Məhkəmə qərarları › İş №e-2-1(112)-6010/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6010/2021

24.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6010/2021 24.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Zeynalov Mübariz Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın azaldılmasına dair inzibati aktın ləğv edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sosial X2 Şərtlərlə Təyinat idarəsinin qərarı ilə iddiaçıya təyin edilmiş ömürlük əmək pensiyasının ödənilməsi 2021-ci ilin fevral ayından tam, mart ayından isə hissəvi olaraq dayandırılmışdır. Müraciətinə cavab olaraq şifahi ona bildirilmişdir ki, DSMF-nin keçirdiyi audit yoxlaması zamanı ona eyni zamanda iki pensiya ödənilməsi faktı aşkar edildiyindən müvafiq sərəncam verilmişdir. Qəbul olunmuş qərarlar iddiaçıya təqdim edilməmişdir. Qəbul edilmiş qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilib iddiaçının hüquqları dərhal bərpa olunmalıdır. İddiaçının yaşla əlaqədar hakim səlahiyyətlərimə xitam verildiyinə görə 2017ci ilin iyun ayında DSMF-nin Nərimanov rayon filialına müraciət edərək 09.06.2017-ci il tarixdən pensiya təyin edilməsini və həmin vaxta qədər DSMF-nin Səbail rayon filialının 09.06.2004-cü il tarixli qərarı ilə prokurorluq orqanlarında 25 il xidmət keçməyə görə təyin edilmiş pensiya işinin alınıb həmin işə birləşdirilməsi və iddiaçıya verilməli qəti pensiya miqdarının müəyyən edilməsini xahiş etmişdir. Həmin tarixdə ona 3117 manat 88 qəpik hakim pensiyası təyin edilmişdir. Pensiya işlərinin birləşdirilməsinə baxmayaraq 2019-cu ilin noyabr ayına qədər ona yalnız hakim vəzifəsinə görə hesablanmış məbləğ ödənilmişdir. Nəhayət həmin ilin noyabr ayından prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi aldığı 1791 manat 90 qəpik pensiyanın bir hissəsi birləşdirməklə cəmi 4.689 manat 54 qəpik pensiya ödənişi qət edilmişdir. Qanuna görə həmin məbləğ sonrakı artımlarla birlikdə 5332 manat 60 qəp (3540.70+1791.90) təşkil etməli idi. Həmin məbləğin nə üçün düzgün hesablanmaması, 2017-ci ilin iyun ayından deyil, 2019-cu ilin sentyabr ayından ödənildiyini filial rəhbərliyi Fondun vəsaitinin olmaması, sonralar həmin fərqin yeni təşkil edilən idarə tərəfindən veriləcəyi ilə əsaslandırmışlar. Pensiya işləri köçürüldükdən 4 ay sonra yeni təşkil olunmuş Xüsusi Şərtlərlə Təyinat İdarəsi iddiaçının hüquqlarının bərpa edilməsi əvəzinə pensiyanın ödəniməsini 2021-ci ilin fevral ayından tam dayandırmış, mart ayından isə 3540 man 70 qəpik pensiya məbləği müəyyən etmişdır. Bu barədə iddiaçıya heç bir rəsmi sənəd təqdim edilməmiş və şifahi bildirilmişdir ki, pensiyalar birləşdirilərkən “Əmək pensiyaları haqqında” Qanunun yalnız bir pensiya seçimi haqqında tələblərinin pozulması aşkar olaraq belə bir qərar verılmişdir. Bu hal tam əsassız və qanunsuzdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikası Qanunu ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzusu ilə yalnız bir pensiya təyin edilir. Həmin maddə ümumi kontekstən çıxarılmaqla DSMF-in səlahiyyətli şəxsləri tərəfindən iddiaçının pensiya hüququna tətbiq edilərək qanun təhrif edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi “Qanunun” 4-cü maddənin şərhi olmaqla orada əmək pensiyalarının cəmi 3 növünü - yaşa görə, əlilliyi görə və ailə başçisinin itirilməsinə görə növləri müəyyən edilir və onların tərkib hissələri sadalanır. Qanunun 34-cü maddəsi isə bunun mexanizmini aşağıdakı kimi müyyənləşdirir: - “Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.” 2017-ci ilin iyun ayından iddiaçının yalnız bir pensiya hüququm “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmış hakimin pensiya hüququ yaranmışdır. Həmin müddətdə iddiaçının nə əlillik, nə də ailə başçısının itirilməsinə görə pensiya hüququ olmamış və bu barədə ona seçim verilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.3-cü maddəsinə əsasən onun 65 yaşı tamam olunan günə 15 ildən artıq, yəni 17 illik hakim stajı nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilmişdir. Bakı şəhər Səbail rayon şöbəsinin 13 il əvvəl ona təyin etdiyi və pensiyaya çıxan günə qədər 100 faiz miqdarında aldığı pensiya 2000-ci ilə qədər dövrü əhatə edən 25 illik prokuror fəaliyyətimə aiddir. “Əmək pensiyalar haqqında” Qanunun İİ fəslinə əsasən güzəştli şərtlərlə əmək pensiyası (maddə 9) yaşa görə əmək pensiyasıdir və ömürlük təyin edilir. “Əmək pensiyalar haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən ömürlük təyin edilmiş əmək pensiyası yalnız pensiyaçı vəfat etdikdə dayandırıla bilər. Beləliklə, prokurorluq orqanlarında qulluq etmiş prokurorluğun işçisi kimi aldığı pensiya 2000-ci ilin avqust ayına qədər sığorta stajını əhatə edən ömürlük yaşa görə əmək pensiyasının bir hissəsi, hakim kimi alacağı əmək pensiyası isə 2000-ci ilin avqust ayından 2017-ci ilin iyun ayının 9-a qədər sığorta və yığım stajına aid olan ömürlük əmək pensiyasının digər hissəsidır. 2017-ci ilin iyun ayının 9-dan işləməyən pensiyaçı kateqoriyasına keçdiyindən hər iki pensiyanı ayrılıqda və birləşmiş qaydada almaq hüququ qanunla qadağan edilmir. Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği baza, sığorta və yığım hissələrinin cəmindən ibarətdir. Onların bir hissəsinin ödənilib, digər hissəsinin ödənilməməsi qanunun kobud surətdə pozulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya dair etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Zeynalov Mübariz Hüseyn oğluna Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən 01 iyul 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01.07.2017-ci il tarixdən vaxtilə işlədiyi, 2015-2017-ci ilin əmək haqqına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi vəzifəsi üzrə vəzifə maaşı əsas götürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən 01.05.2018 və 01.09.2019-cu il tarixlərdə vəzifə maaşlarının artımları ilə bağlı iddiaçıya şamil edilmişdir. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edildiyi zaman səhvə yol verilmiş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.2-ci maddəsinə uyğun olaraq hesablanarkən əmək haqqı arayışına əsasən məzuniyyət və mükafatlara görə verilən əlavələr birlikdə hesablanaraq son 24 aya bölünmüşdür. Halbuki hər bir əlavə ayrı-ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01.09.2019-cu il artımında iddiaçı tərəfindən təqdim edilən 02.02.2009-cu il tarixli 06 nömrəli əmrə uyğun olaraq iddiaçının vəzifə maaşı Sumqayıt Apelyasiya Məhkəməsinin sədri vəzifəsinə uyğun hesablanmışdır. Halbuki əmək kitabçasında bu barədə qeydiyyat aparılmamış və ən əsası sonuncu tutduğu vəzifə həmin məhkəmənin hakimi vəzifəsində işləməsi əmək kitabçasında və həmçinin iddiaçının təqdim etdiyi son 24 ayın əmək haqqında qeyd edilməmişdir. İddiaçının İdarəyə müraciəti zamanı şəxsi işi araşdırılmış və 01.07.2017 - 31.01.2021-ci il tarixləri zamanı arasındakı dövr ərzində 24231,92 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyalan haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə uyğun olaraq iddiaçıya yazılı razılığını qısa müddət ərzində Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda həmin məbləğə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının əmək pensiyası audit yoxlaması zamanı 4689,00 manat pensiyadan 3540,00 manat pensiyaya düzgün olaraq hesablanması nəticəsində azaldılmışdır. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili 23 avqust 2021-ci il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı göstərilməklə iddia tələbinin “İddiaçı işlədiyi hakim vəzifəsinə görə təyin olunmuş 3540,70 manat məbləğində pensiyaya prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi təyin olunmuş 1791,90 manat məbləğində pensiyanın 09.06.2017-ci il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin 24 avqust 2021-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilərək, cavabdehlər sırasından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun çıxarılması, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının saxlanılması, iddia tələbinin “İddiaçı işlədiyi hakim vəzifəsinə görə təyin olunmuş 3540,70 manat məbləğində pensiyaya prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi kimi təyin olunmuş 1791,90 manat məbləğində pensiyanın 09.06.2017-ci il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarasınız.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin 09.06.2004-cü il tarixli qərarına əsasən, 09 iyun 2004-cü il tarixdən prokurorluq işçisi kimi pensiya təyin edilmişdir; Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin 11.07.2017-ci il tarixli qərarına əsasən, Zeynalov Mübariz Hüseyn oğluna 01 iyul 2017-ci il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 3117,88 manat təşkil etmişdir; Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablaması haqqında” 18.02.2021-ci il tarixli qərarından görünür ki, Zeynalov Mübariz Hüseyn oğluna 01.07.2017-ci il tarixdə təyin olunmuş pensiyanın məbləği 4689,54 manatdan 3540,70 manata azaldılmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya 09 iyun 2004-cü il tarixdən prokurorluq işçisi kimi əmək pensiyası təyin edilmişdir. 01 iyul 2017-ci il tarixdən isə iddiaçıya sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən prokurorluq işçisi kimi aldığı 1790,51 manat pensiya dayandırılmışdır. İddiaçının həm prokurorluq işçisi kimi, həm də hakim kimi pensiya hüququnun olması işin mübahisələndirilməyən hallarına aiddir. İddiaçıya sabiq hakim kimi təyin edilmiş pensiya məbləği (3540,70 manat) iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının tələbi həmin məbləğə prokurorluq işçisi kimi əvvəllər aldığı 1790,51 manat pensiya məbləğinin 09.06.2017-ci il tarixdən etibarən hesablanaraq birlikdə ödənilməsindən ibarətdir. Hazırkı məhkəmə baxışının predmetini iddiaçının həm prokurorluq işçisi kimi, həm də hakim kimi yaşa görə əmək pensiyasını birgə almaq hüququnun olub-olmaması təşkil edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşlar pensiya seçmək hüququna malikdirlər. Həmin maddədə göstərilir ki, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Yəni Azərbaycan Respublikasının qanunvericiliyi müxtəlif pensiya hüququ olan şəxsə öz arzusu ilə sərbəst bir pensiyanı seçmək hüququ verir. Belə ki, vətəndaşın həm sonuncu iş yeri, həmdə əmək fəaliyyətinin müxtəlif dövrləri üzrə əmək pensiyası hüququ yarana bilər. Belə olan halda vətəndaş hansı pensiya hüququndan istifadə edilməsini sərbəst seçə bilər. Hazırkı iş üzrə iddiaçı da hakim kimi yaşa görə əmək pensiyasını almaq üçün müraciət etməklə seçimini etmişdir. İddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində, sözügedən Qanunun 4-cü maddəsinə istinadən “müxtəlif pensiya növlərinə hüququ olan şəxs” anlayışından istifadə olunmamışdır. Həmin normada nəzərdə tutulmuş “müxtəlif pensiya hüququ” ifadəsi daha geniş anlayış olmaqla, həm müxtəlif pensiya növləri (yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası), həm də bir pensiya növü daxilində (məsələn, yaşa görə) müxtəlif pensiya hüququnu ehtiva edir. İddiaçı həm prokurorluq işçisi kimi, həm də hakim kimi pensiya hüququna malik olsa da, qanunvericilkdə eyni vaxtda iki pensiya almaq hüququ barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. İddiaçının prokurorluq işçisi kimi pensiyasının bir hissəsinin müəyyən dövr hakim kimi təyin olunan pensiyaya birləşdirilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hətta məhkəmə araşdırması ilə öz təsdiqini tapdığı halda belə hazırkı iddia üzrə vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Bu mənada, məhkəmə qeyd edilən məsələ ilə bağlı əlavə araşdırma aparılmasına zərurət görmür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbinin təmin edilməməsində cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Zeynalov Mübariz Hüseyn oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar