Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-9036/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev 1205-ciməhəllədə yerləşən Aksa Mağazasında aparılmış X4 tədbirinə dair mağazanın video kamera görüntülərindən aydın olur ki, yoxlama aparan vergi müfəttişi satıcı ilə alqı-satqı əməliyyatı aparılması anında satıcını çaşdırmaq məqsədi ilə kassadan kənarlaşaraq getmək istəmiş, satıcı onunla aparılan alqı-satqı əməliyyatının başa çatmadığını, ödədiyi pulun qalığını və pul ödənişinə dair kassa çekini alması üçün onu saxlamış, pul qalığını qaytarmış və kassa çekini təqdim etmişdir. Cavabdehin etirazları: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, araşdırma zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2004-cü il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “Digər qruplara daxil edilməyən sair qeyri-ərzaq məmulatların pərakəndə satışı” olduğu, Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 1205-ci məhəllə ünvanında yerləşən 100 m2 sahəsi olan “AKSA” mağazasının xx.xx.2010cu il tarixdə vergi orqanında təsərrüfat subyekti kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra - Baş İdarə) “X4nin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********8387 nömrəli qərarı əsasında xx.xx.2024-cü il tarixdə saat 16:20-də "BADR” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanda yerləşən “AKSA” mağazasında keçirilmiş X4 tədbiri zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmişdir. Belə ki, müştəri tərəfindən alınan 1 (bir) ədəd boya qabına , 2 (iki) ədəd saç zajımı (balaca) və 2 (iki) ədəd saç zajımına (orta) görə nağd qaydada ödənilmiş 4,4 manat pul vəsaitinin nəzarət kassa aparatına mədaxil olunduğu və müştəriyə nəzarət kassa aparatının çeki təqdim edilsə də Vərgi Məcəlləsin 50.8-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Belə ki, həmin maddənin 50.8.5-ci yarımbəndinə əsasən malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ ( o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği) bununla yanaşı Vərgi Məcəlləsinin 50.8-ci maddəsinin 50.8.10-cu və 50.8.11 -ci yarımbəndlərinə əsasən ödənilmiş məbləğ və müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə) nəzarət-kassa aparatının çekində əks olunmalıdır. Lakin təqdim olunmuş nəzarət kassa aparatının çekində həmin məlumatlar öz əksini tapmamışdır. X4 zamanı vergi ödəyicisinin rəhbəri və ya səlahiyətli nümayəndəsi obyektdə olmadığından X4 tədbiri onların iştirakı olmadan keçirilmiş və X4 nəticəsinə dair xx.xx.2024-cü il tarixli DVX seriyalı 033980 nömrəli Akt obyektdə satıcı vəzifəsində çalışan X2 iştirakı ilə tərtib edilmişdir.Tərtib edilmiş akt və ona əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixli **********807800 nömrəli məktubla vergi ödəyicisinin qeydiyyat sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5655 nömrəli qərar qəbul olunaraq, iddiaçı barəsində 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Baş idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə xx.xx.2024-cü il tarixli **********751500 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, elektron qutuya göndərilmiş sənəd xx.xx.2024cü il tarixdə saat 13:37-də oxunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4nin həyata keçirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC-yə məxsus olan obyektdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X4nin həyata keçirilməsi qərara alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında 033980 nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:20-də OVN tədbiri keçirilən zaman müştəri tərəfindən alınmış mala görə nağd qaydada ödəniş edildi, onun müqabilində müvafiq məbləğ NKA-na daxil edildi, çek müştəriyə təqdim edildi. Təqdim edilmiş çek məlumatına əsasən Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən edildi. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə "xxxx" MMC 1000 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 50.1. X4 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. X4nin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1.vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2.vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.4. X4 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X4ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X6); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); 50.8.17. nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator); [ 50.8.18. yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı. 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Mübahisələndirilən qərardan görünür ki, cavabdeh tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Yuxarıda adıçəkilən Məcəllənin 53-cü və 54-cü maddələrinin və yuxarıda adıçəkilən 58-ci maddəsinin tələbləri də nəzərə alınmaqla hazırkı halda müəyyən edilməli məsələ iddiaçının təqsirli hərəkətləri nəticəsində həqiqətən də əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulub-pozulmaması ilə bağlıdır. Belə ki, Adıçəkilən Məcəllənin: 53.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması. Məhkəmə də qeyd olunan istiqamət üzrə araşdırma aparmış və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasında təqsiri sübut edilmişdir ki, qərarın qəbul edilməsində prosessual pozuntuların olmaması da nəzərə alınmaqla müəyyən edilmişdir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edən qərarı qanuni və əsaslıdır. Belə ki, işin faktiki halları ilə də müəyyən edilir ki, cavabdeh tərəfindən 05 mart 2024cü il tarixdə X4nin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, keçirilmiş vergi yoxlaması nəticəsində əhali ilə pul hesablaşmaların aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında akt tərtib edilmiş və müşahidə zamanı vergi ödəyicisi tərəfindən müştəriyə təqdim olunmuş çek məlumatlarının Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən olunmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, nəzarət kassa aparatı çeki, müştəriyə mal və ya xidmət alışı zamanı təqdim olunan və ödənişi təsdiq edən rəsmi sənəddir. Bu çek nəzarət kassa aparatı vasitəsilə çap olunur və alqı-satqı əməliyyatının tam rəsmiləşdirildiyini, həmçinin vergi uçotunun aparıldığını göstərir. Bu çekin əsas funksiyaları:
1. Ödənişin təsdiqi – müştəri ilə satıcı arasında aparılan ödəniş əməliyyatını sənədləşdirir;
2. Vergi nəzarəti – dövlət orqanları tərəfindən vergi uçotunun və şəffaflığın təmin edilməsi üçün istifadə olunur;
3. Hüquqi sənəd – alıcının gələcəkdə malı geri qaytarmaq və ya şikayət etmək hüququnu təmin edir.
4. Məlumat daşıyıcısı – çekdəki məlumatlar gəlir və xərc əməliyyatlarını izləmək üçün vacibdir. Göründüyü kimi nəzarət kassa aparıtının çeki həm alıcının hüquqlarını, həm də dövlətin vergi maraqlarını qorumaq məqsədilə tələb olunur. Nəzərə alınmalıdır ki, nəzarət kassa aparatlarının istismarı məsələsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar ilə tənzimlənir. Həmin Qaydaların: 1.4.6. İstifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları vergi orqanında uçota alınmış NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisi; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin hüququdur. Qaydaların tələblərindən də göründüyü kimi nəzarət kassa aparıtının çekinin qanunvericiliyinin tələblərinə cavab verməsi üçün məsuliyyət əsasən vergi ödəyicisi (sahibkar) və kassa aparatını quran və texniki xidmət göstərən quruma aiddir. Nəzərə alınmalıdır ki, Qaydaların 8.3.16-cı maddəsinin tələblərindən göründüyü kimi nəzarət kassa aparatını düzgün quraşdırmaq, çeki düzgün məlumatlarla təmin etmək və qanunvericiliyin tələblərinə uyğun olaraq fiskal məlumatları qeyd etmək sahibkarın məsuliyyətindədir ki, sahibkar çekin tələblərə cavab vermədiyi halda vergi qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Göründüyü kimi hazırki iş üzrə də bir qayda olaraq məsuliyyət iddiaçının özünə aiddir. Nəzərə alınmalıdır ki, operativ vergi yoxlaması zamanı aşkar olunan pozuntuda məhz malın satışı zamanı müştəriyə təqdim edilən nəzarət kassa aparatı çekində məlumatların VM-nin 50.8-ci maddəsinə cavab verməməsidir. İddiaçı vergi ödəyicisi kimi satdığı mala, əhali ilə pul hesablaşmaların aparılması qaydasına riayət etməsinə görə cavabdehdir. Lakin yoxlama zamanı təqdim olunan nəzarət kassa aparatı çekinin VM-nin 50.8-ci madddəsinin tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. Belə ki, həmin çekdə qanunvericilik ilə müəyyən olunan malın adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və digər məlumatların əks olunmadığı müəyyən olunur. Məhkəmə bir daha qeyd edir ki, nəzarət kassa aparatının çekində bu məlumatların göstərilməməsi istənilən halda iddiaçının məsuliyyət sferasına aiddir və bir qayda olaraq Qaydaların 8.3.16-cı bəndi ilə onun hüququdur. Göstərilən bu hal cavabdeh tərəfindən iddiaçı barəsində maliyyə sanksiyasının tətbiqini əsaslı hesab edir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahid qismində dindirilən şəxsi ifadəsidə ümumi xarakter daşımaqla hazırki iddianın təmininə təsir etmir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının vergi qanunvericiliyinin pozulmasında təqsiri müəyyən olunduğundan onun barəsində tətbiq olunmuş maliyyə sanksiyası əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov