Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6557/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğvi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi (direktoru X1 və nümayəndəsi və vəkili Vəkil1 Miryusif oğlunun, cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi X2, "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ("xxxx" MMC) cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (bundan sonra mətndə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya təqdim edilmiş və 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin ləğvinə dair hüquqi nəticə meydana gətirməyə yönəlmiş 10 oktyabr 2024-cü il tarixli, 3/27/2-7402/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, 3/27/2-8783/2024 nömrəli, aparat rəhbəri Yaşar Hacıyev tərəfindən imzalanmış bildirişlərin etibarsız hesab edilməsi, müqavilənin ləğv edilməmiş hesab edilməsi və “X7” MMC-nin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağladığı 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə üzrə üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli, 3- 27/3-6-1/2025 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında “nömrə resurslarının ayrılması və istifadəsi barədə” 09 fevral 2011-ci il tarixli, 97 nömrəlimüqavilə bağlanmışdır. Müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün iddiaçıya cavabdeh tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılmasıməqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərinimüəyyənləşdirir. Müqaviləyə əsasən mövcud resurslardan istifadə etməklə müxtəlif xidmətlər üzrə yığımların təşkili, müraciət və sorğuların cavablandırılması məqsədilə ümumisayı 10001 ədəd olan “*0000-9999” nömrə resursu (qısa nömrələr) iddiaçı üçün ayrılmışdır. AR Tarif (Qiymət) Şurasının 12 aprel 2006-cı il tarixli iclasının “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” 09 nömrəli qərarına uyğun olaraq iddiaçı birdəfəlik 28000 manat və illik 2000 manat olmaqla 30000 manat ödəniş həyata keçirmişdir. Cavabdeh tərəfindən 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqaviləyə əsasən nömrə resursları ayrıldıqdan sonra iddiaçı operatorlarla “qısa nömrələr üzrə distribyutorluq müqaviləsi” və sifarişçilərlə (abunəçilərlə) “qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət müqaviləsi” bağlayaraq gəlir əldə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirir. Bu məqsədlə iddiaçı Mobil və Stasionar Operatorlarla (məsələn, Bakcell MMC, Azercell Telecom MMC, Bakı Telefon Rabitəsi MMC, Ultel MMC və s) müqavilə bağlayaraq, onlardan texniki dəstək almaqla ona ayrılmış *-lu qısa nömrə resurslarından prefikslərin istifadəsi ilə bağlı abunəçiləri ilə xidmət müqaviləsi bağlayır. Məsələn, abunəçiyə *7000 qısa nömrəsi ayrılır və bu qısa nömrəyə gələn zənglər onun Stasionar və ya Mobil Operatora məxsus korporativ alt nömrəsinə inteqrasiya olunur, yəni zənglər həmin nömrəyə gəlir. İddiaçı bu xidmətin göstərilməsi üçün Nazirliklə bağladığı müqavilə əsasında həm Mobil və Stasionar Operatorlarla, həm də abunəçi ilə yuxarıda adlarıçəkilən müqavilələri bağlayır. Cavabdehlə müqavilə 1 il müddətinə bağlansa da tərəflər uzadılmamasına dair yazılı müraciət etmədikləri üçün müqavilə müddəti avtomatik qaydada uzanmışdır. Ona görə də iddiaçı 2024-cü il də daxil olmaqla həm AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AZ59CTRE******************** saylı hesabına illik 2000 manat ödənişlər həyata keçirmiş, həm də bu müddət ərzində bir çox sifarişçiyə qısa nömrələrin istifadə edilməsi ilə bağlı xidmət göstərmişdir və hazırda da qısa nömrələrin istifadəsi ilə bağlı 400dən artıq yerli və beynəlxalq şirkətlə əməkdaşlıq edir. AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəri Yaşar Hacıyev tərəfindən 10 oktyabr 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə qeyd olunmuşdur ki,cavabdeh 09 fevral 2011-ci il tarixli, 97 nömrəlimüqavilənin növbəti il, yəni 2025-ci il üçün uzadılmasınıməqsədəuyğun hesab etmir. İddiaçı 10 oktyabr 2024-cü il tarixli bildirişə 18 oktyabr 2024-cü il tarixli cavabında əməkdaşlığın davam etdirilməsi məqsədilə fikir mübadiləsinin aparılması üçün görüş təşkiledilməsini xahiş etsə də onun xahişicavabsız qalmışdır. Əvəzində AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparat rəhbəriYaşar Hacıyev tərəfindən 29 noyabr 2024-cü il tarixdə imzalanaraq iddiaçıya göndərilmiş bildirişdə müqavilənin qüvvədə olma müddətinin 09 fevral 2025-ci ildə dayandırılacağı qeyd edilərək iddiaçı tərəfindən abunəçilərə (sifarişçilərə) ayrılmış nömrə resursları barədə məlumatların qısa müddət ərzində nazirliyə təqdim olunması xahiş edilmişdir. Daha sonra iddiaçı tərəfindən 06 dekabr 2024-cü il tarixində cavabdehə bildiriş təqdim edilərək nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququndan istifadə edildiyi bəyan edilməklə tərəflər arasında imzalanmış 09 fevral 2011-ci il tarixli, 97 nömrəlimüqavilə üzrə münasibətlərin davam etdirilməsi və AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinə heç bir cavab verilmədiyi üçün iddiaçıeyni tələblə 17 yanvar 2024-cü il tarixində də cavabdehə müraciət etmişdir. Yazılı müraciətlər göndərilən ərəfədə cavabdehin nümayəndəsi tərəfindən iddiaçının xidmət göstərdiyi abunəçilərin (sifarişçilərin) qısa nömrələrinə zənglər edilərək X7 MMC ilə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında bağlanmış müqavilənin qüvvədə olmayacağı, abunəçilərə müqavilə bağlamaları üçün nazirlik tərəfindən yeni şirkət təqdim olunacağı bildirilmişdir. Özünü AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı kimi təqdim edən Sevinc Vəliyeva abunəçilərə X7 MMC ilə Nazirlik arasında bağlanmış müqavilənin müddətinin dekabr ayında bitdiyini bildirsə də bu məlumat həqiqəti əks etdirmir. Belə ki, müqavilə 09 fevral 2011-ci il tarixində 1 ilmüddətinə bağlanmış və 13 ildir ki,avtomatik qaydada uzadılmışdır. Yuxarıda göstərildiyi kimi X7 MMC-nin isə müqavilənin uzadılmasında üstünlük hüququ vardır və nömrə resursunun müddətli yoxsa daimi istifadəyə ayrılması iddiaçının müraciətindən asılıdır. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş məktub da cavabdehin zənglərini təsdiq edir. Tələbin hüquqi cəhətdən əsaslandırılması: 1. İddiaçı və cavabdeh arasındakı münasibətin xarakterinə dair: Aşağıdakılara əsasən bildiririk ki, tərəflər arasındakı münasibət müqavilə əsasında qurulmuş olsa da inzibati xarakter daşıyır və inzibati icraatın prinsipləri münasibətə tətbiq olunma üçün əlverişli, hətta məcburidir. Bununla yanaşı iddiaçının ticari mövcudluğunun əsas elementi olan icazənin ondan geri alınması onun ləğvinə gətirib çıxaracağı üçün “mülkiyyət” hesab edilir. “Lisenziyalar və icazələr haqqında Qanun”un 3 nömrəliəlavəsinin 39-cu bəndinə əsasən “nömrə resurslarının ayrılması və istifadəsi ilə bağlı müqavilə” sahibkarlıq fəaliyyətinə verilən icazədir. Ona görə də tərəflər arasında bağlanmış müqavilə mahiyyətietibarilə tənzimlənməsi dövlətin müstəsna hüququ olan nömrə resursunu “X7” MMC-yə başqa şəxslərə istifadəyə verə bilməsi üçün icazə hesab olunur.Həmin qanunun 1.0.11-cimaddəsində iddiaçı ilə bağlanılan müqavilənin də icazə olduğu, 1.0.7cimaddəsində isə icazə şərtlərinin tələblərinin digər normativ hüquqiaktlarla da müəyyən edildiyiaçıqca göstərilmişdir. İcazənin verilməsi “Lisenziyalar və icazələr haqqında Qanun”la yanaşı AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 03 sentyabr 2012-ci il tarixli “nömrə resurslarının ayrılması və istifadəsi qaydaları” (bundan sonra “qaydalar”) ilə də tənzimlənir. Həmin qaydaların 1.4-cü bəndinə əsasən Nömrə resursları tərəflər arasında bağlanılan müqaviləyə uyğun olaraq, ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən nömrə resurslarının ayrılması haqqında qəbul edilmiş qərara əsasən, tərəflər arasında müqavilə bağlanır və ərizəçi tərəfindən 10 (on) bank günü ərzində Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş tariflər tətbiq edilməklə birdəfəlik ödəniş aparılır. 2.11-ci bəndə görə isə Nazirlik tərəfindən nömrə resursları ayrılmış iddiaçı abunəçilərə və telekommunikasiya istifadəçilərinə nömrələri müstəqil ayırır. İnsan Haqları üzrə Avropa Məhkəməsinin müəyyən etdiyi təcrübəyə müvafiq olaraq lisenziya əsasında fəaliyyətin dayandırılması “İnsan haqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun birinci maddəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində təsbitini tapmış mülkiyyət hüququna da müdaxiləni təşkil edə bilər. X4 üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, biznes fəaliyyətinin aparılması üçün lisenziya mülkiyyət təşkil edir; onun geri alınması 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqa müdaxilədir (“Bimer SA Moldovaya qarşı” iş üzrə X5 Məhkəməsinin qərarı). Gerialınmasıavtomatik olaraq bankın məcburi qaydada ləğv edilməsinə səbəb olan bank lisenziyası“mülkiyyət” hesab edilir (“Kapital Bank AD” Bolqarıstana qarşı iş üzrə X5 Məhkəməsinin qərarı).
2. 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilənin həqiqi mahiyyətinə dair Müqavilə müddətli bağlansa da həmin müddətlilik qanunun nəzərdə tutmadığı formada razılaşdırılmışdır. Belə ki, müddət avtomatik qaydada uzadılma şərti ilə razılaşdırılmışdır. Hüquq nəzəriyyəsində bu cür müddətli müqavilələr “atipik müddətsiz” adlanır. Çünki tərəflər bu cür müqavilələrin əslində müddətsiz olmasına dair iradələrini ifadə edirlər, lakin onu nisbətən sərbəst şəkildə ləğv edə bilmək niyyətində olurlar. Ona görə də avtomatik uzadılma şərti müəyyən edilmiş müqavilənin müddətinin uzadılmaması barədə bildiriş əslində müddətsiz müqavilənin ləğvi barədə bildiriş kimi nəzərə alınmalıdır. Mülki Məcəllənin 324.5-ci və 404.1-ci maddələri də göstərdiyimiz fikirləri təsdiq edir. Həmin maddələrə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Cavabdehlə bağladığı müqavilə iddiaçının ticari varlığının əsasını təşkil edir. Yəni müqavilə ilə əldə etdiyi səlahiyyət olmasa iddiaçının abunəçilərə xidmət göstərə bilməsi və beləliklə də ticari mövcudluğunu davam etdirməsi mümkünsüz olar. Lisenziya və icazələr hüquqi şəxslər üçün hüquq qabiliyyəti olduğuna görə ondan məhrum olduqlarında heç bir hüquq əldə etmələri mümkün olmur.
3. Cavabdehin səlahiyyətlərini aşması nəticəsində iddiaçının hüquqlarının pozulmasına dair: Sözügedən müqavilə 2011-ci il tarixində bağlanmışdır və müqavilənin bağlanmasından 5 (beş) il sonra qəbul edilmiş “Lisenziyalar və icazələr haqqında Qanun”un 22.1-ci maddəsinin ikinci cümləsinə əsasən“bu Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir”. Eyni zamanda müqavilənin bağlanmasından etibarən 10 oktyabr 2024-cü ilədək müqavilənin uzadılmaması ilə bağlı tərəflərin heç bir təşəbbüsü olmamışdır. Bu isə onu deməyə əsas verir ki, həqiqətdə müddətsiz bağlanmış müqavilə ilə yanaşı verilmiş icazə tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter almışdır. Qaydaların 3.1-ci bəndinə əsasən “nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır”. İddiaçının həmin nömrə resurslarından daimi istifadə etmək niyyəti isə işin hallarından bariz şəkildə aydındır. Nəticədə ticari mövcudluğu həmin müqavilədən asılı olan kommersiya hüquqi şəxsi o müqaviləni müddətsiz şəkildə bağlamağı arzu edər. Normanın tələbindən də göründüyü kimi nömrə resurslarının istifadəsinin müddətli və ya daimi olması iddiaçının müraciəti, yəni “X7” MMC-nin iradə ifadəsi ilə şərtləndirilmişdir. LakinAzərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iddiaçıya 10 oktyabr 2024 tarixində bildiriş təqdim edərək bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədəuyğun hesab etmədiyini bildirmişdir. Qeyd edilənlər iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu kimi, Nazirlik tərəfindən edilən zənglər onun sahibkarlıq fəaliyyətinə də ciddiəngəl törədir. Sözügedən müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmaması barədə Nazirlik tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildiriş normativ aktlara və tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya uyğun olmamaqla yanaşı operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanunimənafelərinin qorunması prinsipinin də (Telekommunikasiya haqqında qanunun 3.1.1-cimaddəsi) pozulmasına səbəb olmuşdur. Qaydaların 3.3-cü bəndinə əsasən nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. “X7” MMC həmin inzibati praktikaya əsaslanan inamla fəaliyyətini qanuna uyğun təşkil etdiyi halda cavabdehin əsaslarını bildirmədiyi mülahizəsi ilə növbəti müddətə icazə verməməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə maneə yaradır və iddiaçı ilə inzibati orqan arasında mövcud olan qarşılıqlı etimad prinsipini kökündən sarsıtmış olur. “İnzibati İcraat haqqında qanun” un 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad dedikdə inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam başa düşülür. Həmin qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Sahibkarlıq fəaliyyətinə icazənin verilməsində inzibati orqana mülahizə səlahiyyəti (diskresion səlahiyyət) birdən çox ərizəçi olduqda (yarışma) tanına bilsə də mülahizə səlahiyyətindən hüquqi hədlər daxilində istifadə edilməlidir. “İnzibati İcraat haqqında qanun”un 61.3-cü maddəsində qeyd edilir ki, “inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır”. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmçinin “Sahibkarlıq fəaliyyəti haqqında qanun”un 13-cü maddəsinin 1-ci bəndində göstərilir ki, “sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır”. Bu səbəbdən hesab edirik ki, müqavilə müddətinin uzadılmaması ilə bağlı inzibati orqan tərəfindən ünvanlanmış yazılı müraciətlər mahiyyətcə inzibati orqanın diskresion səlahiyyəti olduğuna görə nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququnun tanınmamasına, icazənin daimi xarakterli olmamasına dair mülahizələr dəqiq və aydın şəkildə əsaslandırılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, müqavilənin bağlandığı tarixdən indiyə qədər “X7” MMC öhdəliklərini layiqincə yerinə yetirmiş və Nazirlik tərəfindən sonuncuya hər hansı irad bildirilməmişdir. Eyni zamanda ödənişlər Tarif (qiymət) Şurasının qərarı ilə tənzimləndiyi üçün qanunla və ya müqavilə ilə müəyyən edilmiş öhdəliklər pozulmadığı təqdirdə nömrə resursunun istənilən şəxsə ayrılması inzibati orqanın mənafeyinə hər hansı zərərlə müşayiət olunmur.
İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin 2-1(112)-6557/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadları ilə "xxxx" MMC-nin cavabdeh Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-6557/2025 №li iş üzrə əsl olmayan iddiaçı “X7” MMC əsl İddiaçı MMC ilə əvəz olunmuş və "xxxx" MMC inzibati iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
Cavabdehin xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsilə iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur.
Üçüncü şəxs "xxxx" MMC-nin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Cavabdehin iddiaya dair etirazları:
Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci və 46.2.1-ci maddələrinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsində iddiaçının öz tələbini əsaslandırdığı faktlar və digər sübutetmə vasitələrini qeyd etməlidir. Lakin iddiaçı iddia ərizəsində müqavilə münasibətlərinin inzibati hüquq sahəsinə aid olduğunu qeyd etsə də, öz iddialarını əsaslandırmaq üçün əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad etmişdir. İnzibati hüquq sahəsinə aid olan qanunvericiliyə istinadlarda hansı hüquqlarının pozulduğunu və istinad edilən hüquqi aktların bu pozuntu faktını hansı hissədə təsdiq etdiyini əsaslandıra bilməmişdir. Belə ki, iddia ərizəsinin “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 1-ci və 3-cü bölmələrində sadəcə olaraq tərəflər arasındakı münasibətlərin inzibati hüquq sahəsində müddətsiz icazə münasibətləri olduğunu əsaslandırmaq üçün həmin aktlara istinad olunmuşdur. Bununla yanaşı, iddiaçı iddia ərizəsinin “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 1-ci bölməsində özünün mövqeyini ilkin olaraq belə əsaslandırmışdır ki, X5 Məhkəməsinin müvafiq qərarına əsasən lisenziya sahibkarlıq subyektinin mülkiyyətini təşkil edir və geri alına bilməz. Bununla əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.45-ci yarımbəndinə və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qarşılıqlı əlaqədə olan vahid telekommunikasiya şəbəkəsinin və beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və onlardan istifadə qaydalarını müəyyən etmək, bu qaydalara uyğun olaraq operatorlar arasında nömrə daşınmasının həyata keçirilməsinə nəzarət etmək Nazirliyin vəzifələri kimi müəyyən edilmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin ikinci və üçüncü cümlələrinə əsasən həmin Qanunun 1.0.7-ci maddəsində nəzərdə tutulmuş normativ hüquqi aktlarda müddət müəyyən edilməyibsə, icazələr müddətsiz verilir. Müddəti bitmiş icazə etibarsız hesab olunur. Adıçəkilən Qanunun 1.0.7-ci maddəsinə əsasən icazə şərtləri icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirməli olduğu, Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə müəyyən edilən tələblərdir. Qeyd edilən Qanunun 26.1.2-ci maddəsinə əsasən icazə müddəti bitdikdə ləğv edilir. Nömrə resurslarının ayrılması və onlardan istifadə ilə bağlı tələblər “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” ilə müəyyənləşdirilmişdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora və provayderə ayrılır. Adıçəkilən Qanunun 7.3-cü maddəsinə əsasən isə nömrə resursu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə operator və ya provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. Qeyd edilənlərdən göründüyü kimi iddiaçıya müqavilə əsasında verilən icazə müddətli xarakter daşıyır. Sözügedən icazənin müddətinin bitməsi artıq həmin icazənin etibarsız olmasına və onun əsasında müəyyən edilmiş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi hüququnun olmamasına dəlalət edir. Başqa sözlə iddiaçı nömrə resurslarının ayrılması və istifadəsi barədə müqavilənin (icazənin) müddəti bitdiyi üçün müvafiq sahibkarlıq fəaliyyətini həyata keçirə bilməz. Bu halda icazənin hər hansı formada iddiaçının mülkiyyətindən geri alınmasından bəhs olunmur. Başqa sözlə müddət müvafiq icazənin qüvvədə olma etibarlılığını təsdiq edir. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 2-ci bölməsində müqavilənin mahiyyətinin müddətsiz olmasının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə istinad edilərək əsaslandırılmasına çalışılmışdır. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının nə “Lisenziyalar və icazələr haqqında”, nə də “Telekommunikasiya haqqında” qanunlarında “icazə müddətinin tərəflərin üstüörtülü iradə ifadəsi ilə daimi xarakter alması” institutu müəyyən edilməmişdir. Sözügedən qanunlara əsasən icazə müddətinin bitməsi nəticəsində həmin icazənin ümumi əsaslarla yenidən alınması nəzərdə tutulur. Eləcə də müqavilənin ləğvinin iddiaçının ticari varlığına təsiri iddiasına münasibətdə bildiririk ki, müqavilənin müddəti əvvəlcədən bəlli olduğu halda iddiaçı tərəfindən bu hal nəzərə alınmadan abunəçilər ilə münasibətlər düzgün tənzimlənməmişdir. Bu baxımdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qanunvericiliyə və müqaviləyə uyğun olaraq icazənin ləğv edilməsi səbəbindən iddiaçı ilə abunəçilər arasındakı münasibətlərin həlli iddiaçının özü tərəfindən müqavilənin şərtləri nəzərə alınmaqla həyata keçirilməli idi. Belə ki, müqavilənin müddətinin bitmə tarixi iddiaçıya əvvəlcədən məlum olmuşdur. Habelə iddiaçı kommersiya hüquqi şəxs olduğu üçün ölkə qanunvericiliyinə uyğun olaraq qanunla qadağan edilməyən istənilən sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 3-cü bölməsində adıçəkilən Qaydaların 3.1-ci bəndinə istinad edilərək icazə müddətinin ərizəçinin müraciəti əsasında daimi və ya müvəqqəti olaraq müəyyənləşdirildiyi qeyd olunur. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. Qaydaların 3.2-ci bəndinə əsasən nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. Müqavilənin 5.1-ci bəndindən də göründüyü kimi nömrə resurslarının ayrılması və istifadəsi müddətli xarakter daşıyır. Həmin fakt iddiaçının imzası ilə də təsdiq edilir. Bu hal icazənin müddətli olmasının iddiaçının birbaşa istəyi ilə bağlı olduğunu təsdiq edir. Əks təqdirdə müqavilə iddiaçının istəyinə uyğun olmadığı üçün onun tərəfindən imzalanmazdı. Eyni zamanda, iddiaçı qeyd edir ki, müqavilə müddətinin uzadılmaması ilə bağlı inzibati orqan tərəfindən ünvanlanmış yazılı müraciətlər mahiyyətcə inzibati orqanın diskresion səlahiyyəti olduğuna görə nömrə resurslarından növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququnun tanınmamasına, icazənin daimi xarakterli olmamasına və bu diskresion səlahiyyət əsasında iddiaçının hüquq və qanuni mənafelərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən də həmin müraciətlərin ləğv edilməsini, müqavilənin isə ləğv edilməmiş hesab edilməsini və üstünlük hüququnun həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətləridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun bir neçə qərardan birini seçmək hüququnun verildiyi halda mövcud olur. Yuxarıda sadalanmış qanunvericiliyin müddəalarından isə görünür ki, nömrə resurslarının müddətli və ya daimi istifadəyə verilməsi bağlanan müqavilə şərtlərindən asılı olduğundan və nömrə resurslarından istifadəyə dair münasibətlər müqavilə əsasında yarandığından, nömrə resurslarının istifadəsinin müddətli olması isə inzibati orqan ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirildiyindən inzibati orqana konkret olaraq diskresion səlahiyyətə yer verməyəcək şəkildə tənzimlənmişdir. Göründüyü kimi, hazırkı işdə inzibati orqanın diskresion səlahiyyətindən söhbət getmir. Belə ki, qeyd edilən münasibət üzrə müqavilənin 1 (bir) il müddətinə bağlanılması konkret icazənin müddətli olmasına dəlalət edir. Bu hal özlüyündə inzibati orqan tərəfindən müqavilənin ləğvi barədə bildirişi təqdim etməsinin həm qanunvericiliyə, həm də müqavilənin şərtlərinə tam uyğun olduğunu göstərir. “Tələbin hüquqi cəhətdən əsaslandırılması” hissəsinin 4-cü bölməsi üzrə isə iddiaçı ləğv və xitam anlayışlarının fərqinin əsaslandırılmasına çalışmışdır. Lakin bu məsələnin ümumiyyətlə mübahisə predmetinə münasibətdə hansı əhəmiyyətə və aidiyyəti malik olunduğunu düzgün ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, Nazirlik tərəfindən təqdim edilən bildirişlər məlumat xarakterli olmaqla, müqavilənin (başqa sözlə icazənin) müddətinin bitməsi barədə iddiaçıya məlumat verir. Belə ki, qeyd edilən normativ hüquqi aktların və müqavilənin müddəalarında da göründüyü kimi müqavilənin müddətli olması və müddətinin bitmə tarixi əvvəlcədən müəyyənləşdirilmişdir. Müqavilənin 5.1-ci bəndinin şərti iddiaçı tərəfindən razılaşdırıldığı üçün həmin şərtlərə riayət etmə birtərəfli iradə ifadəsi ola bilməz. Habelə qeyd edilən bildirişlər xarakterinə görə də əqd ola bilməz. Çünki həmin bildirişlər əqd üzrə tələb edilən heç bir şərti özündə ehtiva etmir. Bu baxımdan iddiaçının bildirişlərin “iradə ifadəsi olması” iddiası da tam əsassızdır. Bununla yanaşı, qeyd edilən Qanunun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun və “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın tələblərindəndir. Belə ki, həmin Qanunun 3.1.7-ci maddəsinə əsasən radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi telekommunikasiya fəaliyyətinin əsas prinsiplərindən biridir. İddiaçıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda həmin resurslardan səmərəli istifadə edilməmiş, təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.95-ci yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bir sıra sahələrlə yanaşı, telekommunikasiya sahəsində təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin və haqsız rəqabətinin qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması və istehlakçıların hüquqlarının qorunması sahəsində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər görmək vəzifəsi daşıyır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-ci maddəsinə görə istehlakçıların hüquqlarını pozmamaq isə telekommunikasiya operatorunun vəzifəsidir. Nəzərə alınmalıdır ki, İddiaçının xidmət göstərdiyi şəxslərə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən zəng edilməsi iddiası ilə bağlı bildiririk ki, qanunvericiliyə əsasən Nazirlik telekommunikasiya sahəsində istehlakçıların hüquqlarının qorunması vəzifəsini daşıyır. Müqavilənin ləğv edilməsi halında iddiaçının xidmət göstərdiyi şəxslərin hüquqlarının qorunması üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müvafiq bildirişlər ən azı 4 (dörd) ay əvvəlcədən verilərək iddiaçıya öz öhdəliklərinin vaxtında icrasına və tənzimlənməsinə şərait yaradılmışdır. Eləcə də iddiaçının xidmət göstərdiyi şəxslərin telekommunikasiya xidmətlərindən fasiləsiz istifadə edə bilməsinin təmini üçün müvafiq tədbirlər görülmüşdür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.11-ci maddəsinə görə isə həmin Qanun qüvvəyə minənədək operatora və ya provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. Eyni zamanda, iddiaçıya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 10001 nömrə resursu ayrıldığı halda həmin resurslardan səmərəli istifadə edilməmiş, təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunmuşdur. Həmçinin, nömrə resurslarının ayrılmasında üstünlük hüququ “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həmin Qanunun qüvvəyə minənədək (xx.xx.2005) operatora və ya provayderə verilmiş nömrə resursuna şamil edilir. Məlumat üçün bildiririk ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "xxxx" MMC arasında xx.xx.2025ci il tarixindən etibarlı olan “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” müqavilə imzalanmışdır.
Tərəflərin iştirakı və izahatları:
İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın növü və mümkünlüyü.
“İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı iddia ərizəsində cavabeh inzibati orqanın qərarını mübahisələndirsə də, onun əsas hüquqi marağı nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazənin (xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə) uzadılmasından ibarət olduğundan məhkəmə hesab edir ki, hazırki iddia “öhdəliyin icrası haqqında iddia” növlərinə aid edilməlidir. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Təsis sənədlərinə əsasən xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış “X7” MMC (VÖEN: **********) xx.xx.2025-ci il tarixdə İddiaçı MMC (VÖEN: **********) adı altında yenidən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə “X7” MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi haqqında” 97 nömrəli 09 fevral 2011-ci il tarixli müqavilədən görünür ki, bu Müqavilə “*”-la başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Sifarişçiyə, Nazirlik tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq nömrə resursunun ayrılması məqsədini daşıyır və nömrə resursundan təyinatı üzrə istifadə şərtlərini, müddətini və tərəflərin öhdəliklərini müəyyənləşdirir (bənd 1.1). Bu Müqavilə imzalandığı tarixdən qüvvəyə minir. Müqavilənin qüvvədə olma müddəti 1 (bir) ildir. Tərəflərdən heç biri qarşı tərəfə ən azı bir ay qabaqcadan bu Müqavilənin qüvvədə olma müddətinin başa çatması barədə yazılı müraciət təqdim etməzsə, bu Müqavilənin qüvvədə olma müddəti növbəti il üçün uzadılmış hesab olunur (bənd 5.1). Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X7” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-27/2-7402/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (hazırkı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilə ilə “*” işarəsi ilə başlayan “XXXX” prefikslərin şəbəkədə tətbiqinin təşkili üçün Nazirlik tərəfindən “X7” MMC-yə “*0000-9999” nömrə resursları ayrılmışdır. Qeyd olunan müqavilənin 5.1-ci bəndinə əsasən tərəflərdən hər hansı biri qarşı tərəfə ən azı bir ay qabaqcadan yazılı müraciət təqdim etməklə müqavilənin qüvvədə olma müddətini növbəti il üçün uzatmaya bilər. Qeyd olunanları nəzərə alaraq, müqavilə üzrə ayrılmış və istifadəyə verilmiş nömrə resurslarının daha səmərəli istifadəsini təmin etmək üçün Nazirliklə “X7” MMC arasında imzalanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 9 fevral tarixli 97 nömrəli müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasını məqsədə uyğun hesab etmirlər. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, telekommunikasiya fəaliyyəti o cümlədən nömrə resurslarının səmərəli istifadəsi prinsipi əsasında həyata keçirilir. Ölkənin nömrə resursları dövlətə məxsusdur və ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur”. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin X7” MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, № 3-27/2-8783/2024 saylı məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə bağlanmış və “*” işarəsi ilə başlayan “*0000-9999” nömrə resursları ayrılaraq ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən operatorların şəbəkələrində tanıtdırılmışdır. Qeyd olunan sənədin müvafiq şərtinə əsasən, müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasının məqsədəuyğun hesab edilməməsi barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-27/2- 7402/2024 nömrəli məktubu ilə “X7” MMC-yə xəbərdarlıq məktubu göndərilmişdir. “Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən, ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. Nömrə resurslarından və qısa kodlardan səmərəli istifadə edilməsi zərurəti və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinin, həmçinin “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 5.1.2-ci yarımbəndinin, eləcə də mövcud müqavilənin 5.1-ci yarımbəndinin tələbləri nəzərə alınaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “X7” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” 2011-ci il 09 fevral tarixli 97 nömrəli müqavilə üzrə münasibətlər, onun qüvvədə olma müddətinin xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Mövcud müqavilə əsasında tərəfinizdən abunəçilərə ayrılmış nömrə resursları barədə məlumatların bu məktuba əlavə olunan cədvələ uyğun tərtib edilməklə mümkün qısa müddət ərzində nazirliyə təqdim edilməsi xahiş olunur”. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000-9999” nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin) ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli, № 3-27/3-6-1/2025 saylı qərarda göstərilmişdir ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000- 9999” nömrə resursunun ayrılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “X7” MMC MMC arasında bağlanılmış “Nömrə resursunun ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin müddətinin bitməsi ilə əlaqədar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci, 26.1.2-ci maddələrini, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57-59-cu maddələrini və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3.1-ci, 3.2-ci bəndlərini, eləcə də sözügedən müqavilənin 5.1-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndini rəhbər tutaraq, “X7” MMC -yə (VÖEN:**********) “*0000-9999” nömrə resurslarının ayrılması və istifadəsi üçün verilmiş icazə (xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilə) xx.xx.2025-ci il tarixindən ləğv edilməsi qərara alınmışdır. Əsas: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-27/2- 7402/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-27/2-8783/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-27/2-565/2025 nömrəli məktubları. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-27/2-877/2025 saylı məktubunda göstərilmişdir ki, ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi məqsədilə “✱0000-9999” nömrə resurslarının ayrılması ilə bağlı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında bağlanılmış müqavilə üzrə münasibətlər xx.xx.2025-ci ildə başa çatması ilə bağlı dayandırılacaqdır. Sözügedən “✱0000-9999” nömrə resursları mövcud qanunvericiliyə uyğun olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə bağlanılmış müqavilə əsasında "xxxx" MMC-nin istifadəsi üçün ayrılmışdır. “✱XXXX” nömrə resursundan istifadə etməklə çağrı mərkəzlərinin, telefon məlumat xidmətlərinin, qaynar xətlərin, etimad xətlərinin və s. oxşar xidmətlərin təşkili ilə əlaqədar "xxxx" MMC ilə birgə tədbirlər görülməsi xahiş olunmuşdur.
Tətbiq edilən hüquq.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7.1. Nömrə resursundan istifadənin təşkili
7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur. 7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. 7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir. 7.4. Telekommunikasiya operatoruna, provayderinə ,eyni zamanda digər hüquqi və fiziki şəxslərə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir: 7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi; 7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması; 7.4.3. sağlam rəqabətə şərait yaradılması; 7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması. 7.5. Nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. .... 7.8. Hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur. .... 7.11. Bu Qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.
Maddə 8. Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması.
Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 4. Lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsi
4.1. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir.
Maddə 5. Lisenziyanın və icazənin qüvvəsi
5.1. Azərbaycan Respublikasında verilmiş lisenziya və icazə onun bütün ərazisində qüvvədədir.
Maddə 17. Lisenziyaların və icazələrin verilməsi ilə bağlı ümumi məsələlər. 17.1. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi ilə bağlı inzibati icraat bu Qanuna və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Maddə 19. Lisenziyanın və icazənin verilməsi
19.1. Lisenziya və icazə verən orqan ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 18.1-ci və 18.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq lisenziya və icazə verən orqan onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir.
Maddə 20. Lisenziyanın və icazənin verilməsindən imtina
20.1. Lisenziyanın və icazənin verilməsindən aşağıdakı hallarda imtina edilir: 20.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə bu Qanunun 1.0.6-cı və 1.0.7-ci maddələrində nəzərdə tutulmuş normativ hüquqi aktlara uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 19.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə); 20.1.2. ərizəçi lisenziya və icazə verilməsi şərtlərini yerinə yetirmədikdə. 20.2. Lisenziyanın və icazənin verilməsindən imtina haqqında inzibati akt imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2012- ci il 3 sentyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”:
3.1. Nömrə resursları ərizəçinin müraciəti nəzərə alınmaqla müddətli və ya daimi istifadəyə ayrılır. 3.2. Nömrə resurslarından istifadə müddətləri ərizəçinin müraciətinə əsasən nömrə resurslarının ayrılması barədə Nazirlik ilə ərizəçi arasında bağlanan müqavilə ilə müəyyənləşdirilir. 3.3. Nömrə resursunun ilkin istifadə müddəti tamam olduqda, həmin nömrə resursunun istifadəçisi nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir. 4.1. Ərizəçiyə nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə qərarların verilməsi və icrasına nəzarət Nazirlik tərəfindən həyata keçirilir. 4.2. Nömrə resurslarından bu Qaydalara uyğun olmadan istifadə halı müəyyən edildikdə, Nazirlik ərizəçini yazılı formada xəbərdar edir və fəaliyyətini bu Qaydalara uyğun qurması haqda tələbini bildirir. Bu kimi hal təkrarlandıqda, Nazirlik nömrə resurslarının geri alınması barədə qərar qəbul edir. 4.3. Ərizəçiyə ayrılmış nömrə resursları ayrıldığı vaxtdan etibarən 1 (bir) il ərzində tam və ya qismən istifadə edilir. Ayrılmış nömrə resurslarının 90%-dən çox hissəsi istifadə olunduğu halda, nömrə resursları tam istifadə olunmuş hesab edilir. Ayrılmış nömrə resurslarının bir hissəsi istifadə olunduğu halda, nömrə resursları qismən istifadə olunmuş hesab edilir. 4.4. Nazirlik, nömrələnmə planına uyğun olaraq, ayrılmış və boş nömrələr barədə məlumatlar göstərilməklə nömrə resurslarının reyestrini aparır. 5.1. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması barədə aşağıdakı hallarda qərar qəbul edir: 5.1.2. telekommunikasiya sahəsində xidmət göstərilməsi barədə ərizəçiyə verilmiş xüsusi razılığın (lisenziyanın) müddəti başa çatdıqda və mövcud qanunvericiliyə uyğun olaraq uzadılmadıqda; 5.2. Nazirlik ərizəçiyə ayrılmış nömrə resurslarının geri alınması haqqında qəbul edilmiş qərar barədə ərizəçini dərhal məlumatlandırır və 30 (otuz) təqvim günü ərzində nömrə resurslarını geri alır. 5.3. Ərizəçiyə ayrılmış nömrə resursları tam, yaxud qismən geri alındıqda ödənilmiş vəsait geri qaytarılmır və kompensasiya ödənilmir. 5.4. Nömrə resurslarının ərizəçidən geri alınması barədə qərar qəbul edilən zaman, abunəçilərin və istifadəçilərin müvafiq müəssisələrlə müqavilə hüquqları və öhdəlikləri Nazirlik tərəfindən nəzərə alınır, onlara göstərilən telekommunikasiya xidmətlərində fasilələrə yol verilmir. 5.5. Nömrə resurslarının ayrılması, dəyişdirilməsi və geri alınması barədə Nazirliyin İnternet səhifələrində məlumatlar verilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: ...... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki işdən müəyyən olunur ki, tərəflər arasında 09 fevral 2011-ci il tarixli, 97 nömrəli müqavilə bağlanarkən onun müddəti 1 il müəyyən edilsə də, tərəflərdən hər hansı birinin həmin müqavilənin ləğvi ilə bağlı müraciəti olmadığı üçün müqavilə münasibətləri 2025-ci ilin fevral ayına kimi davam etmiş, lakin sonradan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə Nazirlik tərəfindən ərizəçiyə nömrə resurslarından səmərəli istifadə edilməməsinə (təqribən 400-ə yaxın nömrə üzrə xidmət təşkil olunduğu üçün) və müqavilə müddətinin bitməsinə istinad olunaraq ayrılmış nömrə resurslarının istifadə müddətinin xx.xx.2025-ci il tarixdə dayandırılacağı bildirilmişdir. Bundan sonra Nazirlik tərəfindən “Ümumistifadəli telekommunikasiya şəbəkəsində tətbiq edilməsi üçün “*0000- 9999” nömrə resursunun ayrılması məqsədilə verilmiş icazənin (Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (indiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) ilə “X7” MMC arasında bağlanmış “Nömrə resurslarının ayrılması və istifadəsi barədə” xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin) ləğv edilməsi barədə” xx.xx.2025-ci il tarixli, № 3-27/3-6-1/2025 saylı qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilərkən xx.xx.2011-ci il tarixli 97 nömrəli müqavilənin müddətinin bitməsi ilə əlaqədar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsi, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 22.1ci, 26.1.2-ci maddələri, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57- 59-cu maddələri və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları”nın 3.1-ci, 3.2-ci bəndləri, eləcə də sözügedən müqavilənin 5.1-ci bəndi və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.14-cü yarımbəndi rəhbər tutulmuşdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Nazirlik tərəfindən ərizəçinin mübahisələndirdiyi 3-27/3-6-1/2025 saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edilərkən diskresion səlahiyyətlər həddində məsələyə qiymət verilməsi qanunvericiliyin tələlərinə uyğun olmuşdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə diqqətə çatdırır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını və ya faktiki xarakterli hərəkətini qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Məhkəmə bildirir ki, cavabdeh dövlət orqanı tərəfindən müqavilənin müddətinin uzadılmaması, onun müəyyən olunmuş diskression səlahiyyətləri çərçivəsində həyata keçirilmişdir. Mövcud halların hüquqi təhlili göstərir ki, cavabdeh tərəfindən müqavilənin müddətinin başa çatması faktı nəzərə alınmaqla, hüquqi münasibətlərin davam etdirilibetdirilməməsi barədə qərar qəbul edilərkən qanunvericiliklə nəzərdə tutulmuş qaydada, o cümlədən tərəfin əvvəlcədən yazılı şəkildə xəbərdar edilməsinə riayət olunmuş, bu zaman iddiaçı tərəfindən nömrə resurslarından qeyri-səmərəli istifadə hallarının müəyyən edildiyinə istinad olunaraq, onunla müqavilə münasibətlərinin davam etdirilməsi dayandırılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən müqavilə münasibətlərinə xitam verilməsi zamanı iddiaçının nömrə resurslarından səmərəli istifadə etməməsi faktı da obyektiv şəkildə nəzərə alınmışdır. Müəyyən edildiyi kimi, iddiaçıya ümumilikdə 400 ədəd nömrə ayrılmış olsa da, bu resursların yalnız az bir hissəsi üzrə faktiki istifadə həyata keçirilmişdir. Bu hal, cavabdehin qiymətləndirməsində haqlı əsas kimi çıxış etmişdir. Belə yanaşma cavabdehin diskression səlahiyyəti çərçivəsində qəbul etdiyi qərarın məqsədəuyğunluğunu təsdiqləyir. Məhkəmə hesab edir ki, müqavilənin uzadılmaması və ayrılmış nömrə resurslarına dair icazənin ləğv edilməsi, cavabdeh orqanın disskresion səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar olmaqla, bu prosesdə hər hansı hüquqi pozuntuya, səlahiyyət həddinin aşılmasına və ya qanunvericiliyin tələblərinin pozulmasına yol verildiyi müəyyən edilməmişdir. Bu isə hüquq normasının tətbiqi ilə bağlı inzibati orqanın qiymətləndirmə azadlığının mövcudluğuna işarə edir və İPM-in 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Odur ki, aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia təmin olunmamalıdır.
NƏTİCƏ HİSSƏSİ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim: Nəriman Abıyev