Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2104/2021 11.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 29.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin 01.09.2021-ci il tarixli, **********322000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barədə kameral vergi yoxlamasının həyata keçirilməsi barədə qərar qəbul edilmiş, qərarın qəbul edilməsinə əsas iddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il üzrə dəqiqləşmiş mənfəət vergisi bəyannaməsi olmuşdur. Bəyannamə təqdim edildikdən sonra cavabdeh inzibati orqan tərəfindən uyğunsuzluq aşkarlanmış və nəticədə 01.09.2021 -ci il tarixdə “Vergilərin, sosial sığorta vəişsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Uyğunsuzluğa əsas kimi 1529937,90 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq formaya uyğun alış aktlarını cavabdehə təqdim etmişdir. Cavabdeh tərəfindən həmin alış aktları qərəzli olaraq, qanunvericiliyin tələblərinə zidd olaraq, xərc kimi tanınmamış, eyni zamanda cavabdeh orqan kameral yoxlama barədə qərar qəbul edərkən, gəlirdən çıxılan xərclərin, alış aktlarının xərc sənədi kimi tanımadığına dair xüsusatları öz qərarında əsaslandırmamışdır. Uçot-baza məlumatlarına əsasən bəyannamənin aid olduğu ilin müvafiq dövrlərində iddiaçı tərəfindən 867.95 manat məbləğində mallar idxal edilməsinə və e-qaimə əsasında mallar alınmasına baxmayaraq, vergi orqanının məlumat bazasında olan göstəricilərin cəmindən 867.95 manat az əks etdirildiyindən kənarlaşma aşkar edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdeh orqana ərizə ilə müraciət edilərək, “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda qeyd etdiyi xərclərlə bağlı müvafiq sənədlərləri, “Forma MAA-1” malların alış aktlarını və digər sənədləri ona təqdim etmiş, əlavə olaraq malların alış aktlarının cədvəlini cavabdehə təqdim etmiş, həmçinin iddiaçı tərəfindən dəfələrlə uyğunsuzluğa cavab yazılmasına baxmayaraq eyni uyğunsuzluq təkrar göndərilmişdir. 2019-cu il mənfəət vergisi bəyannaməsi üzrə cavabdeh tərəfindən keçirilən kameral yoxlama vergisinin aparılması ümumiyyətlə qanuna uyğun olmamışdır. Belə ki, cavabdeh tərəfindən qanunsuz və əssasız olaraq kameral vergi yoxlaması aparılmış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilərək, iddiaçıya qanunsuz olaraq əlavə vergi məbləği hesablanmışdır. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının aldığı malların alış aktları 2019-cu ildə olmuşdur, həmin dövrdə isə ciddi hesabat blanklarına zərurət yox idi, buna baxmayaraq vergi orqanı həmin alış aktlarını xərc kimi nəzərə almamış və iddiaçını maliyyə sanksiyasına məruz qoymuşdur. Vergi orqanının iddiaçının mal aldığı şəxslərin torpaq sahələrinin olub-olmamasını, onların kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olub-olmamasını müəyyən edə bilməməsi, eyni zamanda mal satan şəxslərdən birinin qeydiyyatda olduğu ünvanda yaşamaması, digərinin izahat verməkdən imtina etməsi də iddiaçının ziyanına şərh oluna bilməz. Bundan əlavə, vergi orqanı vergi məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq analoji qaydada vergi hesablamalı olduğu halda şərti rentabellik qaydasında vergi borcu hesablamışdır ki, bu da qanunun tələblərinə ziddir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, kameral vergi yoxlamasının keçirilməsinə səbəb "xxxx" MMC tərəfindən təqdim edilmiş 2019-cu ilin mənfəət vergi bəyannaməsində gəlirlərinin əldə edilməsi ilə bağlı 1511352,90 manat xərcin göstərilməsidir. Bununla bağlı kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında cavabdehin 02.11,2020-ci il tarixli, **********526200 nömrəli məktubuna cavab olaraq "xxxx" MMC-nin 03.02.2021-ci il tarixli, **********412200 nömrəli məktubu ilə xərclərini təsdiq edən sənədləri vergi orqanına təqdim etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş alış aktlarına "xxxx" MMC ilə X2 arasında bağlanmış 06.05.2019-cu il tarixli, 011858 nömrəli 200600 manat dəyərində olan malların alış aktı, "xxxx" MMC ilə X12-hüseyn oğlu arasında bağlanmış 12.04.2019-cu il tarixli, 011854 nömrəli 84292,80 manat, 12.04.2019-cu il tarixli, 011855 nömrəli 68927,10 manat, 06.05.2019-cu il tarixli, 011856 nömrəli 200600 manat, 03.06.2019-cu il tarixli, 011867 nömrəli 180235,70 manat, 15.04.2019-cu il tarixli, 011872 nömrəli 46863,80 manat və 11.04.2019-cu il tarixli 011873 nömrəli 115229,40 manat dəyərində olan malların alış aktıları, "xxxx" MMC ilə X7 arasında bağlanmış 08.06.2019-cu il tarixli, 001862 nömrəli 96000 manat, 13.06.2019-cu il tarixli, 011865 nömrəli 120000 manat, 15.06.2019-cu il tarixli, 011866 nömrəli 147582,50 manat, 11.06.2019-cu il tarixli, 011868 nömrəli 41995 manat, 25.06.2019-cu il tarixli, 011869 nömrəli 20240 manat və 01.08.2019-cu il tarixli, 011870 nömrəli 20140 manat dəyərində olan malların alış aktıları, "xxxx" MMC ilə X8 arasında bağlanmış 15.04.2019-cu il tarixli 011853 nömrəli, 138546.60 manat dəyərində olan malların alış aktı daxildir. Yuxarıda qeyd olunan vətəndaşların faktiki kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmalarının, torpaq sahələrinin, istehsal etdikləri malların və digər zəruri sənədlərin yerində yoxlaması zamanı X3 qeydiyyatda olduğu Şəmkir şəhəri, Bülbül küçəsi, ev 4-də yaşamaması və Şəmkir şəhəri, Morul küçəsi, ev 13-də qeydiyyatda olan X4 isə satdığı mallarla bağlı izahat verməkdən imtina etməsi müəyyən edilmiş və aktla rəsmiləşdirilmişdir. Eyni zamanda X2 və X12-hüseyn oğlu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Bununla bağlı "xxxx" MMC-nin təqdim etdiyi 2019-cu il mənfəət vergi bəyannaməsinə Nazirlər Kabinetinin 01.03.2001-il tarixli 55 nömrəli qərarına əsasən 2019-cu ilin mənfəət vergisi üzrə 52284.15 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -14 saylı Ərazi Vergilər İdarəsinin 13.08.2021-ci il tarixli **********011600 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-dən hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün beş gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri vergi orqanına təqdim olunması tələb edilmişdir. -14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.09.2020-ci il tarixli, **********2322000 nömrəli qərarının məzmunundan görünür ki, "xxxx" MMC vergi qanunvericiliyinin pozulmasına görə 52284,15 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı 2019-cu ilin mənfəət vergi bəyannaməsində gəlirlərinin əldə edilməsi ilə bağlı 1511352,90 manat xərcin olmasını göstərmiş, bununla bağlı 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı barəsində kameral vergi yoxlaması təyin edilmiş və kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında iddiaçıya məktub göndərilmişdir. Həmin məktuba cavab olaraq "xxxx" MMC-nin 03.02.2021-ci il tarixli, **********412200 nömrəli məktubu ilə xərclərini təsdiq edən müvafiq sənədlər vergi orqanına təqdim edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş alış aktlarına "xxxx" MMC ilə X2, X12-hüseyn oğlu, X7 və X8 arasında bağlanmış malların alış aktı daxil olmuşdur. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırda 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.09.2020-ci il tarixli, **********2322000 nömrəli qərarını mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin:- -36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı tərəfindən müvafiq alış aktları vergi orqanına təqdim edilsə də, vergi orqanı həmin alış aktlarını xərc sənədi kimi nəzərə almamış və iddiaçını maliyyə sanksiyasına məruz qoymuşdur. Qeyd edilməlidir ki, vergi orqanı tərəfindən iddiaçının mal aldığı şəxslərin torpaq sahələrinin olub-olmamasının, onların kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olubolmamasının müəyyən edilə bilməməsi, eyni zamanda mal satan şəxslərdən birinin qeydiyyatda olduğu ünvanda yaşamaması, digərinin izahat verməkdən imtina etməsi iddiaçının həmin şəxslərdən mal almasını istisna edən hal kimi qiymətləndirilə, habelə iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan əlavə, vergi orqanı vergi məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq analoji qaydada vergi hesablamalı olduğu halda şərti rentabellik qaydasında vergi borcu hesablamışdır ki, bu da qanunun tələblərinə ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.09.2020-ci il tarixli, **********2322000 nömrəli qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 01.09.2020-ci il tarixli, **********2322000 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 01.09.2020-ci il tarixli, **********2322000 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №e-2-1(114)-2104/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2104/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver