Məhkəmə qərarları › İş №e-2-1(114)-2555/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2555/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2555/2025 14.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ailəsinə 2024-2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıun “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********80203 nömrəli müraciəti əsasında ona və 5 nəfərə ailə üzvlərinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 616,16 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək isə 598,81 manat məbləğində aylıq sosial yardım təyin edilmişdir.

2. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının yenidən hesablanması ilə bağlı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müraciətlərinə cavab olaraq bildirilmişdir ki, "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********50101 nömrəli müraciəti əsasında VEMTAS tərəfindən ailəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 598,81 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmiş və bu barədə müraciətində qeyd etdiyi əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Bildirilir ki, VEMTAS-a daxil etdiyi **********50101 nömrəli müraciətində "Ərizə-bəyannamə"də ailəsinin tərkibinin özü, həyat yoldaşı və 3 uşağı olmaqla 5 nəfərdən, müraciətdən əvvəlki son 12 (on iki) ayı əhatə edən dövrdə ailəsinin illik ümumi gəlirinin muzdla işləyən şəxs kimi ona ödənilmiş 3207,32 manat əmək haqqının və 1000 manat digər ailələrdən alınmış gəlirlərin cəmi olaraq 4207,32 manat (3207,32+1000=4207,32) və həmin dövrdə ailə üzvlərinin mobil telefon xərclərinin 39,50 manat olduğu göstərilmişdir. Həmin məlumatlar əsasında VEMTAS tərəfindən ailəsinin orta aylıq gəliri 350,61 manat (4207,32/12=350,61), ailəsinin adambaşına düşən orta aylıq gəliri 70,12 manat (350,61/5=70,12) və ailəsinin adambaşına düşən orta aylıq telefon xərci isə 0,658 manat (39,50/12/5=0,658) hesablanmışdır. Nəzərinə çatdırılır ki, təqdim etdiyi məlumatlar əsasında hesablanmış ailəsinin adambaşına düşən orta aylıq gəliri (70,12 manat) həmin Qaydaların 5.22-ci bəndində tələb olunan hesablama qaydası üzrə müəyyənləşdirilən ailənin adambaşına düşən orta aylıq gəlirindən (150,238 manat) az olduğuna görə (OAG=YM(32,6%+15,6%+7,2%)+R+RM, YM-cari ildə yaşayış minimumunun ölkə üzrə məbləği-270 manat, R-ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği-0 manat, RM--mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği-0,658 manat) həmin bəndin tələblərinə uyğun olaraq ailənizin adambaşına düşən orta aylıq gəliri 150,238 manat (270*0,554%+0,658=149,58+0,658=150,238), ehtiyacı meyarı ilə adambaşına düşən orta aylıq gəlir arasında yaranmış fərq 119,762 manat ( 270-150 ,238=119,762) və 5 nəfər ailə üzvünə təyin edilmiş sosial yardımın məbləği isə 598,81 manat (5*119,762=598,81) olmuşdur.

3. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımının yenidən hesablanması ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın (ÜDSY) məbləği ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) 142 Çağrı mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli müraciətinə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialında baxılmışdır. Ailəsini təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi **********8741-1 nömrəli müraciətində bəyan etdiyi məlumatlara əsasən hər bir ailə üzvü üçün orta aylıq gəliriləri 42 manat məbləğində müəyyən olunmuşdur. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (Qaydalar) əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər və Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür. Həmin müraciətdə ailəsinin ÜDSY məbləğinin hesablanması, Qaydalara əsasən 5 nəfər ailə üzvü üçün aşağıdakı kimidir: YM (39.2%+18.8%+8.7%)+R+RM 285 x 66.7% = 190.1 285 - 190.1 = 94.9 94.9 x 5 (ailə üzvlərinin sayı) = 474.53 Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğidir. ÜDSY-nin təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarı həddi 285 manat məbləğində təsdiq edilmişdir. Buna görə də, Qaydalara əsasən, ailəni təmsil edən şəxs qismində ÜDSY-nin alınması ilə bağlı VEMTAS-a daxil etdiyiniz müraciəti əsasında VEMTAS tərəfindən ailəsinə xx.xx.2025-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək aylıq 474,53 manat məbləğində sosial yardım təyin edilmiş və müraciətdə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. II. Məhkəmədə icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş yardım məbləğinin yenidən hesablanması və ədalətli şəkildə artırılmasının təmil edilməsi və ehtiyac meyarı tam şəkildə (270 AZN) əsas götürülməklə hesablanmaların yenidən aparılması üçün Nazirliyin qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2023-cü il fevral ayında ailəsi üçün ünvanlı dövlət sosial yardımı təyin olunması məqsədilə müraciət etmişdir. Nazirliyin cavabına əsasən ailəsinin 5 nəfərlik tərkibinə görə ehtiyac meyarı 246 AZN olaraq müəyyən edildikdə aylıq 616,16 AZN məbləğində sosial yardım təyin edilmişdir. Növbəti il Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il fevral ayında ailəsi üçün ünvanlı dövlət sosial yardımı təyin olunması məqsədilə müraciət etmişdir. Nazirliyin cavabına əsasən ailəsinin 5 nəfərlik tərkibinə görə ehtiyac meyarı 270 AZN olaraq müəyyən edilsə də aylıq 598,81 AZN məbləğində sosial yardım təyin edilmişdir. Nazirliyin hesablaması ilə bağlı araşdırma apardıqda məlum olmuşdur ki, 2024-cü il üçün ehtiyac meyarı 270 AZN olaraq müəyyən edilsə də, onun ailəsi üçün bu rəqəm aşağı salınaraq 150,238 AZN hesablanmışdır. Hesablama zamanı yaşayış minimumunun yalnız 55,4%-i əsas götürülmüşdür ki, bu da ehtiyac meyarını süni şəkildə azaldır. Bu metod qanunvericilikdə açıq şəkildə ailələrin real ehtiyaclarına uyğun olaraq təyin edilməyib. Ailəsinin ümumi illik gəliri yalnız 4207,32 AZN olmuşdur. Bu məbləğ əsasında adambaşına düşən orta aylıq gəlir 70,12 AZN olaraq hesablanmışdır. Qeyd edir ki, ailəsinin heç bir əlavə gəlir mənbəyi yoxdur və mövcud sosial-iqtisadi şəraitdə təyin edilmiş 598,81 AZN məbləğ ailəmizin ehtiyaclarını qarşılamaq üçün kifayət deyil. Hesab edir ki, Azərbaycan Respublikasının "Ünvanlı Dövlət Sosial Yardımı haqqında Qanunu"nun ədalətli tətbiqi və ehtiyac meyarının tam məbləğdə (270 AZN) əsas götürülməsi təmin edilməlidir. Bununla yanaşı, təqdim etdiyi ərizədə ehtiyac meyarı ilə bağlı qanunvericiliyin yanlış tətbiqi nəticəsində sosial yardım məbləğinin aşağı salındığını düşünür.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “ailəsinə 2024-2025-ci illər üzrə təyin olunmuş ünvanlı dövlət sosial yardımın məbləğinin düzgün olmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

9. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

10. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

11. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

12. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

13. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

14. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

16. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün xx.xx.2024-cü il tarixli **********50101 nömrəli ərizə ilə müraciət etmişdir. Bildirilir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın (sosial yardım) təyin edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********80203 nömrəli müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (Qaydalar) uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış,"Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq aşkarlanmadığı üçün xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi aylıq 616,16 manat məbləğində sosial yardım təyin olunmuş və müddətin sonuna kimi ödənilmişdir. Qeyd edilir ki, Qaydaların 3.4-1 yarımbəndinə əsasən sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox usaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin və ya "DOST" mərkəzlərinin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sosial yardımın təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir. Bildirilir ki, İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi xx.xx.2024-cü il tarixli **********50101 nömrəli müraciətində, ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 70,12 manat məbləğində bəyan etmişdir. Sözügedən müraciətdə ailənin sosial yardım məbləğinin hesablanması aşağıdakı kimidir: Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir və Qaydaların 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (32.6%+15.6%+7.2%)+R+RM 270x55,4%=149,58 149,58+0,66=150,24 270 - 150,24= 119,76 119,76 x 5 (ailə üzvlərinin sayı) = 598,81 Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləğidir. Buna görə də, Qaydalara əsasən VEMTAS tərəfindən ailəyə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək aylıq 598,81 manat məbləğində sosial yardım təyin edilmişdir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri anlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək gabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin lağv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri her bir aile üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyəlinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X3 və X4 (VEMTAS) yaradılmışdır. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sözügedən Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya "DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.2-ci yarımbəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımının məbləği qanunvericiliyə uyğun olaraq düzgün hesablanmışdır.

17. İddiaçının yazılı etirazla bağlı vəsatəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, o, Gəncə İnzibati Məhkəməsində ünvanlı dövlət sosial yardımının (ÜDSY) düzgün hesablanmaması və məbləğin artırılması tələbi ilə iddia qaldırmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (DSMF) bu iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, ona təyin olunan yardım məbləği qanunvericiliyə uyğundur. Lakin təqdim edilən rəsmi hesablamalara əsasən, onun ailəsinə daha çox yardım düşdüyü halda, DSMF tərəfindən ədalətsiz olaraq az məbləğ təyin edilmişdir. DSMF tərəfindən təqdim edilən hesablamalar ədalətsiz və qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır. Hazırda ona cəmi 474.53 AZN sosial yardım təyin edilib ki, bu da ailəsinin real yaşayış xərclərini qarşılamaq üçün tamamilə qeyri-kafidir. Ünvanlı dövlət sosial yardımının azaldılması və qanunsuz hesablanması sosial yardımın hesablanmasında hər il ehtiyac meyarının artırılmasına baxmayaraq, DSMF tərəfindən yardım məbləği tədricən azaldılmışdır. Konkret rəqəmlərlə izah edir. 2023-cü il – ehtiyac meyarı 245 AZN; Ailə tərkibi 5 nəfər; həyat yoldaşı işsizdir; əmək haqqı 345 AZN, başqa heç bir gəlirləri yoxdur; DSMF tərəfindən 616.16 AZN ünvanlı sosial yardım təyin olunmuşdur. 2024-cü il – ehtiyac meyarı 270 AZN; ailə tərkibi eyni qalmışdır; əmək haqqım eyni qalmışdır; DSMF tərəfindən 598.81 AZN ünvanlı sosial yardım təyin olunmuşdur; 2025-ci il – ehtiyac meyarı 285 AZN; ailə tərkibim həmin tərkibdə qalmışdır; əmək haqqı 400 AZN olmuşdur; DSMF tərəfindən cəmi 474.53 AZN sosial yardım təyin olunmuşdur. Göründüyü kimi, ehtiyac meyarı hər il artırıldığı halda, DSMF tərəfindən təyin olunan sosial yardımın məbləği azaldılır. Hər il işıq, qaz, su, ərzaq, dərman, nəqliyyat xərcləri artır, əmək haqları və pensiyalar yüksəldilir, lakin aztəminatlı ailələrə verilən sosial yardım əksinə azaldılır. Bu isə sosial ədalət prinsiplərinə və Azərbaycan Respublikasının qanunlarına ziddir. Ailəsinin maddi vəziyyəti və sosial yardımın kifayət etməməsi ailə tərkibi 5 nəfərdən ibarətdir – həyat yoldaşı və 3 azyaşlı övladı var. Ailəsinin ümumi gəliri cəmi 345 AZN təşkil edir, bu məbləğ isə yaşayış minimumunun tələblərinə uyğun deyil. Həyat yoldaşı işsizdir və az yaşlı uşağa baxır. Bu səbəbdən ailənin əsas gəlir mənbəyi yoxdur. Yaşayış şəraiti olduqca ağırdır – evləri cəmi 2 otaqdan ibarətdir və tamamilə təmirsiz vəziyyətdədir. Maddi imkansızlıq səbəbindən təmir işləri aparmaq mümkün deyil. İşıq, qaz, su və digər kommunal xərcləri qarşılamaq mümkün olmur. Aylıq gəlirin çox hissəsi məhz bu ödənişlərə yönəldildiyi üçün gündəlik əsas ehtiyacları ödəmək imkansızdır. Uşaqları məktəbə gedir, lakin məktəb forması, çanta və gündəlik xərclər üçün vəsait tapa bilmirlər. Uşaqlar xəstələnəndə dərmanlarını almaq mümkün olmur, çünki dərmanların qiyməti yüksəkdir və il ərzində davamlı bahalaşma müşahidə olunur. Qida məhsullarının qiyməti bahalaşıb, bu da ailəsinin əsas ihtiyaçlarını qarşıladığı daha da çətinləşdirir. Hər il əmək haqları, pensiyalar və yaşayış minimumu artır, lakin ünvanlı sosial yardımın məbləği azaldılır. 2024 ci ildə yaşayış minimumu 270 azn olduqda ona 598.81 azn üdsy təyin olunmuşdur. Bu isə aztəminatlı ailələrin rifahını daha da aşağı salır. Qanunvericiliyə zidd olan məsələlər və DSMF-nin hesaplamalarında uyğunsuzluqlar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sosial yardımın məbləği ehtiyac meyarına uyğun şəkildə hesablanmalıdır. Lakin DSMF bu hesablamanı açıq-aşkar yanlış aparmış və onun ailəsinə qanunvericiliyə uyğun olaraq düşən məbləğdən daha az yardım təyin etmişdir. Qanunvericiliyə əsasən, ünvanlı sosial yardım ehtiyac içində olan ailələrin minimum tələbatlarını qarşılamaq məqsədilə verilir. Lakin hazırda təyin olunan 474.53 AZN məbləği real tələbatları heç bir halda qarşılamır. Hesablamalar ailənin gəlirinə və ehtiyac meyarına uyğun aparılmalıdır. Lakin DSMF bu hesablama zamanı ailə tərkibini, həyat şəraitini və mövcud sosial-iqtisadi vəziyyəti nəzərə almamışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

18. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

19. Cavabdehin nümayəndəsi Nümayəndə şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

20. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə icraat materialları. Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

22. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçıun “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********80203 nömrəli müraciəti əsasında ona və 5 nəfərə ailə üzvlərinə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 616,16 manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək isə 598,81 manat məbləğində aylıq sosial yardım təyin edilmişdir.

23. İddiaçı isə onun ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın məbləğləri ilə razılaşmayaraq, yardımın yenidən hesablanmasını xahiş edir.

24. Məhkəmə iddiaçının tələbini əsassız hesab edərək, qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın məbləği düzgün müəyyən edilməklə, hesablama ilə bağlı inzibati orqanın hərəkətləri qanuni olmuşdur.

25. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır; Maddə 7.3. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Bənd 5.22. Ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (39.2%+18.8%+8.7%)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R – ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM – mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; Bənd 5.23. ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır.

27. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22 bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2024-cü il tarixli 134 nömrəli Qərarı ilə aşağıdakı dəyişiklik edilmişdir: .... “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndində qeyd olunan hesablama qaydasında “32.6” rəqəmləri “34.8” rəqəmləri ilə, “15.6” rəqəmləri “16.7” rəqəmləri ilə, “7.2” rəqəmləri “7.7” rəqəmləri ilə əvəz edilsin.

28. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22 bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2024-cü il tarixli 526 nömrəli Qərarı ilə aşağıdakı dəyişiklik edilmişdir: .... “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 5.22-ci bəndində qeyd olunan düsturda “34.8” rəqəmləri “39.2” rəqəmləri ilə, “16.7” rəqəmləri “18.8” rəqəmləri ilə, “7.7” rəqəmləri isə “8.7” rəqəmləri ilə əvəz edilsin.

29. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 05 dekabr 2023-cü il tarixli Qanununa görə: Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilsin. Maddə 2. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

30. “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2024-cü il tarixli Qanununa görə: Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilsin. Maddə 2. Bu Qanunun qüvvəyə minməsi Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

31. Göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının məbləği 2024-cü il üçün 270 manat, 2025-ci il üçün 285 manat məbləğində müəyyən edilmişdir.

32. İddiaçı sosial yardımın təyin edilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi müraciətində 2024-cü il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 70,12 manat, 2025-ci il üçün ailənin hər bir ailə üzvü üçün orta aylıq gəlirini 42 manat bəyan etmişdir.

33. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 5.22-ci bəndinə müvafiq olaraq bəyan edilmiş həmin məbləğlər (2024-70,12 manat; 2025-42 manat) həmin bənddə təsbit edilmiş hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduğu üçün 2024-cü il üçün YM (34.8%+16.7%+7.7%)+R+RM düsturu üzrə, 2025-ci il üçün YM (39.2%+18.8%+8.7%)+R+RM düsturu üzrə hesablanmışdır.

34. 2023-cü ildə isə iddiaçının ailəsinə ünvanlı sosial yardımın hesablanması YM (32.6%+15.6%+7.2%)+R+RM düsturu üzrə hesablanmışdır.

35. İddiaçının mübahisəsinin faktiki əsasını o hal təşkil edir ki, ehtiyac meyarınn məbləği il keçdikcə artmasına baxmayaraq, onun ailəsinə təyin edilən sosial yardımın məbləği azalmışdır. Həmin məbləğlər isə onun ailəsinin ehtiyacını qarşılayacaq məbləğdə deyildir.

36. Lakin göründüyü kimi, iddiaçının ailəsinə təyin edilmiş üvanlı dövlət sosial yardımın hesablanma qaydası “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 5.22-ci bəndində əks olunmuş düstura (təyinat zamanı qüvvədə olan hesablama qaydasına) müvafiq olaraq həyata keçirilmişdir.

37. Belə ki, 2024-cü il üzrə hesablama həmin dövrdə qüvvədə olmuş normativhüquqi aktda təsbit olunmuş qaydaya əsasən bu şəkildə olmuşdur: YM (32.6%+15.6%+7.2%)+R+RM 270x55,4%=149,58 149,58+0,66=150,24 270-150,24=119,76 119,76x5 (ailə üzvlərinin sayı)=598,81

38. 2025-ci il üzrə hesablama isə həmin dövrdə (müvafiq dəyişikliklərdən sonra) qüvvədə olmuş normativ-hüquqi aktda təsbit olunmuş qaydaya əsasən bu şəkildə olmuşdur: YM (39.2%+18.8%+8.7%)+R+RM 285x66.7%=190.1 285-190.1=94.9 94.9x5 (ailə üzvlərinin sayı)=474.53

39. Göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardım təyin edilən zaman onun məbləğinin hesablanmasında iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar