Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6150/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi,iddiaçının nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühasib, mühasib vəzifəsində işləyir), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Gəncə şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Xırdalan şəhər vəkil bürosunda vəkil işləyir), cavabdehin nümayəndəsi X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021ci il tarixli, **********946800 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən qəbul edilmiş vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 02.04.2021-ci il tarixli, **********946800 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “X8” MMC 11.04.2006-cı il tarixdə ********** saylı VÖEN və AZ-1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı MMC-nin nizamnamə üzrə əsas fəaliyyəti şüşə təbəqələrinin formalaşdırılması və emalının təşkilindən ibarətdir.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı “X9” MMC-də kameral vergi yoxlaması keçirmişdir. Bütün tələb olunan sənədlər təqdim edilsə də, cavabdeh 12.01.2021-ci il tarixli **********845300 nömrəli məktuba əsasən Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq araşdırma zamanı iddiaçının fəaliyyətinin pandemiyadan əziyyət çəkənlər siyahısında olmadığı üçün tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmalı olması qənaətinə gələrək 2020-ci il üzrə əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği müəyyən edərək 143236,94 (yüz qırx üç min iki yüz otuz altı manat, doxsan dörd qəpik) AZN məbləğində vergilərin, sosial sığorta və işsiz sığortası haqlarının hesablanması barədə 02.04.2021-ci il tarixli **********946800 saylı Qərar qəbul edilmişdir. 2020-ci ilin mart ayından başlayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ölkə ərazisində Covid-19 virusu ilə mübarizə aparılması ilə bağlı məhdudiyyətlər tətbiq edilməyə başlanılmışdır. Bununla əlaqədar bir neçə dəfə sərt karantin rejimləri tətbiq edilmiş və iş sahələrinin fəaliyyəti dayandırılmışdır. İddiaçı MMC pandemiyadan zərərçəkmiş müəssisədir. Pandemiya vaxtı iddiaçının fəaliyyətinə məhdudiyyətlər tətbiq olunmuş və işçilərin cəmi 50 faizinə işləmək icazəsi verilmişdir. İddiaçı işçilərini virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli iş rejimi tətbiq etmişdir ki, kütləvi yoluxmanın qarşısı alınsın. Bu da öz növbəsində iddiaçının istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar məhsul satışı azalmışdır. Nazirlər Kabinetinin Qərarına əsasən pandemiyadan zərərçəkmiş sahələrin fəaliyyət kodları siyahısında iddiaçının fəaliyyət kodu vardır. İddiaçı 6 günlük iş rejimi ilə işləməsinə baxmayaraq həftənin şənbə günləri ictimai nəqliyyatın işləməməsi səbəbindən iddiaçı da şənbə günləri fəaliyyət göstərmir. Bütün bu hallar öz növbəsində istehsal gücünün və satışın azalmasına gətirib çıxarır. İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində pandemiyadan zərərçəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısında İddiaçı MMC-nin (fəaliyyət kodu 23120) adı da mövcuddur. Bu fakt İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində öz əksini tapır. Eyni zamanda bu fakt iddia ərizəsinə əlavə edilmiş qaimələrlə də sübut olunur. Pandemiyadan zərərçəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısında da İddiaçı MMC-nin adı mövcuddur. Maliyyə yardımı 2020-ci ildə 4 dəfə olunmuşdur, 2021-ci ilin yanvar ayında da ödənilmişdir. Maliyyə yardımının alınması iddiaçının pandemiyadan zərər çəkən müəssisə olduğunu bir daha sübut edir. Ödənişlər 17.04.2020-ci ildə 20247 AZN, 14.05.2020-ci ildə 20247 AZN, 18.08.2020-ci ildə 24364 AZN, 23.09.2020-ci ildə 24364 AZN, 13.01.2021-ci ildə 24173 AZN edilmişdir. Bununla bağlı bütün məlumatların və sübutların 16.02.2021-ci il, 24.03.2021-ci il və 13.04.2021-ci il tarixlərdə cavabdeh orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh əsassız olaraq verilmiş məlumatlar və sübutlar ilə razılaşmayaraq 2020-ci il üzrə iddiaçıya əlavə mənfəət vergisi hesablamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi sətrində vergi ödəyicisi tərəfindən məbləğ qeyd edilməsinə baxmayaraq, vergi ödəyicisinin Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə 12.02.2021-ci il tarixli **********845300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 143236,94 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 11.12.2019-cu il tarixli, **********946800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində müəssisənin nizamnamə üzrə əsas fəaliyyəti şüşə təbəqələrinin formalaşdırılması və emalının təşkilindən ibarət olduğunu qeyd edərək azadolmanın o sahəyə də tətbiq olunduğu bildirilmişdir. Lakin, Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Cavabdeh orqan göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddəti buraxılmamışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi X3, iddiaçının vəkili Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdehin nümayəndəsi X4 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İnternet vergi idarəsinin məlumatlarına əsasən iddiaçı 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, ********* nömrəli VÖEN-ə malikdir, fəaliyyət növlərinə aiddir: 23120 – şüşə təbəqəsinin formalaşdırılması və emalı (əsas fəaliyyət), 32990 digər qruplara daxil edilməyən sair məhsulların istehsalı, 23110 – şüşə təbəqəsinin istehsalı, 22290-sair plastik məmulatların istehsalı, 52101 - saxlama və anbarlara yığma. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Müraciətin qeydiyyata alınması haqqında” 16.02.2021-ci il tarixli bildirişinə əsasən, iddiaçı tərəfindən göndərilmiş elektron müraciət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin AVİS Kargüzarlıq altsistemində **********002700 nömrəsi ilə qeydiyyata alınmış və iddiaçı müraciətin baxılma vəziyyəti ilə onlayn rejimdə “əməliyyat tarixçəsi”ndə tanış ola bilər. İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 16.02.2021-ci il tarixli məktuba əsasən, 15.02.2020-ci il tarixli **********845300 saylı 2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə göndərilən məktubun cavabı olaraq bildirilmişdir ki, müəssisə pandemiyadan zərər çəkmiş müəssisədir. Pandemiya vaxtı məhdudiyyətlər tətbiq olunmuşdur. İşçilərin 50%-i işləmək icazəsi almışlar. İşçiləri virusdan qorumaq üçün müəssisədaxili olaraq növbəli işləmişlər ki, kütləvi yoluxmanın qarşısı alınsın. Bu da öz növbəsində istehsal gücünün azalmasına səbəb olmuşdur. Tətbiq olunmuş məhdudiyyətlərlə əlaqədar məhsul satışı aşağı düşmüşdür. Nazirlər Kabinetinin qərarına əsasən pandemiyadan zərər çəkmiş sahələrin fəaliyyət kodları siyahısında müəssisənin fəaliyyət kodu vardır. Müəssisə 6 günlük iş rejİmi ilə işləməsinə baxmayaraq həftənin 6-cı günü ictimai nəqliyyatın işləməməsi səbəbindən fəaliyyət göstərməmişdir. Çünki işçilərin işə gəlib getməsində problem yaranıb. Bu da oz növbəsində istehsal gücünün və satışın azalmasına gətirib çıxarır. Qoşma faylda İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsindən çıxarılmış fayllar göndərilir. Həmin faylların götürüldükləri link aşağıdakı kimidir: https: //economy.gov.az /article/iqtisadi-artima-ve-sahibkarlara-dovlet-desteyitedbirlerinin-mexanizmleri / 30857#. Əlavə olaraq qoşma faylda pandemiyadan əziyyət çəkən sahibkarlara ödənilən maliyyə yardımı siyahısından müəssisənin adı olan vərəq, hansı fəaliyyət sahələrinin pandemiyadan əziyyət çəkənlərə aid edilməsi haqqında siyahı göndərilir. Müəssisə şüşə təbəqələrinin formalaşdırılması və emalı sahəsində fəaliyyət göstərir. Fəaliyyət kodu 23120-dir ki, bu fəaliyət kodu altında fəaliyyət göstərən müəssisələr pandemiyadan zərər çəkmiş müəssisələrə aiddir. Bunun sübutu olaraq müəssisənin fəaliyyət göstərməsi üçün aldığı sertifikatlardan biri qoşma faylda göndərilir. Əlavə olaraq göndərilən qaimələrə və idxal edilən materiallara baxmaq mümkündür. Pandemiyadan zərər çəkmiş sahələrə əmək haqqı ödənişləri üçün edilən yardım siyahısından da müəssisənin adı olan vərəq qoşma faylda göndərilir. Maliyyə yardımı 2020-ci ildə 4 dəfə olunmuşdur. 2021-ci ilin yanvar ayında da ödənilmişdir. Maliyyə yardımı almaqları onların pandemiyadan əziyyət çəkən müəssisə olduğunu bir daha sübut edir. İqtisadiyyat nazirliyinin rəsmi səhifəsində müəssisənin adının pandemiyadan əziyyət çəkənlər siyahısında və maliyyə yardımı ödənilən müəssisələr siyahısında olması görünür. Yuxarıda göstərilənlər nəzərə alınaraq yaranmış uyğunsuzluğun aradan qaldırılması və iddiaçıya məlumat verilməsi xahiş edilmişdir. “İşçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı”na (artan yekunla, 28.09.2020-ci il tarixə olan məlumat) əsasən İddiaçı MMC (VÖEN **********) həmin siyahıda 1714 sıra nömrəsi ilə göstərilmişdir. Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sisteminin 11.06.2021-ci il tarixli və 19.05.2020-ci il tarixli uyğunluq sertifikatlarına əsasən “X8” MMC-nin 2020-ci ildə və 2021-ci ildə istehsal etdiyi şüşə paketlər dövlət standartlarına uyğun olmuşdir. “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs X5 Laboratoriyasının 18.05.2020-ci il tarixli, 590 nömrəli protokoluna əsasən, “X8” MMC şüşə paketlər istehsal edir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********946800 nömrəli, 02 aprel 2021-ci il tarixli qərara əsasən, təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqqı 47.745,65 manat olduğu halda vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçının vergi və ya sığorta haqqı 190.982,59 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 143.236,94 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin “Altıs Group of Company LLC 13.01.2021-13.01.2021-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24173.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC-nin “Altıs Group of Company LLC 18.08.2020-18.08.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24364.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC-nin “Altıs Group of Company LLC 14.05.2020-15.05.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 20247.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC-nin “Altıs Group of Company LLC 17.04.2020-17.04.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 20247.00 məbləğində pul vəsaiti mədaxil edilmişdir. "xxxx" ASC-nin “Altıs Group of Company LLC 23.09.2020-23.09.2020-ci il tarixləri arasında olan hesab üzrə çıxarışı”na əsasən, Maliyyə Nazirliyi tərəfindən pandemiyadan əziyyət çəkmiş muzdlu işçilərin əmək haqqları təyinatı üzrə 24364,0 məbləğində pul vəsaiti mədaxil edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “Müraciətlərə baxılması” barədə **********513200 nömrəli, 16.05.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində yaranmış kənarlaşmalar barədə müraciətlərinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Bildirilmişdir ki, eyni məzmunlu 24.03.2021-ci il tarixli müraciət 22.04.2021-ci il tarixli, **********860800 nömrəli məktubla cavablandırılmışdır. Əlavə olaraq, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə bu Məcəllənin 224.1-ci maddəsində göstərilən vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir. Vergi orqanında mövcud olan məlumatlara əsasən iddiaçı tərəfindən göstərilən fəaliyyət növü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli, 208 nömrəli Qərarına əsasən koronavirus pandemiyasıyla əlaqədar fəaliyyətinə icazə verilənlər siyahısına daxil edilmişdir. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Cavabdeh orqanın iddia tələbinə etirazını təsdiq edən sübut qismində məhkəməyə etdiyi “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” adlı sənədə əsasən iddiaçıya bildirilmişdir ki, 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 5 nömrəli əlavəsində VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətin 75%-i azadolması ilə əlaqədar məbləğ qeyd edilməsinə baxmayaraq iddiaçının fəaliyyəti koronavirus pandemiyasından əziyyətçəkənlər kateqoriyasına aid ediməmişdir. Eyni zamanda cavabdeh iddia tələbinə yazılı etirazına iddiaçının şəxsi hesab vərəqini və ”Mənfəət vergisinin bəyannamələri”ni (2020-ci il üzrə) əlavə etmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, fəaliyyət növlərinə şüşə təbəqəsinin formalaşdırılması və emalı (əsas fəaliyyət), şüşə təbəqəsinin istehsalı və sair fəaliyyət aiddir, 28.09.2020-ci il tarixinə olan məlumatda işçilərinə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısına iddiaçı da daxil edilmişdir və 17.04.2020, 14.05.2020, 18.08.2020, 23.09.2020, 13.01.2021-ci il tarixlərində pandemiyadan zərərçəkmiş müəssisə kimi işçilərinin əmək haqqının ödənilməsi üçün dövlət tərəfindən iddiaçıya maliyyə dəstəyi göstərilmişdir, iddiaçı tərəfindən 2020-ci il hesabat dövrü üçün mənfəət vergisi bəyannaməsində 47745.65 manat mənfəət vergisini göstərmişdir, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********946800 nömrəli, 02.04.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən iddiaçıya 2020-ci il üzrə 143236,94 manat əlavə mənfəət vergisi hesablanmaqla iddiaçının mənfəət vergisinin məbləği 190982,59 manat müəyyən edilmişdir.İddiaçı cavabdehə müraciət edərək barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxs olduğunu bildirməklə qeyd edilən uyğunsuzluğun aradan qaldırılmasını xahiş etsə də müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikasının 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 222.4-cü maddəsinə əsasən, bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Həmin Məcəllənin 222.5-ci maddəsinə uyğun olaraq, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə aşağıdakı vergi növləri üzrə güzəşt və azadolmalar tətbiq edilir:.. 224.1.2. əldə edilən mənfəətin (gəlirin) 75 faizi;.. İşin faktiki hallarına görə iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüququndan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini və yuxarıda istinad edilən digər normalarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.1-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli **********946800 nömrəli qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli **********946800 nömrəli qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.04.2021-ci il tarixli, **********946800 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №e-2-1(112)-6150/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6150/2021
16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver