Məhkəmə qərarları › İş №e-2-1(112)-8009/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8009/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8009/2023 13.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məlumatın silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “məlumatın silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 dekabr 2021-ci il tarixdən etibarən iddiaçıya e-qaimənin yazılması və depozit hesabından aparılan əməliyyatlar zamanı ekranda əmtəəsiz əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur bildirişi əks olunmuşdur. Halbuki, iddiaçı tərəfindən riskli hesab edilə biləcək, əmtəəsiz hər hansı əməliyyat aparılmamış, həmin hal danışıqlar zamanı müəyyən edilmişdir ki, texniki xəta olmuşdur. Müraciətlər edilsə də həmin xəta aradan qaldırılmamışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazları onunla əsaslandırılmışdır ki, Baş İdarə tərəfindən iddiaçının fəaliyyətinə hansı qaydada müdaxilə olunduğu, depozit hesabında qarşılıqlı əməliyyatlar ilə bağlı konkret olaraq hansı məhdudiyyətin qoyulduğu və Baş İdarənin təqsiri əsaslandırılmamışdır. Bundan əlavə borc və faiz məbləği iddiaçı tərəfindən vergi orqanına ödənilmişdir. Ümumiyyətlə iddiaçı barəsində Baş İdarə tərəfindən riskli vergi ödəyicis hesab edilmə barədə qərar qəbul edilməmişdir. İddiaçının və digər vergi ödəyicilərinin əməliyyatlarının aparılması üçün istifadə olunan elektron proqram təminatına müdaxilə etmək Baş İdarənin səlahiyyətinə aid deyildir. Belə bir texniki imkan Baş İdarədə mövcud deyildir. Bu səbəbdən də həmin tələb Baş İdarəyə qarşı yönələ bilməz. Dövlət Vergi Xidmətinin iddiaya münasibəti onunla bağlı olmuşdur ki, iddiaçı riskli vergi ödəyicisi kimi Xidmətin məlumat bazasına daxil edilməmişdir. İddiaçının müraciətləri üzrə iddiaçıya bildirilmişdir ki, elektron sistemdə texniki problem aşkar edilməmişdir. Məhdudiyyətin qoyulması barədə hər hansı sübut mövcud deyildir. Məhkəmənin qərardadı ilə Dövlət Vergi Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 30 avqust 2023-cü il tarixli qərardadı ilə iddia tələbinə dəqiqləşmə barədə ərizəzi icraata qəbul edilərək iddia tələbi “iddiaçının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması, əməliyyatların aparılmasına yaradılmış maneələrin ortadan qaldırılması və yaranmış maneə nəticəsində vergi öhdəliyinin ödənilə bilməməsinə görə ödənilmiş faizlərin silinməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə evilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçı tərəfindən elektron qaydada iddia tələbinə dəqiqləşmə vermiş, məhkəmə iddia tələbinin yenidən dəqiqləşdirilməli olmasını iddiaçının diqqətinə çatdırmışdır. Növbəti 20 oktyabr 2023-cü il tarixli dəqiqləşməyə əsasən məhkəmənin 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək “İddia tələbi “e-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı iddiaçı barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin silinməsi və həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldırımasının cavabdehlər Dövlət Vergi Xidməti və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi” formasında icraata qəbul edilmiş, Dövlət Vergi Xidmətinin üçüncü şəxs qismində iştirakına xitam verilərək Dövlət Vergi Xidməti digər cavabdeh qismində tanınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə münasibətdə mümkün sayılmamışdır. iddia ərizəsi Dövlət Vergi Xidmətinə yönəldilmə hissəsində isə onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, cavabdehin müəyyən edilməsi baxımından aparılan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin elektron sistemdə göstərilməsi Baş İdarənin texniki imkanlarından kənardır və həmin sistemə hər hansı formada müdaxilə eləcə də, bildirişin yerləşdirilməsi Baş İdarə tərəfindən həyata keçirilə bilmir. Belə ki, həmin elektron sistem Xidmətin öz müstəsna istifadəsində olduğundan, müəyyən edilir ki, göstərilən formada bildirişin elektron sistemdə daxil edilməsi də Dövlət Vergi Xidməti istisna olmaqla digər inzibati orqan tərəfindən texniki olaraq həyata keçirilə bilməz. Odur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya cavab verməli olmayan şəxs olsa da, Dövlət Vergi Xidməti hazırkı iddia üzrə cavabdehlik daşımaqla, mahiyyət üzrə qiymətləndirmə üzrə iddianın tərəfi qismində qəbul edilir. Eləcə də, iddiaçının hüquqi ünvanı Abşeron rayonu olsa da, prosessual həmiştirakçılıq mövcud olmuşdur ki, iddianın bir hissədə mümkün sayılmaması digər cavabdehə münasibətdə isə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi formasında qərardadın qəbulu da məhkəmə hesab edir ki, inzibati prosessual qanunvericiliklə istisna edilir. AR İPM-nin 8.3-cü maddəsinə görə mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. İddiaçı isə 2 cavabdehə qarşı baxılan işin Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir ki, məhkəmə hesab edir ki, nə qədər ki cavabdehlərdən biri Bakı şəhəri üzrə fəaliyyət göstərən Baş İdarədir iddia həmin cavabdehə münasibətdə mümkün sayılmasa da, işə Bakı İnzibati Məhkəməsində baxılması mümkün hesab edilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki iddiaçının 07 aprel 2023-cü il tarixə olan borcu tam məbləğdə ödənilmişdir. 26 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı bildirişin əks olunduğunu, bu barədə vergi orqanına ilə əlaqə saxlanıldığını, araşdırma bitdikdən sonra həmin bildirişin silinəcəyini qeyd etsə də, bildirişin hələ də ekranda əks etdirildiyini, bu barədə köməklik göstərilməsini xahiş etmişdir. 15 fevral 2023-cü il tarixli məktubdan da görünür ki, müraciətin baxılması müddətinin yekunlaşdırılması xahiş edilmişdir. 21 fevral 2023-cü il tarixli məktubdan görünür ki, texniki xətanın Dövlət Vergi Xidmətini informasiya sistemində aradan qaldırılması xahiş edilmişdir. 28 fevral 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının riskli vergi ödəyicisi olubolmamasının düzgün araşdırılması xahiş edilmişdir. Dövlət Vergi Xidmətinin texniki xətanın həll edilməsi barədə iddiaçının cavab məktubunda qeyd edilmişdir ki, Xidmətin informasiya sistemində müvafiq düzəlişlər aparılmışdır. Digər bir məktubda da texniki xətanın aradan qaldırılması barədə müraciətə Xidmətdə baxıldığı qeyd edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanlanmış məktubunda iddiaçının riskli vergi ödəyiciləri siyahısında olmadığı aşkar edilmişdir. Dövlət Vergi Xidmətinin elektron məlumat bazasından iddiaçı tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, iddiaçının əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimal olunur.” formasında bildiriş ekranda əks olunmuşdur. Eləcə də həmin bildirişin əks olunması məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən yoxlanılarkən iddiaçının həmin elektron sistemində olan hesabına daxil olarkən də mövcud olması əyani olaraq müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, VM-nin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqannın rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). “İnzibati icraat haqqında Qanunun: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göründüyü kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt xüsusiyyətinə malikdir ki, həmin aktın mövcud olduğu halda onun mübahisələndirilməsi və ya etibarsızlığının tanınmasından söhbət gedə bilər. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkretməsələləri və mübahisələri həll edir. İnzibati aktınyaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən,ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən“İnzibati icraat haqqında” Qanununyuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericiliyin tələblərinə riayət etməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt,qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır.Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Yuxarıda qeyd olunan qanunvericilik, eləcə də Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, etibarsız hesab edilməsi üçün 65-ci maddədə əsasları göstərilən aktın inzibati akt səciyyəsi daşıması üçün onun inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olmalıdır. Konstitusiya Məhkəməsinin qərarında da qeyd edildiyi kimi inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli;ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. Lakin, hazırkı işin faktiki hallarından göründüyü kimi iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanları tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Həmin qərar mövcud olmasa belə Dövlət Vergi Xidməti tərəfindən heç bir əsaslı səbəb olmadan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” formasında bildiriş iddiaçının elektron sisteminə işlənilmişdir ki, həmin bildirişin silinməli olmasına yönələn iddianın qanuni və əsaslılığı aşkardır. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin mövqeyinin əksinə həmin bildirişin elektron sistemdə mövcudluğu istər əyani olaraq iddiaçının elektron sisteminə məhkəmə iclasında daxil olması zamanı, istər iddiaçı tərəfindən həmin sistemdən kağız formalı çıxarışı məhkəməyə təqdim etməsi ilə mövcudluğu aşkardır. Qeyd olunmalıdır ki, bildiriş mövcuddursa məhkəmə o bildirişin silinməli olub-olmamağına qiymət verilməsi qənaətindədir ki, , AR İPM-nin 14-cü maddəsinin tələbləri baxımından həmin növ bildirişin iddiaçının elektron sistemində mövcudluğunu zəruri edən konkret faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən də sübut edilməlidir. Lakin, həmin bildirişin hansı konkret halla bağlı elektron sistemə işlənilməsi sübut edilə bilmir. Ümumiyyətlə “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” formasında ifadənin özü də vergi orqanının təcrübəsində istifadəsi məhkəmə hesab edir ki, inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “Ehtimal olunma” formasında ifadə konkretlikdən uzaq olmaqla konkret hallar müəyyən edilmədən iddiaçının fəaliyyətinə müdaxilə xarakteri kimi qiymətləndirilir. Nə qədər ki, iddiaçı riskli vergi ödəyicisi hesab edilməmiş, əmtəəsiz əməliyyat aparmamış, buna dair inzibati akt qəbul edilməmişdir ki, ehtimallara əsaslanmaqla, üstəlik həmin ehtimalın elə göstərilən ifadə tərzi (“ehtimal olunur”) formasında iddiaçının elektron sistemində əks olunması iddiaçının məhkəmə hesab edir ki, fəaliyyətinə müdaxilə xarakteri daşımaqdadır. Qeyd olunanlardan əlavə isə, təkrar qeyd edilməsi zəruridir ki, cavabdeh ümumiyyətlə həmin ehtimalın nədən ibarət olmasını da əsaslandıra bilməmişdir. Odur ki, “e-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı iddiaçı barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin silinməlidir. Həmin əsas tələbin hüquqi nəticəsi olaraq da bildiriş silinməklə həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldırıması cavabdeh tərəfindən həyata keçirilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. E-qaimə və depozit hesabında qarşılıqlı əməliyyatlar zamanı İddiaçı MMC barəsində ekranda əks olunan “əmtəəsiz maliyyə əməliyyatları və digər riskli əməliyyatlar aparan şəxs olması ehtimalı olunur” bildirişinin silinməsi və həmin bildirişlə bağlı qoyulmuş əməliyyatların aparılmasına maneələrin aradan qaldırıması vəzifəsi cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar