Məhkəmə qərarları › İş №e-2-1(112)-9613/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-9613/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-9613/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Aqrar Sığorta Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əlibala oğlunun cavabdeh Aqrar Sığorta Fonduna qarşı “qərarın ləğvi və dəymiş zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Əlibala oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Aqrar Sığorta Fondunun xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyan olaraq 22 727.6 AZN pulun və mediasiyaya ödənilmiş 160 xidmət haqqının və vəkilə ödənilmiş 120 manat pulun verilməsi vəzifəsinin cababdeh Aqrar Sığorta Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 2022-ci ilin iyun və iyul aylarında təbii fəlakət - fırtına olmuş və iddiaçının təsərrüfatı xeyli ziyan çəkmiş, iddiaçı həm maddi, həm mənəvi ziyan çəkərək böyük zərərlə üzləşmişdir. Sığorta hadisəsi olan fırtına baş verdiyi müddətdə sığorta müqaviləsi qüvvədə olmuşdur. İddiaçının təsərrüfatına fırtına səbəbindən dəymiş ziyanla bağlı müqavilələrdə göstərilməsinə baxmayaraq heç bir sığorta məbləği ödənilməmişdir. İddiaçı müraciət etsə də, heç bir köməklik göstərilməmişdir. Müxtəlif səbəblər göstərilməklə iddiaçıya fırtına səbəbindən dəymiş sığorta ödənişi ödənilməmişdir. Qobustan rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 57.36 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı dövlət aktı iki nüxsədən ibarət xx.xx.1998-ci il JM:0042 Kod: 30708028 saylı nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixində Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC (Aqrar Sığortaçı) və İddiaçı arasında müqavilə imzalanmışdır. X2 və Bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnamələrinə əsasən BS- **********-XS şəhadətnaməyə əsasən 7022.4 Azn, BS-**********-XS şəhadətnaməyə əsasən 3511.2 Azn, BS-**********-XS şəhadətnaməyə əsasən 2626.4 Azn, BS**********-XS şəhadətnaməyə əsasən 9567.6 AZN olmaqla ümumilikdə ümumilikdə 22 727.6 AZN təbii fəlakət olanFırtına səbəbindən Sığorta ödənişi müqavilə üzrə qeyd olunmuşdur. İddiaçının torpaq sahəsinə yaxın cavabdeh Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ilə müqavilə bağlamış qonşu torpaq sahələri də təbii fəlakət - fırtınadan ziyan dəymiş və həmin şəxslərə fırtına təbii fəlakəti ilə bağlı sığorta ödənişləri verilmişdir. Lakin iddiaçıya sığorta ödənişi ödənilməmişdir. Həmin qonşu torpaq sahələrinin sahibləri də şahid kimi fırtınaya görə sığorta məbləğinin ödənildiyini təsdiq edirlər. Aqrar Sığorta Müştərək Sığorta Şirkəti ASC ilə iddiaçı arasında bağlanmış sığorta şəhadətnaməsində (müqavilələrdə) qeyd olunmuşdur ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən təbii fəlakətlər o cümlədən fırtına risklərinin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təyinatı altında alınır. Yuxarıda qeyd edilən qanun pozuntularından irəli gələrək iddiaçı öz konstitutsiyon hüquqlarıının təmin edilməsi və bərpası, eləcə də ədalətli qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

3. Cavabdeh tərəfindən təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, ölkəmizdə stabil, təhlükəsiz aqrar sığorta mexanizminin formalaşdırılması, aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanmasının təmin edilməsi məqsədilə 2019-cu il 27 iyun tarixdə “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - Qanun) qəbul edilmişdir və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 19 avqust 809 nömrəli Fərmanına əsasən aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə Aqrar Sığorta Fondu (bundan sonra - Fond) təsis edilmişdir. Qanunun 4.1 -ci maddəsinə əsasən aqrar sığortanın predmetinə X2 və bitkiçilik məhsulları, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar və akvakultura məhsulu daxildir. Qanunun 7-ci maddəsinə əsasən aqrar sığorta haqqı sığorta qaydaları əsasında idarəedici qurum tərəfindən hesablanır, aqrar sığortalı tərəfindən ödənilməli olan və dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissələrdən ibarətdir. Aqrar sığorta haqqının 50 faizinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi dövlətin Fond vasitəsilə kənd təsərrüfatı sahəsində olan sahibkarlığa dəstəyinin ifadəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 dekabr tarixli 479 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta predmetinin Tərkibi”nin 1.1-ci bəndinə əsasən X2 və bitkiçilik məhsulları üzrə aqrar sığortanın predmetinə 41 növ, 1.2-ci bəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə 2 növ və 1.3-cü bəndinə əsasən akvakultura məhsulu üzrə 1 növ məhsul daxildir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 505 nömrəli Qərarı ilə “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi’’ təsdiq edilmişdir. Həm sözügedən qərarda aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibində quraqlıq riski nəzərdə tutulmamış, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra - Qaydalar) 2.3.1-ci yarımbəndinin 5-ci hisəssində quraqlıq halı nəticəsində zərərlərə görə sığorta təminatının verilmədiyi qeyd edilmişdir. İddiaçı ilə Fondun idarəedici qurumu olan - "Aqrar Sığorta Müştərək Sığorta” ASC arasında bağlanmış X2 və bitkiçilik məhsullarının sığortasına dair arpa bitkisi üzrə BS- **********-XS nömrəli sığorta müqaviləsi üzrə Qaydaların müvafiq müddəalarına uyğun olaraq xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək risklərin (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, pasırcıa, fırtına, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) baş verməsi nəticəsində sığortalanmış məhsullara dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı şəxsdən sığorta hadisəsinin baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və təminat müddəti ərzində baş verməsi ehtimalına qarşı Qaydaların 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Aparılan araşdırılmanın nəticəsinə əsasən təminata daxil olmayan aurgaglıdın, eyni zamanda təminata daxil olan fırtınanın təsirləri müəyyən edilmiş və hesablanmış zərər faizi 21.05% olmuşdur. Bunun nəticəsində Fond tərəfindən 739.11 manat zərər məbləğindən Qaydaların 1.6.7-ci yarımbəndinin 1-ci abzasına və sığortalı ilə bağlanmış sığorta müqaviləsinin müddəalarına əsasən 351.12 manat azadolma məbləği çıxılaraq 387.99 manat sığorta ödənişi məbləği hesablanmışdır. Eyni zamanda Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan 2022-ci il 23 dekabr tarixli DT/3.1-2-2022-656 nömrəli məktub ilə vətəndaşa fırtına riskindən dəyən zərərə münasibətdə 387.99 manat sığorta ödənişinin verilməsi üçün razılıq ərizəsinin təqdim edilməsi xahiş edilmiş və quraqlıq riskinə münasibətdə isə adıçəkilən risk üzrə təminat verilmədiyindən həmin hissədə dəymiş zərərə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sığortalı şəxs isə təyin edilmiş məbləğ və zərərin qiymətləndirilməsi ilə razı deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci və 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır.

4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarışa əsasən Qobustan rayonu, Ərəbşahverdi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ (ümumi birgə) İddiaçı adına qeydiyyata alınmışdır.

5. X2 və bitkiçilik məhsullarının sığortası üzrə sığorta şəhadətnaməsi iş materiallarına əlavə olunmuşdur: Sığorta növü X2 və bitkiçilik məhsullarının sığortası Şəhadətnamənin BS-**********-XS nömrəsi Aqrar sığortaçısı Aqrar Sığorta Fondu adından "xxxx" ASC Hüquqi ünvan: Bakı şəh., Xətai ray., Nobel pr., 175 Aqrar sığortalı İddiaçı Hüquqi/qeydiyyat ünvanı: Qobustan ray., Ərəbşahverdi k-di VÖEN/FİN: xxxxxxx Aqrar sığorta olunan İddiaçı Hüquqi/qeydiyyat ünvanı: Qobustan ray., Ərəbşahverdi k-di VÖEN/FİN: xxxxxxx Faydalanan şəxs İddiaçı Hüquqi/qeydiyyat ünvanı: Qobustan ray., Ərəbşahverdi k-di VÖEN/FİN: xxxxxxx Vasitəçi Aqrar "xxxx" Açıq Səhmdar Cəmiyyəti sığortaçı Hüquqi/qeydiyyat ünvanı: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 22L, 494-cü məhəllə Faktiki ünvan: Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 22L, 494-cü məhəllə

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi və izahatında bildirdi ki, hazırki mübahisə sığorta müqaviləsindən irəli gələn münasibətlərlə bağlı olduğu üçün inzibati icraat çərçivəsində deyil, kommersiya məhkəməsində baxılmalıdır.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. 17.Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanundan: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibatı orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

12. “Aqrar sığorta haqqında” qanundan: 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.2. Aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. 17.3. Sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir. 17.4. Sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər.

13. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Aqrar Sığorta Fondu inzibati orqan kimi müəyyən olunmur.

14. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi publik hüquq münasibətlərin tənzimlənməsindən irəli gəlmir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə (qeyri-kommersiya təşkilatı ilə) iddiaçı arasında arasındakı mülki hüquq (sığorta) münasibətlərin tənzimlənməsi ilə bağlıdır. “Aqrar sığorta haqqında” Qanunun 17.1 və 17.4cü maddələri hazırkı işə inzibati mübahisə kimi qiymətləndirilməsinə əsas hesab edilə bilməz. Belə ki, Qanunun 17.1-ci maddəsi qəbul edilmiş qərar barədə məlumatın verilməsi zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydanın nəzərə alınmalı olduğunu, 17.4-cü maddəsi isə həmin qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilməsi hüqunu izah edir. Bu isə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olması, mübahisənin xarakterinin isə inzibati mübahisə olması demək deyildir.

15. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona maddi və mənəvi zərər vurulduğunu hesab etdiyi təqdirdə, mülki məhkəmə icraatı qaydasında iddia qaldıra bilər.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar