Məhkəmə qərarları › İş №e-2-1(114)-2889/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2889/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2889/2024 23.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X6 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 may 2024-cü il tarixli, **********183365 nömrəli Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı «X6 Kompleksi” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı xx.xx.2024-ci il tarixdə iddia ərizə ilə məhkəməyə müraciət edərək hərəkətləri qeyri-qanuni hesab edilərək onlar tərəfindən İddiaçındə (VÖEN:**********) aparılmış səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış “13 may 2024-cü il tarixli, **********183365 nömrəli Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********140331 nömrəli səyyar vergi yoxlaması aktına əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də aparılmış vergi yoxlamalarının nəticələrinə dair qəbul edilmiş 16 mart 2021-ci il tarixli,**********145444 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı məhkəmə qaydasında ləğv edilmiş və bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında 2-1(102)-544/2022 saylı xx.xx.2022-ci il tarixli yekun qərar çıxarılmışdır. Uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi” haqqında **********159599 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Ali Məhkəmənin yuxarıdakı qərarını icra edərək,müəssisəyə qarşı “məsuliyyətə cəlb etmə” haqqında qərarı ləğv etmiş, müəssisənin hesablarına qoyulmuş sərəncamları geri çəkmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin digər idarələri nəinki qərarı bütövlükdə icra etmək, əksinə olaraq 2020-ci ilin yanvar ayında vergi məcəlləsinə edilmiş əlavə və dəyişiklikləri əsas tutaraq (38.3.6-cı maddəsi) xx.xx.2022-ci il tarixdə müəssisənin iyul 2015-iyun 2022 dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini qərara almışdır. Həmin yoxlamanın nəticələri üzrə 13 may 2024-cii il tarixli, **********183365 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərar qəbul etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, Uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi xx.xx.2010-cu il tarixdə fəaliyyət növü “Buğdanın becərilməsi" olmaqla uçota alınmış və həmin tarixdə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. İddiaçı “X6 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 164 kv.m. olan "Restoran” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 3530.2 kv.m. olan "X6KOMPLEKSİ” adlı təsərrüfat subyektinin (obyektinin), Ağstafa rayonu, Vurğun ŞTQ ünvanda yerləşən ümumi sahəsi 21703 kv.m. olan “AQROPARK YEMƏKXANA” adlı təsərrüfat subyektinin (obyektinin) və ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 70 kv.m. olan “AQROMARKET” adlı təsərrüfat subyektinin (obyektinin) uçotda olduğu müəyyən edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi haqqında 18 iyul 2022-ci il tarixli Qərarına əsasən cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinin 29 iyul 2022-ci il tarixli **********160571 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə İddiaçındə 01 iyul 2015-ci il tarixdən 01 iyul 2022-ci il tarixədək olan vergi dövrü üzrə səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 07 mart 2024-cü il tarixli **********169043 nömrəli Səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi faktiki olaraq buğda emalı sənayesi məhsullarının istehsalı, yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi, şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi və kənd təsərrüfatı bitkiləri məhsullarının emalı üzrə xidmətlərin göstərilməsi ilə məşğul olmuşdur. Sənədlər təqdim edilmədiyi üçün səyyar vergi yoxlaması vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan sənədlər əsasında aparılmışdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İşdəki sənədlərə görə: Vergi ödəyicisiııin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının Qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında xx.xx.2022-ci il tarixli **********159599 nömrəli qərarı ilə X6 Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 14 saylı Ərazi Vergilər İdarəsı tərəfindən çıxarılmış xx.xx.2021 tarixli **********145444 №-li qərar ləğv edilmişdir. Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin məsuliyyətə cəlb edilməsindən imtina olunması barədə xx.xx.2022-ci il tarixli, **********159723 «X6 Kompleksi” MMC (VÖEN **********) vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasından imtina edilmişdir, «X6 Kompleksi” MMC (VÖEN **********) tərəfindən aşağıdakı vergilərin və digər icbari ödənişlərin az hesablandığı ( və ya hesababt təqdim etməmək yayındırıldığı) artıq hesablandığı müəyyən edilməsi, müvafiq faizlərin tutulması qərara alınmışdır. `Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli, **********183365 nömrəli qərarı ilə «X6 Kompleksi” MMC vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi qərara alınmışdır.( Digər qeyd kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2.4-cÜ maddəsinə əsasən vergilər vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara, həmçinin həmin Məcəllənin 83.2.1-ci maddəsinə əsasən isə vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumatalara əsasən hesablana bilər. Vergi ödəyicisi tərəfindən yoxlamaya heç bir sənəd təqdim edilmədiyi üçün yoxlama zamanı gəlir və xərclər yuxanda sadalanan maddələrə istinad edilməklə müəyyən edilmiş və vergilər hesablanılmışdır). İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, **********183365 nömrəli qərarın ləğv edilməsinə yönəldilmişdir. İşin faktiki hallarından görünür ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-ci il tarixli, **********183365 nömrəli qərarı ilə vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi etiraz ərizəsində qeyd eymişdir ki, Vergi ödəyicisinin xərcləri tamamilə qeyri-müəyyən olunduğu üçün heç bir halda sənədlər əsasında müəyyən edilə bilməmiş, gəlirlər hissəsi isə ƏDV bəyannaməsi üzrə dövriyyə məlumatları, mənfəət vergisi bəyannaməsində göstərilən vergiyə cəlb edilən gəlirlərlə uzlaşdırılmış, həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron vergi hesabfakturaları və elektron qaimə- fakturaları barədə məlumatlarından istifadə edilmişdir. 2015-ci və 2016-cı illərdə malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı kağız formada tərtib edilmiş qaimə fakturalardan istifadə edildiyi və həmin sənədlər təqdim edilmədiyi üçün mənfəət vergisi üzrə gəlirlər əlavə dəyər vergisinin bəyannamələrinə, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər ərzində təqdim edilmiş elektron vergi hesabfakturaları və elektron qaimə-fakturaları barədə məlumatlara, 2021-ci il üzrə Vergi Məcəlləsinin 58.1-ci, 83.2-ci, 104-cü və 105-ci maddələrinə əsasən mənfəət vergisinə cəlb edilən gəlirlər isə əlavə dəyər vergisinin bəyannamələrinə əsaslanmaqla müəyyən edilmişdir. 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələri ilə illər üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannamələri arasında fərqlər mövcuddur. Vergi ödəyicisi tərəfindən sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin aylar üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlamaq mümkün olmamış, aylar üzrə dövriyyələr olduğu kimi saxlanılmış və həmin illər üzrə mənfəət üçün gəlirlər elektron vergi hesab-fakturaları və elektron qaimə-fakturaları barədə məlumatlara əsaslanmaqla (ƏDV-dən azad olunan elektron vergi hesab-fakturaları və elektron qaimə-fakturaları istisna olmaqla) müəyyən edilmişdir.Xərclər hissəsi isə tamamilə qeyri-müəyyən olduğu üçün vergi ödəyicisinin mənfəəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli. 42 nömrəli Qərarlarına əsasən gəlirlərə şərti rentabellik göstəricisi tətbiq edilməklə hesablamalar aparılmışdır. Cəmiyyət tərəfindən 2015-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 459252,60 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 1320859,18 manat təşkil edərək hesabat İlini 861606,58 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2015-cİ i! üzrə təqdim edilmiş 1320859.18 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya tam təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 459252,60 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır: Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə 76442,10 manat məbləğində mənfəət hesablandı və 2011-ci ilin 76442,10 manat məbləğində zərərinin nəzərə alınması nəticəsində 2015- ci il üzrə büdcəyə çatacaq mənfəət vergisi hesablanmamışdır.Cəmiyyət tərəfindən 2016-cı il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində matların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 713482,50 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 864549,60 manat təşkil edərək hesabat ilini 151067,10 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2016-cı il üzrə təqdim edilmiş 864549,60 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 713482,50 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Cəmiyyət tərəfindən 2017-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 979133,34 manat gəlir eldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 971445,06 manat təşkil edərək hesabat ilini 7688,28 manat mənfəətlə başa vurduğu göstərilmiş və 2012-ci ilin 458569,21 manat zərərinin nəzərə alınması nəticəsində 2017-ci il üzrə büdcəyə çatacaq mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikas. Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi odəyıcısınin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş 971445,06 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci İl tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 958533,33 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergiödəyicisinin mənfəəti hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə 577932,41 manat məbləğində mənfəət hesablandı və 2013-cü, 2014-cü illərin 299395,91 manat məbləğində zərərinin nəzərə alınması nəticəsində 2018-ci il üzrə 278536,50 manat vergiyə cəlb olunacaq mənfəətinin olduğu müəyyən edilmişdir. Beləliklə səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə müəyyən edilmiş 278536,50 manat vergiyə cəlb olunacaq mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 55707,30 manat (278536,50 x 20,0 % = 55707,30) mənfəət vergisi hesablanmış və nəticədə 2018-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 55707,30 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 1320111,29 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3177899,21 manat təşkil edərək hesabat ilini 1857787,92 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyıcısınin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2019-cu il üzrə təqdim edilmiş 3177899,21 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna gorə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanıvergi ödəyicisinin 1321111,29 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2019-cu il üzrə müəyyən edilmiş 220185,22 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 44037,04 manat (220185,22 x 20,0 % = 44037,04) mənfəət vergisi hesablanmış və nəticədə 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 44037,04 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 166322,25 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 3093241,01 manat təşkil edərək hesabat ilini 2926918,76 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2020-ci il üzrə təqdim edilmiş 3093241,01 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 152219,35 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı 2020-ci il üzrə müəyyən edilmiş 25369,89 manat mənfəət məbləğinə 20,0 % vergi dərəcəsi ilə 5073,98 manat (25369,89 x 20,0 % = 5073,98) mənfəət vergisi hesablanmış və nəticədə 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində 5073,98 manat büdcəyə çatacaq mənfəət vergisinin azaldıldığı müəyyən edilmişdir. Cəmiyyət tərəfindən 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən 414474,05 manat gəlir əldə edildiyi, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclərin isə 2446771,11 manat təşkil edərək hesabat ilini 2032297,06 manat zərərlə başa vurduğu göstərilmiş və mənfəət vergisi hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələrinə müvafiq olaraq vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda, yəni cəmiyyət tərəfindən 2021-ci il üzrə təqdim edilmiş 2446771,11 manat dəyərində xərclərlə bağlı sənədlər yoxlamaya təqdim edilmədiyi üçün həmin malların təqdim edilməsi (satılması) ilə bağlı mənfəət müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü il tarixli 42 nömrəli Qərarlarına müvafiq olaraq səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin 160868,05 manat gəlirinə şərti rentabellik göstəricisi tətbiq edilməklə vergi ödəyicisinin mənfəəti hesablanmışdır: Səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin 83.9-cu, 104-cü, 105-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli və 04 aprel 2003-cü ıl tarixli 42 nömrəli Qərarlarına əsasən cəmiyyət tərəfindən 2018-ci il üzrə 55707,30 manat, 2019-cu il üzrə 44037,04 manat, 2020-ci il üzrə 5073,98 manat və 2021-ci il üzrə 5362,27 manat, cəmi 110180,59 manat mənfəət vergisinin azaldıldığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergilərin azaldılmasına görə 55090,30 manat maliyyə sanksiyyasının tətbiq edilməli olduğu müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən cəmiyyət tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində 2016-cı ilin aprel ayı üzrə 30,53 manat, 2017-ci ilin mart ayı üzrə 105,08 manat, avqust ayı üzrə 3,90 manat, sentyabr ayı üzrə 73,69 manat, oktyabr ayı üzrə 1867,60 manat, noyabr ayı üzrə 16,04 manat, dekabr ayı üzrə 84,50 manat, 2018-ci ilin fevral ayı üzrə 99,00 manat, mart ayı üzrə 135,00 manat, aprel ayı üzrə 99,90 manat, may ayı üzrə 99,90 manat, iyun ayı üzrə 0,06 manat, avqust ayı üzrə 423,00 manat, sentyabr ayı üzrə 153,00 manat, oktyabr ayı üzrə 2013,09 manat, noyabr ayı üzrə 3,70 manat, dekabr ayı üzrə 295,20 manat, 2019-cu ilin yanvar ayı üzrə 876,60 manat, fevral ayı üzrə 3166,22 manat, mart ayı üzrə 367,20 manat, aprel ayı üzrə 53,67 manat, may ayı üzrə 3044,49 manat, oktyabr ayı üzrə 2282,71 manat, cəmi 15294,08 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və 2017-ci ilin iyul ayı üzrə 4,48 manat, 2019-cu ilin noyabr ayı üzrə 0,26 manat, cəmi 4,74 manat artıq hesablandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 58.8-ci maddəsinə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.1-ci maddəsinə əsasən pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsullara münasibətdə tətbiq edilmir; 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında. VM-nin 58.8.2-ci maddəsinin təhlili o nəticəyə gəlməyə əsas verir ki, həmin maddə ilə vergi ödəyicisinin məsuliyyətə cəlb olunması üçün vergi orqanı üç halı müəyyən etməlidir. Vergi ödəyicisinə məxsus olan mallara dair VM-nin 58.8-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim olunmaması; 2. Həmin malların dəyəri; 3. Bu cür əmələ təqvim ili ərzində neçənci dəfə yol verilməsi. İşin hallarından görünür ki, vergi orqanı tərəfindən cavabdeh cinayət təqibi orqanının qərarını əsas götürməklə barəsində mübahisənin məhkəmə qərarı ilə həll edildiyi və bununla bağlı cavabdehin qərarının ləğv olunduğu vergi dövrü üzrə yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etmişdir. Həmin səyyar vergi yoxlaması zamanı cavabdehin xx.xx.2021-ci il tarixli, **********145444 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2017 - xx.xx.2020-ci illəri əhatə edən vergi dövrü üzrə 3.991.149,47 manat vergi və 2.001.210,37 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 5.992.359,84 manat məbləğində vergi hesablanmışdır. İddiaçı həmin inzibati aktı məhkəmədə mübahisələndirmişdir. Daha sonra, inzibati məhkəmə tərəfindən iddiaçının xx.xx.2021-ci il tarixli qərarın ləğvinə dair iddia tələbi təmin olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)- 544/2022 saylı iş üzrə qərarı ilə yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Həmin iş üzrə inzibati məhkəmə icraatının davam etdiyi dövrdə mübahisələndirilən inzibati aktla hesablanmış vergi məbləği əsas götürülməklə cinayət təqibi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə fakt üzrə cinayət işi başlanılmışdır. Bu müddət ərzində istintaq orqanı tərəfindən fakt üzrə cinayət təqibi davam etdirilmiş və cavabdehin hesablanmış vergi borcunu əks etdirən xx.xx.2021- ci il tarixli qərarı ləğv edildikdən sonra isə xx.xx.2022-ci il tarixdə iyul/2015- iyun/2022 dövrlərini əhatə edən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, 7 illik dövrün yoxlanılması barədə norma 2020- ci ildən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə xx.xx.2020-ci il tarixdən əlavə edilmiş həmin normaya görə, “xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda, vergi yoxlamaları (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Göründüyü kimi,hətta inzibati orqan 7 illik dövr üzrə səyyar vergi yoxlamasının keçirilməsi hüququna malik olsaydı belə, həmin yoxlama xx.xx.2020-ci il tarixdən əvvəlki dövrü əhatə edə bilməzdi. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisial əhəmiyyətə malik olduğu da cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, mübahisələndirilən qərarı qəbul edərkən, cavabdeh xx.xx.2017 - xx.xx.2020-ci illəri əhatə edən vergi dövrü üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğuna və bu üzdən həmin dövrün eyni əsaslarla yenidən yoxlanılmasının yolverilməz olduğuna diqqət yetirməmişdir.Nəzərə alınmalıdır ki, məhkəmə aktının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş və qiymət verilmiş faktlar işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə və başqa icraat çərçivəsində də araşdırıla bilməz. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarının mübahisələndirilməsinə dair əvvəlki iş üzrə məhkəmə icraatı zamanı iddiaçının kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olduğu, investisiya təşviqi sənədinə malik olduğu və bununla da Vergi Məcəlləsinin tələblərinə əsasən vergi öhdəliyindən azad olunduğu müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin əsaslandığı istintaq orqanının qərarında da vergi yoxlamasının keçirilməsi üçün əsas qismində məhz azad olunan dövriyyənin müəyyən olunmasına, yəni əvvəlki məhkəmə icraatı zamanı müəyyən olunmuş hala istinad edilmişdir. Hazırkı mübahisəyə münasibətdə cinayət işinin məhkəmə qaydasında ləğv edilmiş inzibati akt əsasında başlanıldığı da nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi cinayətlərinin spesifik xüsusiyyəti ondan ibarətdir ki, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması vergi ödəyicisinin vergi öhdəliyi barədə cavabdehin qəbul etdiyi inzibati akt əsasında müəyyən olunur. Yəni ilk növbədə inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində vergi yoxlaması aparılmalı və bunun nəticəsi müvafiq qərarla rəsmiləşdirilməlidir. Həmin inzibati akt üzrə büdcəyə ödənilməli vergi borcunun məbləği 50 000,0 manatdan yuxarı həddə olduğu təqdirdə, cinayət təqibinin başlanılması üçün əsas yarana bilər. Lakin nəzərə almaq lazımdır ki, bu qayda hesablanmış vergi borcu ilə bağlı mübahisənin olmadığı hallara, yəni şəxsin vergi borcunu nəzərdə tutan inzibati aktı mübahisələndirmədiyi hallara şamil olunur və yalnız həmin hallarda keçərlidir. Vergi ödəyicisi ona hesablanmış vergi borcu ilə razılaşmadığı və konstitusion müdafiə hüququndan istifadə edərək həmin öhdəliyi müəyyən edən qərarı məhkəmə qaydasında mübahisələndirdiyi hallarda isə, cinayət təqibinin başlanılması ilə bağlı məsələ (mübahisələndirilən inzibati aktdan başqa əlavə vergilərin hesablandığı hallar istisna olmaqla) həmin mübahisənin nəticəsindən asılı olaraq həll olunmalıdır. Başqa sözlə, cinayət təqibi üzrə icraatın həyata keçirilməsinin əsası qismində 50 000,0 manatdan artıq məbləğdə vergi borcu müəyyən edən inzibati akt çıxış edirsə, həmin vergi borcunun hesablanmasına dair inzibati aktın ləğv edilibedilməməsindən asılı olaraq şəxsin əməlində cinayət tərkibinin mövcud olub-olmadığı müəyyən oluna bilər. Məhkəmə aktı ilə inzibati mübahisə vergi ödəyicisinin xeyrinə yekunlaşdığı hallarda, yəni vergi ödəyicisinin vergi öhdəliyinin mövcud olmadığının qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunduğu hallarda, vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmağa görə cinayət təqibinə məruz qala bilməz. Belə ki, vergidən yayınmaq üçün ən azından şəxsin vergi borcunun olduğu müəyyən edilməlidir. Vergi borcunun müəyyən olunmadığı hallarda isə cinayət hadisəsinin mövcud olmadığı nəzərə alınmalıdır. Mübahisə vergi orqanının lehinə yekunlaşdığı təqdirdə isə, dövlət büdcəsinə ödənilməli olan vergi borcunun mövcudluğu təsbit olunur. Bu hallarda mövcud borcun yaranması və ödəmədən yayındırılması ilə bağlı şəxsin əməlində cinayət tərkibinin olub-olmamasının və həmin əməlin törədilməsində şəxsin təqsirli olub- olmamasınnın müəyyən edilməsi üçün cinayət təqibi həyata keçirilə bilər. Qeyd olunmalıdır ki, hazırki mübahisəyə münasibətdə ən azından xx.xx.2017 xx.xx.2020-ci illəri əhatə edən vergi dövrü üzrə hesablanmış vergi borcuna qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə artıq münasibət bildirildiyi cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, istintaq orqanı tərəfindən cinayət təqibi məhz vergi borcunun hesablandığı və məhkəmə qərarı ilə ləğv olunmuş inzibati akt əsasında başlanıldığına, səyyar vergi yoxlaması ilə hesablanmış vergi öhdəliyini nəzərdə tutan həmin inzibati akt tam olaraq ləğv edildiyinə və beləliklə də vergi borcu mövcud olmadığına görə iddiaçı barəsində cinayət təqibini davam etdirməkdə cavabdeh haqlı sayıla bilməz. Buna baxmayaraq, istintaq orqanı cinayət hadisəsi olmadığından cinayət təqibi üzrə icraata xitam vermək əvəzinə, məhkəmənin münasibət bildirdiyi dövr üzrə yenidən yoxlamanın keçirilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh isə istintaq orqanının hüquqazidd həmin qərarına istinad edərək iddiaçıya münasibətdə yoxlamanın keçirilməsi barədə hazırki mübahisələndirilən qərarı qəbul etmişdir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “13 may 2024-cü il tarixli, **********183365 nömrəli Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı “ləğv olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar