Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7008/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “idxal olunan malların 15% rüsumla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “idxal olunan malların 15% rüsumla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilmişdir. Həmin siyahıda XİF MN kodu 6403 40 000 0 olan, qoruyucu metal burunaltlıqlı digər ayaqqabının 1 cütünun 15% rüsumla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. İddiaçı (bundan sonra – iddiaçı) sahibkarlıq fəaliyyəti çərçivəsində xx.xx.2024-cü il tarixli 01 saylı alqı-satqı müqaviləsi əsasında, satmaq məqsədilə Çin Xalq Respublikasına fəhlə ayaqqabısı göndərilməsini sifariş etmişdir. xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları pulu Çindəki istehsalçının hesabına bank vasitəsi ilə köçürmüşdür. Göndərilmiş vəsaitin müqabilində iddiaçının ünvanına 8.000 cüt fəhlə ayaqqabısı göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarı ilə, 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 6401 10 000 0, 6402 91 100 0, 6402 99 050 0 və 6403 40 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (xx.xx.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli, 453 nömrəli Qərarın dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minməsi nəzərdə tutulmuşdur. Qərar Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytında xx.xx.2024-cü il tarixdə, Xalq Qəzetində xx.xx.2024-cü il tarixdə, Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda xx.xx.2024-cü il tarixdə dərc edilmişdir. İddiaçı idxal etdiyi malların idxal rüsumunu 9.01.2025-ci il tarixli gömrük bəyannaməsinə sasən malın dəyərinin 15 %-i həddində 18.232,50 manat məbləğində bəyan edilmişdir. Bakı Baş Gömrük İdarəsi (bundan sonra – cavabdeh) tərtib etdiyi bəyannamədə idxal gömrük rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarına uyğun 122400.00 manat qeyd edilmişdir. İddiaçı həmin məbləğlə razılaşmadığından malların gömrük rəsmiləşdirilməsi həayata keçirilməmiş və sərbəst dövriyyəyə buraxılmamış, nəticədə hazırkı mübahisə yaranmışdır. İddia tələbi və iddiaçının əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Çindən Azərbaycana, satış məqsədi ilə gətirtdiyi ayaqqabı mallarının idxal rüsumunun, malı sifariş verdiyi və pulunu ödədiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına, yəni 15 % idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, NK-nın Qərarı “Xalq Qəzeti”ndə xx.xx.2024-cü il tarixdə dərc edilmiş, qərarda göstərildiyi kimi dərc edildikdən 1 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir. Bu zaman Çindən göndərilən ayaqqabı (mal) artıq yolda olmuşdur. NK tərəfindən belə qərarın qəbul ediləcəyini bilsə idi, Çindən mal sifariş verməyəcəkdi. Çindən Azərbaycana gətirtdiyi fəhlə ayaqqabıları bazarda 25 manata satılır. Tələb olunan rüsumla birlikdə həmin ayaqqabılar ona 35 manata başa gəlir və orta hesabla 80000 manat ziyana uğrayır. Azərbayca Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. 15-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan dövləti azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Bundan əlavə 2024-cü ildə ölkəyə gətirilən avtomobillərin (növünə və ilinə görə) idxal rüsumlarının dəyişdirildiyi (artırıldığı) zaman ölkə başçısı, qanunvericilikdə dəyişiklik baş verdiyi vaxta qədər sifariş verilmiş avtomobillərin gömrük rəsmiləşdirilməsində yeni rüsumları tətbiq edilməməsi barədə şəxsən göstəriş vermiş, gömrük rəsmiləşdirməsində göstərişə tam əməl edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci (Bərabərlik prinsipi) maddəsinə əsasən, 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. İddiaçı iddia ərizəsinə əlavə vermişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, ünvanına Çin Xalq Respublikasından göndərilmiş malın C24MA2E77HD51008 saylı SERTİFİKATİNDA, göndərilmiş malın kodu 64.05 olaraq göstərilmişdir. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş qərarı ilə təsdiq edilmiş siyahıda 64.05 kodu ilə daxil olan bütün malların idxal gömrük rüsumunun 15 % həddində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Yəni idxal etdiyi (malın) ayaqqabıların hər bir cütü üçün 9 ABŞ dolları miqdarında idxal rüsumu müəyyən edilməmişdir. Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” Qanunun 7-ci (Gömrük dəyərinin müəyyən edilməsi) maddəsinə əsasən, 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı (NK) müəyyən edir. Eyni Qanunun 7.4-cü maddəsinə əsasən malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Məcəllənin 160-cı (gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri) maddəsinə əsasən, 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər. Cavabdeh inzibati orqanda şifahi olaraq bildirmişlər ki, ayaqqabı mallarının idxal gömrük rüsumunun 670% artırılmasının səbəbi Ağdam şəhərində artıq fəaliyyətə başlamış ayaqqabı fabrikinin istehsal etdiyi ayaqqabı məhsullarının təşviq edilməsi məqsədini daşıyır. Biz də bu məsələyə amin deyirik. Amma belə bir istehsalın baş verəcəyi haqqında hökumət məlumatların öncədən sahinkarlara çatdırılması üçün müvafiq tədbirlər görməli idi. Beləliklə, müəyyən olunmuşdur ki, Bakı Baş Gömrük idarəsi hüquqi əsas olmadan, gömrük rəsmiləşdirilməsindən şifahi olaraq imtina etmiş, etdiyi müraciət və şikayətlərə 2 aya yaxın müddətdə cavab belə verilməmişdir. İddiaçı yazılı mülahizə təqdim etmiş və bildirmişdir ki, Çindən mal göndərilməsi üçün müqavilə bağlandıqdan 3 ay malların ödənişini etdikdən 1 ay sonra Nazirlər Kabineti xx.xx.2024-cü il tarixli 453 saylı Qərarı ilə idxal rüsumunu 1 -cüt ayaqqabı üçün 9 ABŞ dolları miqdarında (6,7 dəfə artıq, 18.232,50 AZN-ə qarşı 122.400,00 AZN ) müəyyən etmişdir. Qərarın qüvvəyə minməsi vaxtını nəzərə alsaq bu müddətlər uyğun olaraq 4 ay və 2 ay təşkil edir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, AR Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” nin “ayaqqabı, getrlər və analoji məmulatlar; onların detalları” adlı 64-cü qrupunun 6403 40 000 0 alt yarımmövqeyində təsnifləşdirilən XİF MN koduna dair sözügedən qərara 15 oktyabr 2024-cü il tarixli 453 nömrəli AR Nazirlər Kabinetinin Qərarı əsasında dəyişiklik edilmiş, müvafiq dəyişiklik əsasında 6403 40 000 0 alt yarımmövqeyinə aid sətirin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (xx.xx.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilmişdir. İddiaçınım ünvanına idxal olunmuş mallar xx.xx.2025-ci il tarixdə **********1271 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 640399 96 00 təsnifat kodu altında gömrük orqanına bəyan edilmişdir. Həmin malların daşındığı 94328697 nömrəli konteynerin Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olma və ya sərhədkeçməsi xx.xx.2025-ci il tarixdə həyata keçmiş, bu isə sərhəd gömrük orqanı tərəfindən **********01275 qeydiyyat kodu tərtib edilməklə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 242.3-cü maddəsində gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanmasının idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən başlandığı və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələrinin əsas götürüldüyü göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. İddia ərizəsində istinad olunan Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə münasibətdə qeyd edə bilərik ki, fiziki ve hüquq, şəxslərin huquqı vəziyyətini yaxşılaşdıran hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ huquqı aktların qüvvəsinin geriyə şamil edilməsi müddəası fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasına aid olan hal deyildir. Qeyd etdiyimiz flkir iddia ərizəsində istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28.01,2014-cu tarıxlı qərarı ilə təsbit edilmişdir. Belə ki, həmin qərarda Konstitusiyanın 149-cu maddəsinin Vİİ, hissəsində fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran" ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə, "hüquqi vəziyyət" anlayışına aydınlıq gətirməklə, Qərarın nəticə hissəsində “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmədiyi həmin hüquq və azadlıqların olduğu kimi qaldığı, bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılmasının hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran hal kımı qəbul oluna bilməyəcəyini müəyyənləşdirmişdir. Beləliklə, iddiaçının idxal etdiyi və **********1271 sorğu nömrəli gomruk bəyannaməsi ilə bəyan edilən malların sifariş verildiyi zaman qüvvədə olmuş qanunvericilik aktlarına uyğun qaydada rəsmiləşdirilməsi qanunvericiliklə yolverilməzdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu ərizələr ilə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı sahibkarlıq fəaliyyəti çərçivəsində xx.xx.2024-cü il tarixli (müavilənin tərcüməsində xx.xx.2020-ci il tarix göstərilsə də, İnvoys sənədlərindən və ödəniş qəbzlərindən müəyyən edilir ki, müqavilənin bağlanması 2024-cü ilə təsadüf edir) 01 saylı alqı-satqı müqaviləsi əsasında, satmaq məqsədilə Çin Xalq Respublikasına fəhlə ayaqqabısı göndərilməsini sifariş etmiş, xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları pulu Çindəki istehsalçının hesabına bank vasitəsi ilə köçürmüşdür. Göndərilmiş vəsaitin müqabilində iddiaçının ünvanına 8000 cüt fəhlə ayaqqabısı göndərilmiş, göndərilən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması xx.xx.2025-ci il tarixdə həyata keçmiş, iddiaçı idxa etdiyi malalrı 9.01.2025-ci il tarixdə **********1271 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 640399 96 00 təsnifat kodu altında gömrük orqanına bəyan edilmişdir. İddiaçı idxal etdiyi malların idxal rüsumunu malın dəyərinin 15 %-i həddində 18.232,50 manat məbləğində bəyan etmişdir. Cavabdeh tərtib etdiyi bəyannamədə idxal gömrük rüsumunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarına uyğun olaraq edilmiş dəyişikliyə əsasən 122400.00 manat qeyd etmişdir. İddiaçı həmin məbləğlə razılaşmadığından malların gömrük rəsmiləşdirilməsi həyata keçirilməyərək sərbəst dövriyyəyə buraxılmamış, nəticədə hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; 1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd; 1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi; 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; 1.0.29. idxalatçı – malları idxal edən şəxs; 1.0.34. mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri; 1.0.35. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi; 1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi; 8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır: 8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək; 8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək; 40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər. Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası 102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. 102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər. 102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir. 102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar 108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir. Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi 164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mllar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. 164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir: 164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini; 164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini; 165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını. 164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar. 164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Hazırda tərəflər arasında olan yaranmış mübahisə iki əsasa görə, idxal edilən malın XİF MN kodunun fərqli olması, həmçinin idxal edilən mala görə gömrük rüsumu hesablanan zaman Nazirlər Kabinetinin qərarının tədbiqi ilə bağlı yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” təsdiq edilmişdir. Həmin siyahıda 6403 40 000 0 olan, qoruyucu metal burunaltlıqlı digər ayaqqabının 1 cütünun 15% rüsumla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarı ilə, 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 6401 10 000 0, 6402 91 100 0, 6402 99 050 0 və 6403 40 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə %lə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmləri “15 (xx.xx.2026-cı il tarixinədək 1 cüt üçün 9 ABŞ dolları)” sözləri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixli, 453 nömrəli Qərarın dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin siyahısında 6403 99 960 0 XİF MN kodu isə kişilər üçün ayaqqabı - 1 cütünun 15% rüsumla rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur (həm dəyişiklikdən əvvəl, həm də dəyişiklikdın sonra). Məhkəmə iddiaçının idxal etdiyi malın 6403 99 960 0 kodu ilə rəsmiləşdirilməli olması ilə bağlı mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının idxal etdiyi məhsul tikinti sahəsində istifadə olunan fəhlə ayaqqabılarıdır. İddiaçı tərəf də bunu inkar etmir. X3 Mal Nomeklaturasında 6403 99 960 0 kod altında (iddiaçının bəyan etdiyi) sadə kişi ayaqqabısı təsnif edilmiş, 6403 40 000 0 kod altında isə (cavabdehin bəyan etdiyi) metal burunaltlıqlı digər ayaqqabı təsnif edilmişdir. İddiaçının idxal etdiyi məhsulun İnvoysunda ingilis dilində məhsulun təsviri bölməsində - “Safety Shoes” (Təhlükəsizlik ayaqqabıları), məhsulun ölçüsü bölməsində isə, “Standart steel head steel bottom, leather, PU bottom euro code 38-46” (Standart polad burunlu, polad altlıqlı dəridən hazırlanmış...) qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idxal etdiyi məhsul adi gündəlik kişi ayaqqabısı deyil, tikinti sahəsində fəhlələr üçün nəzərdə tutulmuş qoruyucu ayaqqabı olduğundan, cavabdehin həmin malın 6403 40 000 0 kod altında təsnifləşdirilməli olması ilə bağlı mövqeyi düzgündür. Tərəflər arasında olan digər mübahisə idxal olunan malın gömrük rüsumu ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarı ilə edilmiş dəyişikliyin iddiaçıya tədbiq edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, qəbul edilən Qərarla edilən dəyişiklik iddiaçıya tədbiq edilməməlidir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının Konsitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə, Nazirlər Kabinetinin Qərarı ona münasibətdə tədbiq edilməməlidir. Cavabdeh isə, Gömrük Məcəlləsinin 242.3-cü maddəsinə istinad edərək hesab edir ki, gömrük rüsumu idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülməklə hesanlanmalıdır. İdxal olunan mal 9.01.2025-ci il tarixdə bəyan edildiyindən həmin vaxt qüvvədə olan qərara əsasən 15% rüsumla deyil, 1 cütünün qiyməti 9 ABŞ dolları ilə hesablanmalıdır. Cavabdeh həmçinin bildirir ki, Azərbaycan Respublikasının Konsitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi hazırkı mübahisəyə tədbiq edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 oktyabr 2024-cü il tarixli, 453 nömrəli qərarı ilə edilmiş dəyişiklik iddiaçıya münasibətdə tədbiq edilməməlidir. Belə ki, həmin Qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş və dərc olunduğu gündən 30 gün sonra (ən tez xx.xx.2024-cü il, ən gec xx.xx.2024-cü il tarixdə) qüvvəyə minmişdir. İddiaçı idxal etdiyi məhsulları xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən almış və xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 33.000 ABŞ dolları pulu Çindəki istehsalçının hesabına bank vasitəsi ilə köçürmüşdür. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi bağlanılan və məhsulun dəyəri ödənilən zaman Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli qərarı qüvvəyə minməmişdir. İddiaçının həmin məhsulun sifariş edilməsi və dəyərinin ödənilməsi zamanı qüvvədə olan qanunvericlik normalarına əsasən 15% idxal gömrük rüsumu nəzərdə tutulduğundan iddiaçı sahibkarlıq faəliyyətini həyata keçirməklə bağlı niyyəti həmin məhsulların göstərilən gömrük rüsumu ilə idxal etmək və idxal etdiyi malalrın satışında gəlir əldə etmək olmuşdur. Lakin edilən dəyişiklikdən sonra iddiaçı idxal etdiyi məhsullara görə, bəyan etdiyi məbləğdən (18232,50 manat) 6-7 dəfə artıq (122400.00 manat) rüsum ödəmək məcburiyyətində qalır ki, qeyd edilən hal iddiaçının sahibkarlıq fəaliyyətinin ziyana məruz qalmasına səbəb olacaqdır. Məhkəmə qeyd edir ki, idxal edilən malın Çin Xalq Respublikasından Azərbaycana gətirilməsi 35-40 gün bəzən daha çox vaxt tələb edildiyindən iddiaçıya münasibətdə məhsul sifariş verildikdən sonra rüsumlarda dəyişiklik edilməsi nəzərə alınmalıdır. Ona görə də, həmin dəyişiklik iddiaçıya tədbiq edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan dövləti azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Çin Xalq Respublikasından Azərbaycan Respublikasına satış məqsədi ilə gətirdiyi ayaqqabı mallarının 15 % idxal rüsumuna uyğun qaydada rəsmiləşdirilməsi öhdəliyi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-7008/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7008/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver