Məhkəmə qərarları › İş №e-2-1(112)-7885/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7885/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7885/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi Şabanova Gülnarə Hacıquliyevnanın iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı İstintaq Təcridxanasına qarşı “cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, o cümlədən sözügedən hərəkətlərin dayandırılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Bakı İstintaq Təcridxanasına qarşı məhkəmədə iddia qaldıraraq, 01 fevral 2024-cü ildə Bakı İstintaq Təcridxanasının hərəkətləri nəticəsində müdafiə hüququnun pozulması, həbs edilmiş şəxslə konfidensial ünsiyyətin pozulması və iddiaçının sənədlərinin senzuradan keçirilməsinin qanunsuz hesab edilməsi, o cümlədən sözügedən hərəkətlərin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı “Sirius” Vəkil Bürosunun vəkilidir. Bakı İstintaq Təcridxanasında saxlanılan və Bakı şəhər Baş Polis idarəsində istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən X1 müdafiəçisidir. Həmin şəxsin həbs edildikdən indiyə qədər verilən şikayətlər üzrə müdafiəçisi olmuşdur, hazırda onun bir neçə müraciəti üzrə şikayətlər, eyni zamanda Avropa Məhkəməsinə şikayətlər hazırlayırlar. 01 fevral 2024-cü ildə Bakı İstintaq Təcridxanasında E.Qasımova ilə görüşdü. E.Qasımova ilə görüş bitdikdən sonra Təcridxananın görüş (istintaq) otağından çıxmaq istəyərkən təcridxananın əməkdaşları onu saxlayaraq sənədlərinə baxış keçirilməsinin zəruri olduğunu bildirdilər. İddiaçı buna etiraz etsə də buna məhəl qoyulmadı və bir neçə əməkdaş onu bir otağa saldılar və sənədlərinə baxış keçirdilər. Həmin sənədlər vəkil sirrinə daxil olan məlumatlar hesab olunur, buna baxmayaraq təcridxananın əməkdaşları iddiaçının etirazlarına məhəl qoymayaraq sənədlərə baxış keçirdilər. Bu zaman onlar iddiaçınıb sənədlərinə baxış keçirilməsinə dair hər hansı akt tərtib etmədilər. Bundan əlavə qeyd edir ki, 31 yanvar 2024-cü ildə E.Qasımova telefon vasitəsi ilə iddiaçı ilə əlaqə saxlamaq istəyib, lakin buna icazə verilməyib. Təcridxananın əməkdaşları ona bildirib ki, onun başqa şəxslərlə telefon danışıqlarına məhdudiyyət qoyulub, lakin həmin məhdudiyyət vəkilə zəng etmək imkanını nəzərdə tutmur. Buna baxmayaraq təcridxananın əməkdaşları E.Qasımovaya zəng etməyə icazə verməyiblər. İddiaçının Bakı İstintaq Təcridxanasında yoxlanılmağı, sənədlərinin senzuradan keçirilməsi qanunsuzdur, “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. Özünün və sənədlərin yoxlanması, senzuradan keçirilməsi tamamilə absurddur və müəssisə rəhbərliyinin qanunsuz əməllərinə heçnə haqq qazandıra bilməz. Bu onun vəkil kimi hüquqlarını pozulur, konfidensial ünsiyyətinə müdaxilə olunur. Bu cür müdaxilə Avropa İnsan hüquqları Konvensiyasının 34-cü maddəsinin pozuntusunu yaradır. Belə ki, həmin maddəyə görə, məhkəmə istənilən fiziki şəxsdən, qeyri-hökumət təşkilatından və ya ayrı-ayrı şəxslər qrupundan, Razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiyanın və ya ona dair Protokolların müddəaları ilə nəzərdə tutulmuş hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətlər qəbul edə bilər. Razılığa gələn Yüksək Tərəflər bu hüququn səmərəli həyata keçirilməsinə heç bir yolla mane olmamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikası Avropa Şurasına üzv olarkən və İnsan hüquqları üzrə Avropa Konvensiyasını ratifikasiya edərkən üzərinə bir sıra öhdəliklər götürüb, bu öhdəliklərdən biri də vətəndaşlara Avropa Məhkəməsinə şikayətlərin göndərilməsinin qarşısını almamaq və bu yazışmalara müdaxilə etməməkdir. Lakin Bakı İstintaq Təcridxanası tərəfindən sənədlərinin senzuradan keçirilməsi Konvensiyanın 34-cü maddəsinin tələblərini pozur. Müəssisə əməkdaşları iddiaçının sənədlərinə baxış keçirməklə vəkil sirrini kobud şəkildə pozublar. Belə senzura, axtarış Bakı İstintaq Təcridxanasında saxlanılan başqa şəxslərin müdafiəçilərinə aid deyil, onlar sərbəst şəkildə müəssisəyə daxil ola və oradan çıxa bilirlər. Onların özləri və sənədləri heç zaman yoxlanılmır, senzuradan keçirilmir. Bu cür yoxlamalar yalnız Elnarə Qasımova kimi siyasi əsaslarla həbs edilmiş şəxslərə münasibətdə həyata keçirilir, onun müdafiəçisi kimi iddiaçı ciddi şəkildə yoxlamaya məruz qalır, sənədlər, yazışmalar senzuradan keçirilir. İstintaq Təcridxanasının əməkdaşlarının onun sənədlərinə baxış keçirməsi, Konstitusiyanın 61-ci maddəsini pozmaqla sənədlərinin senzuradan keçirilməsi müdafiə etdiyi şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu, onun da müdafiəçi olaraq belə hüquqi yardım təqdim etmək vəzifəsini pozur. Bu isə Avropa Konvensiyasının 6 və 8-ci maddələrinin, həmçinin 34-cü maddəsinin pozuntusunu təşkil edir. Müdafiə etdiyi şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ və onun peşə fəaliyyətinə aid olan məlumatların gizliliyi mütləq hüquq deyil, müəyyən məqsədlər üçün məhdudlaşdırıla bilər. Lakin bu məhdudlaşdırma üçün qanunauyğun məqsəd olmalıdır. İndiki halda Bakı İstintaq Təcridxanasının rəhbərliyinin sənədlərimi senzuradan keçirməsi qanun çərçivəsində olmayıb və qanuni məqsəd daşımır. Analoji prosedur İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərində də öz əksini tapıb. Belə məhdudlaşmalar və müdaxilələr qanunda nəzərdə tutulmalı və milli təhlükəsizlik və ictimai qayda maraqlarına uyğun, cinayətin qarşısını almaq üçün, digər şəxslərin hüquq və azadlıqlarını qorumaq məqsədi ilə demokratik cəmiyyətdə zəruri olmalıdır. Bakı İstintaq Təcridxanasının əməkdaşlarının sənədlirini senzuradan keçirməsi qanunlara hörmətsizlikdən, müdafiə hüququna Ərizəni imzalayan şəxs haqqında məlumatı saymamazlıqdan irəli gəlir. Bakı İstintaq Təcridxanasının əməkdaşlarının 01 fevral 2024-cü ildə sənədlərini senzuradan keçirməsinin qanunsuz hesab edilməsi, eyni zamanda Bakı İstintaq Təcridxanasının 01 fevral 2024-cü il tarixli müşahidə kameralarının yaddaş kartının tələb edilərək götürülməsinə dair ərizə ilə hər iki cavabdehə müraciət etdi. Penitensiar Xidmət 23 fevral 2024-cü ildə verdiyi cavabda göstərib ki, “həbsdə saxlanılan E.Qasımova ilə görüşməsi üçün təcridxanaya daxil olarkən və oradan çıxarkən əməkdaşlar tərəfindən Sizə qarşı hər hansı bir hüquqazidd hərəkətlərə yol verilməmişdir.” Digər cavabdeh Bakı İstintaq Təcridxanası məktuba ümumiyyətlə cavab verməyib. İddiaçı məktubunda Bakı İstintaq Təcridxanasının 01 fevral 2024-cü il tarixli müşahidə kameralarının yaddaş kartının tələb edilərək götürülməsini istəsə də, buna ümumiyyətlə münasibət bildirilməyib.

3. İddiaçının müraciətinə cavab olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən bildirilmişdir ki, ““Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 36.9-cu maddəsinə, “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydası”nın 2.4.1-ci bəndinə əsasən həmin müəssisələrin müdiriyyəti müəssisəyə daxil olan və çıxan şəxslərə, onların əşyalarına, nəqliyyat vasitələrinə baxış keçirmək hüququna malikdirlər. Eyni zamanda həmin Qaydanın 2.1.1-ci və 2.1.9-cu bəndinin birinci abzasında göstərilən şəxslər, hakimlər, cəzaçəkmə müəssisələrinə baş çəkmək hüququna malik olan beynəlxalq təşkilatların nümayəndələri, xarici dövlətlərin Azərbaycan Respublikasındakı səfirlikləri və konsulluqlarının nümayəndələri baxışa məruz qala bilməz. Həmçinin bu Qaydanın tələbləri müəssisənin işçi heyəti və müəssisəyə daxil olan hər bir şəxsə şamil olunur. Araşdırma zamanı müəyyən edilmişdir ki, həbsdə saxlanılan E.Qasımova ilə görüşməniz üçün təcridxanaya daxil olarkən və oradan çıxarkən əməkdaşlar tərəfindən Sizə qarşı hər-hansı bir hüquqazidd hərəkətlərə yol verilməmişdir.”

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nümayəndəsi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cavabdehlər sırasından çıxarılmasına dair vəsatət qaldıraraq, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Bakı İstintaq Təcridxanası məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi cinayət-prosessual qanunvericiliyə uyğun olaraq istintaq təcridxanasının hərəkətlərindən şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir.

12. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən: 442.2. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsinə və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara 7.0.38-1. həbs yerləri – tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin qarnizon hauptvaxtlarıdır.

13. Yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, həmin qəbildən olan işlərə baxılması ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.

14. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

15. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı məhkəmə nəzarəti qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

16. İddia mümkün sayılmadığından iş üzrə cavabdehlər sırasından çıxarılma ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır.

17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

18. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar