Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-621/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 99, mənzil 146; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin Hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi şğbəsinin baş məsul icraçısı gizir) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə üçüncü şəxs - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qarşı “müvafiq siyahıya daxil edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçının xx.xx.1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş xx.xx.1971-ci ildə doğulmuş qardaşı – şəhid X1 adının Azərbaycan Respublikası Prezidedntinin xx.xx.2018-ci il tarixli Fərmnanın icrası olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmənin 2-1(112)-3955/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana əsasən kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, 21 may 1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X3, iddiaçının qardaşıdır, o xx.xx.1992-ci ildə erməni işğalçılarına qarşı müharibədə vuruşan hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuşdur, xx.xx.1992-ci il tarixdə Zaqatala rayonu Yuxarı Tala kənd qəbirstanlığında dəfn olunmuşdur. Onun şəhid olması ilə əlaqədar atasının şəhid ailəsi olmasına dair şəhid vəsiqəsi də verilmişdir. X5 23 aprel 2007-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda həlak olmuş, şəhid olmuş şəxslərin vərəsələrinə 11000 manat birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin pulun alınması üçün iddiaçı ilk növbədə notariusa müraciət etdi. Notarius bildirdi ki, həmin fərmanın təsiri altına düşən şəhid olmuş şəxslərin siyahısı cavabdeh təşkilat tərəfindən müəyyən olunub, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir və həmin siyahı elektron qaydada notariat kontorunun portalına göndərilir. Lakin həmin siyahıda şəhid olmuş qardaşının adı yoxdur. Bu məsələni aydınlaşdırmaq üçün Səfərbərlik İdarəsinin Zaqatala rayon şöbəsinə müraciət etdi. Zaqatala rayon Şöbəsi və Səfərbərlik İdarəsi cavab verərək qardaşının şəhid olmadığını bildirdilər. Onların cavabını aldıqdan sonra Şəki İnzibati Məhkəməsinə qardaşının şəhid olma arayışının verilməsi tələbinə dair iddia ilə müraciət etdi. Şəki İnzibati Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(84)-1008/2019 saylı qərarı ilə onun iddiası təmin etmədi. Əsası isə belə qoydu ki, iddiaçı şəhid ailəsinin üzvü deyil. Məhkəmənin həmin qərarından apelyasiya şikayəti yazdı. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-594/2019 saylı qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edildi. Lakin iddiası mümkün sayılmadı. Şəki Apelyasiya məhkəməsinin həmin qərardadında ona izah verildi ki, qarşılaşdığı problemi həll etmək üçün iddiaçı atasının və qardaşının vərəsəsi olaraq mülki qanunvericiliklə müəyyən edilmiş tələblər nəzərə alınmaqla mirasın qəbul edilməsi ilə bağlı rayon Məhkəməsində iddia qaldırmalıdır. Şəki Apelyasiya Məhkəməsinin verdiyi bu izah əsasında apelyasiya Məhkəməsinin həmin qərarından kassasiya şikayəti vermədi və Zaqatala rayon Məhkəməsinə mirasın qəbul edilməsi və Prezidentin fərmanından irəli gələn ödəməni almaq üçün vərəsəlik hüququnun verilməsi tələbi ilə müraciət etdi. Zaqatala rayon Məhkəməsi onun iddiasını iki hissəyə bölərək birdəfəlik ödəməni almaq üçün vərəsəlik hüququnun verilməsinə dair hissəni xitam elədi, bu barədə qərardad çıxartdı. Eyni zamanda onu şəhid olmuş qardaşımın vərəsəsi kimi tanınmasına dair qətnamə qəbul etdi. Zaqatala rayon Məhkəməsinin həmin qərardadından apelyasiya və kassasiya şikayətləri verdi, şikayətləri təmin olunmadı. Həmin şikayətlərə baxılan zaman oxşar şikayətlə apelyasiyanın qərardadından şikayət vermiş Həsənov Hudul Ömər oğlunun kassasiya şikayəti əsasında Ali Məhkəmə Apelyasiya Məhkəməsinin və Şəki İnzibati Məhkəməsinin qərardadlarını ləğv edib geri qaytardı və məhkəmələrə göstəriş verdi ki, İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya iddianı dəqiqləşdirməkdə köməklik göstərməli və şəhid olmuş şəxsin Prezidentin adı çəkilən fərmanından irəli gələn siyahıya adının daxil edilməsi öhdəliyinin qoyulmasına dair iddia ilə müraciət olunmalıdır. Ali Məhkəməini həmin qərarı əsasında iddiaçı Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından kassasiya şikayəti yazdı və kassasiya şikayətinin ötürülmüş şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizə ilə müraciət etdi. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət vermə müddəti bərpa olunmadı, səbəb isə göstərildi ki, guya o, apelyasiya məhkəməsinin verdiyi izah əsasında vərəsəliklə bağlı Zaqatala rayon Məhkəməsinə müraciət etməmişdir. Ali Məhkəmənin qərardadından şikayət verilməsi nəzərdə tutulmadığından məcbur olub yenidən iddia qaldırır. Belə ki, xx.xx.1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş, xx.xx.1971-ci ildə doğulmuş qardaşı X1 adının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli fərmanının icrası olaraq Azərbaycan Respublikası Ərazi bötövlüyü uğrunda həlak olmuş hərbi qulluqçularının ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi tələbi ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət etdimHəmin təşkilat (cavabdeh) ona xx.xx.2020-ci il tarixli məktub ilə imtina cavabı yazmışdır və cavabda qeyd olunmuşdur ki, qardaşı X1 hərbi xidmətə çağırılması N saylı hərbi hissədə müvafiq vəzifəyə təyin edilməsi, xx.xx.1992-ci il tarixdə həlak olması barədə arxiv sənədlərində məlumat olsa da, həlak olduğu yer, həlak olmasının səbəbi və şəraiti göstərilməmişdir. Bu səbəbdən də X1 göstərilən fərmanla nəzərdə tutulmuş müvafiq siyahıya daxil ediməsindən imtina edilmişdir. Cavabdeh təkilatın həmin imtina məktubunu mən poçt vasitəsi ilə xx.xx.2021-ci il tarixdə almışam. İmtinanı aldığım müddətdən 1 ay keçməmişdir. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanunsuzdur. Belə ki, qardaşının şəhid olması sübuta yetirilmişdir. Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən şəhid kimi tanınaraq mərhum atasına şəhid ailəsi vəsiqəsi, şəhid ailəsi üçün nəzərdə tutlmuş müavinətlər verilmişdir. Bu isə o deməkdir ki, şəhid kimi Dövlət təşkilatı tərəfindən tanınmış status yenidən müzakirə oluna bilməz. Cavabdeh təşkilat isə şəhid olmuş qardaşının hansı şəraitdə ölməsi ilə əlaqədar müzakirələr aparır ki, Prezidentin fərmanından irəli gələn birdəfəlik ödəməni iddiaçı ala bilməsin. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11 000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilir. Xidmətin Aparatına Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsindən təqdim edilmiş “1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş əsgər (matros) və çavuşların siyahısı”nda Süleyman Məmmədovun adı keçmir. Əlavə olaraq, Xidmətin Zaqatala rayon şöbəsinin uçot sənədlərində və Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli 9/2-3314 nömrəli məktubunda 1971-ci il təvəllüdlü X1 hərbi xidmətə çağırılması, xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissədə müvafiq vəzifəyə təyin edilməsi və xx.xx.1992-ci il tarixdə həlak olması barədə məlumat olsa da, hərbi hissənin nömrəsi, həlak olduğu yer, həlak olmasının səbəb və şəraiti göstərilməmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsinə dair siyahıya Süleyman Məmmədovun adının daxil edilməsi hazırda mümkün deyil. Əlavə olaraq, İddiaçı Xidmətin Zaqatala rayon şöbəsinə qarşı “şəhid ailəsi” statusunu təsdiq edən arayışın verilməsi barədə iddia tələbi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-594/2019 nömrəli qərardadına əsasən təmin edilməmişdir.” Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarını pozmur. Belə ki, iş materiallarından görünür ki, Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Arayışa əsasən X3 xx.xx.1992-ci ildə Azərbaycan Respublikası müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1008/2019 nömrəli qərarı ilə İddiaçı “xx.xx.1971-ci il təvəllüdlü qardaşı X1 şəhid olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-594/2019 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-1008/2019 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-96/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsi təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(107)-594/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanında qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Qeyd edilən Fərman həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Göründüyü kimi Fərmanın qəbul edilməsində əsas 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Fərmanın 1-ci bəndində qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra-birdəfəlik ödəmə) verilsin. Fərmanın 4-cü bəndinə əsasən, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edir və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. İş materialları ilə mərhum X1 xx.xx.1992-ci il tarixdə Kəlbəcər rayonunun ərazisində Azərbaycan Respublikasının müdafiəsi uğrunda aparılan döyüşlərdə həlak olaraq vətən uğrunda Şəhid olması müəyyən edilir. İddiaçının qardaşı X1 xx.xx.1992-ci il tarixdə şəhid olması mübahisə doğurmur. İddiaçının hazırki iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli Fərmanına əsasən verilən 11.000 manat birdəfəlik ödəmənin alınmasından ibarətdir. Sözügedən Fərmandan göründüyü kimi, Fərmanla nəzərdə tutulmuş 11.000 manat məbləğində birdəfəlik ödəmə 1997-ci ilin avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrə verilir. İddiaçı Mülki Məcəllənin 1159.2-ci maddəsinə əsasən mərhum – X1 vərəsəsidir. Lakin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet ünvanında yerləşdirilmiş siyahıda şəhid hərbi qulluqçunun adı olmadığına görə birdəfəlik ödəməni almaq hüququna dair vərəsəlik şəhadətnaməsini vermək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən; 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra -hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi qeyd edilmişdir. Birdəfəlik ödəmə bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə; hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-222/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi qismən təmin edilərək, İddiaçı mərhum qardaşı 1971-ci ildə anadan olmuş, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş mərhum X1 qanun üzrə vərəsəsi tanınması qət edilmişdir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin (hakim E.Məmmədov) 11,02.2020-ci il tarixli, 2(033)-222/2020 nömrəli qərardadı ilə ərizəçi İddiaçı maraqlı şəxs Zaqatala 2 saylı Notariat Ofisinə qarşı tələbin Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və xx.xx.1992-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı 19 aprel 2019-cu il tarixli “Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş, hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. İş materiallarından görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-222/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından ərizəçi və vəkili tərəfindən verilmiş şikayət rədd edilmişdir. İş materiallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-806/2020 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3484/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-806/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin faktiki və hüquqi hallarına əsasən, iddiaçının mərhum qardaşının 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması (şəhid olması), iddiaçının yuxarıda qeyd edilən Fərmanda nəzərdə tutulmuş Mülki Məcəllə ilə müəyyən edilmiş mərhum qardaşının vərəsəsi olması öz təsdiqini tapdığından, bununla da, iddiaçı Fərmanın tələblərinə əsasən birdəfəlik ödəməni almaq hüququna malik olan şəxs olduğundan, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddiaçının xx.xx.1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş xx.xx.1971-ci ildə doğulmuş qardaşı – şəhid X1 adının Azərbaycan Respublikası Prezidedntinin xx.xx.2018ci il tarixli Fərmnanın icrası olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdə Vətən uğrunda şəhid olmuş xx.xx.1971-ci il təvəllüdlü qardaşı – şəhid X1 adının Azərbaycan Respublikası Prezidedntinin xx.xx.2018-ci il tarixli Fərmnanın icrası olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısına daxil edilməsi və bu siyahının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-621/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-621/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver