Məhkəmə qərarları › İş №e-2-1(114)-402/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(114)-402/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № e-2-1(114)-402/2023 08.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh nümayəndəsi Camal Əli oğlunun iştirakı ilə, İddiaçı Quliyeva (Əsədova) Xədicə Ayaz qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı əmək kitabçasındakı yanlışlıqların aradan qaldırılması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Quliyeva (Əsədova) Xədicə Ayaz qızı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Quliyeva (Əsədova) Xədicə Ayaz qızına məxsus əmək kitabçasında mövcud yanlışlıqların aradan qaldırılması, yəni ata adının “Əsəd qızı”dan “Ayaz qızı”-na dəyişdirilməsi və əmək fəaliyyətinə başladığı dövrün xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinə dəyişdirilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quliyeva (Əsədova) Xədicə Ayaz qızı xx.xx.1969-cu ildə anadan olmuşdur. İlk əmək fəaliyyətinə Füzuli rayonunda xx.xx.1988-ci il tarixdə 44 nömrəli SMD-nın nəznində fəaliyyət göstərən uşaq bağçasında tərbiyəçi vəzifəsində başlamışdır. Lakin, əmək kitabçasında 2 yanlışlıq var. Belə ki, əmək kitabçasının onun haqqında məlumatların əks olunduğu ilk səhifəsində ata adı kimi “Ayaz qızı” deyil, “Əsəd qızı” qeyd edilmişdir. Digər bir yanlışlıq isə əmək fəaliyyətinə başladığı dövrlə bağlıdır. Belə ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1988-ci il tarixdə başladığı halda, əmək kitabçasında yanlış olaraq xx.xx.1985-ci il tarixi qeyd edilmişdir. Qeyd edilən yanlışlıqların aradan qaldırılması üçün müraciətlər edilsə də, Füzuli rayonunun erməni qəsbkarları tərəfindən işğal edilməsi və bununla bağlı iddiaçının işlədiyi 44 nömrəli SMDnin nəzdində fəaliyyət göstərən uşaq bağçasının öz fəaliyyətini dayandırmasına görə iddiaçı qeyd edilən yanlışlıqları aradan qaldıra bilməmişdir. Əmək kitabçasında səhvə yol vermiş müəssisə, yəni 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçası ləğv edilmişdir. Buna görə də, iddiaçı qeyd edilən düzəlişlərin edilməsi üçün 13 iyul 2022-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quliyeva (Əsədova) Xədicə Ayaz qızına məxsus əmək kitabçasında mövcud yanlışlıqların aradan qaldırılması, yəni ata adının “Əsəd qızı” dan “Ayaz qızı” na dəyişdirilməsi və əmək fəaliyyətinə başladığı tarixin, həmçinin əmək kitabçasının doldurulduğu tarixin xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinə dəyişdirilməsi, həmçinin doğum tarixinin 1964-cü ildən xx.xx.1969-cu il tarixinə dəyişdirilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Camal Əli oğlu məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı həqiqətən də 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçasında işləmiş, əmək haqqı almışdır, lakin həmin Füzuli rayonunun erməni qəsbkarları tərəfindən işğal edilmiş, müəssisə fəaliyyətini dayandırmışdır. Müəssisənin əmr kitabları mövcud olmadığından iddiaçının tələbinin təmin edilməsi imkan xaricindədir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının ata adı «Ayaz», təvəllüdü «xx.xx.1969» kimi qeyd edilmişdir. - işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Xədicə Əsədova 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçasında işləmişdir. -cavabdehin xx.xx.2022-ci il tarixli, Q-9154/01 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1969-cu il təvəllüdlü olmaqla, 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçasında işləmiş və həmin müəssisə fəaliyyətini dayandırmışdır. İddiaçı əmək kitabçasında ata adının, əmək kitabçasının doldurulduğu, əmək fəaliyyətinə başladığı və doğum tarixinin yanlış qeyd edildiyini bildirərək, həmin yanlışlıqların aradan qaldırılması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdehnə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçının hüquqlarını pozur. Belə olan halda, iddiaçı sözügedən yanlışlıqların aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh imtinasının əsasını 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçasının əmr kitablarının olmaması təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” qaydalarının 3.5-ci bəndinə əsasən işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. Qaydaların 3.7-ci bəndinə əsasən əgər əmək kitabçasında səhvə yol vermiş, yaxud qeyri-dəqiq yazılış aparmış hüquqi şəxs ləğv edilmişdirsə, düzəlişlər hüquqi varis tərəfindən, hüquqi varis olmadığı hallarda isə onun tabe olduğu yuxarı orqan tərəfindən aparılır. İddiaçının şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur ki, onun ata adı Ayaz, təvəllüdü xx.xx.1969-cu ildir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında iddiaçının 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçasında işlədiyini və əmək haqqı aldığını təsdiq etmiş, əmək kitabçasının iddiaçıya məxsusluğunu mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin imtinası əsassız və qanunverilciliyin tələblərinə zidd olmaqla iddiaçının hüquqlarını pozur. Hazırki halda məhkəmə iddiaçının tələbinin əsaslı olması və əmək kitabçasındakı yanlışlıqların düzəldilməsi üçün yetərli əsasın olduğu qənaətinə gəlmişdir. Belə ki, cavabdeh imtinasının əsası kimi iddiaçının işlədiyi müəssisənin əmr kitablarının olmamasını göstərsə də, qeyd olunmuş qaydalar da belə bir tələb nəzərdə tutulmamış, yalnız ləğv edilmiş müəssisənin hüquqi varisi, o olmadığı halda isə tabe olduğu yuxarı orqan tərəfindən aparılması qeyd edilmişdir. İş materiallarından görünür ki, 44 nömrəli SMD-nin nəzdində fəaliyyət göstərən uşaq bağçası fəaliyyətini dayandırmış və məktəbəqədər təhsil müəssisələri isə hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindədir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Quliyeva (Əsədova) Xədicə Ayaz qızına məxsus əmək ИТ-İ ******* nömrəli əmək kitabçasında ata adının “Əsəd qızı” dan “Ayaz qızı” na dəyişdirilməsi və əmək fəaliyyətinə başladığı tarixin, həmçinin əmək kitabçasının doldurulduğu tarixin xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinə dəyişdirilməsi, həmçinin doğum tarixinin 1964-cü ildən xx.xx.1969-cu il tarixinə dəyişdirilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Quliyeva (Əsədova) Xədicə Ayaz qızına məxsus əmək ИТ-İ ******* nömrəli əmək kitabçasında ata adının “Əsəd qızı” dan “Ayaz qızı” na dəyişdirilməsi və əmək fəaliyyətinə başladığı tarixin, həmçinin əmək kitabçasının doldurulduğu tarixin xx.xx.1985-ci il tarixindən xx.xx.1988-ci il tarixinə dəyişdirilməsi, həmçinin doğum tarixinin 1964-cü ildən xx.xx.1969-cu il tarixinə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar