış) hazırki ərizəyə əlavə edilir. Vergi ödəyicisi tərəfindən 2024-cü ilin iyul ayı üzrə hər hansı mal, iş və ya xidmət təqdim edilmədiyi, o cümlədən əvvəlki dövrlərin debitor borcları üzrə hər hansı ödəniş edilmədiyi halda, ona 2024-cü ilin iyul ayı üzrə hesablamanın aparılması tam qanunsuz və əsassızdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Yəni vergi ödəyicisi tərəfindən elektron-qaimənin təqdim edildiyi dövrdən və ya əməliyyatın aparıldığı aydan asılı olmayaraq, ƏDV tutulduğu vaxt əməliyyat üzrə müvafiq ödəmənin aparıldığı vaxtdır. Vergi orqanının etirazında qeyd etdiyi 2022-ci ilin 1 iyulundan 2023-cü ilin 12 iyul tarixinədək olan dövr üzrə ƏDV-yə cəlb edilməli əməliyyatların məbləği 37151,94 manat olduğu qəbul olunsa belə, həmin məbləğə ƏDV hesablana bilməsi üçün ilk əvvəl təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödənişin icra edilib edilmədiyi aydınlaşdırılmalı idi. İddiaçı ilə “X4” MMC arasında xx.xx.2021-ci il tarixli, HİS N 07 nömrəli xidmət müqaviləsi bağlanılmış və həmin xidmət müqaviləsi üzrə iddiaçı tərəfindən “X4” MMC-yə ümumilikdə 491.335,73 manat məbləğində xidmət göstərilmiş, həmin xidmətin 307.416,47 manat məbləği ödənilmiş, qalan 183919,26 manat isə ödənilməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən kommersiya məhkəməsində iddialar qaldırılmışdır. Qeyd edilənlər bir daha sübut edir ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması düzgün həyata keçirilməmiş, əsassız qaydada vergi ödəyicisinə əlavə hesablama aparılmışdır. Bundan başqa qeyd olunmalıdır ki, vergi orqanı istər 10 mart 2025-ci il tarixli məhkəmə iclasında, istərsə də etirazında Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək vergi orqanının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüquqlarının olduğunu qeyd etdiyini, bununla da faktiki olaraq, 2022-ci ilin iyul ayı üzrə olan dövriyyənin 2024-cü ilin iyul ayı üzrə yayındırılmış vergi dövriyyəsi kimi hesablanmasına haqq qazandırmağa çalışmışdır. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsi vergi orqanlarının 3 il ərzində vergini hesablamaq hüququnu tanısa da, bunun hansı qaydada və formada hesablanması Vergi Məcəlləsinin digər maddələri ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həvata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riavət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həvata keçirilir. Maddələrin redaksiyalarından göründüyü kimi, vergi orqanları vergi nəzarəti tədbirini, o cümlədən kameral vergi yoxlamasını həyata keçirərkən bunu yalnız Vergi Məcəlləsinin onlara verdiyi səlahiyyətlər çərçivəsində həvata keçirə bilərlər. Vergi Məcəlləsinin 37.2-ci maddəsi isə vergi orqanının hansı dövr üzrə hansı müddətdə kameral vergi yoxlaması apara bilməsi hüququnu dəqiq olaraq müəyyən edir. Belə ki, həmin maddəyə əsasən vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 72-ci maddəsi ilə müəyyən edilən (həmin maddə ilə cari və dəqiqləşmiş bəyannamələrin verilməsi müəyyən edilir) bəyannamələrin təqdim edildiyi tarixdən mənfəət və gəlir bəyannaməsinə münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə münasibətdə isə 30 iş günü müddətində kameral vergi yoxlaması keçirlir. Hesablama aparılan əməliyyatın 2022-ci ilin iyul ayına aid olması tərəflərin mübahisələndirmədiyi haldır. Bunu vergi orqanın etiraza əlavə etdiyi ƏDV dövriyyə cədvəli də təsdiq edir. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə kameral qaydada hesablamanı ya vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsinin verildiyi 04 avqust 2022-ci il tarixdən sonra 30 iş günü ərzində apara bilərdi, ya da vergi ödəyicisi tərəfindən həmin dövrə dəqiqləşmə verilmiş olsaydı, belə dəqiqləşmədən sonra 30 iş günü ərzində yoxlama aparmaq hüququ olardı. Lakin vergi orqanı həmin dövr üzrə aparılan əməliyyatı 2024-cü ilin iyul ayına hesablanmaqla ciddi pozuntuya yol vermişdir. Digər tərəfdən təqdim edilən elektron qaimə fakturada ƏDV nəzərdə tutulmamışdır. Digər tərəfdən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (ayarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını məhz özündə olan elektron-qaimə faktura əsasında, habelə hesabat və bəyannamələr təqdim edilən vaxt bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, vergi ödəyicisi X5 qeydiyyatına mübahisələndirilən elektron-qaimənin təqdim edildiyi ayda, yəni xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Həmin qeydiyyat vergi ödəyicisinin təqdim etdiyi ərizə əsasında olmuş, vergi orqanı həmin ərizə əsasında da vergi ödəyicisinin hansı vaxtdan ƏDV qeydiyyatına durmalı olmasını araşdırmaq imkanı olmuş, lakin bu imkandan da istifadə etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək e-qaimə faktura əsasında təqdim edilmiş malın (iş və ya xidmətin) dəyəri 241496,63 manat olduğundan və ardıcıl 12 ay üzrə vergi tutulan əməıiyyatların həcmi 200000,0 manatdan artıq olduğundan ƏDV qeydiyyatına alınmalı tarixdən (xx.xx.2022-ci il) ƏDV qeydiyyatına alındığı tarixədək (xx.xx.2023-cü il) yayındırılmış ƏDV-yə cəlb olunmalı əməliyyatların məbləği 37151.94 manat olduğundan 6687.35 manat (ƏDV məbləği) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Nəticədə kameral münasibət bildirilərək yaranmış kənarlaşma aradan qaldırılmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********351600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 6687.35 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-88686/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 2024-cü ilin iyul ayı üzrə X5 üzrə əlavə hesablama aparılmışdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Bununla bağlı bildirilit ki, 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçı sıradan bir şəxs deyil, sahibkarlıq subyektidir və o, sahibkarlıq fəaliyyətini müqavilələr (o cümlədən, əmək müqavilələri) və digər əqdlər bağlamaqla, uçot-hesabat sənədləri (o cümlədən, vergi hesabatları) tərtib etməklə həyata keçirir. Yəni vergi ödəyicisi üzərinə qoyulmuş vəzifələri həyata keçirməli və qanunvericiliyin tələblərinə riayət etməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi məbləğləri Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Cavabdehin etiraza əlavəsi: aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək e-qaimə faktura əsasında təqdim edilmiş malın (iş və ya xidmətin) dəyəri 241496,63 manat olduğundan və ardıcıl 12 ay üzrə vergi tutulan əməıiyyatların həcmi 200000,0 manatdan artıq olduğundan ƏDV qeydiyyatına alınmalı tarixdən (xx.xx.2022-ci il) ƏDV qeydiyyatına alındığı tarixədək (xx.xx.2023-cü il) yayındırılmış ƏDV-yə cəlb olunmalı əməliyyatların məbləği 37151.94 manat olduğundan 6687.35 manat (ƏDV məbləği) kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Nəticədə kameral münasibət bildirilərək yaranmış kənarlaşma aradan qaldırılmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********351600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin iyul ayı üçün ƏDV bəyannaməsi üzrə 6687.35 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-88686/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçı tərəfindən iyul dövriyyəsi üçün dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin, yenə də vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmadığı üçün “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-205966/2025 nömrəli qərar qəbul edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-205966/2025 nömrəli qərarına əsasən iddiaçıya 2024-cü ilin iyul ayı üzrə 6.687,35 manat ƏDV hesablanmışdır. Əsas: Aparılmış dürüstləşmələr ilə bağlı olaraq ƏDV qeydiyyat tarixinin geri tarixə dəyişməsi ilə əlaqədar dövlət büdcəsindən yayındırılmış ƏDV məbləğləri üzrə hesablama aparılır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3072/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin iddia qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən ƏDV daxil olmaqla 192.230,43 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 482,23 manat məbləğində pul ilkin iddia üzrə cavabdeh “X4” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilməsi qət edilmiş ilkin iddia qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-922/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı “X4” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3072/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni ilkin iddianın təmin edilmiş hissəsində və qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Bəhs edilən maddələrin müddəalarından göründüyü kimi kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilən yoxlama növüdür. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı tərəfindən vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair bildiriş göndərilir. Kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan VM-də müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, VM-nin 67-ci maddəsinə müvafiq olaraq vergi hesablanır. Hazırki işin faktiki hallarından görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini arzulayır. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan yaranmış vergi məbləğini iddiaçının ƏDV-yə cəlb olunan əməliyyatların məbləği üzrə kənarlaşmanın müəyyən edilməsi ilə əsaslandırmışdır. Başqa sözlə desək, cavabdeh iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək e-qaimə faktura əsasında təqdim edilmiş malın (iş və ya xidmətin) dəyəri 241496,63 manat olduğundan və ardıcıl 12 ay üzrə vergi tutulan əməıiyyatların həcmi 200000,0 manatdan artıq olduğundan ƏDV qeydiyyatına alınmalı tarixdən (xx.xx.2022-ci il) ƏDV qeydiyyatına alındığı tarixədək (xx.xx.2023-cü il) yayındırılmış ƏDV-yə cəlb olunmalı əməliyyatların məbləği 37151.94 manat olduğundan 6687.35 manat (ƏDV məbləği) kənarlaşmanın yaranmasına səbəb olduğunu hesab etmişdir. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirilən inzibati aktın əsassız olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması üçün ilkin olaraq ƏDV-nin anlayışına, ƏDV üzrə hesabat dövrünün müddətinə və ƏDV üçün vergi tutma anınını müəyyə etməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 177.1. Vergi ödəyicisi borcludur: 177.1.2. vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə; 177.1.3. bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə. 177.2. ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə, ƏDV bəyannaməsi bu Məcəllədə nəzərdə tutulmuş müddətdən gec olmamaq şərti ilə 30 gün müddətində vergi orqanına təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
178. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Məhkəmə ilk növbədə bildirir ki, yuxarıda qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2024-cü ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2024-cü ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Lakin 2024-cü ilin iyul ayı üzrə iddiaçı tərəfindən hər hansı vergi tutulan əməliyyat həyata keçirilməmiş, başqa sözlə, həmin dövr üçün vergi tutulan dövriyyə yaranmamışdır ki, bu isə cavabdehin VM-nin 178-ci maddəsinin tələblərini pozaraq 2024-cü ilin iyul ayı üzrə qanunsuz olaraq hesablama apardığının göstəricisidir. Əlavə olaraq, Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə görə isə nəzərə alınmalıdır ki, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar, göstərilən xidmətlər və ya yerinə yetirilən işlər üçün ödəmənin aparıldığı vaxt sayılır. Bu müddəa vergi öhdəliyinin yaranması üçün yalnız müqavilə və sənədlərin deyil, faktiki ödənişin mövcudluğunun əsas götürülməsini tələb edir. Təqdim edilmiş sənədlər əsasında iddiaçının 2022-ci ilin iyul ayından 2023-cü ilin iyul ayınadək dövr üzrə 37.151,94 manat məbləğində əməliyyatların aparıldığı göstərilsə də, bu əməliyyatlar üzrə faktiki ödənişin həyata keçirilib-keçirilmədiyi araşdırılmamış, cavabdeh tərəfindən bu məqam nəzərə alınmadan kamral vergi yoxlaması nəticəsində ƏDV hesablanmışdır. Halbuki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə “X4” MMC arasında xx.xx.2021-ci il tarixli HİSN 07 nömrəli xidmət müqaviləsi əsasında ümumilikdə 491.335,73 manat məbləğində xidmət göstərilmiş, lakin ödəniş yalnız qismən həyata keçirilmiş, qalan hissə üzrə isə iddiaçı tərəfindən məhkəmə icraatı çərçivəsində iddia irəli sürülmüşdür. Məhkəmə icraatı nəticəsində ƏDV daxil olmaqla 192.230,43 manat məbləğində borcun cavabdehdən tutulması barədə qətnamə qəbul edilmişdir. Lakin bu məhkəmə qətnaməsi yalnız ödəniş öhdəliyinin mövcudluğunu təsbit edir, ödənişin faktiki baş verdiyini sübut etmir. Beləliklə, faktiki ödəniş baş vermədiyi halda vergi tutulan dövriyyənin mövcudluğundan və ƏDV öhdəliyinin yaranmasından danışmaq hüquqi cəhətdən əsassızdır. Cavabdeh vergi orqanı isə bu hüquqi şərti nəzərə almadan kameral vergi yoxlamasının nəticələrini formalaşdırmışdır Məhkəmə onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, cavabdeh Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinad edərək vergi orqanının vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq hüquqlarının olduğunu qeyd etdiyini, bununla da faktiki olaraq, 2022-ci ilin iyul ayı üzrə olan dövriyyənin 2024-cü ilin iyul ayı üzrə yayındırılmış vergi dövriyyəsi kimi hesablanmasının əsaslı olduğunu bildirmişdir. Qeyd olunan maddədə vergi orqanlarına vergi ödəyicisinin vergi öhdəliklərini, faiz və maliyyə sanksiyalarını hesabat dövrü bitdikdən sonra 3 il ərzində hesablamaq hüququ tanınmışdır. Lakin bu müddəa vergi orqanına istənilən vaxt və istənilən üsulla vergi hesablamaq hüququ vermir. Bu hüquq yalnız Vergi Məcəlləsinin digər normalarına riayət olunmaqla, yəni qanunla müəyyən edilmiş yoxlama prosedurları çərçivəsində həyata keçirilə bilər. Belə ki, Vergi Məcəlləsinin 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həvata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riavət olunmasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. Hazırki iş üzrə görünür ki, cavabdeh vergi ödəyicisi olan iddiaçı tərəfindən həmin dövr üzrə kameral qaydada hesablamanı ya vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı üzrə ƏDV bəyannaməsinin verildiyi 04 avqust 2022-ci il tarixdən sonra 30 iş günü ərzində apara bilərdi, ya da vergi ödəyicisi tərəfindən həmin dövrə dəqiqləşmə verilmiş olsaydı, belə dəqiqləşmədən sonra 30 iş günü ərzində yoxlama aparmaq hüququ olardı. Lakin vergi orqanı həmin dövr üzrə aparılan əməliyyatı 2024-cü ilin iyul ayına hesablanmaqla VM-nin yuxarıda göstərilən normaların tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, bu yanaşma vergi ödəyicisinin hüquqi müəyyənlik prinsipinə və qanunla qorunan hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-2378/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “38. Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Odur ki, vergi orqanı 2022-ci ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
39. Vergi Məcəlləsinin 159.1-ci maddəsinin tələbləri baxımından ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır.
40. Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.
41. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir.
42. 2022-ci ilin iyul ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan rəqəmdən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.” Ali Məhkəmənin 2-1(102)-2270/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “35. Bundan başqa yuxarıda qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178- ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2020-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2020-cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir.
36. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.
37. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir.
38. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2020-cü ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.
39. Məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin sentyabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir.” Analoji işlər üzrə yuxarı instansiya məhkəməsinin formalaşmış təcrübəsindən görünür ki, hazırkı növ iddialar üzrə mübahisələndirilən qərarlar ləğv edilmiş, əlavə vergi hesablanması qanunsuz hesab edilmişdir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2-3/2-205966/2025 nömrəli 19 fevral 2025-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov