Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5838/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Mohammad qızının cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Mohammad qızı cavabdeh Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi mübasili qərar ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə 2018, 2019 və 2020-ci illər üzrə əmlak vergisi hesablanmışdır. İddiaçı iddia edir ki, həmin dövrlər üzrə onun tərəfindən torpaq vergisi ödənilmiş və müvafiq qəbzlər ilə rəsmiləşdirilmişdir. Əlavə olaraq iddiaçı bildirir ki, əmlak vergisi barədə iddiaçıya tədiyyə bildirişi təqdim olunmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə illik 738,58 manat (9-cu Zonaya uyğun olaraq (0.40*0.85)=0,34 qəpik) əmlak vergisi hesablanmışdır. Fiziki şəxs İddiaçı 17.03.2017ci il tarixə hesablanmış 738,58 manat əmlak vergisi ödəmək əvəzinə müxtəlif dövrlərlə ödənişlər həyata keçirmişdir ki, həmin dövrə ödəniş vaxtında olmadığına görə borc və fazilə birlikdə ümumi məbləğ 2.058,09 manat olmuşdur. Ötən illərə görə iddiaçı 2.954,32 manat ödəməli olduğu halda, o, 2017-2021-ci illər üzrə 1.289,77 manat əmlak vergisi ödəmişdir. Hər il bildiriş, xəbərdarlıq, son xəbərdarlıq və tədiyyə bildirişi hesablanaraq mülkiyyətçinin ünvanına vaxtında göndərilsə də, sonuncu əmlak vergisini ödəməkdən yayınmışdır. Bununla da iddiaçı barəsində 02.03.2021-ci il tarixdə 02/21 saylı qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, iddiaçı mübahisələndirilən qərardan icra mərhələsində xəbər tutduğunu bildirmiş, cavadeh isə bu halın əksini təsdiq edən sənədləri, yəni mübahisələndirilən qərarın hansı tarixdə iddiaçıya təqdim edilməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: -Dövlət reyestrən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçın mülkiyyətindədir. -Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli 02/21 saylı qərarı ilə İddiaçı 738,47 manat əmlak vergisi, ötən dövrlər üzrə 1.294,36 manat vergi borcu, 764,64 manat faiz və 100 manat maliyyə sanksiyası ümumilikdə 2.897,40 manat vergi borcu hesablanmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən qəbul edilmiş 25.02.2021-ci il tarixli qərarın (inzibati aktın) təsdiq edilmiş surətinin, həmçinin qərarın qəbul edilməsinə əsas olan sənədlərin (inzibati-icraat materiallarının; tərəfə göndərmiş tədiyyə bildirişin; bildirişin və qərarın iddiaçıya təqdim edilməsi barədə sənədlərin təsdiq edilmiş surətinin) məhkəməyə təqdim olunması ilə bağlı cavabdeh inzibati orqana sorğu vermişdir. Sorğuya cavab olaraq cavabdeh tərəfindən qərar və tədiyyə bildirişləri təqdim olunmuşdur. İşin faktiki hallarından görünür ki, Bülbülə Bələdiyyəsi tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2018,2019,2020,2021-ci illər üzrə 2.032,94 manat vergi borcunun olması müəyyən edilmişdir. İddiaçı tərəfindən vergi borcu ödənilmədiyi halda onun barəsində 25 fevral 2021-ci il tarixdə müvafiq sanksiya tədbirlərin görülməsi barədə akt qəbul edilmişdir. Bundan sonra 02.03.2021-ci il tarixdə tədiyyə bildirişi və tələbnamə tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Suraxanı İcra və Probasiya Şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddianın əsaslı olması ilə bağlı aşağıda qeyd olunanlarla əsaslanır. Fiziki şəxslərə əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən, yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir.Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. -5.0.3-cü maddəsinə əsasən vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. -8.1.2-ci maddəsinə əsasən, fiziki şəxslərin əmlak vergisi yerli vergilərə (bələdiyyə vergiləri) aiddir. -196-ci maddəsinə əsasən, bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. -197.1.1-ci maddəsinə əsasən,rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır. -200.4-cü, 200.5-ci və 200.6-cı maddələrinə əsasən, bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. Vergi Məcəlləsinin müddəalarından göründüyü kimi, əmlak vergisi-siyahısı vergi qanunvericiliyi ilə məyyən edilmiş daşınan və daşınmaz əmlaka görə fiziki şəxslər və balanslarında olan əsas vəsaitlərə görə, müəssisələr tərəfindən ödənilən birbaşa verginin bir növüdür. Fiziki şəxslərin əmlak vergisi yerli büdcələrə, müəssisələrin əmlak vergisi isə dövlət büdcəsinə ödənilir. Əmlak vergisinin ödəyiciləri, obyekti, dərəcələri, hesablanması, ödənilməsi qaydası, bu vergi ilə bağlı güzəştlər, hesabatın verilməsi və digər oxşar məsələlərlə əlaqədar münasibətləri tənzimləyən normalar VM-in Xİİİ fəslində cəmlənmişdir. Nəzərə alınmalıdır ki, bələdiyyələr tərəfindən fiziki şəxslərin əmlak və torpaq vergilərinin ödənilməsi tədiyyə bildirişləri təqdim olunduqdan sonra həyata keçirilir. Tədiyyə bildirişin anlayışı konkret olaraq vergi qanunvericiliyində təsvir olunmasa da, qeyd olunmalıdır ki, həmin anlayış vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləği özündə əks etdirən və verginin ödənilməsi üçün vergi ödəyicisinə təqdim edilən sənəd sayılır. Cavabdeh tərəfindən qəbul edilmiş 02.03.2021-ci il tarixli 02/21 saylı qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət olunmamasına, həmçinin tədiyyə bildirişinin iddiaçıya rəsmi qaydada təqdim edilməməsinə münasibətdə, Məhkəmə aşağdakıları əsas gətirir: Belə ki, Vergi Məcəlləsinin 84-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisinə verginin hesablanması haqqında bildiriş göndərilir. Verginin hesablanması haqqında bildirişdə aşağıdakılar göstərilir: 84.0.1. vergi ödəyicisinin adı və ya obyektin adı; 84.0.2. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 84.0.3. bildirişin tarixi; 84.0.4. bildirişin aid olduğu obyekt və bildirişin əhatə etdiyi vergi dövrü və ya vergi dövrləri; 84.0.5. verginin növü, hesablanmış verginin və faizlərin məbləği; 84.0.6. verginin ödənilməsinə dair tələb və ödəmənin müddətləri; 84.0.7. verginin ödənildiyi yer və üsul; 84.0.8. verginin hesablanmasına əsas olmuş hallar; 84.0.9. şikayət etmə qaydası. İnzibati aktın forması və inzibati akta dair tələblər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qəti olaraq müəyyən edilmişdir. Həmin Qanunun 57.1-ci maddəsinə görə qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Hazırki iş üzrə qanuniliyi mübahisələndirilən Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin 02.03.2021-ci il tarixli qərarında isə qanunvericiliyin tələb etdiyi məlumatlar, o cümlədən həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat göstərilməmişdir. Bundan əlavə, Bülbülə bələdiyyəsinin əmlak vergisi ilə bağlı tədiyyə bildirişlərin, o cümlədən, mübahisələndirilən 02.03.2021-ci il tarixli inzibati aktın (qərarın) ünvanladığı fiziki şəxs - İddiaçı Mohammad qızına təqdim edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçı mübahisələndirilən qərardan yalnız icra mərhələsində məlum olduğunu, qərarın və tədiyyə bildirişlərin həmin vaxtda əldə etdiyini bildirmişdir ki, cavabdeh bunun əksini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən tədiyyə bildirişinin tərtib olunması şübhə doğurmur. Burada şübhəli olan arqument odur ki, tədiyyə bildirişləri bələdiyyənin sədrinin imzası və möhürü ilə təsdiq olunsa da, tədiyyə bildirişinin kötüyü olan hissə iddiaçıya rəsmi qaydada verilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tədiyyə bildirişinin alınmasını təsdiq edən hal yalnız o zaman mövcud olar ki, seriya nömrəsi eynilik təşkil etməklə tədiyyə bildirişinin kötüyündə vergi ödəyicisinin imzası mövcud olsun ki, hazırki mübahisə üzrə bu halın olması müəyyən edilməmişdir. Əlavə olaraq qeyd olunur ki, oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasında, bələdiyyə və fiziki şəxs arasında bu cür mübahisəli hallar yarandığı zaman tədiyyə bildirişinin fiziki şəxsə təqdim olunması mütləq qaydada yoxlanılır ki, bu hal mübahisənin həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, qüvvədə olan qanunvericiliyin və məhkəmə praktikasının tələbləri əsasında iddiaçı barəsində qəbul edilmiş qərar “İnzibati icraat haqqında” Qanunun, həmçinin Vergi Məcəlləsinin normalarına görə əsassız sayılır. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi tərəfindən qəbul edilmiş 02.03.2021-ci il tarixli 02/21 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5838/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5838/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver