Məhkəmə qərarları › İş №e-2-1(114)-1601/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-1601/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-1601/2022 18.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv olunması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********485000 nömrəli və xx.xx.2022-ci il tarixli **********734600 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar işləmiş, işlədiyi müddətdə əhalidən əlvan metal tullantı və qırıntıları qəbul edərək istehsala vermişdir. Lakin ayrı-ayrı şəxslərdən qəbul edilmiş malların sənədləşdirilməsi mümkün olmadığından həmin malları məcbur qalaraq öz adına rəsmiləşdirib müəssisəyə təqdim etmişdir. Bu xüsusda müəssisə tərəfindən təqdim edilmiş mallara görə əldə edilmiş gəlirlərdən 2 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmuşdur. Lakin, vergi orqanı onun fərdi sahibkar kimi vergi orqanında qeydiyyata durmadığı və topdan satış fəaliyyəti ilə məşğul olduğu qənaətinə gələrək onun hər-hansı müraciəti olmadan onu fərdi sahibkar kimi vergi orqanında qeydiyyata almış və xx.xx.2022-ci il tarixli **********485000 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar əsasında ona 2019-cu il üzrə 8716.54 manat və xx.xx.2022-ci il tarixli **********34600 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar əsasında 2020-ci il üzrə 278.94 manat gəlir vergisi hesablanmışdır. İddiaçı heseb edir ki, cavabdehin onun barəsində qəbul etdiyi qərarlar qanunsuz və əsasızdır, həmçinin xx.xx.2022-ci il tarixli **********485000 nömrəli “Vergilərin sosial sığorta işsizlik sığortası haqlarının hesablanması barədə qərar qəbul edilməsilə nəticələnən inzibati icraat düzgün aparılmamış və inzibati orqan tərəfindən inzibati icraatın aparılması üçün qanunvericiliklə müəyyən olunmuş prosessual qaydaya əməl edilməmişdir. Belə ki, onun tərəfindən xx.xx.2022-ci il tarixdə 2019-cu il gəlir vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, lakin inzibati orqan həmin bəyannamə üzrə hansı çatışmamazlıqların olmasını müəyyən etmədən, bununla bağlı ondan əlavə sənəd, məlumat, izahat və s. tələb etmədən bəyannamə üzrə araşdırmanı onun iştirakı olmadan aparmış və nəticədə bəyannaməni qəbul etməyərək xx.xx.2022-ci il tarixli **********485000 nömrəli qərar əsasında ona 2019-cu il üzrə 8716.54 manat gəlir vergisi hesablanmışdır. Qeyd olunanlara uyğun olaraq iddiaçı hesab edir ki, xx.xx.2022-ci il tarixli **********485000 nömrəli qərar və xx.xx.2022-ci il tarixli **********734600 nömrəli qərar ləğv edilməli həmin qərar əsasında hesablanmış vergi məbləğləri şəxsi hesab vərəqəsindən silinməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2019-cu il tarilxi XPT seriyalı, 000702 nömrəli malların alış aktına əsasən 650 kiloqram (ümumi dəyəri 4615.0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000703 nömrəli malların alış aktına əsasən 2436 kiloqram (ümumi dəyəri 17052.0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000704 nömrəli malların alış aktına əsasən 6959 kiloqram (ümumi dəyəri 14962.86 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000707 nömrəli malların alış aktına əsasən 8300 kiloqram (ümumi dəyəri 17845,0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı 000708 nömrəli malların alış aktına əsasən 8900 kiloqram (ümumi dəyəri 19135.0 manat), 15..02.2019-cu il tarixli XPT seriyalı, 000710 nömrəli malların alış aktına əsasən 8100 kiloqram (ümumi dəyəri 17415.0 manat), xx.xx.2019-cu il tarilxi XPT seriyalı, 000711 nömrəli malların alış aktına əsasən 11900 kiloqram (ümumi dəyəri 25585,0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000712 nömrəli malların alış aktına əsasən 8500 kiloqram (ümumi dəyəri 15.00,0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000713 nömrəli malların alış aktına əsasən 8000 kiloqram (ümumi dəyəri 14400,0 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000714 nömrəli malların alış aktına əsasən 3941 kiloqram (ümumi dəyəri 28769.3 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000715 nömrəli malların alış aktına əsasən 4562 kiloqram (ümumi dəyəri 33302.6 manat), xx.xx.2019-cu il tarixli XPT seriyalı, 000716 nömrəli malların alış aktına əsasən 1741 kiloqram (ümumi dəyəri 12709.3 manat), ümumilikdə 86.3 ton (ümumi dəyəri 261496.06 manat) 15 sayda malların alış aktı ilə metal tullantılarının (mis, aliminium və qurğuşun) təqdim edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2019cu ilin cari gəlir vergisi bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləği azaldılmışdır. Vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2019-cu ilin gəlir vergisi bəyannaməsi analoji uyğunsuzluğa əsasən 52299,21 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********130700 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi ödəyicisi həm iddia ərizəsində, həm də vergi ünvanladığı müraciətində dolayı yolla həmin metal tullantılarını ayrı-ayrı şəxslərdən qəbul etdiyini və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə təqdim etdiyini etiraf etmişdir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işlədiyini, işlədiyi müddət ərzində əhalidən əlvan metal tullantı və qırıntıları qəbul edərək istehsala verdiyini, əhalidən alınan malların sənədləşdirilməsi mümkün olmadığını iddia etməsinə baxmayaraq, anbardar olaraq vəzifəsinin malların ilkin uçot sənədləri ilə Cəmiyyətin anbarına mədaxil edilməsi olmuş, öz adından malların alış aktlarını təqdim etməli olması vəzifəsi olmamışdır. İddia tələbinin xx.xx.2022-ci il tarixli **********734600 nömrəli qərarın ləğv edilməsi ilə bağlı hissəsi də tamamilə əsassızdır. Belə ki, iddiaçı tərəfindən 28 mart 2022-ci il tarixində təqdim olunmuş 2020-ci il dövrü üzrə gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanılması zamanı həmin bəyannamənin 1200.1-ci malların təqdim edilməsindən gəlir və 1200.2-ci – işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 6973.60 manat az əks etdirildiyi, həmçinin uçot baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövlərində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında mallar alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar” adlanan 1 nömrəli əlavəsinin təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən vergi ödəyicisinin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini nəzərə almayan vergi orqanı 13 aprel tarixli **********734600 nömrəli qərarı qəbul edərək vergi ödəyicisinə 2020-ci il üzrə 278.94 manat məbləğində gəlir vergisi hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********85000 nömrəli qərarının surətindən görünür ki, İddiaçı barəsində 2019-cu il hesabat dövrü üzrə 8.716.54 manat gəlir vergisi hesablanmışdır. -12 saylı Ərazi Vergilər Baş İdarəsini “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********734600 nömrəli qərarının surətindən görünür ki, İddiaçı barəsində 2020-ci il hesabat dövrü üzrə 278.94 manat gəlir vergisi hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müxtəlif tarixlərdə ümumilikdə 86.3 ton (ümumi dəyəri 261496.06 manat) 15 sayda malların alış aktı ilə metal tullantılarının (mis, aliminium və qurğuşun) təqdim edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinə vergi orqanı tərəfindən məktub göndərilərək müvafiq bəyənnamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilsə də, vergi ödəyicisi tərəfindən kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə hesablanmış cari vergi ödəmələri nəzərə alınmaqla Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən analoji qaydada 2019-cu il üçün 52299,21 manat gəlir vergisi hesablanmış və müvafiq qərar qəbul edilmiş və sonradan vergi ödəyicisi tərəfindən hər hansı təsdiqedici sənəd olmadan 0 manat göstərici ilə dəqiqləşdirilmiş gəlir vergisi bəyənnaməsi təqdim edilmiş, bu səbəbdən də vergi orqanının xx.xx.2022-ci il tarixli **********485000 nömrəli qərarı ilə əvvəlki kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləği bərpa edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 28 mart 2022-ci il tarixində təqdim olunmuş 2020-ci il dövrü üzrə gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanılması zamanı həmin bəyannamənin müvafiq sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 6973.60 manat az əks etdirildiyi, həmçinin uçot baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövlərində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar” adlanan 1 nömrəli əlavəsinin təqdim olunmadığı müəyyən olunmuş, bu səbəbdən vergi ödəyicisinin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini nəzərə almayan vergi orqanı 13.04 2022-ci il tarixli **********734600 nömrəli qərarı qəbul edərək vergi ödəyicisinə 2020-ci il üzrə 278.94 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı hazırda mübahisələndirdiyi qərarların qanunvericiliyin tələblərinin gözlənilmədən və cavabdeh tərəfindən ona vergilərin qərəzli hesablandığını bildirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********485000 nömrəli və 13.04 2022-ci il tarixli **********734600 nömrəli qərarların qanuniliyinin yoxlanılmasıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. -33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü maddəsində nəzərdə tutulmuş halda vergi orqanı 5 gün müddətində fərdi sahibkara onun vergi uçotuna alınması barədə məlumat verir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. -83.2.4-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata əsaslanaraq hesablamaq hüququ vardır. Qeyd edilməlidir ki, ümumi həcmi 86.3 ton, məbləği 261496.06 manat olan müxtəlif metal tullantılarının iddiaçı tərəfindən təqdim edilməsi işin mübahisəsiz halıdır. Vergi ödəyicisi həm iddia ərizəsində, həm də vergi orqanına ünvanladığı müraciətində dolayı yolla həmin metal tullantılarını ayrı-ayrı şəxslərdən qəbul etdiyini və "xxxx" MMC-yə təqdim etdiyini etiraf etmişdir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də anbardar vəzifəsində işlədiyini, işlədiyi müddət ərzində əhalidən əlvan metal tullantı və qırıntıları qəbul edərək istehsala verdiyini etiraf etmişdir. Eyni zamanda iddiaçının elektron qaimə-faktura ilə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən ümumi çəkisi 30320,0 kiloqram olan qara metal aldığı müəyyən edilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı müvafiq sahə üzrə sahibkarlıq fəaliyyətini həyata keçirmiş, metal qırıntılarını qəbul edərək Cəmiyyətə təqdim etmiş, həmin metal qırıntılarını vətəndaşlardan qəbul edərkən vətəndaşların adlarına alış aktlarının tərtib edilməsindən yayınmışdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun1-ci maddəsində qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanının bu təqdimetməni sahibkarlıq fəaliyyəti məqsədləri üçün təqdimedilmə kimi qəbul etməsi və iddiaçıya əlavə vergi hesablaması həm qanunvericiliyin, həm də işin faktiki halları baxımından tam əsaslı olmuşdur. İddiaçının iddia tələbinin xx.xx.2022-ci il tarixli **********734600 nömrəli qərarın ləğv edilməsi ilə bağlı hissəsi də əsassızdır. Belə ki, iddiaçı tərəfindən 28 mart 2022-ci il tarixində təqdim olunmuş 2020-ci il dövrü üzrə gəlir vergisi bəyannaməsinin kameral qaydada yoxlanılması zamanı həmin bəyannamənin 1200.1-ci malların təqdim edilməsindən gəlir və 1200.2-ci – işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləğinin hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan məbləğdən 6973.60 manat az əks etdirildiyi, həmçinin uçot baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövlərində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında mallar (işlər, xidmətlər) alınmasına baxmayaraq bəyannamənin “Aktivlər, öhdəliklər və kapitallar” adlanan 1 nömrəli əlavəsinin təqdim olunmadığı müəyyən olunmuşdur. Bu səbəbdən vergi ödəyicisinin dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsini nəzərə almayan vergi orqanı 13 aprel tarixli **********734600 nömrəli qərarı qəbul edərək vergi ödəyicisinə 2020-ci il üzrə 278.94 manat məbləğində gəlir vergisi hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qeyd olunan Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, göründüyü kimi hazırda iddiaçının mübahisələndirildiyi qərarlar qanuni və əsaslıdır, odur ki, həmin qərarların ləğvi üçün hər hansı əsas olmadığından iddia əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv olunması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar