Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-5906/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Firmasının cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X12 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğvi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Firmanın fəalyyət göstərdiyi kafedə operativ vergi nəzarəti həyata keçirilmiş, bu barədə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin akt əsasında da vergi məsuliyyətinə cəlb etmə barədə qərar qəbul edilmişdir. Halbuki, akt vergi ödəyicisi və onun nümayəndəsi olmadan tərtib edilmişdir. Həmin akt təkcə cavabdehin nümayəndələri tərəfindən tərtib edildiyindən həqiqiliyi şübhəlidir. Həmçinin aktda çay və şokolada görə 4 manata görə çekin verilmədiyi qeyd edilsə də, nəzərə alınmamışdır ki, adıçəkilən məmulatların dəyəri menyudan da görünür ki, 4 manat deyildir. NKA-ya vergi əməkdaşları tərəfindən qərəzli olaraq müdaxilə olunmuşdur. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, keçirilmiş operativ vergi yoxlaması zamanı 4 manat məbləği nəzarət-kassa aparatının yaddaşına daxil edilməmiş, müştəriyə təqdim edilməmiş, həmin məbləğ sonradan aparatın yaddaşına bərpa edilmiş, həmin hallar aktla rəsmiləşdirilmiş, lakin rəhbərin obyektdə olmaması səbəbindən aktın imzalanması və nüsxəsinin qəbulu mümkün olmamışdır. Həmin akt nəticəsində də müvafiq məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Bundan əlavə, 5 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edildiyi müəyyən edilmişdir. Həmin şəxslərdən 3-ü izahat verərək həmin halları etiraf etmiş, digər 2 nəfərin isə izahat verməkdən imtina etdikləri müəyyən edilmişdir. Həmin akt əsasında da digər bir məsuliyyətə cəlb edilmə barədə qərar qəbul edilmişdir. Eyni zamanda qeyd edilir ki, aktda adıçəkilən şəxslərdən ikisi həmin Firma ilə sonradan əmək müqaviləsi də bağlamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli edilməlidir. İddianın təmin edilən hissədə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.70. Vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. -50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; -50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir -58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, şimliridşələdaS“ vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: -49.1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. -219.3.İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. -219.4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsini təşkil etməlidir. Yuxarıda adıçəkilən qanunvericiliyin normalarından göründüyü kimi, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarət formasıdır. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq operativ vergi nəzarətinin keçirilməsi qaydaları, o cümlədən operativ vergi nəzarəti üçün əsaslar, nəzarətin keçirilməsi haqqında qərarın qəbul edilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi VM ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır. Operativ vergi nəzarəti zamanı aşkar olunan nöqsanlar əsasında vergi ödəyicisinin maliyyə sanksiyasına cəlb olunması ilə bağlı isə qeyd olunmalıdır ki, maliyyə sanksiyasıvergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə, vergi agentlərinə və banklara tətbiq edilən pulla ifadə edilmiş tənbeh növüdür. Operativ vergi nəzarəti zamanı maliyyət sanksiyasının hansı hallarda tətbiq edildiyi qanunvericilikdə ətraflı olaraq sadalanmışdır ki, bunlardan biri də əmək müqaviləsi qüvvəsini almadan işəgötürən tərəfindən şəxsin əmək fəaliyyətinə cəlb edilməsidir. Göründüyü kimi, operativ vergi yoxlaması zamanı vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsində əsaslardan biri də məhz əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi durur. Əlbəttə, “əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi” anlayışı əmək münasibətlərini tənzimləyən Əmək Məcəlləsində təsvir olunur. Əmək müqaviləsi (kontraktı) dedikdə işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi anı isə əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından aslıdır. Məhkəmə diqqətə çatdırır ki, qanunvericilik imperativ qaydada işəgötürən və işçi arasında əmək müqaviləsinin bağlanmasını, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasını və tərəflər arasında əmək münasibətlərinin tənzimlənməsi qaydasını nəzərdə tutur ki, vergi ödəyicisi tərəfindən bu hallara əməl olunmadığı təqdirdə, onun vergi qanuvericiliyinin tələbləri baxımından maliyyə sanksiyasına cəlb olunması istisna olunmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün vergi ödəyicisinin hansı dövrdən sahibkarlıq fəaliyyətinə başlaması və ya hansı müddətə sahibkarlıq fəaliyyəti göstərməsi qanunvericilikdə heç bir əsasla şərtləndirilməmişdir. VM-in 58.10-cu maddəsində qeyd olunan vergi hüquq pozuntusu formal tərkibli olduğundan, həmin əmələ görə vergi ödəyicinə maliyyə sanksiyasının tətbiqi vergidən yayınma faktının baş verməsi ilə şərtləndirilə bilməz. Başqa sözlə, VM-in 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir. Bu zaman, əməlin həmin norma ilə tövsif olunması üçün cəlb edilən işçinin işləri (xidmətləri) hansı müddətdə yerinə yetirdiyinin də əhəmiyyəti yoxdur. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, yuxarıda göstərildiyi kimi, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı vəziyyətdə iddianın təmin edilibedilməməsi ilə bağlı yekun nəticəyə gəlinməsi iddiaçının həyata keçirdiyi sahibkarlıq fəaliyyətində 5 nəfər fiziki şəxsin həyata keçirdiyi fəaliyyətin xüsusiyyətlərindən asılı olacaqdır. Başqa sözlə, əgər iddiaçının fəaliyyətini həyata keçirdiyi obyektdə 5 nəfər fiziki şəxs işçi qismində fəaliyyət göstərmişdirsə, deməli vergi ödəyicisinin təqsiri müəyyən ediləcək, işçi qismində fəaliyyəti müəyyən edilməyəcəyi təqdirdə isə, vergi orqanının qərarının əsassız olduğu sübut olunacaqdır. İşin mahiyyətindən isə aydın olur ki, digər 3 işçidən fərqli olaraq 2 şəxsin əmək müqaviləsi olmadan hər hansı əmək fəaliyyətinə cəlb edilməsi halı aşkar edilməmişdir. Belə ki, işin faktiki hallarından da görünür ki, 31 avqust 2021-ci il tarixli qərar əsasında operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Tərtib edilmiş aktda qeyd edilmişdir ki, 5 nəfər fiziki şəxs əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 01 sentyabr 2021-ci il tarixli aktda göstərilir ki, 3 nəfər fiziki şəxslərin izahatı alınsa da, lakin digər 2 nəfər, yəni X9 və X3 heç bir üzrlü səbəb göstərmədən, izahat verməkdən imtina etmişdir. Obyektin rəhbəri olan şəxs isə həmin vaxt obyektdə olmadığından müvafiq sənədlərin təqdim edilməməsi mümkün olmamışdır ki, obyektin işçilərinin də qeyd etdiyi kimi həmin şəxs həmin vaxtda ölkə ərazisindən kənarda olduğundan yoxlamada iştirak etmək imkanı olmamışdır. Yoxlama zamanı izahatı alınmış X2 qeyd etmişdir ki, ofisiant kimi iddiaçının rəhbəri tərəfindən işə qəbul edilmiş, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. İş vaxtı saat 12:00-23:00-a dək olmaqla, əmək haqqısı günlük 12 manat təşkil edir. Obyektdə işləyən Tunzalə, Leyla, Gülay adlı şəxsləri tanıyır. Yoxlama zamanı izahatı alınmış X4 qeyd etmişdir ki, ofisiant kimi iddiaçının rəhbəri tərəfindən işə qəbul edilmiş, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. İş vaxtı saat 15:00-23:00-a dək olmaqla, əmək haqqısı günlük 8 manat təşkil edir. Obyektdə işləyən Tunzalə, Leyla adlı şəxsləri tanıyır. Yoxlama zamanı izahatı alınmış X8 qeyd etmişdir ki, nəzarətçi obyektdə fəaliyyət göstərir, lakin onunla heç bir müqavilə bağlanılmamışdır. 10:00-23:00-a dək obyektdə oluram, ayın sonunda nağd şəkildə 200 manat ödəniş edilir. Obyektdə işləyən kababçı Sahibi, ofisiant Könül və Gülayı tanıyıram. Göründüyü kimi izahatı alınmış şəxslərdən fərqli olaraq X9 və X1 əmək müqaviləsi olmadan işləməsi halı müəyyən edilmədən 15 oktyabr 2021-ci il tarixdə qərar qəbul etmişdir ki, həmin şəxslərə münasibətdə maliyyə sanksiyasının iddiaçıya tətbiq edilməsi məhkəmə hesab edir ki, qanunsuz və əsassızdır. Bununla əlaqədar ilkin olaraq qeyd edilməlidir ki, hazırkı iddia tələbi mübahisələndirmə növündə iddia tələbi olduğundan AR İPM-nin 14.1-ci maddəsinə uyğun olaraq Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh isə adı çəkilən iki şəxsin əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı iddiaçının vergi məsuliyyətinə cəlb edilməsinə əsas olmuş zəruri faktiki şərtlərin mövcudluğu sübut edə bilməmişdir. Belə ki, cavabdeh tərəfindən həmin şəxslərin əmək fəaliyyətinə cəlb edilməsi onun nümayəndələri tərəfindən tərtib edilmiş aktla rəsmiləşdirilmişdir ki, həmin aktda adıçəkilən 2 şəxsin izahat verməkdən imtina etməsi halı ilə bağlı hər hansı sübut, video və audio çəkiliş materialı təqdim edilməmiş, cavabdeh həmin şəxsin izahat verməkdən imtina etməsi halına istinad etməklə kifayətlənərək adıçəkilən qərarın qəbulunu həyata keçirmişdir. Halbuki, AR VM-nin: 41.1. Vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. 41.2. Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməli olduğu halda bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarının adıçəkilən hissədə qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)-1264/2022-saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş 000913 nömrəli xx.xx.2020-ci il tarixli akta əsasən, müəssisənin işçisi kimi qeyd olunmuş X11 yoxlamaya təqdim olunan izahatında həmin müəssisədə işləmədiyini, iş axtardığını bildirmişdir. Qeyd olunan izahatdan da göründüyü kimi, həmin şəxs orada işləməmiş, yalnız iş axtarışında olduğu üçün həmin gün obyektdə olmuşdur. Eyni zamanda, aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Hansı ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də cavabdeh hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, obyektiv həqiqətin müəyyən edilməsi ilə bağlı məhkəmə həmin iki şəxsdən biri olan X9 şahid qismində dindirilmiş, həmin şəxs məhkəmədə verdiyi izahatında da onun həmin obyektdə işçi olmadığı barədə məhkəmədə ifadə vermişdir. Məhkəmə araşdırması zamanı dindirilmiş həmin şahid ifadəsi ilə də məhkəməyə müəyyən edir ki, həmin şəxs iddiaçı tərəfindən hər hansı əmək fəaliyyətinə cəlb edilməmişdir. Göründüyü kimi həmin şəxsin əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı cavabdeh hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, sübutetmə baxımından X1 əmək fəaliyyətinə cəlb edilib-edilməməsinə münasibətdə də məhkəmənin gəldiyi nəticə qərarın adıçəkilən hissədə əsassız və qanunsuz olması ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdeh həmin şəxsin də əmək fəaliyyətinə cəlb edildiyini sübut edə bilməmişdir. Təqdim olunan aktlar isə yuxarıda da qeyd edildiyi kimi birtərəfli qaydada tərtib edilən sənədlər olmaqla işin həmin halının sübut edilməsi, ziddiyyətli məqamların aydınlaşdırılması vasitəsi qismində çıxış edə bilməz. Bu zaman həmin şəxsin məhkəmə iclasında şahid qismində iştirakının təmininə yönəlmiş məhkəmə tərəfindən həyata keçirilmiş tədbirlərin nəticə verməməsi də vəziyyəti iddiaçının ziyanına, cavabdehin xeyrinə dəyişmir. Doğrudur həmin şəxsin şahid qismində iştirakının təmini üçün mümkün vasitələrdən istifadə edilmiş, lakin, həmin şəxs məhkəmə iclasında iştirak etməmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi həmin şəxsin iddiaçının işçisi olub-olmamasını iddiaçı yox, cavabdeh sübut etməlidir. Cavabdeh isə operativ vergi nəzarəti tədbiri zamanı heç bir video-audio çəkiliş aparmamış, müvafiq akt tərtib etməklə kifayətlənmişdir ki, cavabdehin əməkdaşlarının sübut edə bilmədiyi halın reallıqda mövcud olsa belə iddiaçının ziyanına şərh edilməsi yolverilməzdir. Beləliklə, məhkəmə adıçəkilən 2 şəxsə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın göstərilən hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi qənaətindədir. Lakin, adıçəkilən qərar məhkəmə hesab edir ki, digər üç nəfərə münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində tam qanuni və əsaslıdır. Belə ki, yuxarıda adıçəkilən şəxslərin vermiş olduğu izahatlardan da göründüyü kimi həmin şəxslər həqiqətən də əmək fəaliyyətinə cəlb edilmişdir. Göründüyü kimi qeyd olunan şəxslər vermiş olduqları məcburi alınması iş materialları ilə sübut olunmayan izahatlarında fəaliyyətdə olan obyektin işçiləri kimi iddiaçı tərəfindən işə cəlb edildiklərini, digər iş yoldaşlarından kimi tanıdıqları, iş saatları, əmək haqqının məbləği və nağd ödənilmə qaydası da daxil olmaqla konkret xarakterli məlumatları vergi orqanına təqdim etmiş, vergi orqanı da həmin məlumatlar əsasında iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Adıçəkilən şəxslərdən K.Abdullayeva və L.İsmayılovanın sonradan əmək müqavilələrinin müvafiq informasiya sistemində qeydiyyata alınması, yəni iddiaçı ilə əmək hüquqi münasibətlərinin rəsmiləşdirilməsi də onu sübut edir ki, həmin şəxslər həqiqətən də iddiaçının işçiləri olmuş, müvafiq nəzarət tədbirindən sonra əmək müqavilələrinin rəsmiləşdirilməsini həyata keçirmişdir. Məhkəmə, hesab edir ki, adıçəkilən 3 şəxsdən iki K.Abdullayeva və R.Abbasov məhkəmə iclasında şahid qismində dindirilmişdir ki, məhkəmə iddiaçının xeyrinə şəxslərin vermiş olduğu ifadələrin inandırıcılıq əlaməti daşımadığı qənaətindədir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iş üzrə digər sübutlar kimi şahid ifadəsi də məhkəmə üçün qərarın qəbul edilməsində məcburilik əlaməti daşımamaqla işin həlli ilə bağlı məsələyə münasibətdə digər sübutlarla birgə qiymətləndirilir. Bu səbəbdəndir ki, məhkəmə iclasında dindirilən R.Kərimovun vermiş olduğu şahid ifadəsi mötəbər sübut qismində qəbul edilmişdir. Lakin, K.Abdullayeva və R.Abbasov məhkəmə iclasında şahid qismində vermiş olduğu ifadə onların inzibati orqan tərəfindən alınmış izahatına uyğun olmamışdır. K.Abdullayevanın sonradan əmək müqaviləsi bağlaması da, onun iddiaçının işçisi olmaması kimi vermiş olduğu şahid ifadəsinin inandırıcılığı şübhə altına alır. Həmçinin, R.Abbasov tərəfindən verilən ifadədə də hər nə qədər iddiaçının işçisi olmadığı qeyd edilsə də, onun nəzarətçi olması barədə məlumat, faktiki olaraq onun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyinin təsdiqi qismində qiymətləndirilməlidir. Belə ki, həmin şəxsin obyektdə göstərmiş olduğu fəaliyyət hər bir halda əmək fəaliyyəti olmaqla nəzarətçi funsksiyalarının icrası ilə bağlı olmuş, tərəflər arasında əmək müqaviləsi isə bağlanılmamışdır. Məhkəmə, həmçinin iddianın digər hissəsi kimi əhali ilə pul hesablaşmaları aparılması qaydalarına riayət olunmaması ilə bağlı qərarın qanuni və əsaslığına münasibətdə cavabdehin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia həmin qərarın ləğvinə münasibətdə də rədd edilməlidir. İş materiallarından görünür ki,obyektdə saat 20:10-da çay və şokolada görə 4 manat ödənilmiş, lakin həmin məbləğə görə NKA çeki vurulmamış, müştəriyə təqdim edilməmişdir. Həmin məbləğ isə 20:21-də bərpa edilmişdir ki, bərpa çeki iş materiallarında mövcuddur. İddiaçı həmin qərarın ləğvinin əsası qismində orada adıçəkilən məhsulun 4 manata olmaması və vergi əməkdaşları tərəfindən qərəzli şəkildən NKA-ya müdaxilə edildiyi bildirsə də, həmin halların mövcudluğu iddiaçı tərəfindən sübut edilməmiş, əksinə istər bərpa çeki, istərsə də məhkəmə iclasında şahid qismində dindirilmiş inandırıcı şahid ifadəsi ilə qərarın əsaslılığı və qanuniliyi sübut edilmişdir. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə, hazırkı iş üzrə xüsusi olaraq vurğulamağı zəruri hesab edir ki, hazırkı iddia tələbinin bir hissədə təmininə audio və video çəkiliş aparılmaması mühüm əsas yaratsa da, iddianın bütünlükdə təmini yalnız adıçəkilən prosessual pozuntunun mövcudluğu ilə əlaqələndirilə bilməz. Ümumiyyətlə, qeyd edilməlidir ki, adıçəkilən pozuntuların mövcudluğu məhkəmə hesab edir ki, mahiyyəti üzrə inzibati orqanın qanuni və əsaslı qərarının hər bir halda ləğv edilməsi üçün əsas ola bilməz və işin digər sübutları ilə birgə qiymətləndirilməlidir. Prosessual pozuntuların mövcudluğu məsuliyyət müəyyən edən normaların hər bir halda tətbiqini istisna edən hal olmayıb, mahiyyəti üzrə düzgün qərarın qəbulunda iştirak edən inzibati orqanın əməkdaşlarının intizam məsuliyyəti üçün əsas qismində çıxış edə bilər. Qeyd olunan səbəbdəndir ki, audio-video çəkilişin aparılmaması, təkcə cavabdehlərin nümayəndəsi tərəfindən aktın tərtibi iddiaya bir hissədə təmin edilməsinə əsas yaratmış, digər hissələrdə isə obyektiv həqiqət müəyyən edildiyindən iddianın rəddinə səbəb olmuşdur. İddianın təmin edilən hissəsindən görünür ki, cavabdeh bu zaman işdə təkcə aktda əsaslanmış, heç bir izahat alınmamış, audiovideo çəkiliş aparılmamışdır ki, qərarın həmin hissədə qəbulunun əsaslılığının sübut edilməməsi həmin hallardan irəli gəlmişdir. Lakin, audio-video çəkiliş aparılmasa belə vergidən yayınma halının mövcudluğu işin digər halları, şəxslərin izahatları, şahid ifadələri ilə, həmçinin əmək münasibətlərinin sonradan rəsmiləşdirilməsi kimi hərəkətlərlə öz təsdiqini tapmışdır. Qeyd olunur ki, oxşar mövqe Ali Məhkəmənin 2-1(102)-1273/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir. Baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPMin 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi qüsurların İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) nə dərəcədə təsir etdiyini əsaslandırmamışdır. Yoxlamanın Reyestrdə qeydiyyata alınması ilə bağlı formal-hüquqi tələbə gəldikdə, burada, vəziyyət fərqlidir və həmin tələbə əməl olunmamasının nəticəsi (Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur) qanunvericilikdə aşkar olaraq tənzimlənmişdir və bu tənzimləmə imperativ xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı Firması barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 15 iyul 2021-ci il tarixli **********4763 saylı qərarı qismən - Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X3 və X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi əsası ilə 4000 manat məbləğində maliyyə sansksiyasının tətbiq edilərək iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-5906/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-5906/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver