Məhkəmə qərarları › İş №e-2-1(112)-8852/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-8852/2025

15.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-8852/2025 15.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 15 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.1988-ci il təvəllüdlü İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-02/4 nömrəli, 27 fevral 2025-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı və onun ailə üzvləri ilə birlikdə (arvadıxx.xx.1992-ci il təvəllüdlü Rabika İddiaçı, Roise Mary DSouza, oğlu-xx.xx.2020-ci il təvəllüdlü X5 Barkat və diğər oğlu xx.xx.2022-ci il təvəllüdlü X6 Barkat) 15 yanvar 2025-ci il tarixli vəsatətini təmin edərək İddiaçıaya və ailə üzvlərinə qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan vətəndaşıdır, 28 sentyabr 1988-ci ildə Pəncab əyalətinin Lahor şəhərində doğulub. Lakin o, 1998-ci ildə ailəsi ilə birlikdə Sind əyalətinin Kəraçi şəhərinə köçüb. O, Pəncabi etnik mənşəlidir və xristian (Pentekostal) inancına sadiqdir. O, on il orta məktəbdə oxuduğunu, lakin maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini bildirib. O, on səkkiz yaşından müxtəlif restoranlarda kuryer işləməyə məcbur olub, 2016-cı ildən isə kilsələrdə təbliğat aparır, dini tədbirlər təşkil edir. İddiaçı 2017-ci ildə Rəbicə adlı xanımla nikah bağladığını və bu nikahdan iki övladı olduğunu bildirib. Ailə üzvləri onu Azərbaycan Respublikasına müşayiət etmişdirlər, valideynləri, beş bacısı və bir qardaşı isə hazırda Pakistanın Kəraçi şəhərində yaşayırlar. Ərizəçi bildirir ki, 1 sentyabr 2018-ci il tarixində arvadı, baldızı Sozina və baldızı Yuhüsfətlə birlikdə Kəraçidə dini tədbir təşkil etmişdirlər. Orada o, dini moizə oxumuş, qaynı isə dini nitq söyləmişdir. Bununla belə, bir qrup naməlum şəxs onları toplaşmağı dayandırmağa məcbur etmiş, əks halda onları öldürəcəkləri ilə hədələmişdirlər. O, həmin şəxslərdən qorxduğu üçün tədbiri dayandırmaq məcburiyyətində qaldığını bildirmişdir. Lakin hadisədən sonrakı ilk bazar günü o, ailə üzvləri və 2 baldızı ilə birlikdə kilsəyə getmişdir. Orada olarkən yenə həmin şəxslər tərəfindən hədələnmiş, lakin ətrafdakıların, kilsədə olanların köməyi ilə oradan çıxa bilmişdirlər. Ərizəçinin sözlərinə görə, son hadisədən sonra onlar iki ay öz ölkələrində gizli yaşamışlar. Bu müddət ərzində həmin şəxslər onun valideynlərinə xəbərdarlıq edərək onları ölümlə hədələmişlər. Buna görə də onlar Pakistanda yaşamaqdan qorxmuşdurlar. 2018-ci ilin dekabr ayında onlar Pakistanı tərk edərək arvadı və baldızı ilə birlikdə Malayziyaya getmişdirlər. O, qaynı Yuhüsfətin maddi imkansızlıq səbəbindən onlarla birlikdə Malayziyaya gedə bilmədiyini və uzun müddət Pakistanda gizli yaşadığını bildirib. Onlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə X1 Ölkə Ofisinə sığınacaq üçün müraciət ediblər, müsahibə alıblar və ərizələrinə baxılan müddətdə orada iki ildən artıq yaşayıblar. Ancaq 2021-ci ildə arvadının təkidi ilə yenidən Pakistana uçmuşdurlar. O, geri qayıtdıqdan sonra Pakistanda gizli yaşamağa davam etdiyini, lakin həmin şəxslərin onu və yaxın ailə üzvlərini, o cümlədən arvadı, baldızlarının hələ də axtarıldığını eşitdiyini bildirmişdir. Onun sözlərinə görə, 24 yanvar 2024-cü il tarixində naməlum şəxslər qaynı Yuhüsfətə motosikletlə xəsarət yetirərək ayağını sındırıblar. O, bu hadisədən, eləcə də davamlı təqiblərdən sonra özünün və ailə üzvlərinin Pakistanda yaşamaqdan dəhşətə gəldiyini və 03 dekabr 2024-cü il tarixində arvadı və baldızları ilə birlikdə Pakistandan qaçaraq Azərbaycan Respublikasına gəldiyini qeyd edib. xx.xx.2025-ci il tarixli qərar 2025-ci il martın 2-də ona təqdim edilmişdir. 15 yanvar 2025-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 01-2025 saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi müsahibə zamanı özünü keşiş kimi təqdim edib və onun keşiş statusu ilə bağlı təsdiqedici sənəd kimi arayış təqdim edib. Ərizəçi daha sonra izah etmişdir ki, onu və yaxın qohumlarım təhdid edən şəxslər radikal dini qruplaşmanın üzvləridir və onlar Pakistana qayıtmaq istəməyib, Pakistana qayıtdıqları təqdirdə, xristian olduqlarına və dini moizələr təbliğ etdiklərinə görə öldürülə biləcəklərini əsas gətirərək, Pakistana qayıtmaq istəmirlər. Ərizəçinin arvadı qaçqın statusu ilə bağlı müraciətinin səbəblərini izah edərkən ərinin dediklərini təsdiq edərək, eyni səbəbdən Pakistanı tərk etdiklərini, orada yaşaya bilmədiklərini, ərinin fəaliyyətinə görə naməlum şəxslər tərəfindən hədələndiklərini bildirib. 27 fevral 2025-ci ildə DMX İQ-02/4 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaş olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdırlar və ərizəçinin müraciətinin 1951-ci il Konvensiyasına heç bir əlaqəsi olmadığını bildirmişdirlər. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli İQ-02/4 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. İddiaçının müsahibə zamanı bildirdiyi ifadələrdə bəzi ziddiyətli məqamlar aşkar edilmişdir. Belə ki, 2016-cı ildən dini moizələr dediyini, həmçinin keşiş olduğunu bildirmiş, lakin keşiş olması ilə bağlı hər hansı dini təhsil almamış, daimi olaraq heç bir kilsədə fəaliyyət göstərməmiş, eyni zamanda dini təbliğatla məşğul olmamışdır. Heç bir xristian cəmiyyəti və təşkilatını tanımaması onun keşiş olması faktını şübhə altına almışdır. 2. Şəxs ölkə daxili alternativ yerdəyişmə imkanından istifadə etməmişdir. 3. İddiaçını təhdid edən şəxslərin “MQM-A” (“X3-A”) partiyasının üzvləri olduğunu bildirsə də, mənşə ölkəsi üzrə aparılan araşdırma zamanı “MQM-A” (“X3-A”) partiyasının siyasi partiya olduğu və onun üzvlərinin heç vaxt dini qrupları hədəf almadığı, radikal müsəlman təşkilatları ilə birgə fəaliyyət göstərmədiyi məlum olmuşdur. 4. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır; Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından göründüyü kimi, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (Pasport №: AM3966453) 15 yanvar 2025-ci il tarixdə “Qaçqın” statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun 16286/m saylı vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 01-2025 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla və ailə üzvü ilə müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində doğulduğunu, 1998-ci ildə ailə üzvləri ilə birlikdə Sind vilayətinin Karaçi şəhərinə köçdüyünü, milliyyətcə pəncablı, dini etiqadına görə xristian (pentikostal) olduğunu, orta məktəbdə 10 il təhsil aldığını, sonradan maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilmədiyini, 18 yaşından etibarən işləməyə məcbur qaldığını, müxtəlif restoranlarda kuryer kimi çalışdığını, 2016-cı ildən etibarən isə dəvət edildiyi yerlərdə dini moizələr oxuduğunu və dini tədbirlər təşkil etdiyini bildirmişdir. Ərizəçi 1 sentyabr 2018-ci il tarixində arvadı, baldızı Sozina və qayını Youhusfat ilə birlikdə Karaçi şəhərində dini tədbir təşkil etdiklərini, orada özünün dini moizə oxuduğunu, qayınının isə İncildən hədislər söylədiyini, həmin vaxt tanımadıqları bir qrup şəxsin onların tədbirinə mane olduqlarını, tədbiri dayandırmağı onlardan tələb etdiklərini, əks halda ölümlə hədələdiklərini bildirmişdir. O, həmin şəxslərdən ehtiyat etdiyi üçün tədbiri dayandırmağa məcbur qaldığını, lakin baş vermiş hadisədən sonra ilk bazar günündə ailə üzvü və yaxın qohumları (qayını və baldızı) ilə birlikdə kilsəyə moizə oxumaq üçün getdiklərini, orada olarkən yenidən həmin şəxslər tərəfindən təhdidə məruz qaldıqlarını, lakin ətrafdakı larin (kilsədəkilərin) köməyi ilə oranı tərk etdiklərini, sonuncu hadisədən sonra gizli şəkildə 3 ay öz ölkəsində yaşadıqlarını, lakin bu müddət ərzində həmin şəxslərin onun atasına xəbərdarlıq etdiklərini, onları ölümlə hədələdiklərini, bu səbəbdən Pakistanda yaşamaqdan ehtiyat etdiklərini, 2018-ci ilin dekabr ayında Pakistanı tərk edərək həyat yoldaşı və baldızı ilə birlikdə Malayziyaya getdiklərini, lakin qayını Youhusfatın maddi imkansızlıq səbəbindən onlarla birlikdə Malayziyaya gedə bilmədiyini və uzun müddət Pakistanda gizli yaşadığını bildirmişdir. Ərizəçi Malayziyada olduğu müddətdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) yerli nümayəndəliyinə sığınacaq almaq məqsədilə müraciət etdiklərini, onlarla müsahibə keçirildiyini, 2 ildən çox müddətdə orada yaşadıqlarını, bu müddətdə müraciətlərinə baxıldığını, lakin qayınatasının həmin şəxslərlə razılığa gəldiyini, bu səbəbdən də qayınatasının təkidi ilə BMT QAK-ın sığınacaq verib-verməməsi barədə qərarını gözləmədən 2021-ci ildə Pakistana qayıtmağa qərar verdiklərini və Malayziyaya girişlərinə məhdudiyyət tətbiq edildiyini söyləmişdir. O, Pakistana qayıtdıqdan sonra həmin şəxslərlə bir daha qarşılaşmadığını, gizli şəkildə ölkəsində yaşamağa davam etdiyini, lakin həmin şəxslərin onu və yaxın qohumlarını (arvadını, qayınını və baldızını) hələ də axtardıqları barədə xəbərlər aldığını, 24 yanvar 2024-cü il tarixdə isə naməlum şəxslərin qayını Youhusfata motosikletlə xəsarət yetirdiklərini və bundan sonra onun ayağının sındığını bildirmişdir. O, bu hadisədən sonra özünün və ailə üzvlərinin Pakistanda yaşamasından ehtiyat etdiyini, arvadı, qayını və baldızı ilə birlikdə baş vermiş hadisədən təxminən 1 (bir) il sonra Pakistanı tərk edərək 3 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəldiklərini demişdir. Ərizəçi onu və yaxın qohumlarını təhdid edən şəxslərin radikal dini qruplaşma üzvləri olduqlarını əsas gətirərək Pakistana qayıdacaqları təqdirdə onları xristian olması və dini moizələr oxuması səbəbindən qətlə yetirə biləcəyini qeyd edərək Pakistana qayıtmaq istəmədiklərini bildirmişdir. Ərizəçinin ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı söylədiyi faktların təhlili zamanı inandırıcıiıqla bağlı bəzi uyğunsuzluqlar meydana çıxmış və bu ərizəçinin xeyrinə həll edilməmişdir. O yaranan belə məqamlara izahatlar verə bilməmiş, qarışıq və rabitəsiz fikirlər söyləmişdir. İnandırıcıiıqla bağlı uyğunsuzluqlar aşağıdakılardan ibarət olmuşdur: Ərizəçi 2016-cı ildən etibarən dini moizələr dediyini, yaşadığı məntəqədə və bir sıra şəhərlərdə həftədə bir dəfə həyat yoldaşı, qayını və baldızı ilə birlikdə dini tədbirlər təşkil etdiyini, bu tədbirlərdən könüllü qaydada verilən ianələrdən pul qazandığını söyləyərək özünün keşiş olduğunu bildirmişdir. Lakin şəxsin söylədiklərinin təhlili zamanı məlum olmuşdur ki, o, keşiş olması üçün hər hansı dini təhsil almamış, daimi olaraq heç bir kilsədə fəaliyyət göstərməmiş, heç bir dini təbliğatla məşğul olmamışdır. Ərizəçinin keşiş olub-olmamasının dəqiqləşdirilməsi məqsədilə ona suallar verilsə də, verdiyi cavablar qənaətbəxş hesab olunmamışdır. Mənşə ölkəsi haqqında əldə edilən məlumatlarda Pakistanda perçtikostal kilsəsinə xidmət edən pastorun dini təhsilinin və bunu təsdiq edən sənədlərinin mövcud olması zərurəti qeyd edilir. Ərizəçidən keşiş olmasını sübut edən sənəd tələb edildikdə o vəsiqə təqdim etsə də sənədin həqiqiliyi də öz təsdiqini tapmamışdır. Belə ki, o, onlayn qaydada internet üzərindən tanış olduğu “X7” adlı xristian dini təşkilatının keşişi olan Zimbabve vətəndaşı tərəfindən “pdf” formatında vəsiqə ilə təmin edildiyini qeyd edərək həmin vəsiqəni çap edərək təqdim etmişdir. Onun təqdim etdiyi bu sənəddə isə hər hansı möhür və ya səlahiyyətli şəxsin imzası olmamış və bu sənəd onun keşiş olmasını təsdiq edən sənəd kimi qəbul edilməmişdir. Bundan başqa ərizəçiyə hansı xristian cəmiyyətləri və ya təşkilatlarını tanıması barədə sual ünvanlanmış və o heç bir təşkilat və cəmiyyəti tanımadığını demişdir, özünü keşiş olaraq təqdim etməyə çalışan şəxsin heç bir xristian təşkilatını tanımaması fikri qəbul edilməmiş və onun keşiş olması faktını şübhə altına almışdır. Ərizəçi verdiyi izahatlarda əsasən özünün və qayını Youhusfatın fəaliyyətinə görə təhdid olunduqlarını və bu səbəbdən 2018-ci ildə Pakistanı tərk edərək Malayziyaya getdiklərini bildirsə də, söylədiklərindən həmin ildə qayını Youhusfatın onlarla birlikdə ölkəni tərk etmədiyi, Pakistanda qaldığı və onun hər hansı təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Beləliklə də qayınının və özünün fəaliyyətinə görə eyni problem səbəbindən təhdid olunduqlarını deyən ərizəçinin qayınının ölkəni tərk etməməsi və ötən müddətdə təhdid və təzyiqə məruz qalmaması baş vermiş təhdidin ciddiliyini .şübhə altına almış və bu şübhə ərizəçinin və ailə üzvlərinin xeyrinə həll edilməmişdir. Bundan başqa, ərizəçi onları təhdid edən şəxslərin qayınatası ilə razılığa gəldiklərini, barışıq əldə etdiklərini və bu barışıqdan sonra qayınatasının təkidi ilə Pakistana qayıtdıqlarını desə də, söylədiklərindən onun və digər qohumlarının Pakistana gəldikdən sonra həmin şəxslərlə rastlaşmadığı və yenidən gizli şəkildə Kəraçinin müxtəlif məhəllələrində yaşamağa davam etdikləri məlum olmuşdur. Ərizəçidən barışıq əldə edildiyi halda gizli yaşamağa davam etməsinin səbəbi soruşulduqda o, bunun səbəbini hələ də həmin adamlardan ehiyat etməsi ilə əlaqələndirməyə çalışmışdır. Onun söylədiklərindən təxminən 3 ilə yaxın müddətdə öz ölkəsində yaşadığı və bu müddətdə heç bir təhdid və təzyiqə məruz qalmadığı məlum olmuşdur. Həmçinin, ərizəçi onu təhdid edən şəxslərin xarici görünüşlərinə görə hansısa bir radikal müsəlman qruplaşmasına və eyni zamanda “MQM-A” (“X3-A”) partiyasının üzvləri olduğunu iddia etməsi müəyyən uyğunsuzluqları göstərir. Belə ki, mənşə ölkəsi üzrə aparılan araşdırma zamanı “MQM-A” partiyasının siyasi partiya olduğu və onun üzvlərinin heç vaxt dini qrupları hədəfə almadığı və radikal müsəlman təşkilatları ilə birgə fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 27 fevral 2025-ci il tarixli, İQ-02/4 nömrəli nömrəli qərarına əsasən Pakistan islam Respublikasının vətəndaşı İddiaçı və onun ailə üzvlərinə qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; ... Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında "Qaçqın" statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir.

1. Azərbaycan Respublikasında "Qaçqın" statusu almaq niyyətində olan xarici ölkə vətəndaşı və ya vətəndaşlığı olmayan şəxs dövlət sərhədindən buraxılış məntəqələrində, habelə ölkə ərazisində ona "Qaçqın" statusu verilməsi barədə vəsatətlə bilavasitə, yaxud dövlət orqanlarının (Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və onların struktur bölmələri, habelə yerli icra hakimiyyəti orqanları) vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edir. ... "Qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.

7. "Qaçqın" statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır.

8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir.

9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: İPM-nin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar