Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-2983/2025 22.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, iddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı vergi ödəyicisi kimi 16 iyun 2022-ci il tarixdə fəaliyyət növü "Almanın, Armudun, Heyvanın Becərilməsi” olmaqla uçota alınmışdır. İddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-1499/2025 nömrəli uyğunsuzluq məktubu ilə təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş ( 0.00 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar ( 0.00 manat) istisna olmaqla) 0.00 manat) və alış aktları ( 5809589.30 manat) əsasında alınmış mallar (işlər, idmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi ( 5809589.30 manat) məbləğdən 5809589.30 manat fərqli olduğu üçün kənarlaşma yarandığı iddiaçıya bildirilmişdir. 14 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial ,işsizlik sığortası və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-cü il tarixli 3-21-2-20/2-11915/2025 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mənfəət vergisi üzrə 579958,75 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı «MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı cavabdehin 2024cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ilin Mənfəət vergisi üzrə 3-21-2- 20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarı ilə 579958.75 manat əlavə vergi hesablanmışdır. Daha öncə cavabdeh vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2025 tarixli, **********676000 nömrəli uyğunsuzluq məktubunda göstərilmişdir: “Təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 0.00 manat) və alış aktları ( 5809589.30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5809589.30 manat) məbləğdən 5809589.30 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır.” Həmin uyğunsuzluq məktubunda göstərilən məsələ iddiaçı tərəfindən araşdırılmış, gəlirin və xərcin az göstərilməsi halı müəyyən edilməmişdir. Bununla bağlı cavabdeh vergi orqanına müraciət edilsə də, nəzərə alınmamış və 579958.75 manat əlavə vergi hesablanmışdır. Hesab edilir ki, cavabdeh Dövlət Vergi Xidmətinin yuxarıda qeyd olunan qərarı Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Cavabdeh iddiaya dair etiraz daha sonra etiraza əlavə təqdim etmişdir. Etirazda bildirilir ki, Uçot-baza məlumatlarına əsasən iddiaçı vergi ödəyicisi kimi 16 iyun 2022-cu il tarixdə fəaliyyət növü "Almanın, Armudun, Heyvanın Becərilməsi” olmaqla uçota alınmışdır. "MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixdə təqdim etdiyi 2024-cü il üzrə mənfəət vergisi bəyannaməsinin kameral vergi yoxlaması zamanı bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin "Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi ( 0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə vergi ödəyicisi tərəfindən alış aktları (5.809.589,30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5.809.589,30 manat) məbləğdən 5.809.589,30 manat fərqli olduğu üçün kənarlaşma yarandığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar İddiaçınə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli 3-21-2-20/2-1499/2025 nömrəli uyğunsuzluq məktubunun göndərilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2024-cü ilin mənfəət vergisi üzrə 579958,75 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” 28 yanvar 2025ci il tarixli 3-21-2-20/2-11915 /2025 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Belə ki, "MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən il ərzində elektron alış aktları əsasında 5.809.589,30 manat dəyərində mallar əldə edilməsinə baxmayaraq əldə edilmiş mallar bəyannamənin 1 nömrəli əlavəsində nə daxilolma kimi, nə hesabat dövrünün sonuna mal qalığı kimi, nədə dövriyyə kimi əks etdirilməmişdir. Vergi Məcəlləsinin 67.3-1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. Odur ki, vergi ödəyicisinin il ərzində gəlirləri barədə rəsmi məlumat olmadığı, lakin gəlirdən çıxılan xərclərlə bağlı rəsmi məlumat olduğu üçün vergi ödəyicisinin xərcinə 50 faiz rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanılmışdır. "MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti ******* kiloqram, 5.809.589,30 manat məbləğində kənd təsərrüfatı mallarını əldə etsədə, vergi orqanında qeydiyyata alınmış cəmi 50 kvadrat metr təsərrüfat subyektinin (obyektinin) olduğu onu deməyə əsas verir ki, vergi ödəyicisi vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıyır. İddiaçı, tərtib edilmiş alış aktlarının faktiki olaraq cari hesabat dövründə alınmasını deyil, keçmiş dövrlərdə alınmış malların ödənişinin rəsmiləşdirilməsini əks etdirdiyini iddia edir. Lakin bununla bağlı bildirilir ki, Məsuliyyətli Cəmiyyəti tərəfindən 408070 kg “Nektarin” alındığı öz əksini tapsada, 2023-cü ilin ixrac məlumatlarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 263072 kg "Nektarinin” ixrac olunduğu müəyyən edilmişdir. Həmçinin, "MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2024-cü ilin alış aktlarında ******* kg ’'Çiyələk” və 901875 kg "Gilas” məhsullarının alındığı qeyd olunsada, həmin məhsullarında 2023-cü ildə ixrac olunmadığı öz əksini tapmışdır. 2024-cü ilin alış aktlarında İddiaçı Məhdud"MEGA FRUİT AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsinə münasibətdə bildirirəm ki, vergi orqanında qeydiyyatda olmayan vətəndaşlardan əldə edilmiş mallara dair elektron alış aktlarının xx.xx.2024-cü il tarixində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 iyul 2020-ci il tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.1 -ci bəndinə əsasən vergi ödəyicisi vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktlarını və malların alışı tarixindən 5 (beş) gün müddətində elektron alış aktını tərtib etməlidir. Odur ki, vergi ödəyicisi tərəfindən keçmiş dövrlərdə alınmış mallara görə xx.xx.2024-cü il tarixlərində elektron alış aktlarının tərtib edilməsi qanunvericiliklə müəyyən edilməmişdir. Həmçinin, vergi ödəyicisinin bank məlumatları araşdırılarkən 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olduğu və həmin il ərzində 10.634.776,32 manat məxaric əməliyyatlarının aparıldığı müəyyən edilmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmişlər. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Hazırkı iş üzrə iddiaçının tələbi 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2- 11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədədir. İşin faktiki hallarına əsasən cavabdeh mübahisələndirilən qərarla ididaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 579958.75 manat əlavə vergi hesablamışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Göründüyü kimi iddia bütün mümkünlük şərtlərinə riayət edir. Məhkəmə işin faktiki hallarını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “ “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyin normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan 2024-cü ilin Mənfəət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərara əsasən cavabdeh 579958.75 manat əlavə vergi hesablamışdır. Belə ki, cavabdeh mübahisələndirilən qərarın qəbulu kimi istinad edir ki, təqdim edilmiş bəyannamənin 1 nömrəli Əlavəsinin 1.1 kodlu (Əsas vəsaitlərinin dəyəri) və 1.3 kodlu (Ehtiyatlar) sətirlərinin “Dövr ərzində daxil olmuşdur” sütunundakı göstəricilərin cəmi (0.00 manat) bəyannamənin aid olduğu ilin müvafiq dövründə tərəfinizdən idxal edilmiş (0.00 manat), elektron-qaimə fakturalar ( riskli e-qaimə fakturalar üzrə alınmış mallar (0.00 manat) istisna olmaqla) 0.00 manat) və alış aktları ( 5809589.30 manat) əsasında alınmış mallar (işlər, xidmətlər) barədə vergi orqanının məlumat bazasında olan cəmi (5809589.30 manat) məbləğdən 5809589.30 manat fərqli olduğu üçün kənarlaşma yaranmışdır. Cavabdeh vergi ödəyicisinin il ərzində gəlirləri barədə rəsmi məlumat olmadığı, lakin gəlirdən çıxılan xərclərlə bağlı rəsmi məlumat olduğunu qeyd edərək vergi ödəyicisinin xərcinə 50 faiz rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablamışdır. İlk növbədə cavabdehin mübahisələndirilən qərarlarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.10. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərin alınması bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 5 dekabr 2023- cü il tarixli, 1033-VİQD nömrəli Qanunla Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələri ləğv edilmiş, bu dəyişiklik üzrə qanun isə 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Vergi Məcəlləsinin əvvəlki redaksiyasında qeyd edilirdi: Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Göründüyü kimi mübahisələndirilən bəyannamə və hesabat dövrü üzrə qərar qəbul edildikdə VM-nin 67.14 və 83.9-cu maddələri artıq ləğv edildiyindən sözügedən normaların cavabdeh tərəfindən tətbiqi yolverilməzdir. Bundan başqa, Vergi Məcəlləsinin 67.2-ci, 67.3-cü və 67.4-cü maddələrinə görə, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, fəaliyyət göstərilən ərazi. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin istinad edilən həmin normalarından göründüyü kimi, vergi ödəyicisi barədə əlaqəli məlumatların mövcud olmadığı halda belə, vergi orqanı ödənilməli verginin məbləğini Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən deyil, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatları əsasında müəyyən etməlidir. Məhkəmə qeyd edir ki, belə vəziyyətdə cavabdeh tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarının tətbiqi əsassız sayılmalıdır. Qeyd edilməlidir ki, bu zaman Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Nəzərə almaq lazımdır ki, həmin normanın müddəalarına görə, əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Belə ki, Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 23.1.3-cü maddəsinə əsasən vergi orqanının vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq hüququ vardır. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50-1-ci maddəsinə əsasən Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır. Qeyd edilən normalardan göründüyü kimi vergi orqanı işin hərtərəfli araşdırılması üçün Vergi Məcəlləsi ilə ona verilmiş hüquqlar çərçivəsində dövriyyə yayınmasının mövcud olmasını, kassa dövriyyəsini yayındırmasını operativ nəzarət qaydasında Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən yoxlaya və ya xronometraj müşahidə keçirə, eyni zamanda son 3 il üzrə Vergi Məcəlləsinin 38-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması keçirə bilərdi. Buna baxmayaraq vergi orqanı ona verilmiş diskresion səlahiyyətlərdən sui-istifadə edərək əsassız qərar qəbul etmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergi Məcəlləsinin tələblərinə əsasən, vergitutma obyekti (ödənilməli olan verginin məbləğinin nədən formalaşması (hazırkı mübahisəyə münasibətdə – gəlir/mənfəət) vergi ödəyicisinin özünün vergi uçotu göstəricilərinə əsasən və ya vergi orqanının müəyyən etdiyi gəlirlə (mənfəətlə) müəyyən olunur. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsas qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Məhkəmə iş materiallarını araşdıraraq qeyd edir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin hesablanmalı olan vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən mümkün olmadıqda bu zaman vergi orqanı VM-nin 67-ci maddəsinə əsasən ödənilməli olan verginin məbləğini həmin maddədə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququna malik olmuşdur. Halbuki, iş üzrə materiallardan görünür ki, iddiaçı 2024-cü il mənfəət vergisi üzrə bəyannamə və hesabat dövründə sahibkarlıq fəaliyyəti çərçivəsində hər hansı bir mal satışı həyata keçirməmiş, yəni heç bir gəlir əldə etməmişdir. Belə ki, iddiaçı tərəfindən alış aktı tərtib edilməsi həmin malların faktiki olaraq cari hesabat dövründə alınmasını göstərmir, həmin alış aktları keçmiş dövrlərdə alınmış malların ödənişinin rəsmiləşdirilməsini əks etdirir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh orqan qəbul etmiş olduğu qərarı müəssisənin satışının olması ilə əsaslandırmışdır, halbuki iddiaçı tərəfindən təqdim edilmiş təsdiqedici sənədlər iddiaçının satışı olmadığını təsdiq edir. İddiaçının həmin bəyannamə və hesabat dövrü üzrə satışının mövcud olmaması bank hesabı və elektron AVİS uçot bazası məlumatlarından da görünür. Mübahisələndirilən qərarla hesablanmış 5.809.589,30 manat məbləğ 2023-cü ildə iddiaçı tərəfindən ixrac edilmiş mallar üzrə fermerlərdən alınmış malların alış aktı ilə rəsmiləşdirilərək pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, hazırki kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitlərinin verilməsi ilə əlaqədar olmuşdur. Belə ki, hazırki kameral hesablama dövrünə aid olmayan keçmiş dövrlər üzrə daxil olan pul vəsaitinin gəlirə aid olmamasını təsdiq edən portaldan çıxarışlara təqdim edilmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, alış aktları elektron qaydada tərtib edildiyi üçün bank hesabına daxil olan pul vəsaitinin hansı fermer alıcıya təqdim edildiyini təsdiq edən elektron alış aktı təqdim edildikdə, sistem tərəfindən yeni tərtib edilmiş alış aktı tələb olunur. Bununla əlaqədar olaraq, elektron alış aktlarının tərtibi məsələsi ilə əlaqədar hallar da inzibati orqan tərəfindən araşdırılmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən vergi ödəyicisinin bank məlumatları üzrə 2024-cü il ərzində ümumilikdə bank hesabına 10.634.051,41 manat vəsait daxil olması qeyd edilmiş, lakin həmin vəsaitin gəlirə aid olub-olmaması məsələsi inzibati orqan tərəfindən araşdırılmamışdır. İş materiallarından görünür ki, YGB-lər üzrə elektron portalda qeyd olunduğu kimi, 2023-cü ildə ixrac edilmiş malların ödənişləri 2024-cü ildə daxil olmuşdur. Qeyd edilən 10.634.051,41 manat məbləğin YGB-lər üzrə bağlandığı iddiaçı tərəfindən təqdim edilmiş elektron portaldan çıxarş ilə təsdiq edilir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsinin əsaslılığını sübut etmək vəzifəsi cavabdeh vergi orqanının üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən yekun qərar qəbul edilən zaman mötəbər sübutlara deyil, ehtimallara əsaslanaraq iddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, inzibati orqan tərəfindən inzibati icraat işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmadan, “İnzibati icraat haqqında” Qanunun və Vergi Məcəlləsinin müddəalarının pozulması ilə aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə isə inzibati orqan haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Qeyd edildiyi kimi, iddiaçıya hesablanmış əlavə verginin hesablanması zamanı qanunvericiliyin tələblərinin pozulması vergi orqanı tərəfindən qəbul edilmiş "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” haqqında 3-21-2- 20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habeləvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. 37.2-1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 3-21-2- 20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarı ləğv edilmədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunan imkanlardan istifadə edərək, iddiaçı üçün əlverişli halları nəzərə almamış və verginin düzgün hesablanmasını təmin etməmişdir. Əslində cavabdeh müvafiq əlaqəli məlumatlar əsasında iddiaçının mövcud xərclərini və bunun üzərindən mənfəətini (gəlirini) müəyyən edə bilərdi. Həmçinin, analoji vergi ödəyicisinə aid məlumatların araşdırılması istiqamətində də cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hətta son zərurət olaraq şərti rentabellik normasının tətbiqi istiqamətində də inzibati araşdırma aparılmamışdır. Odur ki, cavabdeh tərəfindən aparılmış hesablama əsassız sayılmalıdır . Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 2024-cü ilin Mənfət vergisi üzrə 3-21-2-20/2-11915/2025 saylı, xx.xx.2025-ci il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-1(114)-2983/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-2983/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver